Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün sionizm, imperializm və hegemoniya ilə mübarizə günüdür

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra yüzlərlə professor, universitet müəllimi, elmi heyətlərin üzvləri, akademik tədqiqatçılar və görkəmli elm xadimləri ilə görüşdü. İki saatdan artıq davam edən bu görüşdə problemlərlə dolu olan dəyişkən dünyada İranın mövqeyinin formalaşması və tələbələrin tərbiyəsində universitet müəllimlərinin oynadığı əvəzsiz roldan danışan İnqilabın Rəhbəri Beynəlxalq Qüds Gününün mühüm əhəmiyyət daşıdığını dedi: “Bu əziz gün təkcə bir məzlum xalqın müdafiəsinin elan edildiyi gün deyil, həm də beynəlxalq imperialistlər və hegemonlara qarşı mübarizə simvoludur”.

Bu görüşdə qarşıdan Beynəlxalq Qüds Gününün gəldiyinə işarə edən Həzrət Ayətullah Xamenei dedi: “Qüds gününün əziz tutulması təkcə öz vətənindən və evindən qovulmuş məzlum bir xalqın deyil, Fələstin problemindən daha böyük bir həqiqətin müdafiəsi günüdür”.

O vurğuladı: “Bu gün sionizm rejimi, imperializm və hegemoniya ilə mübarizə günüdür. Bu səbəbdən də ABŞ siyasətçiləri bu hərəkəti zərbə və düşmənçilik kimi başa düşürlər”.

İslam İnqilabının Rəhbəri sonra bu görüşdə çıxışının əsas mövzusuna, yəni müəllimlik məsuliyyətinin izahına keçdi: “Pozitiv düşünən, məsuliyyətli, ümidvar, dini əsaslara, vətən prinsiplərinə və inqilab mövzularına etiqadı olan, fəaliyyətlərində məsuliyyətli, qətiyyətli və əzmkar olan müəllim tələbəni fikir və hərəkətə vadar etməkdə əvəzsiz və bənzərsiz rol ifa edə bilər”.

Həzrət Ayətullah Xamenei dedi: “Yox əgər, müəllimin gözü sərhədlərdən kənarda olsa, ölkəyə, kimliyin geniş yayılmış mötəbər konsepsiyalarına inamı olmasa, eyni formada yanlış baxışlı tələbələr tərbiyə edəcək. Bu çox acı təcrübə ölkədə Pəhləvi dövründə yaşanmışdı. İslam İnqilabı əslində ölkəni bütün dini və milli prinsiplərdən tamamilə boş olan nəslin iş başına keçməsindən xilas etdi”.

O bildirdi ki, universitet indiki forması ilə ölkəyə və cəmiyyətə təsir göstərən, elm və innovasiya mərkəzidir: “İranda universitet təsis edildiyi gündən hegemoniya subyektləri iranlı istedadına uyğun olan elmi bir hərəkətin və innovasiyanın meydana çıxmasının qarşısını almağa, habelə universitetin cəmiyyətə təsirini asılı mədəni və təhlükəsizlik qurumları vasitəsilə idarə etməyə çalışdılar”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, yeni elmlərin ölkəyə girişinin qarşısının alınması hegemonların İranda universiteti zəiflətmək üçün həyata keçirdikləri proqramlardandır: “Pəhləvi dövründə qərblilər uzun illər mühüm elmi nailiyyətləri və yeni bilikləri bizim universitetlərə əsla transfer etmədilər. Universiteti qərb dəyərlərinin transfer məkanına çevirməklə universitetlərdə hər növ innovasiyanın meydana gəlməsinin qarşısını aldılar”.

İslam İnqilabının Rəhbəri tələbələrin və akademik təhsillilərin İslam hərəkatı və İmam Xomeyniyə çox mühüm əhəmiyyət daşıyan bəli cavabı verməsinə toxunaraq dedi: “Universitet İslam konsepsiyalarına zidd olan iki faktorla, yəni marksist meyllər və əxlaqa zidd təbliğatlara məruz qalmaqla yanaşı, həm də əsaslı problemlər yaşamasına baxmayaraq, xalqın və İslam hərəkatının sıralarına qatıldı. Qələbədən sonra da “yenidənqurma və ordu hərəkatı” kimi inqilabçı qurumların formalaşmasında birinci dərəcəli rol ifa etdi”.

O vurğuladı: “Bu gerçəklik universitetin İslam və İnqilaba meyillənmə istiqamətində əlverişli şəraitə malik olduğunu göstərdi. Bu da İnqilabın və İranın inkişafı üçün çox mühüm bir fürsət idi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, universitetlərin yanlış tendensiylardan xilas olması, akademik mərkəzlərdə elm və elmi innovasiyanın əhəmiyyətinin dərk edilməsi, universitetlərin hərəkətliliyi İslam İnqilabının bərəkətlərindəndir: “O dövrün tələbələrinin çoxu bu gün universitetlərin inkişafı, İslam və İnqilab dəyərlərin qorunmasında ciddi yaradıcı rol ifa edəcək müəllimlərə çevriliblər”.

İnqilabın Rəhbəri bu hədəfləri reallaşdıran iki bəlli və təkmilləşdirici yolun izahını və təsvirini verdi: “Birincisi, şagirdlərin yetişdirilməsi və müəllimlərin tələbələr üzərində yaradıcı rolu; İkincisi, onların universitetdən kənar mühitə təsir göstərməsi”.

Dünyada çox sürətli və qəti dəyişikliklərin baş verdiyini qeyd edən İnqilabın Rəhbəri qarşıdan gələn onilliklərin çox çətin olacağını dedi və universitet müəllimlərinə səsələnərək əlavə etdi: “Bu ölkənin gənc tələbələrini belə bir dünya ilə qarşılaşmaya hazır olacaq səviyyədə tərbiyə edin”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Əgər ölkənin gənc işçi qüvvəsi dindar, inqilabçı, dərin, savadlı və qərarlı yetişdirlsə, gələcəyin sürətli dəyişiklikləri içərisində İranın asılılığının tarixi hasarını və köpüyünü sözün əsl mənasında sındıra, İran və iranlını öz mövqeyinə layiq yerində qərarlaşdıra bilər”.

O, xəbərdarlıq etdi: “Əks təqdirdə, ölkəmiz yenidən Məşrutədən İslam İnqilabına qədərki dövrdə olduğu kimi, təhqir və asılılığın uzun və qaranlıq dalanına girəcək”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, fikir və əməli asılılıq çox mənfi faktordur: “Müasir gənc gələcək onilliklərin mühüm və qəribə hadisələrinə sinə gərmək üçün ayıq, işgüzar, işbilən, özünə güvənən, müqavimətçi ruhiyyəsinə malik olmalı, habelə öz milli kimliyi ilə fəxr etməklə yanaşı bilməlidir ki, həqiqi milli maraqlar milli kimliklə təzad təşkil etməyən maraqlardır”.

Müasir gəncin dünya güclərindən heç bir asılılığı olmayan İranda dünyaya gəlib boya-başa çatması müstəqilliyin əhəmiyyətinin yetərli dərəcədə dərk edilməməsinə səbəb olduğunu bildirən İnqilabın Rəhbəri universitet müəllimlərinə dedi: “Dövlət müstəqilliyinin qədrini bilən gənclər yetişdirin”.

İslam İnqilabının Rəhbəri gənclərin düzgün tərbiyə edilməsində müəllimlərin oynadığı rolun əhəmiyyətindən danışdıqdan sonra universitet müəllimlərinin rolunun ikinci müstəvisindən, yəni onların universitetlərdən kənar mühitə təsirindən danışdı.

