Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məsul şəxslər iqtisadi problemlərin həllində qətiyyətli olsunlar

İran İslam Respublikasının dindar və mömin əhalisi bir ay orucluq və ibadət fürsəti verdiyi üçün Allah-taalaya təşəkkür əlaməti olaraq Mübarək Fitr Bayramı günü ölkənin dörd bir yanında əzəmətli və izdihamlı bayram namazı təşkil etdi və kərəm sahibi olan Allahdan ən yaxşı arzularını dilədi. Bu iman dolu izdihamlı iştirakın mərkəzində Tehran şəhərinin İmam Xomeyni Müsəllasında İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xameneinin imamətliyi ilə təşkil edilən Mübarək Fitr Bayramı namazı dayanırdı.

Mübarək Fitr namazının birinci xütbəsində İran xalqını və İslam ümmətini bu böyük bayram münasibəti ilə təbrik edən İslam İnqilabının Rəhbəri Fitr bayramının mükafatlandırılma günü, mübarək Ramazan ayının isə Allaha itaət və Allahın razılığına yaxınlaşmağa çalışan möminlərin yarış meydanı olduğunu dedi: “Allah-taalanın lütfü sayəsində İran xalqı hər il yaxşı işlərin həyata keçirildiyi bu mənəvi yarışda əvvəlki illərlə müqayisədə daha çox imtiyazlar əldə etmişdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Quran məclislərinin vüsət alması, insanların dua, minacat və moizə məclislərindəki iştirakı və coşqusunun artması, məscidlər və ümumi keçidlərdə sadə iftar ehsanı ənənəsinin daha geniş xarakter alması İran xalqının bu ilki Ramazan ayının mənəvi yarışındakı nailiyyətlərindəndir: “Mübarək Ramazan ayı parlaqlığının zirvə nöqtəsinə Qədr gecələrində çatdı. Əhalinin müxtəlif təbəqlərindən olan təmsilçiləri, xüsusilə gənclər ölkənin dörd bir yanında böyük bir izdihamla əllərini duaya qaldırdı və Məbudla razi-niyaz edərək öz ruhlarının səfa və lətafətini artırdılar”.

O bildirdi ki, bu ilki Qüds günü yürüşü Mübarək Ramazan ayına təsadüf edən digər parlaq cəhətlərdəndir: “Qüds günü yürüşü həqiqətən, spesifik bir hadisədir. Xalq günün istisində o cür şövq və əhval ruhiyyə ilə küçələrə çıxdı. Verilən məlumatlara əsasən, ölkənin əksər şəhərlərində yürüşə çıxmış əhali əvvəlki illərlə müqayisədə daha çox və daha izdihamlı olmuşdur”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “İran xalqı ayıq və motivasiyalıdır. Bir gecə əhya saxladıqdan sonra o cür şövq və həyəcanla küçələrə çıxmış bu xalq yorğun və ümidsiz deyil. Düşmənlərin təbliğatlarına uyaraq xalqın yorğun və süst olduğunu iddia edənlər, əslində, özləri yorğun və süst olduqları halda, öz əhval ruhiyyələrini bütün xalqın adına çıxırlar”.

Həzrət Ayətullah Xamenei xalqın hər il Ramazan ayında artan mənəviyyatı və daxili səfasına işarə edərək dedi: “Bu reallığın mesajı budur ki, İran xalqı və gəncləri insanları mənəviyyatdan uzaqlaşdırmağa hesablanmış siyasətlərə rəğmən, mənəviyyat və anti-fəsad mövqelərində israrlıdırlar. Bu əvəzsiz mənəvi sərmayə ölkənin kimliyi, müstəqilliyi, izzət və əzəmətinin qoruyucusudur”.

İslam İnqilabının Rəhbəri bayram namazının ikinci xütbəsində digər ölkələrdəki Qüds günü yürüşünün izdihamlı və irimiqyaslı olmasına işarə edərək dedi: “Qüds günü yürüşünün ayrı-ayrı ölkələrdə daha geniş vüsət alması və çiçəklənməsi ondan xəbər verir ki, yadların təbliğatlarına rəğmən, müsəlman xalqlarının İran xalqı ilə yaxınlığı və eyni cəhətdə yer alması daha da artmışdır”.

O qeyd etdi ki, şeytanxislət güclərin İran xalqına qarşı davamlı planlarının səbəbi onların İran xalqının müqaviməti, iqtidarı, müstəqilliyi, yüksək təfəkkürü və təşəbbüskarlığından narahat olması ilə izah edilir: “Əlbəttə, bu güclər öz səylərini göstərsələr də, həmişə məğlubiyyətə uğrayırlar”.

İslam İnqilabının Rəhbərinin sözlərinə görə, ABŞ prezidentinin bu ölkənin Qərbi-Asiya regionuna xərclədiyi yeddi trilyon dolların heç bir nəticə verməməsi ilə bağlı etirafı onların regiondakı məğlubiyyətindən xəbər verir: “Bu etiraf göstərir ki, “böyük şeytan” bütün səylərinə baxmayaraq, öz məqsədlərinə çata bilməmiş, bundan sonra da bu regionda nə qədər pul xərcləsə, yenə də öz məqsədinə nail olmayacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İran xalqı ayıq, oyaq və planlardan xəbərdar olmalıdır: “Bu gün düşmənin əsl planı xalq kütlələrini süstləşdirmək və ümidsizliyə vadar etmək üçün onlara iqtisadi təzyiq göstərməkdir”.

O, bütün hakimiyyət orqanlarına və məsul şəxslərə bu planla mübarizə aparmaq üçün durmadan fəaliyyət göstərməyi tövsiyə etdi: “İqtisadi problemlə məşğul olmaq üçün üç strukturun rəhbərləri və əsas aktiv üzvlərinin iştirakı ilə bir mərkəz yaradılmışdır. Bu mərkəz iqtisadi məsələləri addım-addım izləməli, qəti qərarlar qəbul edərək icra etməlidir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, bu planla mübarizədə xalqın bütün nümayəndələrinin üzərinə vəzifələr düşür: “Xalqın ciddi şəkildə diqqət mərkəzində saxlamalı olduğu mövzulardan biri israfdan çəkinməkdir”.

Həzrət Ayətullah Xamenei ölkədə likvidliyin yüksək olduğuna işarə edərək dedi: “Xalqın həyat çarxını hərəkətə gətirmək üçün bu likvidlik sahibləri onu istehsala yönləndirməlidirlər”.

O, xarici ticarət subyektlərinə qeyri-zəruri və ölkə daxilində bənzəri olan məhsulları idxal etməkdən çəkinməyi israrla tövsiyə etdi: “Bəzi insanlar arasında geniş yayılmış və tərk edilməsi zəruri olan adətlərdən biri xarici ölkələrə edilən əyləncə xarakterli qeyri-zəruri səfərlərdir”.

İslam İnqilabının Rəhbəri marketinq mühitinin daha da yaxşılaşdırılması və maneələrin aradan qaldırılması üçün İqtisad Nazirliyinin qəbul etdiyi bəzi qərarlara toxunaraq bu qərarları müsbət qiymətləndirdi və onların ciddiyyətlə izlənməsinin zəruri olduğunu vurğuladı.

Həzrət Ayətullah Xamenei korrupsiya ilə mübarizə mövzusunun da çox ciddi şəkildə izləndiyini və gənclərin istehsal və quruculuq sahəsindəki iştirakına toxunaraq onların stimullaşdırılmasının və istehsal vahidlərinin dəstəklənməsinin zəruri olduğunu vurğuladı.

Milli və sosial vəhdətin mühüm mövzulardan olduğunu qeyd edən Ali Rəhbər virtual məkanda insanların bir-birinə qarşı xoşagəlməz təhqir və iftiralar yağdırmasının vüsət aldığına işarə edərək dedi: “Böyük günah olan bu cür addımlar ölkənin ümumi mühitinə və milli vəhdətə ləkə vurur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Cəmiyyətdə hər kəs vəhdətə əhəmiyyət verməli və bir-birinə iftira atmaqdan çəkinməlidir”.

Düşmənin cəmiyyət arasında psixoloji müharibə yaratmaq üçün əl atdığı siyasi təbliğatlara işarə edən Həzrət Ayətullah Xamenei düşmənlərin sözlərini təkrar edən bəzi media qurumlarını və fərdləri tənqid edərək onları bu işdən əl çəkməyə çağırdı.

O, bayram namazının ikinci xütbəsinin sonunda dedi: “Allahın lütfü ilə ölkənin gələcəyi belə bir millət, belə bir ruhiyyə, hərəkət, mənəviyyat və müstəqilliklə bu günkündən daha yaxşı olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /