Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Problemlərin danışıqlar yolu ilə həll edilməsi təsəvvürü xətadır

Bu gün (şənbə) səhər İranın xarici ölkələrdəki səfirləri, Xarici İşlər Nazirliyinin işçiləri və məsul vəzifəli işçiləri ilə görüşdə sözün həqiqi mənasında milli maraqların təmin edilməsi və qorunmasının xarici siyasətin əsas məqsədi olduğunu deyən İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dövlətinin diplomatik zərurətlərinə aydınlıq gətirdi: “Düzgün inqilab ruhiyyəsi, ağıllı və məqsədyönlü diplomatiya ilə xarici əlaqələri inkişaf etdirmək, dövlətin güc komponentlərini siyasi və diplomatik nailiyyətlərin dəstəkçisinə çevirmək olar”.

Çıxışının əvvəlində mövcud şəraitdən, İslam və İran İslam Respublikasına qarşı formalaşmış böyük cəbhədən söz açan İslam İnqilabının Rəhbəri diplomatik səy və fəaliyyətin ilahi mükafatı, İran xalqının haqlılığının müdafiəsində tarixi və milli qüruru ehtiva etdiyini dedi: “Problem və çətinliklər vaxtı qeyrətli, səbrli və ağıllı insan səylərini, gördüyü işlərin həcm və keyfiyyətini artırır. Buna görə də diplomatik xidmət orqanının fəaliyyətlərinin yeniləndirilməsi ruhiyyəsini artırmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Özü və ailəsinin dini və mənəvi sağlamlığını və təmizliyini, dini məsələlərə sözdə və əməldə bağlılığını qorumaq Xarici İşlər Nazirliyinin işçiləri və məsul şəxslərinin, xüsusilə İranın xarici ölkələrdəki nümayəndəliklərinin işçiləri və səfirlərinin ən mühüm vəzifələrindəndir”.

O vurğuladı ki, diplomatik xidmət orqanı dövlətin xarici siyasətinin əsas hissəsi və İslam Respublikasının xarici görünüşüdür: “Xarici İşlər Nazirliyi, xüsusilə səfirlər İslam və inqilab dəyərlərinə yaxından bağlı olmalı, danışıq və davranışları bu dəyərləri əks etdirməlidir”.

Çıxışının davamında İslam dövlətinin diplomatik vəzifələrindən danışan İslam İnqilabının Rəhbəri bildirdi ki, güclü və möhkəm ruhiyyəyə malik olmaq, gələcəyə ümid və haqlılıq hissindən istifadə diplomatik nümayəndələrin qarşısında duran zəruri şərtdir.

O, mühüm əhəmiyyət daşıyan milli maraqlar mövzusuna toxunaraq dedi: “Diplomatiyanın əsas və həqiqi hədəfi milli maraqları qorumaqdır. Qarşılıqlı əlaqə və ya qarşı çıxma milli maraqların təmini üçün lazım olan yeganə metodlardır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, milli maraqlar dövlətin əsas siyasətləri və dəyərlərindən qaynaqlanır: “Diplomatik xidmət orqanı milli maraqları qorumalı və təmin etməlidir”.

O, ölkə başçısının Avropaya etdiyi son səfəri zamanı səsələndirdiyi “Əgər İran nefti ixrac edilməyəcəksə, regionun heç bir ölkəsinin nefti ixrac edilməyəcək” bəyənatının dövlətin siyasəti və strategiyasını ifadə edən mühüm bir açıqlama olduğunu dedi: “Xarici İşlər Nazirliyinin vəzifəsi ölkə başçısının bu cür mövqelərini ciddi şəkildə izləməkdir”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında ideoloji diplomatiya mövzusundan söz açaraq dedi: “Bəziləri səhvə yol verərək diplomatiyanın ideologiyadan ayrılmasının zəruri olduğunu bildirir. Halbuki diplomatik ideologiyanın heç bir problemi yoxdur və ideologiya ilə milli maraqların qarşı-qarşıya olduğunu təlqin etmək doğru və məntiqli deyil”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam Respublikasını yaratmaqda məqsəd milli maraqları qorumaq, müstəqillik, azadlıq, sosial ədalət, milli güc və təhlükəsizlikdir: “İdeologiya milli maraqların təmini və qorunmasına xidmət edir və millətin kimliyi hesab edilir”.

İslam İnqilabının Rəhbəri qərb dövlətlərinin davranışları və siyasətlərindəki ideologiyanın mövcudluğundan söz açaraq dedi: “Amerikalılar çıxışlarında tez-tez “Amerika dəyərləri” ifadəsini işlədirlər. Bu isə, onların ideologiyasıdır və ABŞ-ın müstəqillik elanından qaynaqlanır. Avropa ölkələrinin də siyasi davranış və fəaliyyətlərinə ideoloji fikirlər hakimdir”.

O bildirdi ki, dünya ilə ağıllı, məqsədyönlü və məntiqli əlaqə dövlətin İslama əsaslanan baxışından qaynaqlanır və ideoloji diplomatiya ilə tam uyğunluq təşkil edir.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, diplomatik əlaqələrdə və strategiyalarda inqilab ruhiyyəsinin gerçəkləşdirilməsi və büruzə verilməsi zəruridir: “İran diplomatı inqilabla fəxr etməli və onun iş əlaqələrində izzət, qüdrət və özünə güvən hissi aydın şəkildə müşahidə edilməlidir. Təbii ki, bu inqlibaçı xarakter və davranış ağlasığmaz sözlər və hay-küy salınmasından tamamilə fərqlənir”.

Həzrət Ayətullah Xamenei iranlı diplomatlar və səfirlərin haqlılıq hissinə malik olmasının zəruriliyinı qeyd edərkən düşmənlərin fasilə vermədən apardıqları psixoloji müharibə mövzusundan söz açdı: “Haqlılıq hissinə malik olmalı, problemli məsələlərı tam qavramalı, onlara tam hakim olmalı və məhz bundan sonra yadların ittihamlarına məntiqli və qətiyyətli cavablar verilməlidir”.

O bildirdi ki, İranın davamlı olaraq bir mənfi məsələ ilə ittiham edilməsi düşmənlərin davamlı psixoloji müharibəsinin əsas planıdır: “Bu məqsədi gerçəkləşdirməkdən ötrü iranofobiya, İrana qarşı düşmənçilik, anti irançılıq, demokratiyanın pozulması, azadlığın olmaması və insan haqlarının pozulması kimi məsələləri davamlı olaraq öz təbliğatlarında təkrarlayırlar”.

Həzrət Ayətullah Xamenei avropalıların və qərblilərin keçmişdə müstəmləkləri altında olan ölkələrdə törətdikləri cinayətlərdən, Qərbdə demokratiyanın bəzi qaydalar və xüsusi mərkəzlərin təlqinləri ilə məhdud olması, ABŞ-da və bəzi Avropa ölkələrində partiya diktaturasının mövcudluğu, qərblilərin hal-hazırda törətdikləri cinayətlərdən, o cümlədən Səudiyyə ilə əlbir olub Yəmən xalqını qırmasından söz açdı: “Qərblilər insan hüquqlarının pozulmasının bariz nümunəsidir, lakin həyasızcasına İranı ittiham edirlər. Elə olur ki, bəzən insan onların həyasızlığına mat qalır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, ölkə probemlərinin ABŞ ilə əlaqə yaradılması və ya müzakirə yolu ilə həll edilə biləcəyi təsəvvürü açıq-aşkar xətadır: “ABŞ-ın İslam dövləti prinsipi ilə əsaslı və fundamental problemi var. Yeri gəlmişkən Afrika, Asiya və Latın Amerikasında ABŞ-la əlaqəsi olan çoxlu ölkələr var, ancaq çoxlu sayda problemlərlə qarşı-qarşıyadırlar”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın İslam Respublikası ilə olan dərin düşmənçiliyindən danışarkən dedi: “Amerikalılar inqilabdan əvvəl İranda malik olduqları mövqeyə qayıtmaq istəyirlər. Bundan aşağısına da razı olmayacaqlar”.

O qeyd etdi ki, ABŞ-ın İranın atom imkanına və nüvənin yüksək səviyyədə zənginləşdirilməsi gücünə malik olması, habelə regiondakı iştirakına qarşı olması onların İslam dövlətinin güc komponentləri ilə dərin düşmənçiliklərindən irəli gəlir: “Regional iştirak İranın güc və təhlükəsizlik komponentlərindəndir və dövlətin strategiyasının davamı hesab edilir. Buna görə də düşmənlər ona qarşıdırlar”.

İnqilabın Rəhbəri ölkənin məsul şəxslərinin dilindən ABŞ-ın güvənilməz olmasının dəfələrlə təkrarladığına işarə edərək dedi: “Mən bu nüansı lap çoxdan deyirdim ki, amerikalıların sözünə, həta imzasına da güvənmək olmaz. Buna görə də ABŞ-la danışıqlar aparılmasının heç bir faydası yoxdur”.

O, ölkədə istifadə edilməmiş və ya az istifadə eidlmiş potensialların aktivləşdirilməsinin mühüm əhəmiyyət daşıdığını dedi: “Avropa ilə aparılan müzakirələr dayandırılmasın. Ancaq Avropa paketindən asılı qalmaq olmaz. Ölkə daxilində zəruri olan çoxsaylı işləri həyata keçirmək lazımdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, çoxtərəfli, xüsusilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və regional təşkilatlara əhəmiyyət verilməsi zəruridir: “İranın xarici ölkələrdəki səfirləri və nümayəndələri xalqın və ölkənin imkan və potensiallarından tam məlumatlı olmalıdırlar”.

Həzrət Ayətullah Xamenei ABŞ rəsmilərinin İran xalqının istedadı ilə bağlı son etiraflarına işarə edərək dedi: “Bir neçə il əvvəl vurğulayırdım ki, iranlıların istedad göstəricisi orta dünya istedad göstəricisindən yüksəkdir. Bu gerçək mühüm bir daxili potensialdır. Belə ki, iman, şücaət, fədakarlıq və xalqın dəyərlərlə fəxr etməsi İranın imkan və potensiallarının digər komponentlərindəndir”.

O qeyd etdi ki, digər ölkələrin iqtisadi fəalları, alimlər və müstəqil politoloqları ilə əlaqə yaradılması diplomatiyanın dünyada geniş yayılmış metodlarındandır: “Bu metodla xarici siyasət orqanının fəaliyyətlərinin hüdudlarını genişləndirmək olar”.

İslam İnqilabının Rəhbəri habelə meydan iqtidarının diplomatiyaya dəstək olduğunu dedi: “Mühüm olan məsələ istənilən güc komponentini bir növ siyasi və iqtisadi nailiyyətə çevirməkdir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən xarici işlər naziri diplomatik xidmət orqanının strategiyaları, xüsusilə qonşularla əlaqə və iqtisadi diplomatiya üzərində mərkəzləşmə məsələsinə toxunaraq dedi: “Çalışmışıq ki, problemləri özünə inam hissi ilə qarşılayaq və milli maraqları möhkəm qətiyyətlə müdafiə edək”.

Cənab Zərif qeyd etdi ki, bu strategiya, eyni zamanda İslam İnqilabının Rəhbərinin dəstəyi və göstərişləri ilə sionistlərin iranofobiya layihəsini iflasa uğratmağı bacardıq: “Tramp və Netanyahu ucuz tamaşalarla iranofobiya layihəsini təkrarlamağa çalışırlar. Ancaq hal-hazırda öz müttəfiqləri arasında da tək-tənha qalıblar”.

Xarici işlər naziri müharibə otağının təşkil edilməsi və ABŞ-ın İran xalqına qarşı təzyiq və hegemonluğunun artırılmasına çalışmasına işarə edərək dedi: “Həmişə başqa ölkələrə və ABŞ-ın müttəfiqlərinə elan etmişik ki, ABŞ-ın hegemonluğuna qarşı mübarizə siyasi öhdəliklərdən kənara çıxmalı və müddətli əməli fəaliyyətlərlə nəticələnməlidir”.

Cənab Zərif əlavə etdi: “Biz daha çətin şəraitlərin sınağından çıxmışıq və əminik ki, birlik və həmrəylik sayəsində problemlərə qalib gələcək, Allahın yardımı, Rəhbərin göstərişləri və xalqın dəstəyi ilə qarşıda duran vəziyyəti yaxşı, fəxrlə, başıuca və ən az zərərlə idarə edəcəyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /