Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün İslam dünyasının ən mühüm tələbi vəhdət və elmi tərəqqidir

İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər “İslam elmlərinin təşəkkülü və inkişafında şiənin rolu” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçıları ilə görüşdü. O, çıxışı zamanı bildirdi ki, bu gün İslam dünyasının ən mühüm ehtiyacı vəhdət, birlik, habelə bütün elm sahələrində elmi tərəqqiyə nail olmaq üçün ciddi cəhdlə çalışmaqdır: “Bu gün İslam dünyasında oyanış baş verməkdədir. Qərblilərin bunu inkar etmək üçün göstərdikləri səylərə baxmayaraq, oyanış İslama daha çox meyil göstərilməsinə zəmin yaradır və daha gözəl gələcəyin müjdəsini verir”.

İslam İnqilabının Rəhbəri bu konfransın təşkilatçılarına və idarə heyətinə, xüsusilə Həzrət Ayətullah Məkarim Şiraziyə təşəkkür etdi: “Bu gün İslam firqələri və qrupları arasındakı fərqli cəhətlərin müəyyən edilməsinə səbəb olan hər bir hərəkət bir yaxşı əməldir. Bu konfrans İslam ümmətinin vəhdəti istiqamətində göstərilən fəaliyyətin bir nümunəsidir”.

Həzrət Ayətullah Xamenei müsəlmanları bir-birlərinə qarşı qoymaq üçün düşmənlərin uzun zamandan bəri səy göstərdiklərini vurğulayaraq dedi: “Belə bir şəraitdə müsəlmanların bir-birlərinin güclü tərəflərini öyrənməsinə səbəb olan və qarşılıqlı əlaqəsinə zəmin yaradan hər bir addım İslam ümmətinin vəhdət və birliyinə köməklik göstərəcək”.

O, tarix boyu şiənin İslam və təbiət elmlərinin yükəslişi istiqamətində oynadığı roldan söz açaraq dedi: “Bu qiymətli xidmətlər və təsirlər İslam ümmətinə tanıtdırılmalıdır. Çünki vəhdət və qürura səbəb olacaq”.

İslam İnqilabının Rəhbəri İslam firqələri arasında istənilən giley-güzar və gərginliyin yaranmasının qarşısının alınması üçün ciddi cəhdlə səy göstərilməsinin zəruri olduğunu vurğuladı: “İslam dünyasının hal-hazırda ehtiyac duyduğu çox mühüm məsələlərdən biri elmi tərəqqi və bu istiqamətdə ciddi cəhdlə fəaliyyət göstərməkdir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam dünyasının istilaya məruz qalmasının əsl səbəbi elmi cəhətdən geriləmədir: “Qərb dünyası yüzilliklər boyu elmi geriliyə məruz qaldıqdan sonra İslam dünyasının elmi nailiyyətlərindən istifadə edərək öz elmi, hərbi, siyasi və təbliğat gücünü və sərvətini artıra bildi və ən nəhayət, müstəmləkəçiliklə İslam ölkələrini indiki vəziyyətə saldı”.

O, Qərb dünyasının İslam ölkələrinə qarşı zorakılıq göstərməsi və İslam ölkələrinin bir çox rəhbərlərinin beynəlxalq hegemonlara itaət göstərməsindən söz açaraq dedi: “Bu şərait İslam ölkələrinin elmi inkişafı sayəsində dəyişməlidir. İslam dünyası yenidən sivilizasiyanın zirvəsinə yüksələ bilər”.

İnqilabın Rəhbəri elmi inkişaf istiqamətində hərəkət etməyin İslam hökumətləri və elmi elitasının vəzifəsi olduğunu dedi: “İslam dünyasının elmi elitası elmi inkişafa nail olmaq, elm və biliyin zirvəsinə yetişmək üçün böyük bir fikri hərəkat və ümumi istək yaratmalıdır”.

Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının elmi inkişaf yolunda addımlamasının uğurlu bir nümunə olduğunu dedi: “Dünyanın elmi mərkəzlərinin verdiyi hesabatlara əsasən, keçən illər ərzində İranın elmi hərəkət sürəti beynəlxalq orta göstəricidən 13 dəfə çox olmuşdur”.

O bildirdi: “Biz bu istiqaməti elm və biliyin sərhədlərinə çatdırana qədər davam etdirəcəyik. İran qərblilərdən fərqli olaraq öz elmi nailiyyətlətlərini digər İslam ölkələrinə transfer etməyə hazırdır”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslam və təbiət elmləri sahəsində inkişaf etmək zəruridir: “İslamın insanların gündəlik həyatlarının ayrı-ayrı istiqamətlərinə dair yeni söz deyə biləcəyi sahələrdən biri fiqh sahəsidir. Bu sahədə daha çox və daha ciddi işlər görülməlidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, fəlsəfə və rasional elmlər sahəsində də elmi hərəkətin sürəti artırılmalıdır: “Qərblilər öz fələsəfələrini sosial və siyasi məsələlərin müxtəlif sferalarına qədər genişləndiriblər. Biz də belə etməliyik. Çünki İslam fəlsəfəsi Qərb fəlsəfəsindən daha güclü, daha köklü və daha möhkəmdir”.

O, İslam dünyasındakı oyanışın geniş vüsət almasına və dünyada İslama qarşı meylin artmasına işarə edərək dedi: “Bu gün dünya gənclərini çoxlu suallar maraqlandırır və onlar bu sualların cavabını İslam çərçivəsində tapmaq istəyirlər. Buna görə də İslam dnüyasında elmi hərəkət sürətlənməli və İslam dünyası yenidən öz elmi və mədəni gücünün zirvəsinə yüksəlməlidir ki, İslam düşmənləri və amerikalılar İslam ölkələrinin rəhbərlərinə göstəriş verə bilməsinlər, nələri edib, nələri etməmələrini əmr etməsinlər”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən “İslam elmlərinin təşəkkülü və tərəqqisində şiənin rolu” mövzusunda təşkil edilmiş konfransın siyasi şurasının sədri Höccətül-İslam vəl-müslimin Ərafi dedi: “Şübhələrə cavab, İslam məzhəbləri arasındakı qarşılıqlı anlaşmanın dərinləşdirilməsi, şiə və müsəlmanların intellektual sərmayəsinin öyrənilməsi, İslam elmlərinin təkmilləşdirilməsi və təqdimi üçün güclü cəhətlərə nail olmaq konfransın əsas məqsədlərindəndir”.

Konfransın katibi Höccətül-İslam vəl-müslimin Rzayi öz çıxışı zamanı bu konfransın məqsədləri və proqramları haqqında məlumat verdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /