Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Səlahiyyətli şəxslər səylərini daha da artırmalıdırlar

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər saatlarında zəlzələ baş vermiş bölgələrə baş çəkmək üçün gözlənilmədən Kermanşaha səfər etdi.

İslam İnqilabının Rəhbəri öncə Sərpol-e Zəhab şəhərinə gedib zərər görmüş bölgələrə baxış keçirdi. O, daha sonra Sərpol-e Zəhabın matəmə batmış əhalisi ilə görüşüb əhali qarşısında bir neçə dəqiqə çıxış etdi.

Həzrət Ayətullah Xamenei xalqa səslənərək dedi: “Çox istərdim ki, siz mehriban və vəfalı insanların şəhərinə qəm-qüsəyə batdığınız, belə ağır müsibətlə qarşılaşdığınız vaxtda deyil, qəlblərinizin şad, həyatınızın qayğısız vaxtlarında səfər edim”.

İslam İnqilabının Rəhbəri xəsarət görmüş şəhər və kəndlərin qəlbi qəm-qüssə ilə dolu olan insanlarının hər birinin qəminə şərik olduğunu deyərək əlavə etdi: “Sizin qəminizlə qəlblərimizə qəm doldu, düşüncələrimiz dondu”.

O, Kermanşah əhalisinin Müqəddəs Müdafiə dövründə göstərdiyi müqavimət, fədakarlıq və əzmkarlığa işarə edərək dedi: “Siz səbirli və mehriban insanların şəhəri və habelə ətraf şəhərlərin bu cür problemlərlə qarşılaşması birinci dəfə deyil. Siz məcburi müharibə dövründə də dərdlər və əziyyətlər qarşısında möhkəmliyinizi, mətinliyinizi, mərdliyinizi, sarsılmazlığınızı və qəhrəmanlığınızı nümayiş etdirdiniz, bu gün də etdirəcəksiniz”.

Həzrət Ayətullah Xamenei dedi: “Böyük və cəsur insanlar hadisələr qarşısında dayanır və onları öz iradələrinə məğlub edirlər. Buna görə də dağıntıları ilə hər kəsi matəmə və qəm-qüssəyə batırmış zəlzələ böyük bir bəla və müsibət olsa da, insanların müqaviməti və səyləri sayəsində yenilənmə, abadlıq və təmir-bərpa işləri aparılması istiqamətində bir nemətə çevrilə bilər”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, problemlərə sinə gərmək və xalqın böyük potenisallarından istifadə etməklə təbii və qaçılmaz fəalkətlərə müqavimət göstərmək olar: “Bu hadisə İran xalqını hərəkətə gətirdi, ölkənin bütün nöqtələrindəki insanların qəlbi Kermanla bir döyündü, özlərini ona borclu hiss edərək imkan və qüdrətləri çatdığı qədər yardım vəzifələrinə əməl etdilər”.

O əlavə etdi: “Aidiyyəti şəxslər, xüsusilə bəzi strukturlar bu hadisədə daha yaxından iştirak etdilər, səy göstərdilər. Hadisənin baş verdiyi ilk saatlarda ordu şəhərlərdə, Sepah isə kəndlərdə effektiv iştirakla dağıntılar altında qalmış insanların yardımına tələsdilər. Ancaq mən bu həddə səy və təlaşla qane deyiləm. Müxtəlif sahələrin rəhbərləri öz səy və fəaliyyətlərini daha da artırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei xalqı regionun abadlaşdırılması istiqamətində səy göstərməyə və daha gözəl günlər yazmağa çağırdı: “Gücünüz, qüdrətiniz və səylərinizə ümid bağlayın, Allahın verdiyi qeyrətə söykənərək şad və xürrəm həyat yaradın!”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /