Məsciddə idman, əyləncə və istirahət
Sual 1: Biz bir qrup gəncik. Məsciddə məhəllədəki yeniyetmələrin elmi və mədəni fəaliyyəti üçün nəzərdə tutulmuş bir yerimiz var. Bəzən həmin məsciddə elmi və tərbiyəvi proqramlarla yanaşı yeniyetmələr üçün oyun və əyləncə proqramları da təşkil edirik. Yeniyetmələrin məsciddə oyun oynaması və əylənməsinin şəri baxımdan bir problemi varmı?
Cavab: Məscid idman və məşq yeri deyil. Məscidin şənində olmayan işlərdən çəkinmək lazımdır.
Dua yazmaq
Sual 2: İnsanların xeyri üçün "Cövşən-Kəbir", "nəzər", "sehri batil etmək" və sair kimi duaların yazılması şəriət nöqteyi-nəzərindən icazəlidirmi?
Cavab: Əgər qeyd etdiyiniz bu dualar məsum imamlarımızdan (ə) rəvayət edilibsə və ya məzmunları doğrudursa, təbərrük üçün yazmağın eybi yoxdur.
Bank depozitləri açmaq
Sual 3: Mənfəət əldə etmək məqsədi ilə bank depozitləri açmağın hökmü nədir? Bu məsələdə özəl və dövlət bankları arasında fərq varmı?
Cavab: Əgər bank əməliyyatları İslam Şurası Məclisinin qəbul etdiyi, Nəzarət Şurası tərəfindən də təsdiq edilmiş qanunlar əsasında həyata keçirilirsə, problemi yoxdur. Qeyri-bank müəssisələrində də bu əməliyyatlar şəriət nöqteyi-nəzərindən düzgün hesab edilən müqavilələr çərçivəsində həyata keçirilərsə, problem yoxdur.
Evdə quş və xoruz saxlamaq
Sual 4: Qonşuların narahatçılığına səbəb ola biləcəyini bilə-bilə evdə xoruz və mahnı oxuyan quşlar saxlamağın hökmü nədir? Nəzərə alsaq ki, qonşuların bu barədə heç bir etirazı olmamışdır.
Cavab: Sualda göstərilən halda eybi yoxdur.
Zöhr namazının nafiləsinin Zöhrün şəri vaxtından əvvəl qılınması
Sual 5: Zöhr namazının nafiləsini Zöhrün şəri vaxtından əvvəl qılmaq olarmı?
Cavab: Zöhrün nafiləsinin vaxtı Zöhr azanının şəri vaxtı daxil olduqdan sonradır. Ancaq namaz qılan şəxs zöhrün nafiləsini vaxtında qıla bilməyəcəyinə əmin olarsa, ehtiyat vacibə görə, onu ümid qəsdi ilə yerinə yetirsin. Təbii ki, Cümə günü Zöhr və Əsr namazlarının nafiləsini zöhrdən əvvəl qılmaq olar.
Qanunsuz ov etmək
Sual 6: Dövlət qanunlarına əsasən, ovlanması qadağan olunan quşları ovlamağın hökmü nədir?
Cavab: Şəriətdə qanunsuz ov edilməsinə icazə verilmir. Ancaq ov "İzahlı şəriət məsələləri" risaləsində qeyd edilmiş qaydalara uyğun şəkildə həyata keçirilibsə, həmin ovun ətini yeməyin eybi yoxdur. (Yəni dövlət tərəfindən ovlanması qadağan edildiyi üçün ovçu günah qazanıb, amma ovun özünü yeməyin eybi yoxdur – tərc.)
Qırma tüfənglə (ov tüfəngi) ov etməyin hökmü
Sual 7: Qırma tüfənglə ov etməyin hökmü nədir?
Cavab: Ümumiyyətlə, ov icazəsi dövlət tərəfindən təyin edilmiş qayda və qanunlarla müəyyən edilir. Əgər ortada hər hansı qanuni qadağa varsa, buna şəriət də icazə vermir, əks halda, ov etməyin özü-özlüyündə problemi yoxdur və şəriətdə göstərilmiş ovçuluq qaydalarına riayət olunarsa, ov halaldır. Ov şərtlərindən biri də güllənin iti olması və heyvanın bədəninə daxil olaraq onu parçalamasıdır. Güllə iti olmazsa və təzyiqlə heyvanın bədəninə bataraq onu öldürərsə və yaxud isti olduğu üçün heyvanın bədənini yandırarsa, bunun da nəticəsində heyvan ölərsə, pak və halal olması problemlidir.
Əlin arxasına səcdə etmək
Sual 8: Namaz qılarkən çıxılmaz vəziyyətlərdə əlin arxasına səcdə etmək olarmı?
Cavab: Namaz əsnasında üzərinə səcdə edilən şey itərsə və səcdə edilməsi düzgün olan vasitə əlçatmaz yerdə olarsa, namaz qılan şəxs vaxt çox olduğu təqdirdə namazı kəsməli və üzərinə səcdə edilməsi düzgün olan bir şey tapıb namazını qılmalıdır. Əgər vaxt dardırsa və üzərinə səcdə edilməsi düzgün olan vasitə də yoxdursa, yaxud da isti və ya soyuğa görə, üzərinə səcdə edilməsi düzgün olan şeyə səcdə edə bilmirsə, əynindəki libas kətandırsa və ya tərkibində pambıq və kətan varsa, həmin libasa səcdə edə bilər. Ehtiyat vacibə görə, kətan və pambıq libasa səcdə etmək mümkün olduğu halda, kətan olmayan libasa səcdə etməsin. Bunların heç biri mümkün olmadıqda, ehtiyat vacibə görə, əlinin arxasına səcdə edə bilər.
Hicabsız və günah əhli olan qohumlarla get-gəl etmək
Sual 9: Həyat yoldaşımın ailə üzvləri hicab normalarına riayət etmir, qonaqlıqlarda bədən üzvlərini açıq-aydın göstərən libaslar geyinir və baş örtükləri tez-tez başlarından düşür, habelə naməhrəmlərlə əl görüşürlər. Toy mərasimlərində naməhrəmlərlə birlikdə hicabsız rəqs edirlər. Bu məclislərdə iştirak edəcəyimiz təqdirdə hicabı olmayan naməhrəmlərə baxacağımızı və daim də günaha batacağımızı nəzərə alsaq, özüm və həyat yoldaşım həmin məclislərdə iştirak edə və sözügedən qohumlarla get-gəl edə bilərikmi? Onlarla qohumluq əlaqələrini kəsmək olarmı?
Cavab: Əgər qeyd olunan məclislərdə iştirak günah edilməsinə və ya günahın təsdiqinə səbəb olursa, habelə "nəhy əz münkər" prinsipi (pis işdən çəkindirmək) bu məclisləri tərk etmək və ya ümumiyyətlə, həmin məclislərdə iştirak etməməklə şərtlənirsə, sözügedən məclisləri tərk etmək lazımdır və ya onlarda iştirakdan imtina olunmalıdır. Qohumlarla əlaqələrin qorunması təkcə vizual əlaqə və get-gəllə şərtlənmir, bu, telefon vasitəsilə hal-əhval tutmaq, mesaj yazmaq və məktubla da mümkündür.
İçərisində balıq ölmüş akvariumun suyunun hökmü
Sual 10: İçərisində balıq ölmüş akvariumun suyu pakdır, ya nəcis?
Cavab: Pakdır.
Rəqs nümayiş etdirilən filmə baxmaq
Sual 11: Rəqs nümayiş etdirilən filmə baxmaq günahdırmı?
Cavab: Əgər əxlaqsız səhnələri varsa, ya ləzzət qəsdi ilə baxılırsa və ya günaha düşmək qorxusu varsa, icazəli deyil.
Toyuq ətindəki qara damarlar
Sual 12: Toyuq ətində nazik qara damarlar olur. Ehtimal ki, onlar sonradan qaralmış qan damarlarıdır. Həmin damarları yemək olarmı?
Cavab: Problemi yoxdur.
Çılpaq heykəllərə baxmaq
Sual 13: Ləzzət qəsdi olmadan çılpaq heykəllərə baxmağın hökmü nədir?
Cavab: Əgər günaha və xoşagəlməz baxışa səbəb olarsa, baxmaq olmaz.