O, görüş zamanı çıxış edən bir neçə professorun səsləndirdiyi fikirlərə işarə edərək dedi: “Mühüm olan məsələ bu cür fikir və görüşlərin qərar qəbul edən mərkəzlərin qulağına çatması və onların doğru qərarlara təsir göstərməsidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, xəsarətlərin müəyyən edilməsi və ölkə səviyyəsində arzuolunan nəticə verməyən səy və fəaliyyətlərin düyünlərinin açılması professorların təsir dairəsinə daxil olan sahələrdəndir.

O buna bir neçə misal vurdu: “Müqavimət iqtisadiyyatını hamı dəstəkləyir, onun üçün komissiya və komitə təşkil edirlər, ancaq irəliləyiş olmur. Bu problem elmi bir düyünün olduğunu göstərir. Həmin düyünü öyrənib açmaq professorların işidir”.

İndiki və bundan öncəki hökumətlərin vaxtında yeni iş yerlərinin yaradılması üçün göstərilən səylərin nəticəsiz qalması, 44-cü maddənin icrasında nəzərə çarpacaq irəliləyişin olmaması, ölkənin böyük likvidikliyinin istehsal və inkişafa xidmət göstərməmsinin köklərinin araşdırılması, bank sisteminin xətaları və sosial ədalətin reallaşması üçün həyata keçirilən fəaliyyətlərin nəticəsinin yetərli olmaması məsələləri İslam İnqilabının Rəhbərinin toxunduğu və professorlara həmin qüsurları öyrənib həll etməyi tövsiyə etdiyi məqamlardan oldu.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin makroidarəçiliyinə yardım göstərilməsi elm xadimlərinin təsir göstərdiyi sahələrdəndir: “Düşmən tərəfindən ölkənin makroidarəçiliyi proqramına virus buraxılması bütün işlərdə qüsur yaranmasına səbəb olacaq amillərdəndir. Bu problemlərin meydana gəlməsinin qarşısını almaq üçün akademik təhsillilərin imkanlarından istifadə etmək lazımdır”.

Professorlardan müxtəlif mövzulara aydınlıq gətirilməsini gözlədiyini deyən İslam İnqilabının Rəhbəri 2030 saylı sənədin ayrı-ayrı yönlərindən danışan natiqə təşəkkürünü bildirdi: “Bu, çox mühüm və təhlükəli bir məsələdir. Bütün dünyanın onlar istədikləri kimi düşünüb davranmasını istəyən bəzi adamlar BMT-nin müxtəlif mərkəzlərinin, o cümlədən YUNESKO-nun vitrini arxasından bütün xalqlar üçün fikri, elmi, mədəni və əməli sistem yaratmaqdadırlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “2030 saylı sənəd BMT-nin yüksək dərəcəli sənədlərindən hesab edilən stabil inkişaf sənədidir. Dünyanın hegemon gücləri yanlış və qüsurlu fəaliyyətlərində bütün xalqları həmin sənəd çərçivəsində nəzarətdə saxlamaq istəyirlər. Onlar hansı haqla digər xalqların inancları, ənənələri və mədəniyyəti ilə bağlı qərar qəbul edirlər? Bunlar professorlar və universitet müəllimlərinin cəmiyyətə izah etməli olduqları həqiqətlərdir”.

İslam İnqilabının Rəhbəri dedi: “Bu sənədlərin icbari sənədlər olmadığını deyənlərin mülahizələri bir növ səthidir. Çünki bu sənədlərin bütün hissələri əslində icbaridir. Əgər yerinə yetirilməsə, onların bir növ əks reaksiyasına səbəb olacaq”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsinin sonunda əsaslı bir sual ünvanladı: “Ümumiyyətlə, bu sənədləri, habelə əməldə qərblilərin bizə nümunə təqdim etməsini qəbul etməyimizə nə lüzum var?”

