Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran-Azərbaycan əlaqələrinin əleyhdarlarına qarşı durmaq lazımdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə bu axşam (çərşənbə günü) baş tutan görüşündə iki ölkə arasındakı dərin bağlılığa işarə edərək qarşılıqlı əməkdaşlıqları genişləndirmək lazım olduğunu bildirdi. O dedi: “İran və Azərbaycan Respublikası arasındakı yaxın və qardaş münasibətləri gözü götürməyənlər var. Onların təhrikçi və təxribatçı hərəkətlərinə qarşı durmaq, daha güclü iradə və stimulla ölkələrimizin müxtəlif sferalarda əlaqələrini və əməkdaşlığını genişləndirmək lazımdır”.

Azərbaycan Respublikasında, həmçinin İran və İraqda əhalinin böyük əksəriyyətinin Əhli-Beyt (ə) məktəbinin ardıcılları olmasını mühüm bir reallıq kimi qeyd edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Azərbaycandakı bu faydalı imkanın, əhalinin keçirdiyi möhtəşəm əzadarlıq mərasimlərinin dəyərini bilmək lazımdır, çünki bu şeylər bir ölkə və xalq olaraq sizin kimliyinizi qüvvətləndirir”.

“Keçmiş Sovet hökumətinin Azərbaycanda marksizmi yaymaq, dini unutdurmaq üçün göstərdiyi böyük səylərin heç bir nəticə verməməyinin səbəbi xalqın güclü imanı olmuşdur” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu il məhərrəm ayında təşkil olunan möhtəşəm mərasim Azərbaycan xalqının sarsılmaz imanına nümunədir”.

İranın vitse-prezidenti cənab Cahangirinin də iştirak etdiyi görüşdə cənab İlham Əliyev İranda olarkən özünü evdəki kimi hiss etdiyini bildirirək, son illər iki ölkə arasında əməkdaşlığın diqqətəlayiq dərəcədə inkişaf etdiyini qeyd etdi. O, əlavə etdi: “İranla olan münasibətlərimizdə tam qətiyyətliyik və heç kimin iki ölkə arasındakı əlaqələrə müdaxilə edib onları pozmasına imkan verməyəcəyik”.

Azərbaycan prezidenti iki ölkənin mədəniyyət, iqtisadiyyat, investisiya, nəqliyyat və enerji sahəsindəki əməkdaşlığına nümunələr gətirərək, rəhbərlik etdiyi hökumətin Azərbaycanda məscidlərin tikintisinə diqqət və qayğı ilə yanaşdığını bildirdi. O həmçinin dedi: “Biz İranla mədəni və iqtisadi əməkdaşlığımızı möhkəmləndirməkdəyik və bu münasibətlərin ardıcıl və daimi olmasında əzmimiz ciddidir”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /