İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) günortadan sonra Müqəddəs Müdafiə dövrünün komandirləri, döyüşçüləri, incəsənət xadimləri və xatirə gecələri proqramlarının təşkilatçılarından bir qrupu ilə görüşdü. O bu görüşdə 8 illik məcburi müharibə xatirələrinin çatdırılması və onların yeni nəslə ötürülməsi üçün yeni, incəsənət və ədəbi metodlardan istifadə edilməsinin çox mühüm və qiymətli bir iş olduğunu dedi: “Müqəddəs Müdafiənin həmişəyaşar dərslərindən biri bu oldu ki, əgər Allaha qəlbən təvəkkül edilsə və bu, əməli şəkildə həyata keçirilsə, mütləq, bütün çətinliklərə mömincəsinə qalib gəlmək və maneələri aşmaq olar”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, Müqəddəs Müdafiə dövrünün maddi və insani xəsarətlərlə yanaşı, bu gün və gələcək üçün mühüm faydaları var: “Cəmiyyətdə inqilab ruhiyyəsinin qorunması, gücləndirilməsi və inqilabın davamlılığı o dövrün faydalarındandır. Əgər o mübariz və fədakarcasına hərəkət olmasaydı, şübhəsiz ki, inqilab ruhiyyəsi təhlükəyə məruz qalardı”.
Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə dövrünün başqa bir faydasından danışarkən qeyd etdi ki, o dövr Allaha əməldə təvəkkül etmək, böyük güclərdən qorxmazlıq, bu əməli təvəkkül vasitəsilə maneələrin aşılması səhnəsi idi: “İnkişaf istiqamətində hərəkət edən hər bir cəmiyyət təbii ki, maneə və çətinliklərlə qarşılaşır. Əgər bu cəmiyyət dünyapərəstlik və avtoritarlığa qarşı, habelə mənəvi ideyalara malik olsa, şübhəsiz ki, maneələr də artacaq. Belə bir cəmiyyətdə Allaha əməldə təvəkkül etmək və maneələrə qalib gəlmək gücünün hiss edilməsi son dərəcə mühüm əhəmiyyət daşıyır”.
O dedi: “İslam Respublikası indi qarşıda duran bütün problemlərə qalib gəlməyi iddia edə bilər. Çünki Müqəddəs Müdafiə dövründə saysız-hesabsız çətin maneələri aşmaq təcrübəsi keçmişdir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Əgər qəlbdə Allaha iman və əməldə təvəkkül olsa, dağlar da bu iradə qarşısında hamarlaşar və müqavimət göstərməz”.
Həzrət Ayətullah Xamenei məcburi müharibənin başlanğıcında mövcud olan çox çətin şəraitə işarə edərək dedi: “1359-cu ilin ikinci yarısından 1361-ci ilin əvvəllərinə qədər müharibə meydanında çox ağır şərait hökm sürürdü. Biz hərbi təchizat, hazırlıqlı və sistemli silahlı qüvvələr baxımından ən çətin şəraitdə idik. Düşmən BƏƏS (Ərəb Sosialist Dirçəlişi Partiyası) Əhvazın 10 km-liyində düşərgə salmışdı”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Ancaq komandirlər və döyüşçülər Allah-taalaya təvəkkül, öz güc və qüdrətlərini tanıyıb ona arxalanaraq şəraiti dəyişə bildilər. 1361-ci ilin birinci yarısında Fəthül-mübin və Büytül-Müqəddəs adlı iki böyük əməliyyat keçirildi. Bu əməliyyatlar nəitcəsində BƏƏS təcavüzkarlarından bir neçə min nəfəri əsir götürüldü, ölkənin böyük bir hissəsi geri alındı və Xürrəmşəhr azad edildi”.
O qeyd etdi ki, məcburi müharibə dövründə ABŞ, NATO, keçmiş SSRİ, regionun mürtəce qüvvələri də daxil olmaqla dünyanın bütün gücləri İslam Respublikasına qarşı cəbhə almışdılar: “Belə bir şəraitdə bütün bu güclərə qalib gəlməyi bacardıq. Bu əməli təcrübələr arxayınlığımız və qəlbimizin təskinlik tapması üçün yetərli deyilmi?”
İslam İnqilabının Rəhbəri Quranın qəm-qüssə və zəifliyi qəlbimizə yaxın buraxmamağı tövsiyə edən ayəsinə işarə edərək vurğuladı: “Əgər Allaha həqiqətən, imanımız olsa, Ona təvəkkül etsək, bütün problem və çətinliklərə mömincəsinə qalib gələrik”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, bu ruhiyyə və əməli təvəkkülün daha da artması Müqəddəs Müdafiə dövrünün xatirələrinin qorunması vasitəsilə mümkün olacaq: “Müqəddəs Müdafiə xatirələrindən bəhs edən əsərlər və bu mövzuda çəkilən filmlər sırf ədəbiyyat və incəsənət sahəsinə aid olan istənilən əsərdən üstün təsirə malikdirlər. Bu əsərlər əslində İnqilab, milli kimlik və ölkənin inkişaf əsaslarını daha da möhkəm və qalıcı etmək üçün ona sement inyeksiya edirlər”.
Müqəddəs Müdafiə dövrünə aid xatirələrin milli sərvət olduğunu deyən İnqilabın Rəhbəri qeyd etdi ki, bu xatirələrin toplanması işini davam etdirmək, habelə onların yeni nəslə ötürülməsi üçün diqqət cəlb edən incəsənət üsullarından istifadə etmək və onları sözlə ifadə edərkən şişirtməkdən çəkinmək vacibdir: “Bu xatirələrin cəmiyyətə ötürülməsi sədəqə, ehsan və böyük bir bəxşişdir. Bu sahədə fəaliyyət göstərən şəxslər ölkənin mənəvi və ilahi ruzi vasitələridirlər”.
Nur yolçularının da bu sədəqə və ehsanlardan olduğunu deyən İslam İnqilabının Rəhbəri Müqəddəs Müdafiə dövrünün nəticələri və dərslərini zəiflətmək maraqlarının olduğuna işarə edərək dedi: “Mübarizə və şəhidlik mövzularını dərs kitablarından çıxarmaq üçün İslam ölkələrinə təzyiq göstərən həmin maraqlar daxildə də davamlı fəaliyyət göstərir və özlərini kiçik mədəniyyət siyasətləri şəklində qələmə verirlər”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, ayıqlığı heç bir halda əldən vermək olmaz: “Bu günkü nəslin Müqəddəs Müdafiə tarixinin zirvəsini yaratmış nəslə qovuşması üçün Müqəddəs Müdafiə, cihad və şəhidlik yaşadılmalıdır”.
O bildirdi ki, bü günkü nəslin Müqəddəs Müdafiə dövrünün nəslinə qovuşması bu nəslin salehlərə qovuşması deməkdir: “İndi də 60-cı illərdə olduğu kimi, Hərəmin müdafiəsində iştirak etmək üçün yollanan gözüyaşlı və israrlı gənclər görürəm. Müqəddəs Müdafiə ruhiyyəsi və dəyərlərinin bu günkü nəslə ötürülməsi, o dövrün xatirələrini ötürmək üçün fəaliyyət göstərən təşkilatların səy və zəhmətlərinin nəticəsidir”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, Müqəddəs Müdafiə dövrünün xatirələri ruhiyyə və məntiqlə doludur: “Əgər o dövrün həqiqətləri, xatirələri və xəzinələrini toplamaq üçün bundan sonra əlli il də çalışsaq, yenə də sona çatdıra bilməyəcəyik”.
Görüşün əvvəlində aşağıda adları çəkilən insanlar döyüşçü və fədakarların rəşadət və qəhrəmanlıqları ilə bağlı xatirələr danışdılar:
- İncəsənt Mərkəzinin Müqavimət Ədəbiyyatı şöbəsinin direktoru Mürtəza Sərhəngi;
- “Rəssamlar küçəsi” əsərinin müəllifi Əbülfəzl Kazimi;
- Döyüşçü və Müqəddəs Müdafiə filmlərinin aktyoru Əsğər Nağızadə;
- Döyüşçü və “İmamın kiçik əsgəri” əsərinin hekayəçisi Mehdi Təhaniyan;
- Döyüşçü və “Rojan” proqramının telerejissoru Maşalla Şahmuradi;
- Pavənin imam cüməsi Mamusta Molla Qadir Qadiri;
- Döyüşçü və “Ay işığı itəndə” əsərinin hekayəçisi Əli Xoşləfz
- Ordunun təqaüdçü palkovniki Əlirza Muradi;
- Müqəddəs Müdafiə filmlərinin rejissoru İbrahim Hatəmikiya;
- Cavidül-əsər Mütəvəssiliyanın cəbhə yoldaşı və Müqəddəs Müdafiə dövrünün xilasedicilərindən olan Məryəm Katibi.
Mərasimdə “Nəsim-e qədr” nəğmə qrupunun yeniyetmələri Hərəmin müdafiəçilərinə həsr edilmiş “Ərğəvan” nəğməsini ifa etdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir