Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İmperializmlə mübarizədə ehtiyac duyulan hər yerdə köməyə hazırıq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər “Əhli-beyti (ə) sevənlər və təkfirçilər problemi” mövzusunda keçirilmiş konfransın iştirakçıları ilə görüşündə indiki şəraitdə İslam ümməti arasında vəhdət və birliyin bərqərar edilməsinin vacibdən vacib olduğunu dedi: “İran İslam Respublikası imperialist və sionizm cəbhəsinin müsəlmanlar arasında müharibə və münaqişə yaratmaq məqsədi daşıyan planı qarşısında dayanıb və dayanacaq; İraq və Suriyada xəbis ağac məhv edildiyi kimi, Allahın izni ilə bu mübarizədən də qalib çıxacaq”.

İslam İnqilabının Rəhbəri dedi: “İŞİD layihəsinə İraq və Suriyada nöqtə qoyulsa da, düşmənlərin hiylə və kələyindən xəbərsiz qalmaq olmaz. Çünki ABŞ, sionizm və onların ardıcılları İslamla düşmənçilikdən əl çəkməyəcək, ola bilsin ki, başqa bir region üçün İŞİD və bənzər layihələr hazırlayıb həyata keçirəcəklər”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, düşməni görməzdən gəlmək olmaz, ayıq-sayıq olmaq lazımdır: “Bu ayıqlığın tələblərindən biri İslam ümməti arasında sevgi və qardaşlığın olmasıdır. Bu məhəbbət isə İslam dünyası ilə açıq şəkildə düşmənçilik edən və ya İslam düşmənlərinə kömək edən ünsürlərə qarşı mübarizədir”.

O bildirdi ki, Əhli-beyt (ə) sevgisi müsəlmanlar arasında vəhdət və birliyin yaranmasına zəmin yaradan amillərdəndir: “Müxtəlif ölkələrdə yaşayan əhli-beytsevərlərin ən mühüm vəzifələrindən biri müsəlmanları İslam dünyasının həqiqətlərindən xəbərdar etmək, İslam ümməti daxilində ixtilaf yaradan hiyləyə qarşı ayıq və sayıq olmaqdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, müxtəlif ölkələrdəki müsəlmanlar imperializm və küfr cəbhəsinin qarşılaşmaq məcburiyyətində qaldığı bir həqiqəti təmsil edirlər: “İslam dünyası bu gün küfr və imperializmə qarşı mübarizə apara bilər. İranda İslam şəriətinin tam icrasına çalışan İslam dövləti İslam düşmənləri üzərində qələbə vasitəsi olacaq”.

Həzrət Ayətullah Xamenei ABŞ və sionizm tərəfindən İslam dövlətinə qarşı həyata keçirilən 40 illik plan, təzyiq və sanksiyaya işarə edərək dedi: “Bütün bu təzyiqlərə baxmayaraq, İran İslam Republikası Allahın lütfü sayəsində möhtəşəm nailiyyətlərə imza atmış, tam gücü və qüvvəsi ilə imperializm cəbhəsi qarşısında dayanmışdır. Açıq şəkildə bəyan edirik, küfr və imperializmlə mübarizə aparmaq üçün İran İslam Respublikasının iştirakına ehtiyac duyduğunuz hər yerdə o sizə kömək edəcəkdir. Bu məsələni bəyan edərkən heç kəsdən çəkinmirik”.

İslam İnqilabının Rəhbəri Fələstin probleminin İslam dünyasının birinci dərəcəli problemi olduğunu dedi: “İslam düşmənləri üzərində qələbənin açarı Fələstin məsələsidir. Çünki küfr, imperializm və sionizm cəbhəsi Fələstin İslam ölkəsini qəsb etməklə onu region ölkələrinin əmin-amanlığını pozmaq üçün bir bazaya çevirmişdir. İsrail adlı xərcəng vəzisinə qarşı mübarizə aparmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənlərin müsəlmanlar arasına ixtilaf və təfriqə salmaqda əsl məqsədi sionist rejim üçün təhlükəsiz bir zolaq yaratmaqdır: “Ümidvarıq ki, bir gün gələcək, Fələstin xalqı öz torpaqlarına sahib olacaq və həmin gün İslam dünyasının bayram və şənlik günü olacaq”.

O vurğuladı: “Fələstin fələstinlilərə qayıdacağı gün imperializmin belinə həqiqi zərbə enmiş olacaq. Biz həmin gün üçün çalışacağıq”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Beynəlxalq İslam Oyanışı Assambleyasının baş katibi cənab Vilayəti “Əhli-beyti (ə) sevənlər və təkfirçilər” konfransının sloqanının “Əhli-beyt (ə) sevgisi vəhdət və İslam mədəniyyətinin dirilişinin müjdəçisidir” şüarı olduğunu dedi: “İslam düşmənləri son illər ərzində İslam oyanışının nəticələrini məhv etmək üçün məzhəb ayrıseçkiliyi və islamofobiya strategiyalarından istifadə etmişlər”.

Görüşün sonunda konfrans iştirakçılarından bir qrupu İslam İnqilabının Rəhbəri ilə yaxından görüşdülər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /