İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər dövlət həftəsi münasibətilə dövlət başçısı və on ikinci hökumətin təmsilçiləri ilə görüşdü. Bu görüşdə problemlərin aradan qaldırılması üçün ciddi cəhdlə çalışmağın və ikiqat fəaliyyət göstərilməsinin zəruri olduğunu qeyd edən İnqilabın Rəhbəri Nazirlər Kabinetinin üzvlərinə şəxsiyyət, davranış və fəaliyyət məsələləri ilə bağlı tövsiyələr verdi. O, habelə iqtisadiyyat və əhalinin məişət problemlərinin ölkənin ən mühüm problemləri olduğunu vurğuladı: “Strategiyalar neft və qeyri-istehsal sahəsindən istehsal və xalq iqtisadiyyatı sahəsi istiqamətində dəyişməlidir”.
Dövlət həftəsinə hörmət və ehtiramını ifadə edən İslam İnqilabının Rəhbəri habelə Şəhid Rəcai və Şəhid Bahünərin iki ölməz simvol olduqlarını qeyd edərək xatirələrini əziz tutdu:
“Bu iki böyük şəxsiyyətin fəaliyyət dövrlərinin çox qısa olmasına, habelə onların icra fəaliyyətləri haqqında fikir yürüdə bilməməyimizə baxmayaraq, sözügedən iki əziz şəhid daim yaxşılıq, hörmət və ehtiramla xatırlanır. Bunun səbəbi isə onların şəxsiyyətləri və idarəetmə keyfiyyətləri, inqilabçı, mömin və dürüst olmalarıdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, Şəhid Rəcai və Şəhid Bahünərin bu xüsusiyyətləri bütün dövlət məmurları üçün nümunə olmalıdır. O, on ikinci hökumət və bu hökumətdə təmsil olunmayan nazirlərə göstərdikləri fəaliyyətlərə və çəkdikləri zəhmətlərə görə təşəkkür etdi: “Mühüm nazirlik olan Enerji Nazirliyi, habelə daha mühüm nazirlik olan Elmlər Nazirliyinin rəhbərini təyin etməklə on ikinci hökumətin öz vəzifələrini tam şəkildə yerinə yetirəcəyinə ümidvarıq”.
O vurğuladı ki, on ikinci hökumətin qərarlaşdırılmış vaxtda təşkil edilməsi, hökumətin seçkilər, təsdiqetmə, andiçmə, daha sonra Məclisin etimad rəyi verməsi kimi təşəkkül proseslərinin asanlıqla reallaşması çox mühüm və misilsiz hadisədir: “İndi addım atmaq və fəaliyyətə başlamaq prezident və nazirlərin növbəsidir”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, zaman çox sürətlə keçir, dörd illik məsuliyyət dövrünün anlarından daha çox və düzgün istifadə etmək lazımdır: “Bu müddət əsaslı işlər görmək üçün qısa deyil. Əmir Kəbir üç illik nazirliyi dövründə mühüm işlərə imza atdı. İndi ölkənin o qəbildən olan fəaliyyətlərə ehtiyacı var”.
İslam İnqilabının Rəhbəri çıxışının davamında ölkə başçısı və on ikinci hökumət üzvlərinə tövsiyələr verdi.
O, çıxışının davamında prezident və hökumət təmsilçilərinə ünvanladığı birinci tövsiyədə onlardan xalqa Allahın bəndələri qismində xidmət göstərmək üçün ilahi niyyətə malik olmağı, əhalinin problemlərini həll etməyi, Quran və dua ilə ünsiyyətdə olmağı tövsiyə etdi.
Həzrət Ayətullah Xamenei ikinci tövsiyəsində mübarizlik, yorulmaq bilməyən, ikiqat və təmənnasız səy və fəaliyyət ruhiyyəsinə malik olmağın zəruri olduğunu dedi.
O, üçüncü tövsiyəsini verərkən belə qeyd etdi: “Hökumət nümayəndələri dövlət qərarlarında ortaq məsuliyyət daşımaqla yanaşı, bir-birləri ilə əməkdaşlıq etməli və komanda şəklində davranmalıdırlar”.
O, hökumətə ünvanladığı növbəti tövsiyyəsində dedi: “Müxalifətin səsini eşitməyə dözümünüz olsun. Daxili potensialınız olan həlimliyinizi daha da artıraraq tənqidləri qəbul edib, onlardan faydalanın”.
İnqilabın Rəhbəri beşinci tövsiyəsini verərkən bildirdi ki,xalqın həyatının gerçək tərəflərini daha yaxşı anlamaq üçün xalqla yaxından ünsiyyət qurmaq lazımdır. Eyni mövzuda belə bir xatırlatma etdi: “Xalqla sıx ünsiyyət yaradılması və əyalətlərə səfərlər etmək çox yaxşı və faydalıdır”.
Altıncı tövsiyəsində xalq ruhiyyəsinin qorunması və gücləndirilməsinin, habelə zadəgan həyat tərzindən qorunmağın zəruri olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei yeddinci tövsiyəsini verərkən dedi: “Mədəniyyət, iqtisadiyyat və xidmət sahələrində adətən, öz-özünə meydana gələn xalq hərəkatlarına, mücahid və mədəni qruplaşmalara yardım göstərib, fəaliyyətlərinə şərait yaradın”.
İslam İnqilabının Rəhbəri səkkizinci tövsiyəsində həmkarlar və qurumdaxili rəhbərlərin seçimində faydalılıq, dindarlıq, inqilabçı olmaq, işgüzarlıq və cihadçı davranış xüsusiyyətlərinin nəzərə alınmasını tövsiyə etdi: “Əgər sizin həmkarlarınız və rəhbərləriniz bu xüsusiyyətlərə malik olmasalar, hədəf və məqsədlər həyata keçməyəcək. Təhsil sistemi və ölkənin ümumi elmi xəritəsinin inkişaf layihəsinin hazırlanması üçün çəkilmiş zəhmətlərə baxmayaraq, onun gözlənilən nəticəni verməməsi buna bir misaldır”.
Quruma nəzarət edilməsi, habelə dəqiq, qanuniləşdirilmiş və elmi proqrama malik olmağın zəruriliyi mövzusuna toxunan Həzrət Ayətullah Xamenei on birinci tövsiyəsini verərkən dedi: “Qərar qəbul edərkən, habelə fəaliyyət göstərərkən yüksək sənədləri, perspektiv sənədini və Məclis tərəfindən təsdiq edilmiş qanunları diqqət mərkəzində saxlayaraq cəsarət göstərin və risk edin”.
İslam İnqilabının Rəhbərinin hökumətə verdiyi son tövsiyəsi bütün sahələrdəki prioritetlərin nəzərə alınması və əsas prioritetlər üzərində mərkəzləşməklə bağlı oldu.
Çıxışının başqa bir yerində ölkənin əsl prioritetinin iqtisadiyyat olduğunu qeyd edən İslam İnqilabının Rəhbəri vurğuladı ki, hökumət məmurları xalqın, xüsusilə işsiz gənclərin məişət problemlərini həll etmək üçün dayanmadan çalışmalıdırlar: “İqtisadiyyat hökumətin bütün mənsubları və sahələrinin prioriteti olmalıdır”
Həzrət Ayətullah Xamenei bildirdi: “İqtisad, Sənaye və Mədən, Ticarət və Kənd Təsərrüfatı nazirliklərin istehsal və məşğulluq kimi mühüm problemlərlə birbaşa məşğul olmasına baxmayaraq, XİN, TN, Elmlər və Təbliğat Naziliyi kimi digər dövlət qurumları da iqtisadi problemlərin həllinə köməklik göstərə və buna zəmin yarada bilərlər”.
O əlavə etdi: “İqtisaidyyat sahəsi ilə bağlı təqdim edilmiş statistikalar elmi prinsiplər əsasında həyata keçirilir. Ancaq bu statistikalar hər yerdə tam şəkildə ölkənin və əhalinin həyatının real vəziyyətini əks etdirmir. Buna görə də burada öyrənilib həll edilməsi zəruri olan problem mövcuddur”.
İslam İnqilabının Rəhbəri dedi: “Bu statistikalara əsasən, inflyasiyanın faiz göstəricisi ikirəqəmli ədəddən təkrəqəmli ədəd həddinə enmişdir. Bəs görəsən əhalinin alıcılıq imkanı və milli valyutanın dəyəri eyni miqyasda artıbmı?”
Həzrət Ayətullah Xamenei fikrini başqa bir misalla belə ifadə etdi: “Böhranla da bağlı statistikalar elan edilmişdir. Ancaq hələ də potensiallarından aşağı həddə fəaliyyət göstərən və ya fəaliyyətini dayandırmış kiçik və orta həcmli şirkətlərin sayı çoxdur. Bu reallıq onu göstərir ki, işin harasındasa tapılıb aradan qaldırılması zəruri olan bir nöqsan vardır”.
O, bank, investisiya, likvidikliyin artırılması və qaçaqçılıq probleminin iqtisadiyyatın mühüm mövzularından olduğunu vurğuladı: “İqtisadiyyatla birbaşa əlaqəsi olan hökumət qurumları koordinasiyalı bir komanda şəklində qərar qəbul edib fəaliyyət göstərməli, başqaları da onlara kömək etməlidirlər”.
44-cü maddənin siyasətlərinin icrasının iqtisadiyyatın digər mühüm mövzularından olduğunu deyən İslam İnqilabının Rəhbəri bu sahədəki işlərin irəli getməməsini tənqid edərək dedi: “Bir çox hallarda siyasətlər və problemlər bəllidir, yaxşı qərarlar qəbul edilib. Ancaq işlər lazım olan şəkildə həyata keçirilmir. Bu həqiqət əsas problemin alınan qərarların icrasında olduğunu göstərir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, iqtisadi mərkəz və korporasiyaların dövlətin müxtəlif qurumları tərəfindən əldən ələ ötürülməsi faydasızdır: “44-cü maddənin siyasətlərini düzgün şəkildə həyata keçirməklə mülkiyyətçilikdən tənzimləməyə keçməli, siyasətlər və strategiyaları müəyyən etməklə nəzarət və nizam-intizamı həyata keçirməlidir”.
O qeyd etdi ki, iqtisadi korrupsiya ilə mübarizə, kəndlərin problemi, idxalat və ixracatın idarə edilməsi və ərazi islahatları problemi xüsusi diqqət tələb edən məsələlərdəndir: “Əyalətlərdə ərazi islahatlarının aparılması istiqamətində işlər görülmüşdür. Ancaq ölkə üzrə ərazi islahatlarının aparılması istiqamətində bir sənəd hazırlanmamışdır. Bu mühüm sənədin hazırlanması və icrası üçün qrafik plan hazırlanmalıdır”.
İslam İnqilabının Rəhbəri Müqavimət İqtisadiyyatı Baş Qərargahının fəaliyyətlərinə və qəbul etdiyi yaxşı qərarlara işarə edərək dedi: “Bu qərarların hamısı həyata keçməyib. İstəyimiz budur ki, qurumlar üzrə təyin edilmiş vəzifə və öhdəliklərin yaxşı şəkildə həyata keçməsinə nəzarət edilsin”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, ölkə iqtisadiyyatının qeyri-istehsal və neft iqtisadiyyatı strategiyasının istehsal və xalq iqtisadiyyatı istiqamətində dəyişməsi zəruridir: “İqtisadiyyatı neftdən xilas etməliyik. Bu mühüm hədəf ölkənin imkanları, potensialları və işçi qüvvəsi sayəsində gerçəkləşə bilər. Bəzi ölkələrin neft olmadan bu iş görməsi bunun bir nümunəsidir”.
Həzrət Ayətullah Xamenei çıxışının başqa bir hissəsində vurğuladı ki, diplomatiyada dini və inqilabi mövqe və ruhiyyənin qorunması mühüm əhəmiyyət daşıyır: “Diplomatik məsələlərdə öz inqilabımızla fəxr etməli, milli normalara, yəni İnqilabdan qaynaqlanan normalara əməl etməkdən – imperializm və despotizmə qarşı müqavimət göstərməkdən, hegemoniya sisteminə qarşı çıxmaqdan fəxarət hissi duymalıyıq”.
O dedi: “İnqilab mövqelərinə və normalarına bağlılıq başqalarının hörmət və ehtiram göstərməsinə səbəb olur. Yeri gəlmişkən, bu, diplomatiyanın mülayimlik, yayınma və nazlanma kimi məharətlərindən istifadə edilməsi ilə təzad təşkil etmir”.
Xarici siyasətdən danışarkən İnqilabın Rəhbərinin toxunduğu məsələlərdən biri də bu oldu ki, diplomatiya çətri bütün dünyaya açılmalı, əlaqələr bir neçə ölkə ilə məhdudlaşdırılmamalıdır.
O əlavə etdi: “Diplomatiya sahəsində çevik, yenilənən, sürətli və ayıq davranmaq lazımdır. Allahın lütfü ilə gələcəkdə də bu vaxta qədər irəlilədiyiniz və düşmən qarşısında müqavimət göstərdiyiniz kimi davranın”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən ölkə başçısı cənab Ruhani on birinci hökumətin fəaliyyətləri haqqında hesabat verib on ikinci hökumətin proqramları və hədəflərindən danışdı.
Prezident bildirdi ki, dövlətin qarşısında duran ən mühüm problem işsizlik və iqtisadi problemlərdir: “Bank sistemi, təqaüd fondları, büdcədə balansın olmaması, su problemi və ekoloji problemlər gələcək dörd ildə həll edilməsi zəruri olan problemlərdəndir ”.
Cənab Ruhani on ikinci hökumətin hədəflərini sayarkən dedi: “On ikinci hökumətin birinci məqsədi işsizlik problemini həll etməkdir. İl ərzində 9 mindən çox iş yerinin açılmasına səy göstərəcəyik”.
Ölkə başçısı bildirdi ki, 8%-lik inkişaf göstəricisinin reallaşdırılması, yoxsulluqla mübarizə və sosial ədalətin bərqərar edilməsi hökumətin qarşıya qoyduğu hədəflərdəndir. 8%-lik inkişafa nail olmaq üçün il ərzində 775 000 000 000 000 tümən yeni investisiya qoyuluşuna ehtiyac var: “Bu hədəfə çatmaq üçün dövlətin imkanları və büdcə kifayət etmir, banklar, investisiya bazarı, Milli İnkişaf Fondu və özəl sektorun investisiyası, habelə xarici investisiya da bu işə cəlb edilməlidir”.
Cənab Ruhani illik inflyasiyanın 8%-dən aşağı olduğunu dedi: “On ikinci hökumətin əsas səyi inflyasiyanı təkrəqəmli həddə saxlamaqdır”.
Prezident əlavə etdi: “Keçən il ölkə iqtisadiyyatı üçün müstəsna bir il idi. Çünki iqtisadi inkişafın ikirəqəmli ədədlə ifadə edildiyinin və İranın iqtisadi inkişafının dünyada birinci yerdə qərarlaşdığının şahidi olduq”.
Cənab Ruhani iqtisadiyyatın xalq iqtisadiyyatına çevrilməsinin və bank sistemində islahatlar aparılmasının zəruri olduğunu dedi: “Əgər bu hədəflərə nail olmaq istəyiriksə, bank mənfəəti azaldılmalı, nazirliklər və banklar biznesçilikdən əl çəkməlidirlər”.
Prezident, on ikinci hökumətin fəaliyyət müddətinin sonuna qədər yoxsulluğun kökünün kəsilməsi ilə bağlı verdiyi sözü bir daha xatırladaraq dedi: “Bu məqsədə nail olmaq üçün vergi sistemində dəyişiklik aparmaqla cəmiyyətin yuxarı və aşağı desili arasındakı fasilə azaldılmalıdır ki, nəticədə, yoxsulluğun kökü tamamilə kəsilsin”.
Cənab Ruhani sənayenin yenilənməsi və modernləşdirilməsi, elm əsaslı iqtisadiyyat sahəsində islahat, qeyri-neft gəlirlərinə əsaslanmaq kimi prinsiplərin hökumətin proqramlarından olduğunu dedi: “On ikinci hökumət problemlərlə keçmişdəkindən daha çox tanışdır. Problemləri həll etmək üçün hamı hökumətə kömək etməlidir”.
Prezident habelə dedi: “Nazirlər və Prezidentin müavinlərinin seçimində heç bir partiya və cinahdan asılılığı olmayan faydalı və layiqli insanların seçilməsinə səy göstərildi”.
Bu görüşün sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Zöhr və Əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir