İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Xubriqan Məclisinin sədri və üzvləri ilə görüşündə bu məclisin İslam dövlətindəki misilsiz və müstəsna roluna işarə edərək Xubriqan Məclisindən mühüm bir vəzifəyə əməl etməsini istədi: “Bu məclis makro, strateji və dərin baxış bucağına malik olan düşüncə qrupu təşkil etməklə İslam İnqilabının keçən 38 il ərzində əsl məqsədə doğru necə hərəkət etməsini, bu yolda əldə edilən nailiyyətləri, durğunluqları və geriləmələri araşdırmalı və ümumiləşdirmə əsasında müxtəlif qurumlar qarşısında tələblər qoymalıdır”.
İslam İnqilabının Rəhbəri habelə ABŞ prezidentinin BMT-nin Baş Assambleyasındakı bayağı, əbləh, sərsəm, tamamilə reallıqdan uzaq olan çıxışına münasibət bildirərək vurğuladı: “Bu çıxışın əsasında qüdrət deyil, qəzəb, acizlik və başıboşluq dayanır. Çünki amerikalılar onların Qərbi-Asiya regionu ilə bağlı neçə illik planlarının İran İslam Respublikasının effektiv iştirakı ilə puça çıxmasından narahat və qəzəblidirlər”.
Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin tərkib, fəaliyyət və vəzifələr baxımından müstəsna və mislisiz bir məclis olduğunu dedi: “Bu məclis hal-hazırda həyata keçirdiyi vəzifələrlə yanaşı İslam İnqilabının yolu və hərəkəti ilə bağlı makro və strateji görüşə və qiymətləndirməyə malik olmalıdır”.
İslam İnqilabının Rəhbəri bu vəzifə və onun icra mexanizmindən danışarkən dedi: “Üç qurum ölkəni idarə etmək öhdəliyi daşıyır. Bu orqanlar ölkəni inqilaba layiq şəkildə idarə etməlidir. Xubriqan Məclisi makro, strateji və dərin baxış bucağına malik olan düşüncə qrupu təşkil etməklə inqilabın hədəflərinə doğru hərəkət istiqamətində əldə edilən nailiyyətlər və geriləmələrin miqyasını qiymətləndirməli və bunun əsasında aidiyyatı qurumar qarşısında tələblər qoymalıdır”.
O, daha sonra bir neçə nümunə əsasında tələbkarlıq vəzifəsinin izahını verdi: “Bizim İnqilab şüarlarından biri “Nə şərqi, nə qərbi” şüarı olub. Bu gün Şərq qütbü olmasa da, Qərb, yəni güclü və qüdrətli Amerika və Qərb dövlətləri mövcuddur”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Nə qərbi, yəni siyasətdə Qərbə meyllənməməli, ona müti olmamalı və təsiri altında düşməməli, istədiyi yolda hərəkət etməməli, ölkəni və onun mədəniyyətini onun dekadent mədəniyyətinin qarışığından təmizləməliyik. Xubriqan Məclisi bu kontekstdə qiymətləndirmə aparmalı və tələbkarlıq göstərməlidir”.
O, iqtisadi iqtidarın ölkənin iqtidar sütunlarından olduğunu dedi: “İqtisadi iqtidarın əsas komponentlərindən biri milli pul və əhalinin alıcılıq qabiliyyətidir. Buna görə də etinasızlıq və yanlış siyasətlər nəticəsində hal-hazırkı milli pulun dəyəri düşərsə və bu sahədə geriləməyə yol verəriksə, Xubriqan dövlət, Məclis və aidiyyatı qurumlara qarşı tələbkar mövqedən çıxış etməlidir”.
İnqilabın əsas prinsiplərindən danışarkən İslam İnqilabının Rəhbərinin toxunduğu, habelə Xubriqan Məclisinin qiymətləndirmə aparmasına və tələbkarlıq göstərməsinə ehtiyac duyulduğunu söylədiyi məsələlərdən üçüncüsü ədalət, yoxsulluqla mübarizə, sərvətin düzgün bölünməsi məsələsi oldu: “Ədalət və ölkə sərvətinin düzgün bölünməsi İslamın önəm verdiyi və marksizmin yanlış konsepsiyalarından fərqlənən bir prinsipdir. Ölkəni elə idarə etmək lazımdır ki, yoxsulla varlı arasındakı fasilə və ya bu gün dünyada Cini indeksi kimi qəbul edilən əmsal azalsın”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, inqilabçı ruhiyyəsinin və maraqlarının qorunması İslam İnqilabının davamlılıq şərtidir: “İnqilabçı ruhiyyəsi olmadan insanların İslamın həyatını davam etdirməsi yolunda çəkdikləri zəhmətlər, göstərdikləri fədakarlıqlar və tökülən qanlar hədər gedəcək. Əgər hökumət də iş başında olsa, həmin hökumət İslam Respublikası olmayacaq. Buna görə də Xubriqan cəmiyyətin inqilabçı marağını və ona qarşı olan amillərin miqyasıni müəyyənləşdirməli və onun əsasında tələbkarlıq göstərməlidir”.
O qeyd etdi ki, özünün inqilabçı və hizbullahçı qüvvələrə yardım göstərilməsi və onlara dəstək verilməsi məsələsini təkrar-təkrar vurğulaması bir növ ölkənin inqilabçı hərəkətinə baxış prinsipinə əsaslanan bir tələbakrlıqdır: “Əlbəttə, ölkənin bu sahədə irəli getdiyi və geriləmədiyi şübhəsizdir”.
Xalqın dindarlığının mühüm bir məsələ olduğunu qeyd edən İslam İnqilabının Rəhbəri bəzi fərdlər tərəfindən tez-tez səsləndirilən “Biz camaatı güclə Cənnətə aparmaq istəmirik” fikrinə də münasibət bildirdi: “Bu fikir yanlış və səfsətədir. Çünki heç kəs camaatı zorla Cənnətə aparmaq istəmir. Lakin doğru yol və doğru şəkildə Cənnətin yolunu insanların üzünə açmaq və onları həmin yolda hərəkət etməyə stimullaşdırmaq lazımdır”.
O əlavə etdi: “Peyğəmbərlərin göndərilməsinin fəlsəfəsi insanları Cənnətə doğru hidayət etmək, Cəhənnəmdən uzaqlaşdırmaq olmuşdur. Təbii ki, “İslamda heç bir məcburiyyət yoxdur” fikri də doğru deyil. Bəzi məqamlarda şəriət cəzaları mövcuddur”.
Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Xubriqan Məclisinin düşüncə qrupu yuxarıda qeyd edilən və bu qəbildən olan məsələləri dəyərləndirməli, onların hər birinin irəliləmə və geriləmə aspektləri əsasında qurumlar qarşısında tələblər qoymalı və bu mühüm cəhətləri xalqın ümumi diskursuna və tələbinə çevirməlidir. Çünki bu məsələlərlə məşğul olmaq Xubriqanın öhdəsində olan vəzifədir”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında bəzi problemlərə, o cümlədən iqtisadi problemlərə toxunaraq dedi: “Ölkə rəhbərləri bilməlidirlər ki, iqtisadi və mədəni olmasından asılı olmayaraq ölkənin problemlərinin həlli özgələr deyil, yalnız xalqın öz əlindədir və bu, təkcə daxili güc və potensialları əsasında mümkündür”.
O vurğuladı: “Bu məsələ sosial sferada o qədər təkrarlanmalıdır ki, ümumi və qəti diskursa çevrilsin. Çünki ölkənin ayrı-ayrı istehsal, elm və təhsil sahələrinə cəlb edilməsi zəruri olan motivasiyalı gənclər, fikir və ideya sahibi olan bacarıqlı və kreativ fərdlər var”.
İslam İnqilaının Rəhbəri vurğuladı ki, özgəsi ölkənin problemlərini həll edə bilməz: “Mən demirəm ki, dünya ilə əlaqəni kəsək. İnqilabın ilk günündən bu günə qədər dünya ilə geniş əlaqələrimizin olmasını vurğulamışam. Ancaq deməyim odur ki, öz qüdrət ayağınızı özgənin əsası ilə əvəz etməyin!”
Həzrət Ayətullah Xamenei özgəyə arxalanmaq məsələsinə açıqlama gətirərkən nüvə danışıqlarına toxundu: “Nüvə danışıqlarında qarşılaşdığımız və aidiyyatı şəxslərlə keçirdiyimiz iclaslarda da dəfələrlə qeyd etdiyimiz problem ondan ibarətdir ki, danışıqların heç bir problemi olmamışdır, sadəcə, bu danışıqlar zamanı lazımı qədər ehtiyat və diqqət göstərilməlidir ki, qarşı tərəfin yol verdiyi yanlış BFKP-nın şərtlərinin pozulmaması, ancaq İranın hər bir addımı həmin şərtlərin pozulması kimi qələmə verilməsin”.
İslam İnqilabının Rəhbəri dedi: “Dünya ilə iş görməliyik, onun şərtlərini də qəbul edirik, ancaq özgəyə göz dikmək olmaz”.
Həzrət Ayətullah Xamenei onu da vurğuladı ki, İslam Respublikasının qarşısında düşmənlərdən ibarət bir cəbhə yer alır: “Allahın lütfü ilə İslam dövləti bu vaxta qədər düşmənə zərbə endirib, onları geri qovub, gələcəkdə də eyni şəkildə davam edəcək. Ancaq bilməliyik ki, qarşımızda düşmən adlı bir nöqtə yer almayıb, bir cəbhə ilə qarşı qarşıyayıq”.
İran xalqını istəməyənlərin qəzəbinin əsl səbəblərindən birinin İslam dövlətinin regional və beynəlxalq məsələlərdəki davamlı inkişafının olduğunu deyən Ali Məqamlı Rəhbər ABŞ perzidentinin BMT-nin Baş Assambleyasındakı çıxışına toxunaraq dedi: “ABŞ prezidentinin kovboy və qanqster ədəbiyyatına əsaslanan tamamilə yalan, qarmaqarışıq, bayağı, çox çirkin və əbləhcəsinə nitqinin səbəbi onların hiddəti, acizliyi və başıboşluğudur”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “ABŞ prezidentinin çıxışı Amerika xalqı üçün heç də qürurverici deyildi. ABŞ ziyalıları bu sözlərə və belə bir prezidentə görə utanc hissi keçirməlidirlər. Onlar bu utanc hissini bəyan ediblər də”.
Həzrət Ayətullah Xamenei Amerika rəsmilərinin qəzəbindən danışarkən dedi: “Amerikalıların uzun illər bundan öncə Qərbi Asiya regionu ilə bağlı plan və layihələri olmuşdur. İraq, Suriya və Livan üzrə üç əsas istiqaməti ehtiva edən həmin layihə Yeni Orta Şərq və ya Böyük Orta Şərq adlandırılmışdır. Ancaq layihə hər üç ölkədə iflasa uğramışdır”.
O vurğuladı: “Bu layihəyə əsasən qədim tarixə və mədəniyyətə malik olan İraq, müqavimət mərkəzi olan Suriya və özünəməxsus mövqeyi olan olan Livan ABŞ və Sionist rejimin nüfuz və hökmranlığı altına keçməli idi”.
İslam İnqilabının Rəhbəri dedi: “Ancaq hal-hazırda regionun real mənzərəsi başqa cürdür. Çünki onlar Livanda bir iş görə bilmədilər, İraqda istədiklərinin əksi baş verdi, Suriyada isə ABŞ və müttəfiqlərinin törətdikləri saysız-hesabsız cinayətlərə, ölkə əhalisinin kütləvi şəkildə qətlə yetirilməsinə, təkfirçi və terrorçu qruplaşmaların genişmiqyaslı dəstəklərinə baxmayaraq, hal-hazırda İŞİD yolun sonuna çatmış və təkfirçi qruplaşmalar Ənnüsrə cəbhəsi kimi küncə qısılmışdır”.
O əlavə etdi: “İran İslam Respublikasının iştirakı və təsiri Amerika və sionist rejimin regionla bağlı layihə və istəklərinin həyata keçməməsinə səbəb oldu. Onların qəzəbinin səbəbi budur”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Bəziləri öz təhlillərində səhvə yol verməsinlər. Çünki Amerikanın mövqelərinin səbəbi İran qarşısında güclü və qüdrətli olması deyil, əksinə məğlubiyyətə uğraması, tamamilə zəifləməsi və qəzəbli olmasıdır”.
Həzrət Ayətullah Xamenei İslam Respublikasının regional və beynəlxalq məsələlərdəki uğurlu və izzətli iştirakına işarə edərək vurğuladı: “Bu izzəti düzgün təfəkkür, ağıl və tədbirlə, habelə müsahibələr, qərarlar və mövqe seçimlərində səhvə yol verməməklə qorumaq lazımdır”.
O vurğuladı ki, bu izzət xalqın və gənclərin mübarizələri və şəhidlərin qanı bahasına əldə edilmişdir: “Şəhid Əziz Möhsün Höcəci bir nümunədir. Gənclərimiz arasında belə nümunələrimiz çoxdur. Allah-taala müəyyən səbəblər üzündən bu nümunəni hər kəsin gözləri önündə məşhurlaşdırdı ki, hər kəs ilahi lütf sayəsində gənclər arasında inqilab motivasiyasının günbəgün artmaqda olması gerçəyi qarşısında təslim olsun”.
İslam İnqilabının Rəhbəri Hərəmin müdafiəsi və düşmənə qarşı mübarizə cəbhəsində iştirak icazəsi almaq üçün gənclərin məktub və müraciət vasitəsilə ünvanladıqları saysız-hesabsız istəklərə işarə edərək dedi: “Bu, gənclər arasında həmin artmaqda olan inqilabçı motivasiyasıdır. Virtual məkanın vəsvəsəçi və saxlayıcı amillərinin mövcud olduğu bir şəraitdə bu cür motivasiyaların olması ilahi lütf və möcüzədən xəbər verir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Məhərrəm ayı İmam Hüseynin (ə) ayı, o cənabın müqəddəs varlığında təcəlla edən cihad, şəhidlik, ixlas, vəfa, güzəşt, Allah dininin qorunmasına çalışmaq, dinə qarşı olan düşmənlərə müqavimət göstərmək kimi bütün dəyərlər ayıdır.
O vurğuladı: “Bu hadisə tarix boyu daha da dirçəlmişdir. Bu böyük qəhrəmanlığın xatirəsinin əziz tutulması ilbəil daha da izdihamlı, daha da genişmiqyaslı olur. Bu da xüsusi bir məzmun və mesaj ifadə edir. Allahın lütfü ilə bu cərəyan İmam Hüseynin (ə) rəhbərliyi ilə dünyada daha da geniş vüsət alacaq”.
İnqilabın Rəhbərindən əvvəl çıxış edən Xubriqan Məclisinin rəhbəri Ayətullah Cənnəti İslam İnqilabı Rəhbərinin inqilabçı mövqelərinin insanları daha da ruhlandırdığını dedi: “İnqilabçı olmaq müvəffəqiyyətin şərtidir. Əgər inqilabçı olmasaq, heç bir uğur əldə edilməyəcək”.
Xubriqan Məclisinin elm və tədqiqatlar sahəsindəki fəaliyyətlərindən danışan Xubriqan Məclisinin sədri ölkənin ayrı-ayrı yerlərində teoloji mərkəzlər və universitet tələbələri üçün konfranslar təşkil edilməsindən danışdı və virtual məkanda irəli sürülən şübhələrə cavab verilməsinin, bu sahədə islahtlar aparılmasının zəruri olduğunu dedi.
Xubriqan Məclisinin sədr müavini Ayətullah Şahrudi Xubriqan Məclisinin ssesiyalarında və üzvlərin çıxışlarında irəli sürülən məsələlərin ən mühüm istiqamətləri haqqında məlumat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir