Sual: Əti halal olan heyvanların bütün növlərindən əqiqə qurbanı kəsmək olarmı?
Cavab: Əqiqə ana qoyun (və ya keçi), inək və dəvədən olmalıdır; toyuq, ördək və s. kimi heyvanlar yetərli deyil.
Oğlan və qızın əqiqə fərqi
Sual: Oğlan və qızın əqiqəsi fərqlidirmi?
Cavab: Aralarında fərq yoxdur, əlbəttə müstəhəbdir ki, oğlanın əqiqəsi erkək, qızın əqiqəsi isə dişi heyvan olsun.
Qeyri-müsəlmana murdar satmaq
Sual: Əgər heyvan murdar olubsa, yaxud şəri qayda ilə kəsilməyibsə, ətini və digər qida məhsullarını qeyri-müsəlmana satmaq olarmı?
Cavab: Müsəlman və qeyri-müsəlman olmasından aslı olmayaraq, murdarı qida məqsədilə kiməsə satmaq olmaz, caiz deyil.
Dəniz bitkiləri
Sual : Yemək hazırlanmasında dəniz bitkilərindən istifadə etmək olarmı?
Cavab: Eybi yoxdur.
Səcdədə barmaqların vəziyyəti
Sual: Səcdədə barmaqlar da əlin içindən sayılır və yerdə olması vacibdirmi?
Cavab: Barmaqlar əlin içindən sayılır və ehtiyat vacibə görə, səcdədə əlin içi yerə elə şəkildə qoyulmalıdır ki, ürfi baxımdan əlinin tamamilə yerdə olması təsdiq edilsin.
İbadətlərdə vasvasılığa etina etmək
Sual: İbadi işlərdə (namaz, dəstəmaz və qüsl kimi əməllərdə) vasvasılığa etina etmək haramlığından əlavə əməlin batil olmasına da səbəb olurmu?
Cavab: Namazda vasvasılıq (vəsvəsə) üzündən hərəkətlərin təkrarı caiz deyil, həm də namazı batil edir; eləcə də qiraət və zikirlərin təkrarı vasvasılıq səbəbindən olarsa, caiz deyil və vacib ehtiyata əsasən namazı batil edir. Dəstəmaz və qüsulda vasvasılıq üzündən hərəkətlərin təkrarına gəlincə isə, bu iş haram olsa da, əməli batil etmir, əlbəttə əməlin düzlük şərtlərindən birini pozması halı istisnadır (məsələn, vasvasılıq üzündən dəstəmazda sol qolunu iki dəfədən artıq yuyarsa, yaxud məshi dəstəmazdan xaric su ilə yerinə yetirərsə).
Namazın salamlarını təkrarlamaq
Sual: Bir nəfər namazda namazın salamlarından birində şəkk edərsə, bunun mənşəyi vasvasılıq olmadığı halda, ehtiyat üçün salamı təkrarlaya bilərmi?
Cavab: Salamların hər hansı birinin doğruluğunda şəkk, onları təkrarlamağı gərəktirmir, amma təkrar edibsə, eybi yoxdur.
Sağ adamların adından (onların niyyətinə) qılınan müstəhəb namazlar
Sual: Sağ adamların əvəzinə müstəhəb namazlar qılmaq olarmı?
Cavab: Bəli, caizdir, hərçənd müstəhəb namazı öz niyyətinizə qılıb savabını sağ adama hədiyyə etməyiniz daha yaxşıdır.
Əmlakın üçdə birinin (süls) hesabı
Sual: Bir nəfər vəsiyyət edib ki, əmlakından beş ilin namaz və orucu, beş yüz günün kəffarəsi və “rəddi-məzalim”[2] ünvanında bir milyon tümən (400 manat) ödənilsin. Əgər əmlakının üçdə biri üç milyon olsa, o üç milyonu sadalanan yerlərə necə ayırmaq olar?
Cavab: Kəffarə və “rəddi-məzalim” ölünün qoyub getdiyi tamam əmlakından ödənilməli, namaz və orucunun qılınması xərcləri isə (ölünün şəri qanunla öz əmlakından) payına düşən üçdə birindən (süls) hesablanmalıdır. Əgər onların xərci üçdə birindən artıq olarsa və varisləri də qalan əmlakın bu yolda xərclənməsinə razı olmazlarsa, pulun nisbətinə uyğun olaraq namaz və orucdan azalır. Bu halda namaz və orucdan qalan miqdarı böyük oğula vacibdir və yerinə yetirməlidir.
Nigah əqdi əsnasında şərt qoymaq
Sual: Bir kişi və qadın ailə qurmaq istəyirlər. Onlar “nəfəqə”nin (qadının zəruri xərcləri) kişinin boynunda olduğunu bilsələr də, kişinin gəlirinin az olduğuna görə və qadının da işlədiyi üçün şərt qoyurlar ki, kişi “nəfəqə” verməsin və qadın öz xərclərini özü təmin etsin. Əlbəttə zəruri hallarda, o cümlədən qadının işsiz olduğu vaxtlarda kişi qadının xərclərini verəcək. Bu şərtlərlə nigah əqdi düzdürmü? Şərtə də əməl edilməsi vacibdir, ya xeyr?
Cavab: Nigah əqdində belə bir şərt caiz və ona əməl etmək lazımdır.
İstiğfar (əfv diləmək) və kəffarələri ödəmək
Sual: Qəsdən olmayan kəffarədə[3], fidyə[4] və ya təxir kəffarəsində şəxs hal-hazırda yoxsul olduğu üçün yalnız istiğfar edərsə və sonradan zənginləşərsə, bunun da hökmü qəsdən olan kəffarə kimidir ki, boynundan götürülür, yoxsa, boynunda qalır?
Cavab: Fidyə və təxir kəffarəsində malı olmadığı müddətcə boynunda təklif yoxdur. Amma əlinə mal düşdüyü zaman fidyə və təxir kəffarəsini ödəməlidir.
Çarəsiz şəxsin səcdəsi
Sual: Bir nəfər qaydası üzrə səcdə edə bilmədiyindən stulda səcdə edir. Səcdə üzvlərini yerə qoymaqla bağlı təklifi nədir?
Cavab: Ehtiyata əsasən alın səcdəsi səhih olan şeylərin üzərinə qoyulmalıdır. Digər səcdə üzvlərini isə qoymağa ehtiyac yoxdur, baxmayaraq ki, ehtiyat etmək yaxşıdır.
Üçdə birindən (süls) artığında varisin icazəsi
Sual: Bir nəfər malının üçdə birindən artığını (öldükdən sonra özü üçün xərclənməsini) vəsiyyət edib və sağlığında da varisləri buna icazə verib. Buyurmusunuz ki, miras qoyanın vəfatından sonra varislər icazələrindən dönə bilməzlər. Bəs, miras sahibinin sağlığında necə, varislər icazələrindən dönə bilərmi?
Cavab: Dönə bilməzlər.
[1] - Əqiqə qurbanı müstəhəb qubanlardan hesab olunur ki, adətən yeni doğulmuş körpələr üçün kəsilir. Müstəhəbdir ki, əqiqə körpənin 7-ci günündə kəsilsin. Əqiqə ya qoyun, ya da ki, qurbanlığ kimi kəsilməyə icazəsi olan digər heyvanlardan olsun. Məsələn-dəvə, inək, keçi qismindən olan heyvanlar kimi. Pulunu harasa ödəmək kifayət etmir, əqiqə qurbanı sayılmır.
[2] - Başqalarının insanın (və ya ölünün) üzərində olan maddi dəyəri olan haqqı, borc və s... kimi.
[3] - İstənilmədən və bilmədən batil və ya tərk edilmiş əməllərə görə şəri cəza.
[4]- Müəyyən üzürlü səbəblərə görə tərk edilmiş ibadətin qarşılığında ödənilən maddi dəyər.