XXXV Beynəlxalq Quran Müsabiqəsinin iştirakçıları bu gün (cümə axşamı) səhər İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü. Mərasimdə ustadlar və müsabiqənin qalibləri Quran oxuyaraq İmam Xomeyni (r.ə) adına hüseyniyyəni ilahi kəlamın tilavəti ilə ətirləndirdilər.
Həzrət Ayətullah Xamenei mərasim çıxışı zamanı bildirdi ki, İslam ümmətinin inkişaf və xoşbəxtliyinin yeganı yolu Qurana əməl etməkdir: “Qurana əməl etmək əslində, Allahın ipindən yapışmaqdır və müsəlmanların fərdi, sosial və siyasi həyatlarında tənəzzülə, doğru yoldan sapma və zillətə uğramamasına səbəb olur”.
O vurğuladı ki, Qurana qarşı laqeyidlik və ona əməl etməmək zərbə almağa səbəb olur: “Təəssüflər olsun ki, İslam ölkələri bu gün Qurana əməl etmədikləri üçün geridə qalmış və kafirlər onlara hakim kəsilmişlər”.
İslam İnqilabının rəhbəri habelə dedi: “İslam ölkələri Qurandan ayrı düşdükləri üçün zillət xəstəliyinə tutulublar. ABŞ prezidentinin həyasızcasına “Əgər biz olmasaq, bəzi ərəb ölkələri heç bir həftə də, davam gətirməz” deməsi həmin xəstəliyin nəticəsidir”.
Həzrət Ayətullah Xamenei Quran ayələrinə işarə edərək dedi: “Quran bizə deyir ki, mömin kafirlər və dünya diktatorlarının qarşısında möhkəm bir sədd kimi dayanmalıdır. Əks təqdirdə, zillət, fəsad, qan axıdılması və geriləmə qaçılmaz olacaq”.
O əlavə etdi: “Quran habelə, bizə deyir ki, möminlər bir-birləri ilə vəhdət və dost münasibətlərində olmalı, kafir cəbhəsi ilə heç bir əlaqə və münasibət qurmamalıdırlar. Lakin təəssüflər olsun ki, bu gün bəzi İslam ölkələri sionist rejimlə əlaqələr qurur. Bu da Quranın göstərişinin pozulması, regonda müharibə və cinayətlərin törədilməsi ilə nəticələnir”.
İslam İnqilabının Rəhbəri dedi: “Yəmən xalqının başına hansı müsibətlərin gəldiyinə baxın. Toyları yasa çevrilir. Əfqanıstan, Pakistan və Suriya əhalisinin vəziyyətinə baxın. Bütün bu problemlər ona görə baş verir ki, möminlər arasında dostluq əlaqələri unudulub və Quranın göstərişlərinə əməl edilmir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, Qurana əməl etmək izzətə səbəb olacaq: “İran İslam Respublikası qırx ildir ki, imperializmin hegemonluğu qarşısında dayanmışdır. Bu dövləti yıxmaq istəyən düşmənlərin acığına onun inkişafı, gücü və qüdrəti günbəgün artmaqdadır”.
O qeyd etdi ki, Quran tilavəti və əzbərlənməsi onun dərk edilməsi və göstərişlərinə əməl edilməsi üçün giriş olmalıdır. Qurana bu cür baxış bucağının seçilməsini gənclərə tövsiyə edən Ali Məqamlı Rəhbər dedi: “Əgər Quran tilavəti və əzbərlənməsi ona əməl edilməsi üçün giriş funksiyasını daşısa, İslam dünyasının sabahı bu günündən daha yaxşı olacaq və ABŞ artıq İslam ümməti və ölkələrinə hədə-qorxu gələ və onları təhdid edə bilməyəcək”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-Fəqihin nümayəndəsi, Xeyriyyə İşləri və Vəqflər İdarəsinin rəhbəri Höccətül-İslam Məhəmmədi Quran Müsabiqəsi ilə bağlı məlumat verərək dedi: “XXXV Beynəlxalq Quran Müsabiqəsində dünyanın 84 ölkəsindən gəlmiş 380 nəfər Quran hafizi, qari, münsif və tədqiqatçı iştirak edib”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir