İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin bu gün (bazar ertəsi) günorta ayrı-ayrı dövlət qurumlarının bir qrup rəsmisi ilə Novruz görüşü oldu. Bu görüş zamanı xalqa xidmət göstərmək, əhalini və gəncləri xoşbəxt etmək üçün hamının fürsətlərdən istifadə etməsinin zəruri olduğunu vurğulayan Ali Məqamlı Rəhbər bildirdi ki, istehsal sahəsinin inkişaf etdirilməsi və məşğulluğun daha da yaxşılaşdırılması ciddi nəzarətlə şərtlənir: “Daxili müəssisələrin fəaliyyətini dayandıran idxalat dayandırılmalıdır”.
Həzrət Ayətullah Xamenei dövlət işçilərini və onların ailələrini Novruz bayramı və Əmirül-möminin Əlinin (ə) mübarək mövludu münasibətilə təbrik etdikdən sonra dedi ki, ilin təzələnməsi ömrün keçdiyindən və fürsətlərdən istifadə zamanı diqqətli olmağın zəruriliyindən xəbər verir: “Sonunu düşünən ağıllı insan xidmət gösərmək və xeyir işlər görmək üçün bütün saat və anlardan istifadə edir”.
O, İslam dövlətində xalqa xidmət göstərilməsi üçün fürsət olduğuna işarə edərək dedi: “İnqilabdan əvvəl belə bir fürsət yox idi. Ancaq bu gün ölkənin xoşbəxtliyi və ya bədbəxtliyi biz dövlət məmurlarının əlindədir. Doğru qərar və fəaliyyət sayəsində xalqı və gəncləri yalnız biz xoşbəxt və Cənnət sakini edə bilərik”.
İslam İnqilabının Rəhbəri Quran oxumağı, Mübarək Rəcəb ayın günlərindən istifadə etməyi, Rəcəb ayının duaları ilə Allaha yaxınlaşmağı tövsiyə etdi: “Məmurlar xalqa xidmət edərkən, habelə müxtəlif siyasi, iqtisadi və mədəni fəaliyyətləri yerinə yetirərkən Allaha yaxınlaşmaq niyyəti ilə fəaliyyət göstərə bilərlər”.
O İslam dövlətinin qurulması və qorunması üçün göstərilən fədakarlıqlar və tökülən qanlara işarə edərək dedi: “Bu gün İslam dövlətinin qarşısında mənfur düşmənlərdən ibarət böyük bir cəbhə sipər alıb. Onların hamısının məqsədi İslam Respublikasını ya yox etmək ya da daxildən zəiflətməkdir. Dövləti zəiflətmək istəyən düşməni sarsıtmaq üçün göstərilən bütün növ səy və fəaliyyət əslində, Allah dərgahına yaxınlaşmaqdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, bütün peyğəmbərlərin ixlaslı mübarizələrinin məqsədi dini dövlət yaratmaq və haqqı bərqərar etmək olmuşdur: “İslam dövlətində İslam hökmləri və həyat tərzi tətbiq edilməlidir. Cəmiyyətin mədəniyyəti bütün aspektlərdə Quran təlimlərinə uyğun olmalıdır”.
İnqilabın Rəhbəri bəyan etdi ki, xalqın İslam İnqilabının ayrı-ayrı səhnələrində göstərdiyi fədakarlığın əsas amili dini motivdir: “Əgər İslami motiv olmasaydı, o böyük gənclər ordusu Müqaddəs Müdafiə meydanına daxil olmaz, gənclər öz ailələrindən və rahat həyatlarından keçməzdilər”.
O əlavə etdi: “Bu gün də bəzi gənclər həmən müqəddəs motivlərlə təkfirçi cərəyanla mübarizə meydanında olmaq, Hərəmi müdafiə etmək üçün israr göstərir. Bunlar xalqın fədakarlığı və məmurlardan öndə olmasının göstəriciləridir”.
İslam İnqilabının Rəhbəri təzə ilin “Müqavimət iqtisadiyyatı - istehsal və məşğulluq” adlandırılmasına da toxundu: “İstehsal və məşğulluq məsələsi üzərində mərkəzləşmək laızmdır. Bu məqsəd sırf yüksək çinli məmurların göstərişi ilə reallaşmır, əksinə, ciddi diqqət və nəzarət tələb edir”.
Həzrət Ayətullah Xamenei ilin əvvəlində onun idxalatın qarşısının alınması ilə bağlı dediyi sözlərdən əldə eidlən bəzi səhv nəticələri tənqid etdi: “İdxalatın qadağan edilməsi deyilərkən daxildə yetəri qədər istehsal edilməyən və ya daxili istehsala meyar ola biləcək idxal məhsulları deyil, daxili müəssisələr və istehsalı dayandıran idaxlatın dayandırılması nəzərdə tutulur”.
O bildirdi ki, idxalata mənfi baxış daxili istehsala müsbət baxışdan qaynaqlanır: “Hər kəs bilməlidir ki, əgər daxili istehsal və müəssisə işə düşməsə, məşğulluq yaranmayacaq. İşsizlik isə narkomaniya, korrupsiya, ailə problemləri, dövlət və hökumətdən narazılıq kimi sosial patologiyalarla nəticələnir”.
Bu görüş zamanı İslam İnqilabının Rəhbərinin imamətliyi ilə Zöhr və Əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir