Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerikanın qarşısında geri çəkildikcə daha da həyasızlaşır


İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə şagird və tələbə ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə gənc nəsli cəmiyyətin avanqardları adlandıraraq vurğuladı: “Şübhəsiz, bu istedadlı və savadlı nəsil əziz İranımızı maneə və çətinliklərdən keçirərək, arzuladığımız məqama çatdıracaq. Əlbəttə ki, bu parlaq hədəfin reallaşması üçün İran xalqının əsl və xəbis düşmənini, yəni Amerikanı tanımaq, elmlərə yiyələnərək işləyib çalışmaq və Allah-taala ilə rabitəni gücləndirmək lazımdır”.

13 Aban – Qlobal İmperializmə Qarşı Milli Mübarizə günü ərəfəsində baş tutan bu görüşdə Həzrət Ayətullah Xamenei hazırkı gənc nəsildə olan şövq və enerjini, habelə güclü təhlil qabiliyyətini yüksək dəyərləndirdiyini bildirərək dedi: “Dinamiklik və irəliyə can atma gənclərin təbiətində var, amma ölkəmizdə bu xüsusiyyət yeniyetmə yaş qrupuna da aiddir”.

Ali Məqamlı Rəhbər İslam İnqilabından əvvəl və sonra bu reallığın təzahür etdiyi müxtəlif nümunələri misal gətirərək əlavə etdi: “İnqilabi hadisələrin gedişində mübarizəyə qoşulan gənc və yeniyetmələr tağut şah diktaturasının qarşısında elə bir formada durdular ki, 1357-ci ilin 13 aban gününü tarixə öz adları ilə yazdılar”.

Həzrət Ayətullah Xamenei daha bir nümunə kimi, yeniyetmə və gənclərin Müqəddəs Müdafiə meydanlarındakı şücaətli iştirakını qeyd edərək aşağıdakıları vurğuladı: “Məcburi müharibə illərində yeniyetmələr tam döyüş qabiliyyətli, yetkin kişilər kimi vuruşurdular”.

Ali Məqamlı Rəhbər hazırkı gənc və yeniyetmə nəslin də eynilə inqilab və Müqəddəs Müdafiə dövrünün gənc nəslinin üstün keyfiyyətlərinə sahib olduğunu bildirdi. O dedi: “Dəqiq məlumatlara əsasən, bu gün bizim yeniyetmə və gənclərimiz müxtəlif sferalarda məsələləri hətta əvvəlki nəsillərdən də yaxşı analiz edərək addım atırlar”.

“Düşmənlər gənclərimizi əxlaqsızlığın təbliği, narkotik maddələr və azdırıcı kompüter oyunları vasitəsilə doğru yoldan sapdırmağa çalışır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bütün bu düşmənçiliklərə rəğmən, 80-ci illərdə doğulmuş, nə İmam Xomeynini, nə inqilabı, nə də Müqəddəs Müdafiəni görməmiş yeniyetmələrimiz bu gün İslam İnqilabının əsas anlayışlarını eynilə inqilabın əvvəlindəki ağıllı və dərrakəli gənclər kimi aydın zəka və möhkəmliklə izləyirlər”.

Dünyadakı hegemon qüvvələrin düşmənçiliyinin bu günə qədər heç bir effekt vermədiyini, onların heç bir qələt edə bilmədiklərini deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Mənim əziz balalarım, siz elə bir nəsilsiniz ki, düşmənin məkrli planlarına qalib gəlib, bu ölkəni maneə və çətinliklərdən keçirərək zirvəyə, İslam İnqilabının ideallarına, xalqın böyük arzularına çatdırmağa müvəffəq olacaqsınız. Əlbəttə ki, bu hədəfin gerçəkləşməsinin bir neçə şərti var”.

Dövlət və xalqın hədəflərinin gerçəkləşməsi yolunda başlıca şərtin düşməni tanımaq olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Amerika sözün əsl mənasında əsl və xəbis düşməndir. Bu həqiqət təəssübkeşlikdən və ya pessimizmdən yox, təcrübədən, məsələləri düzdün dərk etməkdən və reallıqları görməkdən irəli gəlir”.

Həzrət Ayətullah Xamenei ABŞ prezidentinin İran xalqının terrorçu olması barədə bu günlərdə səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Bu axmaq fikir göstərir ki, amerikalılar təkcə İran dövlətinə və Ali Rəhbərliyə deyil, məhz yorulmaq bilmədən onlara qarşı mübarizə aparan bir xalqın varlığına düşmənçilik və kin-küdurət bəsləyirlər”.

O, bir neçə il əvvəl Amerika rəsmilərindən birinin dediyi: “İran xalqının kökünü kəsməliyik” – sözlərini xatırladaraq əlavə etdi: “Onlar bir həqiqəti dərk edə bilmirlər ki, bu cür zəngin tarixi-mədəni keçmişi olan bir xalqın kökünü kəsmək mümkün deyil”.

Ali Məqamlı Rəhbər bildirdi ki, amerikalıların İran xalqına qarşı bəslədiyi dərin düşmənçilik onların gözübağlı götür-qoy etmələrinə və təkrar-təkrar səhvə yol vermələrinə səbəb olmuşdur. O dedi: “Amerikalılar hələ İslam İnqilabının körpə fidan olduğu ilk qələbə günündən bəri düşmənçiliyə başladılar, bu gün də qol-budaqlı ağac olan İslam Respublikasına qarşı eyni məkrli planlarını nəticəsiz bir şəkildə davam etdirməkdədirlər. Çünki ədavət hissi və kin-küdurət onları reallığı görüb dərk etmək, düzgün dəyərləndirmək qabiliyyətindən məhrum edib”.

“Biz Amerikaya qarşı bir qədər yumşalmalıyıq ki, onun da düşmənçiliyi azalsın” – düşünsəcində olan insanları tənqid edən Həzrət Ayətullah Xamenei dedi: “Tarixdəki təcrübələr, o cümlədən Doktor Müsəddiqin başına gələnlər göstərir ki, amerikalılar hətta ümidini onlara bağlayanlara da rəhm etmirlər”.

Ali Məqamlı Rəhbər həmçinin əlavə etdi: “Müsəddiq ingilislərə qarşı mübarizə aparmaq üçün amerikalılarla danışığa gedərək onlara inanmışdı, amma onun əleyhinə qiyam edən də elə amerikalılar olmuşdu”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Amerikalılar hətta Doktor Müsəddiq kimisinə də qane olmurlar. Onlara nökər, qapazaltı, kölə lazımdır ki, mühüm və mənfəətli bir ölkə olan İrana Məhəmmədrza Pəhləvinin dövründə olduğu kimi ağalıq etsinlər”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın İrana qarşı dönə-dönə düşmənçilik etdiyini qeyd edərək dedi: “Hazırda da nüvə anlaşmasının, yəni Birgə Kompleks Tədbirlər Planının nəticələrini korlamaq üçün əllərindən gələn xəbisliyi edirlər”.

Ali Məqamlı Rəhbər bu reallığa istinadən aşağıdakıları vurğuladı: “Amerikanın qarşısında yumşaqlıq etməklə o, daha da ürəklənib həyasızlaşacaq, odur ki yeganə yol müqavimət göstərib mübarizə aparmaqdır”.

Həzrət Ayətullah Xamenei şagird və tələbələrə əsas düşməni, yəni Amerikanı yaddan çıxarmamağı bir daha tövsiyə edərək dedi: “Ölkənin xoşbəxt gələcəyinə aparan yola davam etməyin əsas şərti budur”.

Ali Məqamlı Rəhbər ölkənin işıqlı gələcəyini reallaşdırmağın ikinci şərti kimi, şagird və tələbələrin dərslərini yaxşı oxumasını, elmlərə yiyələnmək üçün çalışıb səy göstərməsini qeyd etdi. O dedi: “Dərs oxumaq, elm öyrənmək ali bir dəyərə çevrilməlidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin elmi səviyyəsinin yüksəlməsi bizim cürbəcür düşmənçiliklərlə mübarizə aparmaq, keşməkeşli tufanlardan uğurla keçmək üçün gücümüzü artıracaq, İranımızı daxildən daha da möhkəmləndirəcək, xalqımızın böyük arzularının gerçəkləşməsini mümkün edəcək”.

Ali Məqamlı Rəhbərin yeniyetmə və gənclərə xitabən təkidlə vurğuladığı digər bir tövsiyə Uca Yaradanla aralarındakı rabitəni gücləndirmək oldu. O dedi: “Sizin pak və nurlu qəlbləriniz Allah-taalanın lütf və rəhmətinin sizə daha asan cəlb olunmasına səbəb olur. Bu nemətin qədrini bilin”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /