Qadının məddahlığı
Sual. Naməhrəm kişilərin onun səsini eşitdiyini bildiyi halda qadının əzadarlıq məclislərində oxumağına icazə varmı?
Cavab: Fəsad qorxusu varsa, bundan çəkinmək lazımdır.
Vacib əməlləri buraxıb əzadarlıqda iştirak etmək
Sual. Əgər əzadarlıq məclisində iştirak səbəbindən mükəlləfin bəzi vacib əməlləri məhv olsa, məsələn namazı qəzaya getsə, bu məclislərə getməməsi yaxşı olmazmı?
Cavab: Məlumdur ki, vacib namaz Əhli-beytin (ə) əza məclislərində iştirakdan daha üstündür. Əhli-beyt (ə) əzadarlıqlarında iştirak bəhanəsi ilə namazı ötürmək və tərk etmək caiz deyil. Amma namaza zərər vurmadığı təqdirdə, əzadarlıq məclislərində iştirak etmək mümkün və təkidli müstəhəblərdəndir.
Zikri-müsibət (rövzə oxumaq)
Sual. Bəzi dini heyətlərdə mötəbər məqtələ[1] istinad etməyən müsibətlər oxunur, heç bir müctəhid və alimdən də eşidilməyib. Məddahdan müsibətin mənbəyi soruşulduğu zaman, deyir ki, Əhli-beyt (ə) bizə bu cür başa salıb, yaxud yol göstərib; bu müsibətlər təkcə məqtəllərdə, alimlərin sözlərində xülasələşmir. Məddah və xətibə bəzi həqiqətlər Sual. Sual. ilham və ya kəşflə məlum olur. Sualım budur ki, bu üslubla müsibətləri dilə gətirmək doğrudurmu? Doğru olmadığı təqdirdə dinləyicinin vəzifəsi nədir?
Cavab: Mətləblərin bu surətdə, yəni heç bir rəvayətə və ya tarixi fakta istinad etmədən nəqlinə şəriət icazə vermir. Məgər ki, onun nəqli məddahın şəxsi təəssüratına uyğun halı bəyan etməsi və yanlış olmasından xəbərsiz olsun. Dinləyicilərin bu barədə təklifi həmin məddahı pislikdən çəkindirməkdir, bir şərtlə ki, mövzu və şəraiti onlara sabit olmuş olsun.
Səsucaldan cihazla səsin yayımı
Sual. Hüseyniyyə binasından Quran qiraəti və əza məclisinin səsi (səsucaldıcılar vasitəsi ilə) çox ucadan yayımlanır. Bu da qonşuluqda yaşayanların narahatlığına səbəb olub. Hüseyniyyənin məsulları və xətibləri buna davam etməyə israrlıdırlar. Bu əməlin hökmü nədir?
Cavab: Baxmayaraq ki, münasib zamanlarda Hüseyniyyədə dini mərasim və ayinlərin təşkili ən yaxşı işlərdən və təkidli müstəhəblərdəndir, amma mərasim təşkilatçıları və əzadarlar mümkün qədər qonşuluqdakıları incitməkdən və (onların istirahətinə) maenə yaratmaqdan çəkinməlidirlər; səsucaldanın səsini azaltmaq, istiqamətini Hüseyniyyənin içinə döndərməklə olsa da belə.
Əzadarlıqda musiqi alətlərindən istifadə
Sual. Əzadarlıq mərasimlərində “orqan” (piyanoya bənzəyən musiqi aləti), simbal[2] və bunlar kimi digər musiqi alətlərindən istifadənin hökmü nədir?
Cavab: Musiqi alətlərindən istifadə etmək əzadarlıq məclisinə uyğun deyil və daha yaxşı olar ki, əzadarlıq mərasimi qədimdə olduğu kimi ürfi qaydada keçirilsin.
Bədənə xəsarət vurmaq
Sual. Əgər bir insan imamların (ə) ziyarətgahında özünü yerə çırparsa və qan çıxarmaq məqsədilə üz və sinəsini yerə sürtüb, həmin halda da hərəmə daxil olan bəzi insanlar kimi əməl etsə, bunun hökmü nədir?
Cavab: Bu əməllər ənənəvi hüzn və əzadarlıq və Əhli-Beytə (ə) məhəbbət əlaməti sayılmır və şəri baxımdan heç bir etibarı yoxdur, əksinə, əgər bədənə nəzərə çarpacaq qədər xəsarətə və məzhəbin gözdən düşməsinə səbəb olarsa, caiz deyil.
Əzadarlıq məclislərinin xərclərindən artıq qalan vəsait
Sual. Əzadarlıq mərasimlərinin xərci adı ilə toplanan vəsaitin artıq qalanı hansı yerlərə xərclənməlidir?
Cavab: Ehsan edənlərdən icazə almaqla, əzadarlıqdan artıq qalmış vəsaiti xeyriyyə işlərinə sərf etmək olar. Yaxud gələcək əzadarlıq məclislərində xərcləməkdən ötrü saxlamaq olar.
Nəzirlərin xərclənmə və istifadə təyinatını dəyişmək
Sual. Fatimiyyə mərasiminin xərclərindən artıq qalanını məhərrəmlikdə xərcləmək olarmı?
Cavab: Əgər nəzirin sırf Fatimiyyə mərasiminə xərclənməsi qəsd edilməyibsə, yaxud nəzir sahibinin nəzərinə zidd deyilsə, eybi yoxdur.
Musiqi
Sual. Fatimiyyə günlərində həzin müsiqi dinləmək günahdırmı?
Cavab: Bütün hallarda Əhli-beytin (ə) əza günlərinin hörməti, şəni, məqamı və ləyaqəti qorunmalıdır.
Fatimiyyə günlərində evlilik
Sual. Fatimiyyə günlərində evlənmək və toy etmək olarmı?
Cavab: Əgər Əhli-beytə (ə) hörmətsizlik sayılacaq biçimdə olarsa, caiz deyil.