O əlavə etdi: “Bir neçə ildir ki, İran İslam Respublikasının inkişaf modeli mövzusunu irəli sürmüşük. Bu model akademik təhsillilərin səyi ilə məcəllələşdirilməli və qərblilərin ölkəyə model verəcəkləri yol bağlanmalıdır”.

İslam İnqilabının Rəhbəri İslam və İnqilabın hədəflərini həyata keçirmək üçün xalqın və İslam dövlətinin göstərdiyi müqavimətin nəticələrindən danışaraq dedi: “Xalq bu fəxarət dolu yolu davam etdirir. Allahın lütfü ilə son qalibiyyət əlbəttə və mütləq Ona məxsusdur”.

Həzrət Ayətullah Xamenei hamını, xüsusilə də müəllimləri mübarək Ramazan ayının sonlarından maksimum dərəcədə isitfadə etməyə, Allah dərgahında dua edib yalvarmağa çağırdı: “Bu gün ölkə çoxlu problemlərlə qarşı-qarşıyadır. Bu problemlər hamının ciddi cəhdi və Allah-taala ilə olan əlaqənin möhkəmləndirilməsi ilə həll edilə bilər. Çünki Allahla əlaqə güclənməyə, ümidə və problemlərin həllinə səbəb olur”.

Görüşün əvvəlində aşağıda adları qeyd edilənlər çıxış etdilər

Doktor Mahmud Fütuhi – Şərif Sənaye Universitetinin rektoru;

Doktor İbrahim Müttəqi – Tehran Universitetinin professoru;

Doktor Seyyid Həsən Qüdsipur – Əmir Kəbir Sənaye Universitetinin professoru;

Doktor İbrahim Suzənçi Kaşani – Şərif Sənaye Univeristetinin dosenti;

Höccətül-İslam vəl-müslimin doktor Həmid Parsaniya – Tehran Universitetinin dosenti;

Doktor Kəyyumərs Yəzdanpənah – Tehran Universitetinin dosenti

Doktor Hüseyn Eyvəzli – İmam Sadiq (ə) Universiteinin dosenti:

Doktor Xədicə Zülqədr – Azad İslam Universitetinin dosenti.

Çıxışçılar öz çıxışları zamanı onları narahat edən məsələlərdən danışıb fikirlərini bildirdilər. Professorların irəli sürdüyü fikirlərin ən mühüm istiqamətləri aşağıdakılardan ibarət idi:

- Universitetlərin tələbə və məzunlarından öz ixtisaslarına uğun sahələrdə istifadə edilməsinin zəruriliyi;

- Güc və risk anlayışına və onun nəticələrininin xüsusilə diqqət mərkəzində saxlanmasının zəruriliyi;

- Universitetin ölkənin proqramlaşdırma və idarə strukturu ilə əlaqəsinin olmamasının tənqidi;

- Ölkədə bəzi makro elmi layihələrə xitam verilməsinin tənqidi;

- İqisadi strukturun dəyişdirilməsi və elm əsaslı iqtisadiyyatın diqqət mərkəzində saxlanılmasının zəruriliyi;

- Qadınlar məsələsində İslami və yerli potensiallara diqqətin əhəmiyyəti;

- Maliyyə Sabitliyi Şurası və İslam Maliyyə Sisteminin Tədqiqi Mərkəzinin təsis edilməsinin təklifi;

- Yetərli nəzarətin olmamasının tənqidi, pul və bank qanunlarına kompleks baxışın zəruriliyi.

İştirakçılardan biri təqaüdçü tələbələrin vəziyyətindən danışdı və bu tələbələrə problem yaradılmasını tənqid etdi. İslam İnqilabının Rəhbəri ona cavab verərək dedi: “Bu sözügedən tələb və petisiyaya baxılmalıdır. Buna bənzər problemlərlə bağlı elmlər nazirinə də xəbərdarlıq edilmişdir”.

Mərasimin sonunda İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Məğrib və İşa namazları qılındı. İştirakçılar Ali Məqamlı Rəhbərlə birlikdə iftar etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /