İncəsənət dərsində musiqi
Sual 1: Mən tələbəyəm. Bəzən incəsənət dərsində musiqi səsləndirilir və mən dərsi tərk edə bilmirəm. Hökm nədir?
Cavab: Ürf baxımından bihudə və "muzill ən səbilillah"(1) olan hər bir musiqi haramdır. Bu musiqinin müəyyən edilməsi mükəlləfin ürfi nəzərinə bağlıdır. Qeyd edilən musiqi bu qəbildən deyilsə, öz-özlüyündə işkalsızdır.
Buna görə də, əgər musiqi haram növdən olarsa, "nəhy əz münkər"in şəraiti olduğu halda sizə yalnız dildə çəkindirmək vacibdir və əgər bunun təsiri olmasa, qina və haram musiqiyə qulaq asmaqdan çəkinməyiniz vacibdir. Əgər ixtiyarsız olaraq haram musiqi və qinanı eşidirsinizsə, heç bir vəzifəniz yoxdur.
Naməhrəmlə ailəvi get-gəl etmək
Sual 2: Ailə get-gəllərində naməhrəmlə danışmaq, yaxud naməhrəmin də olduğu ailə toplumunda adi və yerində zarafatlar etməyin hökmü nədir? Hansı həddə icazəlidir?
Cavab: Şəri qaydalar və İslam qanunlarının məhdudiyyətlərini qorumaq, hər növ ehtiraslı və ya fitnə-fəsada səbəb olan əməl və rəftarlardan çəkinmək şərti ilə heç bir maneəsi yoxdur.
Namazda yanlış qiraət
Sual 3: Mən namazın sözlərinin düzgün oxunuşuna çox diqqət edirəm və düzgün tələffüz etməyə çalışıram. Gündəlik namazlarda bir neçə dəfə “Kövsər” surəsini oxudum, elə bilirdim ki “وانحر” kəlməsi “ه” hərfi ilədir. Bu üzdən “ه” kimi oxuyurdum. İndi keçmiş namazlarımın hökmü nədir?
Cavab: Qeyd etdiyiniz namazlar, hansı ki, düzgün bildiyiniz şəkildə qılmısınız, səhihdir.
Tərəxxüs həddində namaz qılmaq
Sual 4: Vətəninə qayıtmaqda olan müsafir tərəxxüs həddinə yetişdiyində namazı necə olmalıdır?
Cavab: Namazı tam qılmaq üçün vətənin tərəxxüs həddinə çatmaq yetərlidir, amma ehtiyat budur ki, şəhərə girənədək namazı təxirə salsın.
Sual 5: Bir yerdə on gün qalmaq qəsdi ilə səfərə çıxan müsafirin tərəxxüs həddində namazı necə olmalıdır?
Cavab: On gün qalmağı qəsd etdiyi şəhərin tərəxxüs həddinə çatmaq, ehtiyata əsasən, namazın tam olmasına gətirib çıxarmır. Ehtiyat vacib qəsr və tamı birləşdirmək (namazı hər iki şəkildə qılmaq), yaxud şəhərə girənədək təxirə salmaqdır.
Dəstəmaz üzvlərində maneənin olması
Sual 6: Əgər dəstəmaz aldıqdan bir müddət sonra dəstəmaz üzvlərində maneənin olduğundan xəbər tutsam, amma bunun dəstəmazdan öncə və ya sonra meydana gəldiyini bilməsəm, ikinci dəfə dəstəmaz almalı və namaz qılmalıyam?
Cavab: Əgər dəstəmaz aldıqdan sonra dəstəmaz üzvlərində suyun bədənə çatmasına mane olan bir şey görüb bunun dəstəmaz əsnasında və ya sonra peyda olduğunu bilməsə, dəstəmazı səhihdir. Əks halda, yəni dəstəmaz vaxtı maneəyə diqqət etmədiyini bilirsə, vacib ehtiyata əsasən, ikinci dəfə dəstəmaz almalıdır.
Məscid mətbəxini icarəyə vermək
Sual 7: Məhəllə sakinləri məscid mərasimlərinin yeməklərindən ötrü mətbəx tikiblər. Bu mətbəx il boyu, adətən, Məhərrəm ayının ilk on günlüyündə fəaliyyət göstərir, ilin digər vaxtlarında bağlı və istifadəsiz qalır. Yerin vəqf olunmasına dair əldə heç bir sənəd yoxdur. Sual budur ki, məhəllə sakinləri və mötəbər şəxslər sözügedən yeri məscid üçün icarəyə verə bilərmi? Hansı ki, bu iş məscid xərclərinə kömək etməklə yanaşı, bəzi məhəllə sakinlərinin işlə təmininə də şərait yarada bilər. Əlbəttə Məhərəm ayının ilk ongünlüyündə oranı boşaltmaq və həmişə olduğu kimi məscid ehsanlarının bişirilməsini təmin etmək şərti ilə.
Cavab: Sualın fərzinə əsasən, şəri mütəvvəlinin icazəsi çərçivəsində bu işi həyata keçirmək olar.
Miqatı ehramsız keçmək
Sual 8: Həcc və ümrə səfərində ümumiyyətlə “muhrim” olmayan (ehram bağlamayan), amma təvaf, səy və təqsiri yerinə yetirən şəxsin boynunda bir vəzifə qalırmı?
Cavab: Əgər üzrsüz olaraq bu işi görübsə, günaha düşüb və imkan daxilində geriyə dönüb miqatdan ehram bağlamağı vacibdir.
Oğulun anasının həcci ilə bağlı təklifi
Sual 9: Bir xanım həyatda olduğu zaman istitaət həddinə çatıb və həcc üçün qəbz də alıb, amma bir neçə müddətdən sonra vəfat edib. Varisləri qəbzi satıb, sərvətini də bölüb. Bu xanımız otuz yaşlı olduğunu nəzərə alsaq;
1. Anasının yerinə həccə getmək oğula vacibdirmi? Mərhumun oğlunun istitaət həddinə çatıb-çatmaması da nəzərə alınmaqla hökm necədir?
2. Başqasını əcir tutmaq olarmı və başqası bu işi yerinə yetirə bilərmi?
Cavab: Əgər sözügedən xanım ilk fürsətdə işə başlayıb, amma həcc ziyarətinə nail olmayıbsa, həcc ona vacib deyil. Digər halda ölənin əsas malından mərhum üçün bir miqat bağlamaq həddində də olsa belə həcc yerinə yetirilməlidir.
Ananın həcc ziyarəti özü-özlüyündə övladın öhdəsinə deyil. Əgər özü istitaət həddinə çatıbsa, niyabətən həccə gedə bilməz və hər bir surətdə əcir tutmaq səhihdir.
Bir neçə nəfərin yerinə niyabətən həccə getmək
Sual 10: Bir həcc səfərində bir neçə ayrı-ayrı şəxsin naibi olaraq həcc ziyarəti edə bilərəmmi? Nəzərə alsaq ki, məlum həcc xərclərini onlar qarşılayır.
Cavab: Eyni ildə bir neçə nəfər üçün vacib həcc ziyarətini yerinə yetirmək caiz deyil, vacib olmayan həcdə isə eybi yoxdur.
Həcc qəbzi üçün kredit götürmək
Sual 11: Həcc qəbzini almaqdan ötrü kredit götürməyin şəri baxımdan bir nöqsanı varmı?
Cavab: Həcc xərclərinə imkanı çatmayan kəsin borc almaqla özünü istitaət həddinə çatdırmasına lüzum yoxdur, baxmayaraq ki, borc alıb sonradan rahatlıqda borcunu qaytarmaq iqtidarındadır. Amma borc alıbsa artıq həcc ona vacibdir.
Orqanların bağışlanmasını, cəsədin yarılmasını vəsiyyət etmək
Sual 12: Qeyri müsəlmanın cəsədindən yararlanmaq imkanı olduğu halda, elmi araşdırmalar və təlimlərdən ötrü müsəlman cəsədini yarmaq caizdirmi?
Əgər bir müsəlman elmi təlim və tədqiqatlardan ötrü cəsədindən yararlanmasını vəsiyyət edibsə, bunun hökmü nədir?
Cavab: Caiz deyil; vəsiyyət qeyri şəri əmələ bəraət qazandırmır.
Seyidliyin isbatı
Sual 13: Deyilənə görə ailəmiz seyid nəslindəndir, amma buna dair heç bir qaneedici dəlil yoxdur. Bu məsələnin çox mühüm olduğunu, bir çox şəri məsələlərə dəxalət etdiyini nəzərə alsaq, bu xüsusda vəzifəmiz nədir?
Cavab: Əgər yaşadığınız ərazidə seyid kimi tanınmış şəxsin seyidliyi heç kim tərəfindən inkar edilmirsə, bu onun seyidliyi üçün yetərlidir; nə qədər ki, seyid olmağınız qaneedici sübutla və ya şəri dəlilə istinadla isbatını tapmayıb, seyidlərə dair şəri hökmlərin sizə aidiyyatı yoxdur.
Başqasının kreditindən istifadə
Sual 14: Bir nəfərin kreditə böyük ehtiyacı var. Başqasının evlilik kreditini müəyyən məbləğ müqabilində alıb kredit borclarını özü ödəyə bilərmi?
Cavab: Əgər bank evlilik kreditini cütlüklərdən birinə veribsə, o məbləği həmin şəxsdən almaq, borc götürmək hökmündədir. Kreditdən əlavə məbləğ ödəmək (faiz kimi) sələm və haramdır.
İmkan daxilində məsuliyyət götürmək
Sual 15: Maarif işindən ötrü təşkilat tərəfindən mənə bildirildi ki, başqası olmadığı üçün mənim iştirakım vacibdir. Bunun üçün yetərli fürsətimin olmadığını, mənə həvalə edilmiş işin öhdəsindən gələ bilməcəyəmi nəzərə alsaq, bu halda vəzifəm nədir?
Cavab: Əgər sizə həvalə edilmiş öhdəsindən gələ bilməyəcəksinizsə, ondan imtina edin. Əgər buna görə haqq alırsınızsa, bacarmadığınız işin müqabilində aldığınız haqq qeyri şəridir (qanuni deyil).
Kirayəçinin borcunun (girov) xümsü
Sual 16: Ev sahibinin kirayəçidən borc (girov) olaraq aldığı pula xüms düşürmü?
Cavab: Qeyd edilən məbləğin xümsü yoxdur.
Kitabın nüsxələnməsi
Sual 17: Tələbəyəm. Qaydası üzrə kitab və dərsliklər almalıyam. Kitab almaq əvəzinə dostların kitablarından nüsxə çıxarsam (yəni imtahanlar üçün kitabdan müəyyən kopyalar çıxarsam) və dərslərimi həmin nüsxədən öyrənsəm, bu iş icazəlidirmi?
Cavab: Ümumiyyətlə, istifadə etmək, satmaq, almaq və nüsxə çıxarmaqdan ehtiyatən çəkinmək lazımdır, sahibinin icazəsi olduğu hal isə istisnadır. Ehtiyata əsasən iznsiz nüsxə çıxardığınız vaxt razılıq almağınız vacibdir.
1. Muzill ən səbilillah – özünəməxsus xüsusiyyətləri səbəbi ilə insanı Allahdan, mənəviyyatdan, əxlaqi dəyərlərdən uzaqlaşdırıb, günaha, bihudəliyə və mütləq azadlığa sövq edən şey.