Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bahalaşmanın əsas səbəbi sanksiya yox, idarəetmə problemləridir

Bu gün (bazar ertəsi) səhər ölkənin ayrı-ayrı əyalətlərindən gəlmiş minlərlə insanla görüşü zamanı əhalinin məişəti və iqtisadi vəziyyəti ilə bağlı mühüm məsələlərə toxunan İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei ABŞ-ın cinayətləri, müzakirə təklifi, habelə xalq və məsul şəxslərin vəhdətinin zəruriliyindən danışdı: “İqtisadi problemlər və onların həlli yolları məlumdur. Ölkədə həlli mümkün olmayan heç bir problem yoxdur. Hər üç qüvvənin məsul şəxsləri çalışmalı, birgə fəaliyyət göstərməli və mütəxəssis rəylərindən istifadə edərək problem və təzyiqləri xalqın çiyinlərindən götürməlidir”.

O, habelə ABŞ-la müzakirə mövzusuna da toxunaraq vurğuladı: “Dəqiq dəlillər və təcrübəyə əsasən, habelə fırıldaqçı və hegemon rejimlə müzakirənin çoxlu zərərlər verəcəyini nəzərə alaraq amerikalılarla danışıqlara getməyəcəyik. Xalq və məsul şəxlsərin vəhdət və həmrəyliyi sayəsində bu mərhələni uğurla adlayacağıq”.

İslam İnqilabının Rəhbəri öz çıxışında ölkənin iqtisadi və məişət problemlərinə, əhalinin ayrı-ayrı təbəqələrində ciddi çətinliklər yaratmış son bahalaşma hallarına toxunaraq dedi: “İqtisadi ekspertlər və məsul şəxslərin çoxunun yekdil qərarı budur ki, bütün bu problemlərin səbəbi sanksiyalar yox, daxili problemlər, idarəetmə forması və icra siyasətləridir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Mən demirəm, sanksiyaların təsiri yoxdur, ancaq son günlərin iqtisadi problemlərinin əsas hissəsi iş və fəaliyyətlə bağlıdır. Əgər görülən işlər yaxşı, tədbirli, vaxtında və güclü olsa, sanksiyaların təsiri elə də güclü olmaz və ona müqavimət göstərmək olar”.

O, valyuta və qızıl bazarındakı son qiymət dəyişiklikləri və milli valyuta dəyərinin azalmasından söz açaraq dedi: “Valyuta və qızılın qiymət dəyişiklikləri zamanı valyuta tədarükü problemimiz olduğu bir zamanda ölkədə mövcud olan 18 milyard dollar müəyyən fərdlərə həvalə edilmiş və bəziləri bundan sui-isifadə emişdir. Bu halların snaksiyalara heç bir aidiyyatı yoxdur, bütün bunlar adminsitrativ problemlərin nəticəsidir”.

İslam İnqilabının Rəhbəri dedi: “Valyuta və qızıl yanlış formada təklif edildikdə və bölündükdə mövcud problemlər ortaya çıxır. Çünki bu hadisənin iki tərəfi var – tərəflərdən biri alan, digəri isə təklif edəndir. Hər kəs daha çox valyutanı və qızılı alanı qınayır, halbuki əsas təqsirkar valyuta və ya qızılı tədbirsiz təklif edəndir. Məhkəmə orqanının da son fəaliyyətləri böyük səhvə və qanun pozuntusuna yol verərək qeyd olunan öproblemlərə və milli pulun dəyərinin azalmasına zəmin yaradan şəxslərlə mübarizəyə həsr olunmuşdur”.

O, düşmənin bu səhvlər və tədbirsiz addımlardan sui-istifadə etmək üçün pusquda durduğunu dedi: “Müxtəlif səbəblərdən bizim mənfur və çirkin düşmənlərimizin sayı azı deyil. Onlar pusquda durublar ki, milçək kimi yara gördükdə üzərinə qonsunlar, bəzi adamların səhvi ucbatından yaranan problemlərdən sui-istifadə edərək xalqda ümidsizlik yaratmaq üçün dövlətin yetərsizliyi və ölkənin çıxılmaz vəziyyətdə qaldığını təlqin etsinlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Ölkədə həlli olmayan heç bir çıxılmaz vəziyyət yoxdur. Çünki ölkənin problemləri məlumdur və onların hamısının həlli yolları da müəyyən edilmişdir. Sadəcə, məsul şəxslər ciddi cəhdlə çalışmalıdırlar”.

Həzrət Ayətullah Xamenei inqilabçı, mömin və yüksək zəkalı gənclərin problemlərin həlli ilə bağlı göndərdikləri çoxlu sayda təklif və məktublardan söz açaraq dedi: “Habelə son günlər hökumətə müxalif olmayan, aralarında tanınmış şəxslərin də olduğu iqtisadi ekspertlərin bir qrupu möhtərəm prezidentə qayğı dolu bir məktub yazmış və ölkədə mövcud olan struktur və iqtisadi problemləri qeyd etməklə yanaşı, əksəriyyəti doğru olan həll yolları təqdim etmişlər”.

O vurğuladı ki, bu həll yollarının böyük bir hissəsi daha öncə ilin şüarları və ümumi siyasətlər çərçivəsində elan edilmişdi: “Buna görə də ölkənin iqtisadi problemlərinin həlli yolu var və vəziyyət heç də ölkənin çıxılmaz vəziyyətdə olduğunu, filan şeytana və ya böyük şeytana sığınmaqdan başqa bir çarənin olmadığını mənfurcasına təbliğ edən düşmən və onun daxildəki və informasiya vasitələrindəki bəzi ardıcıllarının dediyi kimi deyil”.

İslam İnqilabının Rəhbəri dedi: “İcra işləri üzrə məsul şəxslər bu həll yollarından bəzisinə start veriblər, sadəcə, ciddiyyət göstərilməlidir. Mən xüsusi iclaslarda bu məsələni üç qüvvənin rəhbər şəxlsərinə və ölkə rəhbərliyinə çatdırmışam. Onlar da imkanları daxilində bu məsələlərlə məşğuldurlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, bizim ölkədə yaxşı, ləyaqətli və gənc kadrarın sayı az deyil: “Məsul şəxslər özlərinə yaxşı həmkarlar seçməlidirlər”.

O, ölkədəki yüksək likvidiklikliyin ölkənin iqtisadi problemlərindən və səhv siyasətlərdən qaynaqlandığını dedi: “Fitr bayramında məsul şəxslərə dediyim kimi, bu likvidiklik istehsal, sənaye, kənt təsərrüfatı və mənzil sahələrinə doğru istiqamətləndirilməlidir. Əgər belə edilsə, bu gün təhdid hesab edilən likvidiklik fürsətə çevriləcək”.

İslam İnqilabının Rəhbəri bütün hökumətləri dəstəklədiyi kimi, bu hökuməti də dəstəklədiyini dedi: “Dövlət rəhbərlərinə bir daha israrla göstəriş verirəm ki, düşünsünlər, proqram tərtib etsinlər və məlumatlı insanlarla məsləhətləşib likvidikliyin istehsala yönəldirilməsi yolunu tapsınlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bəziləri hal-hazırda bazar və biznes sahəsindəki problemlərin səbəbini iqtisadi fəalların snaksiyalar başladığı vaxt, yəni mordad və ya aban ayının ortalarında ondan xəbər tutub müəyyən işlər görməsi ilə izah edirlər. İndi soruşuruq, əgər iqtisadi fəallar xəbər tutub müəyyən işlər görüblərsə, hökumət rəhbərləri də özlərini sanksiya ilə mübarizəyə daha çox hazırlamalı deyildilərmi?”

O əlavə etdi: “Əlbəttə, hələ də gec deyil, düşmənin mənfur qərarı qarşısında lazımi qərarlar qəbul edib tədbirlər görmək olar. Kim desə ki, gecdir və mümkün deyil, o, ya nadandır, ya da boş-boş danışır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Kim elan etsə ki, biz çıxılmaz vəziyyətdəyik, ya nadandır, ya da xaincəsinə danışır”.

Həzrət Ayətullah Xamenei iqtisadi problemlərlə bağlı fikirlərinin davamında korrupsiya və onunla mübarizə mövzusuna toxundu: “Məhkəmə hakimiyyəti sədrinin son məktubu korrupsia və korrupsionerlə bağlı mühüm və ciddi bir addım atılmasından xəbər verir”.

O, özünün on yeddi il bundan əvvəl korrupsiya ilə mübarizə aparmaları üçün üç qüvvənin rəhbərinə məktub göndərdiyini dedi: “Korrupsiya yeddi başlı bir əjdəhadır ki, ona qarşı ciddi və tam şəkildə müarizə aparmaq lazımdır. Yeri gəlmişkən, korrupsiya və korrupsionerə qarşı mübarizə aparıldığı vaxt künc-bucadan mütləq qışqırıq və fəryad səsləri ucalır”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu məsələnin açıq şəkildə qeyd edilməsinin səbəbi budur ki, hər kəs dövlətin binasının korrupsionerə qarşı mübarizədə qətiyyətli və tərəddüdsüz olduğunu bilsin”.

O əlavə etdi: “Bəziləri korrpusiyadan elə danışırlar ki, guya bütün sistem korrupsiyaya bulaşıb və onlar korrpusiyanın sistemli, yayğın olduğunu iddia edirlər. Əslində isə, belə deyil, ölkəmizdə dürüst və mömin müdirlər çoxdur. Bu cür danışmaq insanlara və İslam dövlətinə qarşı zülm və haqsızlıqdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İslam dövlətində hətta az sayda korrupsionerin olması da çoxdur və onlara qarşı qətiyyətlə mübarizə aparılmalıdır: “İfrat və təfrit yanlışdır. Bəziləri çıxışlaırnda və yazılarında heç nəyi gözləmirlər. Bəzi qurumlar və fərdlər arasında mövcud olan korrupsiyanı bütün ölkəyə aid etmək olmaz”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşıdrarkən dedi: “Struktur və qısamüddətli olmasından asılı olmayaraq, ölkədə mövcud olan bütün iqtisadi problemlər öyrənilmişdir. Üç qüvvənin birgə iclas keçirməsi ilə bağlı qərar qəbul etməyimin səbəbi etibarlı mütəxəssislərin köməyindən istifadə edərək birlikdə həll yollarının tapılmasına çalışmaqdır. Bu iş hal-hazırda həyata keçirilməkdədir”.

O əlavə etdi: “İnformasiya qurumlarının nəzdində olan nəzarət orqanları, məhkəmə və parlament də açıq gözlə və var gücü ilə meydanda olmalıdır. Xalqın mömin fərdləri də məsuliyyət hissi ilə bu məsələdə rol ifa etməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, icraedici və qanunverici qüvvələr korrpusiya yollarını bağlamlıdırlar: “Əgər valyuta və qızıl məsələsi ilə bağlı hadisələrdə lazımi nəzarət, diqqət və təqib həyata keçirilsəydi, korrpusiya yolları bağlanardı”.

O, habelə hər kəsə düşmənin təhrikləri qarşısında ayıq və gözüaçıq olmağı tövsiyə etdi: “İran xalqı düşmən qarşısında həmişə ayıq olub. Hamı bilməlidir ki, düşmən xalqa qarşı zəif cəhətlərdən sui-istifadə etmək üçün çalışır”.

İslam İnqilabının Rəhbəri bütün təbliğat qurumlarına, teleradio, mətbuat orqanları və vebsaytlara cəmiyyətdə ümidsizlik yaradılmasından ehtiyatlanmağı israrla tövsiyə etdi: “Tənqidin heç bir problemi yoxdur. Ancaq xalqda ümidsizlik yaratmaq olmaz. Bəzən bir qəzetdə və ya radio və televiziya proqramında elə danışırlar ki, guya bütün qapılar bağlanıb. Halbuki belə deyil”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İran xalqı və İslam dövləti bu vaxta qədər çətin mərhələləri adladığı kimi, əvvəlki mərhələlərdən daha asan olan bu mərhələni də adlayacaqdır”.

İslam İnqilabının Rəhbəri çıxışının ikinci hissəsində ABŞ rəsmilərinin son günlərdə daha ədəbsiz və həyasız olduqlarına işarə edərək dedi: “Onlar əvvəllər də çıxışlarında siyasi və diplomatik etikanı gözləmirdilər. Ancaq ABŞ rejiminin indiki rəsmiləri dünya ilə elə ədəbsiz, həyasız və utanmazcasına danışırlar ki, sanki həya onlardan tamamilə götürülmüşdür”.

Həzrət Ayətullah Xamenei son həftə səudiyyəlilərin Yəməndə törətdikləri iki cinayətə - bir xəstəxananı bombardman etmələri və yəmənli uşaqların olduğu bir avtobusa hücum edib onlarla günahsız və köməksiz uşağı qətli-am etmələrinə toxunaraq dedi: “Bu cinayətlər dünyanın vicdanını hərəkətə gətirdi, dövlətlər formal da olsa, təəssüf hissi keçirdiklərini dedilər. Ancaq amerikalılar bu faciələri ittiham etmək əvəzinə həyasızcasına səudiyyəlilərlə olan strateji əlaqələrindən danışdılar. Onların bu davranışı ortaya belə belə bir sual çxardı: ABŞ rəhbərləri həqiqətən, insandırmı?”

O, 2 min uşağın anasından ayrılması və mühacir olmaları bəhanəsi ilə qəfəsə saldırılıb həbs etdirilməsinin analoqsuz bir cinayət olduğunu dedi: “Düşündürücü məsələ budur ki, amerikalılar bunu utanmadan və heç bir xəcalət çəkmədən dünyanın gözü önündə edirlər”.

İnqilabın Rəhbəri ABŞ rejiminin sanksiya, müharibə və danışıqlarla bağlı ədəbsiz çıxışlarına işarə edərək dedi: “Müharibənin olmayacağını israrla vurğulayıram və danışığa da geməyəcəyik”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, onlar müharibə məsələsini açıq şəkildə bildirmirlər. Ancaq İran xalqını və ya qorxaqları qorxutmaq üçün üstüörtülü şəkildə müharibə kabusu yaratmaq və onu böyütmək niyyətindədirlər”.

O, həmin məsələ ilə bağlı belə dedi: “Heç bir müharibə olmayacaq. Çünki biz keçmişdə olduğu kimi, müharibəyə heç vaxt başlamayacağıq, amerikalılar da hücuma başlamayacaqlar. Çünki yüz faiz zərərlərinə olacağını bilirlər. İslam Respublikası və İran xalqı sübut edib ki, istənilən təcavüzkara daha böyük zərbə endirəcəklər”.

Həzrət Ayətullah Xamenei amerikalıların 1359-cu ildə (1981) Təbəs səhrasındakı biabırçı və rüsvayçı uğursuzluğuna işarə edərək dedi: “Onlar çox şeyləri anlamaya bilərlər. Ancaq ehtimal ki, İrana qarşı təcavüzün nəticəsini təsəvvür və dərk edəcək qədər anlaya bilərlər”.

Çıxışının davamında ABŞ-ın İslam Respublikası və İran xalqına qarşı mübarizə aparmaq üçün hazırladığı planlara aydınlıq gətirən İnqilabın Rəhbəri müzakirə təklifindən danışdı: “Onlar təbii ki, bu məsələdə oyun oynayır və siyasi dəyəri olmayan cılız bir metoda əl atırlar. Bir nəfər ilk şərtin olmamasını dediyi halda, digəri ilk şərt irəli sürür”.

Həzrət Ayətullah Xamnei dedi: “Ölkə daxildəki bir qrupun düşündüyünün əksinə olaraq, amerikalıların müzakirə tələbinin məqsədi yeni məsələ deyil. Son 40 ildə dəfərlərlə təkrar etsələr də İranın mənfi cavabı ilə qarşılaşıblar. Hətta ABŞ-in indikilərlə müqayisədə daha qüdrətli olan prezidenti Reyqan məşhur Mak Farlin hadisəsində onu (general Mak Farlini) danılşıqlar aparmaq üçün məxfi şəkildə İrana göndərsə də, 24 saatdan sonra heç bir nəticə əldə etmədən geri döndü”.

İnqilabın Rəhbəri amerikalılarla danışıqlar aparılmamasının arqumentlərinə açıqlama gətirərək dedi: “Onların müzakirə aparmaq üçün xüsusi bir formulu var. Həmin formuru anlamaq laızmdır”.

Rəhbər daha sonra belə bir sual ünvanladı: “Heç ağlı başında olan adam da bu formulla müzakirə aparar?”

O siyasi müstəvidə müzakirənin əslində, “alqı-satqı” olduğunu dedi: “Amerikalılar hər müzakirədə özlərinin hərbi, təbliğat və maliyyə güclərinə arxalanaraq məqsədləri qarşısındakı istənilən müqaviməti qırmağa çalışırlar”.

Həzrət Ayətullah Xamenei amerikansayağı müzakirə formulunun təsvirini verərək dedi: “Birincisi, onlar əsas məqsədlərini tamamilə müəyyən edirlər. Təbii ki, bu məqsədlərin hamsını da açıqlamırlar. Ancaq müzakirələr zamanı özlərini oda-suya vurub bütün qarşıya qoyduqları məqsədləri izləyirlər. İkincisi, əsas məqsədlərindən bir addım da geri atmırlar”.

O əlavə etdi: “Amerikalılar müzakirələrdə üzdə arxayınlıq yaradan şifahi vədlər verirlər. Ancaq qarşı tərəfdən heç bir vəd qəbul etmir və konkret imtiyazlar tələb edirlər”.

İnqilabın Rəhbəri dedi: “Bu gerçəyi biz HBFP-da tcrübə etdik. Şimali Koreya ilə müzakirədə də amerikalılar həmin metodu rəhbər tutublar”.

O bildirdi: “Müzakirənin hansı hissəsindəsə qarşı tərəf konkret imtiyaz verməkdən imtina edərsə, amerikalılar media və təbliğat vasitələrində elə hay-həşir qoparırlar ki, adətən qarşı tərəf məğlubiyyətə uğrayır və təsir altına düşür”.

Həzrət Ayətullah Xamenei amerikalıların müzakirə formulu ilə bağlı son nüansa açıqlama gətirərkən əlavə etdi: “Onlar müzakirələrdən sonra da rahatlıqla vədlərindən üz çevirir və onlara əməl etmirlər”.

İnqilabın Rəhbəri bu gerçəkləri qeyd etdikdən sonra ortaya əsaslı bir sual qoydu: “Hansı əsasla bu cür müzakirə aparan fırıldaqçı və hegemon bir rejimlə danışıqlar masasının arxasına keçmək olar?”

Həzrət Ayətullah Xamenei HBFP-nın ABŞ-la aparılmış müzakirənin nəticəsinin aşkar bir nümunəsi olduğunu dedi. Əlbəttə, onda müəyyən edilmiş bəzi qırmızı xətlərə riayət edilmədi.

O dedi: “Amerikalıların müzakirələrdəki formulunu nəzərə alsaq, deməliyik ki, dünyada hər hansı dövlət onlarla müzakirə aparsa, çətinə düşəcək. Sadəcə, mövqeləri Vaşinqtonla üst-üstə düşən dövlətlər istisnadır. ABŞ-ın indiki hökuməti avropalılarla da hədə-qorxu ilə danışır”.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən əlavə etdi: “Biz ABŞ-la təhlükəli müzakirə oyununa yalnız o zaman girə bilərik ki, iqtisadi, siyasi və mədəni cəhətdən nəzərdə tutduğumuz gücə nail olaq, təzyiqlər və onun sadəlövh insanları aldadan hay-küyləri bizə təsir etməsin. Lakin hal-hazırda müzakirələr dəqiq bizim zərərimizə yekunlaşacağı üçün qadağandır”.

Həzrət Ayətullah Xamenei dedi: “Mərhum İmam da ABŞ rejimi ilə o, adam olmayana qədər müzakirə aparılmasını qadağan etmişdi. Biz də həmin məsələdə israrlıyıq”.

O əlavə etdi: “Hətta fərz edək ki, biz amerikalılarla danışıqlara getsək, indiki hökumətlə əsla müzakirəyə getməyəcəyik”.

Həzrət Ayətullah Xamenei mühüm bir məsələni qeyd edərək siyasətçilər, diplomatlar, motivasiyalı gənclər, politologiya ixtisası üzrə təhsil alan tələbələr və siyasi fəallara səsləndi: “ABŞ-ın hegemon və təvəqqösü böyük olan rejimi ilə müzakirə onların düşmənçiliyini aradan qaldıracaq və ya azaldacaq bir vasitə deyil, əksinə ABŞ-a daha çox və daha yaxşı düşmənçilik etməsi və öz hədəflərini izləməsi üçün vasitə verməkdir”.

İnqilabın Rəhbəri bildirdi ki, Böyük Şeytanın bütün diqqətini iqtisadi müharibə üzərində cəmləşdirməsinin səbəbi onun hərbi, siyasi, təhlükəszilik, hətta mədəni müharibədən məyus olmasından qaynaqlanır: “İnqilabın gənc və bərəkətli möminlərinin metodları, 1388-ci ilin hadisələri, sisyasi və təhükəsizlik sahəsindəki uğursuzluğu düşmənlərin bu sahədə məğlubiyyətə uğradığını və məyus olduğunu göstərir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əlbəttə, Allahın lütfü, xalqın və məsul şəxslərin ayıqlığı sayəsində ABŞ iqtisadi müharibədə də məğlubiyyətə uğrayacaq”.

O düşmənlərin İran xalqı ilə danışmaq hiyləsi və planına işarə edərək dedi: “Əqli qüsuru olan bir nəfər İran xalqına deyir ki, sizin hökumətiniz pulunuzu Suriyada xərcləyir. Halbuki bu ölkənin prezidenti etiraf edir ki, ABŞ regiona yeddi trilyon xərc çəkib, əvəzində isə heç nə əldə etməyib”.

İnqilabın Rəhbəri əlavə etdi: “Biz ABŞ və Səudiyyənin təhdidləri müqabilində iki dost ölkəyə, yəni Suriya və İraqa köməklər etmişik. Həmin köməklər bu iki dost dövlətlə olan bir növ mübadilədir”.

Həzrət Ayətullah Xamenei istimai rəydə dövlətin mövqeləri ilə bağlı tərəddüd yaradılmasının İran xalqının düşmənlərinin bəlli məqsədlərindən olduğunu dedi: “Onlar iqtisadi müharibə vasitəsi ilə narazılıq yaratmaq və bu narazılığın iğtişaş və qarışıqlıqla nəticələnməsini istəyirlər”.

O, amerikalılar, sionistlər və səudiyyəlilərin fəaliyyətlərinin səhnə arxası xəbərləri və informasiyalarından söz açaraq dedi: “Onlar keçən dey ayındakı iğtişaşları yaratmaq üçün illərlə çalışmışdılar. Lakin tərifəlayiq zəkası olan xalq meydana tökülüşdü və onların neçə illik proqramlarını havaya sovurdu”.

İnqilabın Rəhbəri əlavə etdi: “Düşmənlər daha sonra 1397-ci ilə ümid bağladılar. ABŞ-ın bəzi rəsmiləri deyirdi ki, 6 aydan sonra İrandan bəzi xəbərlər eşidəcəksiniz. Mordad ayında baş verən hadisələri nəzərdə tuturdular. Düşmənlərin külli miqdarda sərf etdiyi siyasi və maliyyə xərcləri bu cür iflasa uğradı”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Xalq ayıq və sayıqdır. Əlbəttə, iqtisadi və məişət problemləri onların çoxunun ovqatını təlx edib. Ancaq bu millət ABŞ-ın CİA-sının və filan qaraüzlü rejimin tələblərini qəbul etməyəcək”.

İnqilabın Rəhbəri vurğuladı: “Düşmən bu vaxta qədər zəif, aciz və məğlub olduğu kimi, gələcəkdə də məyus olacaq, bir şərtlə ki, hamımız ayıq olaq, ümidsizliyə qapılmadan öz vəzifələrimizə əməl edək”.

O əlavə etdi: “Bəziləri zəiflərin tərəfini tutmaq və vəziyyəti düzəltmək adı altında özləri də bilmədən əməldə düşmənlərin planlarına uyğun danışıb addım atırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hökumət buraxılmalıdır, - deyənlər düşmənin planına uyğun danışırlar. Hökumət işinin başında olmalı və problemlərin həllində var gücü ilə öz vəzifələrinə əməl etməlidir”.

İnqilabın Rəhbəri hökumət və parlamentin hüquq və vəzifələrindən söz açaraq dedi: “Hər iki qüvvə öz hüquqlarından yararlanmaqla yanaşı qarşı tərəfin hörmətini qorumalıdır. Üç qüvvə birlikdə fəaliyyət göstərib xalqın qarşısında duran problemləri ortadan qaldırmalıdır”.

O, çıxışının sonunda İmam Xomeyninin (r.ə) Allahın qüdrət əlinin İran xalıqı və İslam dövlətinin üzərində olması ilə bağlı dediyi sözlərə işarə edərək dedi: “Biz də Allahın bu qüdrət əlini hiss edirik. Bu qüdrət özünü xalqın imanında göstərir”.

Fars, Yəzd, Hörmüzqan, Çaharmahal və Bəxtiyari, Gülüstan, Kürdüstan və Buşəhr əyalətlərindən gəlmiş minlərlə insanın iştirakı ilə baş tutan bu görüşün əvvəlində dua, təvəssül və ilahi dərgaha əl uzadıb yarmaq ayı olan Zilhiccə ayının yetişməsinə işarə edən Həzrət Ayətullah Xamenei özünə inam və məğlubedilməzliyin Allaha iman və təvəkkülün xüsusiyyəti olduğunu dedi: “İran xalqı bu iman gücündən faydalanaraq qırx ildir ki, dünyanın imperialist gücləri qarşısında dayanmışdır. Bu güc gündən günə artmalıdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /