Bu ilki Həcc mərasiminin təşkilatçıları, cavabdeh şəxlsəri və iranlı hacıların qrup rəhbərləri ilə görüşdə iranlı hacıların sağ-salamat və izzətlə geri dönməsinə sevindiyini deyən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam Respublikası qarşısında böyük və beynəlxalq bir təbliğat cəbhəsi olduğunu dedi: “Bu təhlükəli cəbhə ilə mübarizə aparmağın yolu işıqlandırma, fəal və hücumçu təbliğat mübarizəsidir. Həcc bu fəaliyyətlərin aparılması üçün əsas mərkəzdir”.
Həzrət Ayətullah Xamenei Həcc mərasiminin bütün təşkilatçılarına təşəkkürünü bildirərək dedi: “Hacıların sağ-salamat geri dönməsi bizim üçün bir bayram və şad gündür”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, hacıların ehtiramı, təhlükəsizliyi və heysiyyətinin qorunması onu narahat edən mühüm məsələlərdəndir: “Məsul şəxslərin hesabatına əsasən, bu il Həccdə olan hacılar onların hörmət və heysiyyətlərinin qorunmasından əsasən, razı qalıblar. Baxmayaraq ki, ölçü götürülməsi vacib olan bəzi pozuntu hallarının baş verdiyi də bildirilmişdir”.
O, İslam Respublikası qarşısında müxtəlif təbliğat vasitələri və imkanları ilə təchiz edilmiş çox təhlükəli və fəal bir cəbhənin olduğunu vurğulayaraq dedi: “İslam dövləti bu cəbhəyə qarşı müqavimət göstərmək və eyni zamanda əks hücuma keçmək üçün çox böyük imkan və potensiala malikdir. Həcc dünya xalqları ilə əlaqə yaratmaq və qarşı tərəfin təbliğatlarını zərərsizləşdirmək üçün ən yaxşı fürsətdir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün İslam dünyasında saysız-hesabsız ziyalı həqiqəti İslam Respublikasının dilindən eşitmək istəyir. Buna görə də hegemoniyaya qarşı mübarizə, Qərbin mahiyyətinin ifşa edilməsi, İslam düşmənlərinə nifrət, “Kumeyl duası”nın ülvi məzmunları kimi mühüm məsələləri nüfuz edəcək ədəbiyyat, gözəl ahəng və dərin arqumentlə, eyni zamanda yeni təbliğat vasitələrinin köməyi ilə dinləyici auditoriyasına transfer etməlisiniz”.
O qeyd etdi ki, ölkəmizə qarşı genişmiqyaslı mənfi təbliğat hücumu nəticəsində auditoriyanın fikrinin bulanması təbii haldır: “Həcc mərasimi zamanı Səudiyyə rəhbərləri tam bir həyasızlıqla telekanallarda peyda olub İslam Respublikasına qarşı çıxışlar etdilər. Təbii ki, bu çıxışlar digər ölkələrin xalqlarının zehnində qarışıqlıq yaradır. Ancaq insanlarla əlaqə yaratmaqla qeyri-müəyyənlikləri aradan qaldırmalı və qarşı tərəfin baryerini dağıtmalısınız”.
İslam İnqilabının Rəhbəri zəvvarların istifadə etdikləri vasitələrin imkan daxilində İrandan aparılması və xüsusilə iranlı hacıların bazar gəzintisinin azaldılması məsələsini xüsusilə vurğuladı: “Əgər araşdırmalar əsasında bu məlumat dəqiqləşsə, xoşbəxt olarıq”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin nümayəndəsi və iranlı hacıların rəhbəri Höccətül-İslam vəl-müslimin Qazi Əsgəri həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat verərək bu ilki Həcc şüarının “Həcc, mənəviyyat, milli iqtidar və İslam həmrəyliyi” olduğunu dedi: “İranlı hacıların hörmət və təhlükəsizliyini təmin etmək və onların məmnun halda ölkəyə geri dönməsi üçün gecə-gündüz bilmədən zəhmətlər çəkildi”.
Habelə Həcc və Ziyarət İdarəsinin müdiri cənab Məhəmmədi hesabatında iranlı hacıların mənəviyyatı və nizam-intizamından danışdı: “Həcc idarəsi və heyətlə əlaqə, Böhranın idarə edilməsi üzrə xüsusi strukturun yaradılması, Ərəfatda yeni çadırların düzəldilməsi, nəqliyyatın sistemli şəkildə idarə edilməsi, zəvvarların təhlükəsziliyi və qidalanmasına diqqət, işçilərin təlimatlandırılması və xüsusi tibbi tədbirlər görülməsi bu ilki Həccin güclü cəhətlərindən idi”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir