Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin planı “olmaz, bacarmarıq” hissi təlqin etməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Silahlı Qüvvələrin yüksək rütbəli komandirləri ilə keçirdiyi Novruz görüşündə qeyd etdi ki, düşmənin planı xalqın, dövlət rəsmilərinin və Silahlı Qüvvələrin ruhiyyəsini zəiflətmək, “olmaz və bacarmarıq” ruhiyyəsi təlqin etməkdir: “İran İslam Respunlikasının Silahlı Qüvvələri Allaha təvəkkül edib özlərinə güvənərək imkan və potensiallarını günbəgün artırmalı, yüksək səy və təşəbbüslə çatışmazlıqları və boşluqları aradan qaldırmalıdırlar”.

Həzrət Ayətullah Xamenei bu görüşdə bütün xalqa, xüsusilə fədakar Silahlı Qüvvələrə və onların ailələrinə bərəkətli və uğur dolu bir il arzuladı: “İnsan üçün ən gözəl dua və ən böyük uğur doğru yolu tanıyıb müəyyən etmək və həmin yolda qətiyyətli olmaqdır”.

O bildirdi ki, Ölkənin Silahlı Qüvvələri fikir və inanca malik qüvvələrdir: “Xalqa ləyaqət və ixlasla xidmət etmək ən böyük ibadətlərdəndir. Bu fürsətin qədrini bilmək lazımdır. Müqəddəs Müdafiə dövründə də mücahidlər və şəhidlər bu fürsətdən istifadə etdilər. Günümüzdə də Allah yolunun bütün yolçularının arzusu şəhadət məqamına çatmaqdır”.

Ali Baş Komandan Silahlı Qüvvələrin əməliyyat və təşkilatlanma gücünün günbəgün artırılmasının zəruri olduğunu vurğuladı: “Maliyyə çatışmazlıqları inkişafa mane olmamalıdır. Müqəddəs Müdafiə dövründə çoxlu çatışmazlıqların olmasına baxmayaraq, uzun sürən müharibə ölkə sərhədlərinin hətta bir metri belə dəyişmədən, qəti qələbə ilə sona çatdı. Bu gün də yüksək təşəbbüs və ciddiyyətlə çatışmazlıqları aradan qaldırmaq olar”.

Həzrət Ayətullah Xamenei məcburi müharibə zamanı Qərb dövlətlərinin Səddama verdikləri hərtərərfli dəstəklərə işarə edərək dedi: “Bu gün Suriya məsələsində kimyəvi silahlardan istifadə edildiyini iddia edən riyakar Avropa dövlətləri məcburi müharibə dövründə bizim cəbhələrə, Sərdəşt və Hələbçə bölgələrinə kimyəvi silah zərbəsi endirməsi üçün Səddama tonlarla kimyəvi silah verdilər”.

O bildirdi ki, ölkəmizin hal-hazırki hərbi nailiyyətləri müharibə dövrü ilə müqayisəyə gəlməyəcək səviyyədədir: “Allah təvəkkül, özünə güvən, administrativ fəaliyyət və nizam-intizam sayəsində bu gün də maneələri aradan qaldıra bilərik”.

Silahlı Qüvvələrdə ruh yüksəkliyinin artırılmasının da yüksək rütbəli komandirlərin vəzifələrindən olduğunu deyən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmənin planı dövlət rəsmiləri, xalq və Silahlı Qüvvələrin ruhiyyəsini zəiflətməkdir: “Düşmən psixoloji müharibə taktikalarından istifadə edərək dövlət rəsmilərində zəiflik və tərəddüd yaratmağa, onlara “olan iş deyil, bacarmarıq” hissini təlqin etməyə çalışır”.

Ali Baş Komandanın toxunduğu məsələlərdən biri tədqiqatların səviyyəsinin artırılması və Silahlı Qüvvələrin təqaüdçülərinə hörmət və qayğı göstərilməsi ilə bağlı oldu: “Təqaüdçülər Silahlı Qüvvələrin qiymətli ehtiyatlarıdırlar. Onların maddi və məişət məsələləri, xüsusilə onlara hörmət və ehtiram göstərilməsi ilə bağlı fikirləşmək və tədbir görmək lazımdır”.

O vurğuladı kı, düşmən Silahlı Qüvvələrin güclənməsinin qarşısını almağa çalışır: “Düşmən Silahlı Qüvvələrin Ordu, Korpus, Polis, Bəsic və sair bölmələrinin hər birini bir vasitə ilə sarsıdaraq daxildən zəiflətməyə çalışır. Buna görə də Silahlı Qüvvələr təşkilatlanma baxımından hər gün daha da güclənməlidir”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın Suriyaya hücumu və bu addımın dünyanın digər regionlarında da atıla biləcəyinin mümkün olduğunu göstərmək məqsədi güdən bəzi analiz və təhlillərə işarə edərək dedi: “Cinayət, təcavüz, qanunları tapdalamaq tamamilə amerikalılara xas olan bir davranışdır. Dünyanın başqa regionlarında da bu hərəkətlərə yol veriblər. Ancaq məsələ budur ki, onlar bu məqsədlərini harada reallaşdırmağa cəsarət edəcəklər”.

O vurğuladı: “İslam Respublikası göstərib ki, bu cür yersiz sözlər və yanlış işlər müqabilində meydanı tərk etməyəcək, İnqilaba inanan xalq və dövlət rəsmiləri Allaha təvəkkül edərək təhdidlər qarşısında geri çəkilməyəcəklər. Çünki geri çəkilmə olsaydı, bu gün ölkə ruhi, mənəvəi və mədəni iflasa uğramışdı ”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın Suriyaya hərbi hücum çərçivəsində atdığı son addımları qiymətləndirərkən əlavə etdi: “Amerikalıların tutduğu iş strateji bir səhv idi. Onlar özlərindən əvvəlkilərin səhvini təkrar etməkdə davam edirlər”.

O vurğuladı: “ABŞ-ın əvvəlki dövlət rəsmiləri İŞİD-i yaratdılar və ya ona köməklik göstərdilər. İndikilər də İŞİD və o tipdən olan qruplaşmaları gücləndirməkdədirlər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bu qruplaşmaların təhlükəsi gələcəkdə amerikalıların yaxasından yapışacaq: “Avropa bu gün təkfirçiləri gücləndirmək səhvinin cəzasını çəkir, insanlar evlərdə və küçələrdə təhlükəsiz deyillər. ABŞ da həmən səhvi təkrar etməkdədir”.

Ali Baş Komandandan əvvəl çıxış edən Silahlı Qüvvələrin Baş Qərargah Rəisi general-mayor Baqiri məlumat verdi: “İslam İnqilabının strateji nüfuzunun dərinləşdirilməsi, müqavimət cəbhəsinə dəstəyin artırılması, təkfirçi terrorçular və onların himayədarlarına qarşı ciddi mübarizə, stabil təhlükəszilik yaratmaq və onu daha da artırmaq, İran İslam Respublikasının sularını və maraqlarını müdafiə etmək, müdafiə və hücum gücü və hazırlıqlarının artırılması, ölkə səmasının bütün sutka boyu nəzarətdə saxlanması və monitorinqi Silahlı Qüvvələrin keçən il həyata keçirdiyi ən mühüm fəaliyyətlərdən olmuşdur”.

General-mayor Baqiri bildirdi ki, müxtəlif tipli hərbi təlimlərin həyata keçirilməsi, təhdidlərin hesablanması və əməliyyat planlarının yenilənməsi, Silahlı Qüvvələrin döyüş gücünün artırılması, büdcədə müdafiə sisteminin səhminin artırılması Silahlı Qüvvələrin fəaliyyətlərindəndir: “Silahlı Qüvvələr İslam İnqilabının hədəf və məqsədlərinə nail olmaq üçün ciddi cəhdlə çalışıb fəaliyyət göstərmək vəzifəsi daşıyır”.

Görüşdən sonra İslam İnqilabı Rəhbərinin imamətliyi ilə Zöhr və Əsr namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /