Allah evinin ziyarətçilərinə ünvanladığı müraciətdə həcc əməlinin yerinə yetirilməsi üçün daimi bir görüş yerinin təyin edilməsinin müsəlmanlar arasında vəhdət və birlik, habelə Vahid İslam Ümmətinin formalaşdırılması istiqamətində simvol olduğunu qeyd edən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ABŞ-ın müsəlmanlar arasında müharibə odunu qızışdırmaq siyasətinə işarə edərək vurğulamışdır: “Bu şeytan xislətli siyasəti ayıqlıqla iflasa uğratmaq lazımdır. Həccə və müşriklərə nifrət bildirmək bu ayıqlığa zəmin yaradır”.
Vəliyyi-fəqihin nümayəndəsi, iranlı hacıların kuratoru Höccətül-islam vəl-muslimin Qazi Əsgər tərəfindən bu gün səhər Ərəfat çölündə oxunmuş müraciətin tam mətni:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Həmd Aləmlərin Rəbbinə məxsusdur. Allahın salavat və salamı olsun Onun seçilmiş elçisinə, Peyğəmbərin pak və xeyirli əməl sahibi olan əhli-beytinə və xeyirli səhabələrinə.
Allah-taala buyurub: “İnsanları həccə çağır ki, onlar sənin yanına hər cür uzaq yollardan piyada və arıq dəvələr üstündə gəlsinlər, özlərinə aid olan müxtəlif faydaların şahidi olsunlar və məlum günlərdə onlara verilmiş heyvanların üzərində (qurban kəsərkən) Allahın adını çəksinlər”.
Ərşdən gələn bu çağırış qəlblərə xitab etməkdə davam edir, əsrlər və yüzilliklərin üzərindən bəşəriyyəti tövhid prinsipi ətrafında toplaşmağa dəvət edir. Bu ibrahimi çağırış bütün insanlara ünvanlanmış və hər kəs bu çağırışla şərəfləndirilmişdir. Hərçənd ki, bəzi qulaqlar onu eşitmir, qəflət və cəhalət örtüyü altında qalmış qəlblər ondan məhrum qalmışdır. Baxmayaraq ki, bəzi insanlar bu ümumbəşəri və əbədi ziyafətə daxil olmaq səlahiyyətini özlərində tapmamış və ya hər hansı səbəbdən buna nail olmamışlar.
Hal-hazırda siz bu nemətə nail olmuş və ilahi ziyafətin əmin-amanlıq vadisinə qədəm qoymusunuz. Ərəfat, Məşər, Mina, Səfa, Mərvə, Beyt, Məscidül-haram, Məscidün-Nəbi, bu ayin və ritualların hamısı, həcc əməlinin ruhi yüksəliş və mənəviyyat zəncirinin bir parçasıdır. Bu müvəffəqiyyətin qədrini bilin, ondan özünüzü paklaşdırmaq üçün istifadə edin və ömrünüzün qalan hissəsi üçün azuqə edin.
Hər bir düşünən insanın diqqət və marağına səbəb olan mühüm məsələ hər il bütün insanlar və bütün nəsillər üçün müəyyən bir yer və vahid zaman kəsiyi çərçivəsində daimi görüş yerinin təyin edilməsidir. Bu zaman və məkan vəhdəti həcc əməlinin əsas sirlərindən biridir. Şübhəsiz ki, “özlərinə aid olan müxtəlif faydaların şahidi olsunlar” ifadəsinin ən üstün nümunələrindən biri İslam ümmətinin ayrı-ayrı mənsublarının hər il Allah evinin ətrafında görüşüdür. Bu, Allahın evinin kölgəsində gerçəkləşməli olan İslam vəhdətinin rəmzi və İslamın ümmətləşdirilməsinin simvoludur. Allahın evi “سَـواّْءَ العـاکِفُ فیهِ وَ البـاد” (yerli və gəlmə olmasından asılı olmayaraq) hər kəsə məxsusdur.
Həcc bu məkanda və bu zaman kəsiyində həmişə və hər il aydın şəkildə və aşkar məntiqlə müsəlmanları vəhdət və birliyə səsləyir. Bu isə, İslam düşmənlərinin bütün dövrlərdə, xüsusilə indiki dövrdə müsəlmanları bir-birinin qarşısında cəbhə almağa təhrik etmiş və etməkdə olan İslam düşmənlərinin istəyinin tam əksidir. Bu gün imperialist və cinayətkar Amerikanın davranışına baxın. Onun İslam və müsəlmanlara qarşı yürütdüyü əsl siyasət müharibə odunu şölələndirməkdir. Onun mənfur istəyi və səyi müsəlmanları öz əlləri ilə bir-birinə qırdırmaq, zalımları məzlumların canına salmaq, zalım cinahı himayə etmək, onun əli ilə məzlum cinahı qəddarcasına məhv etmək və bu qorxulu fitnənin odunu daim körükləməkdir. Müsəlmanlar ayıq olmalı və bu şeytan xislətli siyasəti iflasa uğratmalıdırlar. Həcc bu ayıqlığa zəmin yaradır. Budur Həcc mərasimində müşriklərə və imperialistlərə nifrət yağdırmağın fəlsəfəsi.
Allahı xatırlamaq Həccin ruhudur. Bütün hallarda qəlblərimizə bu rəhmət yağışı ilə həyat və təravət bəxş edək, qüdrət, əzəmət, ədalət və gözəlliyin əsası və mənbəyi olan Allaha etimad və təvəkkülü qəlbimizdə daha da möhkəmləndirək. Belə olan surətdə düşmənin hiyləsinə qalib gələcəyik. Əziz hacılar! İslam ümmətinə, Suriya, İraq, Fələstin, Əfqanıstan, Yəmən, Bəhreyn, Liviya, Pakistan, Kəşmir, Myanmar və digər yerlərdəki məzlumlara dua etməyi yaddan çıxarmayın, ABŞ və digər imperialistlər və onlarla əlbir olanların əlinin kəsilməsini Allahdan istəyin.
Allahın salamı və rəhməti üzərinizə olsun.
Seyyid Əli Xamenei
28 mordad 1397
7 Zilhiccə 1439
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir