Quranın baharı olan mübarək Ramazan ayının birinci günü İmam Xomeyni (r.ə) adına hüseyniyyə başdan-başa Allah kəlamınin nuru ilə işıqlanmışdı. Qarilər, minacat ifaçıları və məddahlar İslam İnqilabının Ali Rəhbərinin iştirakı ilə “Qurani-Kərimlə ünsiyyət” adlı üç saatlıq bir məclis təşkil etdilər.
Bu görüşdə İslam ümmətinin hal-hazırki zəruri ehtiyaclarından birinin “Qurana yaxınlıq və onun göstərişlərinə əməl” olduğunu deyən İslam İnqilabının Rəhbəri bildirdi ki, İslam dünyasının hal-hazırki problemləri, o cümlədən Fələstinin təəssüf doğuran vəziyyəti, sionist rejimin, xüsusilə son günlərdə törətdiyi cinayətlər İslam ümmətinin Qurandan uzaq düşməsinin nəticəsidir: “Beytül-müqəddəs Fələstinin paytaxtıdır. Allahın yardımı ilə Fələstin düşmənlərin əlindən xilas olacaq, ABŞ və onun kölələri ilahi həqiqət və təqdirin qarşısında heç nə edə bilməyəcəklər”.
Həyatın bütün yönlərində Quranın daha çox diqqət mərkəzində saxlanmasının zəruriliyini vurğulayan Həzrət Ayətullah Xamenei İslam dünyasının başına gətirilən müsibət və bəlalarından, xüsusilə Fələstin xalqının mövcud şəraitindən söz açaraq dedi: “Bu bir neçə gündə mənfur və qondarma sionist rejiminin onlarla fələstinlinin şəhid edilməsi və minlərlə insanın yaralanması ilə nəticələnən cinayətlərinin şahidi oldunuz. Belə bir şəraitdə bəziləri gileylənir ki, nə üçün ABŞ mövqe bildirmir. Halbuki ABŞ və Qərb dövlətlərinin bir çoxu bu cinayətlərə ortaqdır”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, İslam ümməti, İslam dövlətləri və hökumətləri bu cinayətlərə qarşı mövqe bildirməlidirlər: “Quran bizə din düşmənləri və kafirlərə qarşı sərt, öz aramızda isə mehriban olmağı göstəriş verir. Lakin hal-hazırda Qurandan uzaq düşməyin nəticəsində İslam dünyasında müsəlmanlar arasında ixtilaf və müharibənin baş verməsinin, kafirlər qarşısında təslim olmağın şahidiyik”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, İslamla düşmənçiliklər bitməz: “Əgər İslam ümməti Qurana yaxınlaşsa , Quranın buyurduğu kimi, heç şübhəsiz düşmənlərə qalib gələcək. Bu, Allahın vədidir”.
O qeyd etdi ki, Quran tilavəti və məclislərinin təşkil edilməsi Quranın dərk edilməsi və ona əməl edilməsinə bir girişdir. O, iranlı və inqilabçı gənclərə səslənərək dedi: “Quranla olan ünsiyyət və tanışlığınızı günbəgün artırın. Çünki Quranın dərk edilməsi və ona əməl sizin güclənmənizə, iqtidarınıza və izzətinizə səbəb olacaq”.
İslam İnqilabının Rəhbəri çıxışının sonunda Fələstinin son günlərdə qətlə yetirilmiş şəhidlərinə Allah-taaladan bağışlanma, habelə haqq yolunun mübarizlərinə daha böyük əzmkarlıq dilədi: “ABŞ və ortaqları Allahın dəyişməz təqdiri qarşısında məğlubiyyətə və təslim olmağa məhkumdurlar”.
Bu nurlu məclisdə ustadlar, sözünü demiş qabaqcıllar və gənc qarilər, xor dəstələri, ilahi nəğmə oxuyan qruplar, mədhiyyəçilər və minacat ifaçılarından bir qrupu çıxış etdi.
Məclisin sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə şam və işa namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir