Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Vur-qaç dövrü artıq keçib; ABŞ-ın ayağı regiondan kəsiləcək

Bu gün (bazar ertəsi) səhər “İş və zəhmətkeşlər günü” münasibəti ilə minlərlə işçi və sahibkarla görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hal-hazırda İslam Respublikasına qarşı ən əsas mübarizə planı iqtisadi müharibədir. O vurğuladı ki, bu müharibədə yeganə mübarizə yolu İran məhsuluna dəstək, daxili imkan və potensiala əsaslanmaq, yadlara göz dikməməkdir: “Hökumət və dövlət işçilərinin vəzifəsi işçi və sahibkarların problemlərini həll etmək, maneələrini ortadan qaldırmaq, istehsal sektorlarının istehsal imkanlarını artırmaq, xalqın vəzifəsi isə İran məhsulunu almaq üçün ciddi cəhd və qətiyyət göstərməkdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, regiondakı qeyri-sabitlik və qırğınların səbəbi ABŞ-ın regiondakı iştirakıdır: “Qərbi-Asiya regionunu tərk etməli biri varsa, o da İslam Respublikası yox, ABŞ-dır. İllər öncə də qeyd etdiyim kimi, “vur-qaç” dövrü başa çatıb”.

Böyük “Nime-ye-şəban” (15 şaban) bayramına xüsusi hörmət nümayiş etdirən Həzrət Ayətullah Xamenei Şaban ayının mənəvi və bərəkət dolu günlərinin qənimət sayılmasının zəruriliyini vurğuladı: “Nime-ye-şəban gələcəyə, dünyanın son islahı, zülm və haqsızlıqlarla dolu indiki şəraitin Sahibəzzaman (ə.f) tərəfindən dəyişdirləcəyi ilə bağlı verilmiş ilahi vədin gerçəkləşəcəyinə ümidin təcəssümüdür”.

O, çıxışının davamında istehsal sektorunun işçi qüvvəsinin, xüsusilə fəhlələrin böyük bir sərvət olduğunu dedi: “İranda işçi qüvvəsinin ən mühüm cəhəti budur ki, onun bacarıq, düşüncə, motivasiya və kreativlik göstəricisi orta dünya standartından yüksəkdir”.

İslam İnqilabının Rəhbəri dünən günortadan sonra bir neçə saat İmam Xomeyni (r.ə) adına hüseyniyyədə təşkil edilmiş “İran Məhsullarının Sərgisi”ni gəzdiyini dedi: “İmperialistlərin yaratdıqları bütün problemlərə, təzyiqlərə və sanksiyalara baxmayaraq, bu sərgidə nümayiş etdirilən daxili məhsullar möhtəşəm və diqqətəlayiq idi. İranın işçi qüvvəsinin qarşısında baş əymək lazımdır. Buna görə də dünyanın ən yaxşı zəhmətkeşlərindən olan İran zəhmətkeşinin bacarıqlı əllərindən öpmək lazımdır.”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İranın işçi qüvvəsinin bütün bu bacarığı və üstünlüyünə baxmayaraq, təəssüflər olsun ki, ölkə daxilində bir qrup insan ya İran məhsuluna dəstək verilməsinə inanmır, ya da ona əməl etmir”.

O bildirdi ki, İran məhsuluna dəstəyin mənası işçi qüvvəsinə və daxili istehsala dəstəkdir: “Bu dəstək hərtərəfli olmalı, rəhbər işçilər və xalq tərəfindən həyata keçirilməlidir”.

İslam İnqilabının Rəhbəri istehsalçılar və işçilərin şikayətləri və problemlərinə toxunaraq dedi: “Hökumət və rəhbər işçilərin İran məhsuluna dəstək məsələsi ilə bağlı vəzifəsi sığorta, bank, vergi, likvidiklik kimi problemlərini həll etməkdir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Əgər bu problemlər ortadan qalxsa, artıq müəssisənin real potensialının 1/3 %-i ilə işlədiyinin şahidi olmarıq. Çünki bir müəssisənin imkansızlığı daxildə işsizlik izdihamı deməkdir”.

O vurğuladı ki, İran məhsuluna dəstək işçilərin işsiz qalmamasına səbəb olacaq, təhsilli gənclərin müxtəlif istehsal sahələrində işləməsinə zəmin yaradacaq: “Xalqın İran məhsuluna dəstək istiqamətindəki vəzifəsi daxili istehsal məhsullarını almaq üçün ciddiyyət və qətiyyət göstərməkdən ibarətdir”.

İslam İnqilabının Rəhbəri ölkə daxilində istehsal edilmiş keyfiyyətli bənzəri olan xarici məhsulun alışını tənqid edən İslam İnqilabının Rəhbəri əlvə etdi: “Nə üçün bir qrup insan xarici məhsul almaqda israrlıdır? Bu nə düşüncə, bu nə xəstəlikdir? Bütün hökumət qurumları, habelə bütün xalq qərar qəbul etsin ki, İran məhsulundan istifadə edəcək”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, İran istehsalına dəstəyin faydalarından biri işsizliyin sosial, təhlükəsizlik və etik-əxlaqi nəticələrinin qarşısını almaqdır: “İran məhsuluna dəstək sərt və hərbi müharibədə nəticə hasil edə bilməyəcəyinin fərqinə varmış düşmənlərin iqtisadi planlarına qarşı ən yaxşı və ən effektiv mübarizə metodlarından biridir”.

O əlavə etdi: “Mən illər öncə - ABŞ-a indiki kimi əxlaqsız və söyüşcül bir adamın prezidentlik etdiyi vaxt demişəm: “vur-qaç” dövranı keçib. Onlar bilirlər ki, İranla hərbi mübarizəyə girsələr, bir neçə qat ağır zərbə alacaqlar”.

İslam İnqilabının Rəhbəri dedi: “Onlar indi bütün diqqəti iqtisadi və mədəni müharibəyə yönəldiblər. İslam Respublikasına qarşı iqtisadi müharibənin otağı ABŞ-ın Maliyyə Nazirliyidir”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, iqtisadi müharibəyə qarşı mübarizə aparmağın yeganə yolu daxili imkan və potensiallara əsaslanmaqdır: “Mən dünya ilə əlaqənin kəsilməsinin tərəfdarı deyiləm, ancaq sərhədlərdən kənara göz dikmək da səhvdən səhvdir”.

O əlavə etdi: “Biz dünya ilə mütləq, çox ayıq, zirək və ciddiyyəti əldən vermədən münasibət qurmalıyıq. Bir faktı da unutmamalıyıq ki, dünya təkcə ABŞ və bir neçə Avropa ölkəsindən ibarət deyil. Müxtəlif ölkələrlə əlaqələr qurmalıyıq”.

O vurğuladı: “Dünya ilə əlaqənin mənası xarici ünsürə göz dikmək deyil; diqqəti daxili qüvvəyə yönəltmək lazımdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Əgər xalq görsə ki, məsul şəxslər problemlərin həllində daxili potensialdan istifadə edilməsinə israr göstərir, problem və çətinliklərə sinə gərəcək. Buna görə də məsul şəxslər diqqətli olsunlar, xaricə köklənməsinlər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ABŞ-ın azadlıq və müstəqillik tərəfdarı olan İran İslam Respublikasına qarşı həyata keçirdiyi mübarizə metodlarından biri də bəzi anlamaz region dövlətlərini təhrik etmək, regionun daxilində ixtilaf və münaqişə yaratmaqdır: “Amerikalılar səudiyyəlilər və bəzi region dövlətlərini təhrik edərək İrana qarşı çıxarmaq istəyirlər. Əgər bunların ağlı varsa, ABŞ-a aldanmasınlar”.

Amerikalılar istəyirlər ki, İslam Respublikası və qüdrətli İran xalqına qarşı mübarizə xərcini özləri çəkməsinlər və onu bəzi region dövlətlərinə yükləsinlər: “Bəzi region dövlətləri bilsin ki, əgər İran İslam Respublikasına qarşı mübarizəyə qalxsalar, mütləq zərbə alacaq, məğlubiyyətə uğrayacaqlar”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın Qərbi-Asiya regionundakı iştirakının qeyri-sabitlik, müharibə və münaqişəyə səbəb olduğunu vurğulayaraq dedi: “Bu səbəbdən də amerikalıların ayağı Qərbi-Asiya regionundan kəsilməli və onlar bu regiondan çıxmalıdırlar”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, regionu tərk etməli biri varsa, o da İran İslam Respublikası yox, ABŞ-dır: “Biz buralıyıq, Fars körfəzi, Qərbi-Asiya bizim evimizdir. Ancaq siz yadsınız, öz çirkin məqsədlərinizi güdür, fitnə çıxarırsınız”.

O vurğuladı: “ABŞ və onun kimi dövlətlərin ayağı bu regiondan kəsiləcək”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda qanunsuz idxal və qaçaqmalçılıq məsələsinə toxunaraq dedi: “İstehsalçılar, investorlar və işçilərin çoxunun şikayəti bu ikisindəndir. Dövlət bununla mübarizə aparmalıdır”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Rəbii bu nazirliyin işçilərinin vəziyyətinin yaxşılaşdırılması, işlə təmin və yoxsulluğun aradan qaldırılması ilə bağlı siyasətləri və fəaliyyətləri haqqında məlumat verdi: “İran məhsulunu dünya bazarlarında layiqli yer tutacaq dərəcəyə qaldıra və beynəlxalq rəqabət gücünə malik keyfiyyət həddinə çatdıra bilərik”.

Cənab Rəfii bildirdi ki, nazirliyin cari il üçün proqramı işçilərin məşğulluq təhlükəsizliyini və məşğulluq sabitliyini artırmaqdır: “Məşğulluq siyasətlərini yaxşılaşdırmaq və fəhlələrin alıcılıq gücünü artırmaq üçün var gücümüzlə işləyəcəyik”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /