Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam ölkələri Myanma cinayətlərinə qarşı əməli addım atmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər “Fiqhin xaric dərsi”ndə oxuduğu mühazirənin əvvəlində Myanmada baş vermiş faciələrə toxunaraq beynəlxalq təşkilatları və insan hüquqları çarçılarını bu faciələr qarşısında sükut etdikləri və passivlik göstərdikləri üçün kəskin tənqid etdi. O vurğuladı ki, bu məsələnin həlli yolu müsəlman ölkələrinin əməli fəaliyyətləri, qəddar Myanmar hökumətinə qarşı iqtisadi və siyasi təzyiqdir: “İslam Respublikası dünyanın hər bir nöqtəsində baş vermiş zülmə qarşı açıq və cəsarətli mövqe nümayiş etdirməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Myanma faciəsinin müsəlmanlar və buddistlər arasında baş vermiş bir dini qarşıdurma səviyyəsində izah etmək səhvdir: “Əlbəttə, bu hadisədə dini təəssübkeşliyin təsiri ola bilər, ancaq hadisə siyasi bir hadisədir. Çünki onun baş verdiyi yer Myanmadır. Dövlətin başında isə Nobel Sülh Mükafatı almış rəhmsiz bir qadın durur. Bu hadisələrlə, əslində, Nobel Sülh Mükafatının ölümü rəsmiləşdi”.

O əlavə etdi: “Bu faciələr İslam ölkələri və dövlətlərinin, beynəlxalq təşkilatların, insan haqlarını müdafiə etdiklərini iddia edən riyakar və yalançı dövlətlərin gözü önündə qəddar Myanma hökuməti tərəfindən törədilməkdədir”.

İslam İnqilabının Rəhbəri BMT-nin baş katibinin Myanmada baş verən cinayətləri ittiham etməklə kifayətlənməsini tənqid edərək bildirdi: “Bəzən hansısa ölkədə bir cinayətkarın cəzalandırılmasına görə hay-həşir qoparan insan hüquqları çarçıları Myanmada on minlərlə insanın qətli və didərgin salınmasına heç bir reaksiya vermir”.

Həzrət Ayətullah Xamenei İslam ölkələrinin müdaxiləsi və əməli fəaliyyətlərinin zəruriliyini vurğuladı: “Əlbəttə, əməli addım deyilərkən qoşun yeritmək nəzərdə tutulmur. Məqsəd Myanma hökumətinə qarşı siyasi, iqtisadi və ticari təzyiqləri artırmaq, beynəlxalq təşkilatlarda bu cinayətlərə qarşı fəryad qoparmaqdır”.

O qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatının Myanma faciələri mövzusunda konfrans təşkil etməsi zəruridir: “Müasir dünya zülm dünyasıdır. İslam Respublikası istər sionistlər tərəfindən işğal edilmiş regionlar olsun, istər Yəmən, Bəhreyn, istərsə də Myanma, dünyanın hər bir nöqtəsində baş verən zülm və haqsızlığa qarşı açıq və cəsarətli mövqe bildirmək iftixarını qorumalıdır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /