Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yüksək əzmkarlıqla sürətli fəaliyyətinizi davam etdirin

Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) Hərbi Dəniz Qüvvələrinin komandirləri və zabitləri ilə görüşündə 7 azər tarixinin Hərbi Dəniz Qüvvələrinin qürur və başıucalıq günü, habelə bu qüvvələrin fədakarlıqlarının təntənəli surətdə qeyd edilməsi üçün simvolik bir gün olduğunu dedi: “Hərbi Dəniz Qüvvələrinin 7 azər 1359-cu il tarixində (28 noyabr 1980) İraqın BƏƏS ordusuna qarşı keçirdiyi qəhrəmancasına əməliyyat müharibənin taleyində qalıcı rol oynadı; o qəhrəmanlıq, təşəbbüskarlıq, proqramlaşdırma və addım düşmənin dəniz üzərindəki ağalığını sıfra endirdi”.

Həzrət Ayətullah Xamenei 7 azər əməliyyatı və onun cəsur şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinin zəruri olduğunu vurğuladı: “Allah yolunda şəhid olmaq zərər deyil, əksinə, qənimətdir, mərhum İmamın dəqiq ifadəsi ilə desək, şəhadəti olan millətin əsarəti olmaz”.

İslam İnqilabının Rəhbəri Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətindən danışaraq dedi: “Hərbi Dəniz Qüvvələri müdafiənin ön xəttindədir, Mokran və Oman dənizi kimi mühüm regionlar və azad sularda özünəməxsus mövcudluğu var. Azad sulardakı fəaliyyətləri keçmişdə olduğu kimi davam etdirmək lazımdır”.

O, Hərbi Dəniz Qüvvələrinin döyüş bacarıqları və təchizatları sahəsindəki imkanlarının yaxşılaşdırılması və çatışmazlıqların aradan qaldırılması istiqamətində dövlətin müxtəlif strukturlarının imkanlarından istifadə edilməsinin zəruriliyini vurğuladı: “Hərbi Dəniz Qüvvələrində yaxşı inkişaf və hərəkətlilik başlayıb. Bu gün Hərbi Dəniz Qüvvələri 20 il əvvəlkindən çox inkişaf edib, daha qüdrətli olub. Ancaq inkişafın bu səviyyəsi qənaətbəxş deyil, bütün sahələrdə sürətli fəaliyyət qətiyyət və ruh yüksəkliyi, əzmkarlıq, təşəbbüskarlıq və fəallıqla davam etdirilməlidir”.

Ali Baş Komandandan əvvəl çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Xanzadi bu qüvvələrin hədəfləri və fəaliyyətləri haqqında məlumat verdi: “Döyüş bacarığının artırılması, azad sular və okeanlarda effektiv mövcudluq, dövlətin su yollarının təhlükəsizliyinin təmin edilməsi, önləyici tədbirlər almaq və Mokran sahillərini genişləndirmək Hərbi Dəniz Qüvvələrinin gündəliyində yer alan məsələlərdir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /