Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Problemlərin həlli yolu inqilabi və səmərəli idarəetmədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün, təzə ilin ilk günü günortadan sonra İmam Rzanın (ə) hərəminin ziyarətçiləri və hərəmin yaxınlığında yaşayan insanların böyük izdihamı qarşısında çıxış etdi. Çıxışı zamanı xalqın inqilab dəyərlərinə, dini əsaslara və məzmunlara bağlılığını, vəhdət və birliyini yüksək qiymtələndirən Ali Məqamlı Rəhbər “məişət və iqtisadi problemlər”in və “Ordibehişt seçkiləri”nin yeni ilin iki mühüm mövzusu olduğunu dedi və vurğuladı ki, ölkənin bütün problemlərinin dindar, inqilabçı, səmərəli və motivasiyalı idarəetmə sayəsində həll edilməsi zəruridir:

“Ölkənin məsul şəxslərinin daxili istehsal üzərində mərkəzləşməsi və xalqın bu sahədəki tələbkarlığı çox problemlərin, xüsusilə gənclərin işsizlik problmenin həllinə gətirib çıxaracaq. Əziz İran xalqı yeni ildə mənim seçki şərtlərinə malik olan hər kəsin izdihamlı iştirakı ilə bağlı əsas və mühüm istəyimi yerinə yetirib İranın izzətini və gücünü artıracaq, şərəfinə şərəf qatacaq, seçkilərdə əsl canlanma nümayiş etdirərək əzəmət və böyüklüyünü düşmənlərə göstərəcək”.

Həzrət Ayətullah Xamenei iqtisadi dinamikliyə ehtiyac, habelə qarşıdan gələn prezident seçkiləri, kənd və şəhərlərin İslami Şuralarına seçkilər baxımından 96-cı ilin ölkə üçün mühüm bir il olduğunu dedi və bu iki mövzu ilə bağlı danışmazdan əvvəl ölkənin 95-ci ildəki vəziyyətinin ümumi təsvirini verdi: “Bu il ölkə iqtisadi problemlərlə qarşılaşsa da, İran xalqı onların öhdəsindən yaxşı gəldi”.

O, İslam İnqilabının dəyərlərinə, iman və dini məsələlərə bağlılığın İran xalqının hərəkət xəttini göstərən iki mühüm parametr olduğunu dedi: “Xalqın 22 Bəhmən yürüşü və 95-ci ildə təşkil edilmiş dini mərasimlərdə izdihamlı iştiraka göstərdiyi böyük diqqət həmişəkindən çox idi, eyni zamanda müxtəlif siyasi ambisiyalardan da uzaq idi. Bu, İran xalqının inqilabçı və dini istiqamətini dost və düşmənlərə nümayiş etdirdi”.

O qeyd etdi ki, 95-ci ildəki milli vəhdət siyasi və ikinci dərəcəli məsələlərdə fikir ayrılıqlarının olmasına baxmayaraq, əsas məsələlərdə həmrəyliyin olduğunu göstərdi: “İran xalqı inqilab və İslam dövləti xəttində eyni istiqamət üzrə hərəkət edir”.

Həzrət Ayətullah Xamenei əziz və fədakar yanğınsöndürənlərin həlak olmasını ötən ilin acı hadisələrindən olduğunu dedi: “Acı hadisələr həmiş var. Ancaq xalqda tərəqqi yönümlü və müjdəverici iradənin olması mühümdür. Milli iradə və birliyə yeni ildə də ehtiyac var”.

Sonra ölkənin əsas və prioritet məsələsi olan iqtisadiyyat sahəsindən söz açan İslam İnqilabının Rəhbəri İran xalqını İslam dövlətindən soyudub küsdürmək məqsədilə düşmənin ona iqtisadi cəhətdən təzyiq göstərdiyini dedi: “Nadan və imansız düşmən uzun illər boyu xalqı İslam dövlətindən ayırmağa çalışsa da, indiyə qədər buna müvəffəq ola bilməmişdir. Bundan sonra da olmayacaqdır ”.

O bildirdi ki, bu layihə ilə mübarizədə, habelə düşmənin təbliğat planının açıqlanması məsələsində hamının, xüsusilə ölkənin məsul şəxslərinin üzərinə mühüm vəzifə düşür: “Düşmən genişmiqyaslı təbliğatları vasitəsilə məişət və iqtisadi çatışmazlıqların İslam dövləti sistemindən qaynaqlandığını, bu vasitə ilə İslam dövləti sisteminin insanların həyat və məişət problemlərini həll etmək iqtidarında olmadığını göstərməyə çalışır”.

Həzrət Ayətullah Xamenei despotizm dövrü ilə müqayisədə İslam Respublikası infrastrukturunun xalqa göstərdiyi son dərəcə böyük xidmətlər kinli təbliğatların gerçəklikdən tamamilə uzaq olduğunu göstərir: “Düşmənlərin hərtərəfli iqtisadi təzyiqlərinə və sanksiyalarına baxmayaraq, İslam dövləti xalqa böyük və qiymətli xidmətlər təqdim edə bilmişdir”.

İslam Respublikasının qürurverici xidmətlərinin uzun-uzadı siyahısından bir neçə nümunə qeyd edən İnqilabın Rəhbəri İslam İnqilabından əvvəlki dövrlə müqayisədə ölkə infrastrukturlarının çox böyük inkişafa nail olduğunu dedi: “Ölkədəki yolların sayının altı dəfə, limanların imkanlarının 20 dəfə, su anbarlarının sayının 30 dəfə artması, İnqilabdan əvvəlki dövrlə müqayisədə elektrik enerjisinin istehsal həcminin 14 dəfə, neft-kimya məhsullarının istehsal həcminin 30 dəfə, polad məhsullarının istehsal həcminin 15 dəfə artımı ölkənin iqtisadi dinamikliyi və inkişafı üçün lazım olan infrastruktur nailiyyətlərinin yalnız bir hissəsidir”.

Həzrət Ayətullah Xamenei onu da qeyd etdi ki, İslam İnqilabının ilk illəri ilə müqayisədə tələbələrin sayının 25 dəfə artması, elmi məqalələrin 16 dəfə artması, kəndlərin abadlaşdırılması və xidmət sektorları ilə bağlı parlaq statistikalar, düşmənlərin qəzəb və narahatlığına səbəb olan göz qamaşdıran müdafiə nailiyyətləri də xalqa göstərilən böyük xidmətlərdəndir: “Bütün bunlar İslam dövlətinin bacarığının nəticələridir. Təbii ki, nailiyyətlər dayanmayacaq. Sadəcə, gözlənilən işlər dövlətin ümumi siyasətlərinə uyğun olmalıdır”.

İslam İnqilabının Rəhbəri həyata keçirilmiş parlaq işlərlə yanaşı bəzi zəifliklərin olduğunu da dedi: “Bu zəfiliklər İslam dövlətinin ümumi hərəkəti deyil, idarəetmələrlə, bəzi rəhbər işçilərin səriştəsizliyi və bacarıqsızlığı ilə bağlıdır”.

O, əsaslı bir prinsip və təcrübəyə işarə edərək əlavə etdi: “İslam İnqilabı tarixi boyunca əgər inqilabçı, fəal və dinamik idarəetməyə malik olsaq, işlər uğurla həyata keçər, yox əgər idarə rəhbərləri zəif, səhlənkar, ümidsiz, qeyri-fəal olsalar, inqilabçı olmasalar, işlər ya dayanar, ya da sağlamlığını itirər. Buna görə də rəhbər işçilər daha motivasiyalı və məhsuldar olmalı, daha çox çalışmalıdırlar. Allahın yardım və dəstəyi ilə belə də olacaq”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Ölkədə həlli mümkün olmayan heç bir problem yoxdur. Əgər ayrı-ayrı sahələrin rəhbər işçiləri dindar, inqilabçı və məhsuldar olsalar, bütün problemlər öz həllini tapacaq”.

İslam İnqilabının Rəhbəri çıxışının əsas mövzusunu təşkil edən ölkənin iqtisadi problemləri, daxili istehsal və iş yerlərinin açılması ilə onların necə həll edilə biləcəyindən danışmazdan əvvəl ölkənin indiki və gələcək potensial və imkanları haqqında açıqlama verdi.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ölkənin əmək ehtiyatları, təbii imkan və potensialları çox yüksəkdir. Nümunə üçün o, bu unikal potensiallardan bir neçəsinin adını şəkdi.

O əlavə etdi: “Əmək ehtiyatları baxımından ölkədə 5 milyon tələbə, 10 milyon universitet məzunu, 23 milyon gənc işçi qüvvəsi var. Bu, böyük bir sərvətdir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, təbii resurslar baxımından da İran inkişaf etmiş və varlı ölkədir: “İranın əhalisi dünya əhalisinin 1/100%-ni təşkil etdiyi halda, təbii resurslar baxımından 1/100%-dən daha yüksəkdə dayanır”.

Həzrət Ayətullah Xamenei ümumilikdə neft-qaz, əlahiddə olaraq isə qaz ehtiyatlarına görə İranın dünya üzrə birinci yerdə dayandığını vurğulayaraq dedi: “İmperialist güclərin, xüsusilə də ABŞ-ın İrana tamah salmasının səbəbi bu təbii sərvətlər və əmək ehtiyatlarıdır. Ancaq onlar şübhəsiz ki, yenidən İranı istila etmək arzusunu özləri ilə qəbirə aparacaqlar”.

Giriş səciyyəsi daşıyan mövzuları qeyd etdikdən sonra ölkənin iqtisadi problemlərini ehtiva edən əsas mövzuya keçid edən İnqilabın Rəhbəri sözə “İslam dövləti İran xalqı və dövləti üçün qarşısına hansı məqsədi qoyub?” sualı və ona verdiyi cavabla başladı: “İslam dövlətinin məqsədi hərtərəfli inkişaf, dünya miqyaslı imperialist güclərin əsarətində olmamaq, istedadların çiçəklənməsi, ölkənin sosial xəsarətlərdən xilas edilməsi, milli təhlükəsizlik, izzət və iqtidara nail olmaq”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu məqsədlərə nail olmaq üçün milli birlik və vəhdət, İnqilab mədəniyyəti, cəsur, aktiv və işgüzar dövlət səlahiyyətliləri ilə yanaşı, məhsuldar idarəetməyə və daxili imkanlara əsaslanan güclü istehsal və iqtisaidyyata ehtiyac var”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu cür iqtisadiyyat milli pulun qiymətli olmasına, neftin dünya bazarındakı qiymətinə təsir göstərilməsinə, xalqın alıcılıq qabiliyyətinin daha da yaxşılaşdırılmasına səbəb olacaq ki, bu da öz növbəsində davamlı iqtidar və təhlükəsizliklə nəticələnəcək”.

O, müqavimət iqtisadiyyatı sahəsində icraedici orqan tərəfindən həyata keçirilmiş addımlara işarə edərək dedi: “Aidiyyatı qurumlar müqavimət iqtisadiyyatının həyata keçməsi üçün yaxşı işlər görüblər. Ancaq bu səylərə baxmayaraq, hal-hazırda cəmiyyətdə böyük iqtisadi boşluqların şahidi oluruq”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, işsizlik, xüsusilə təhsilli gənclərin işsizliyi, əhalinin, xüsusilə aşağı təbəqənin məişət problemləri iqtisadiyyat sahəsinin iki əsas problemidir: “Əhalinin məişət problemləri var. Məişət problemlərinin isə sosial və mədəni nəticələri var. Düşmən də məhz həmin məsələlər üzərində mərkəzləşir”.

Həzrət Ayətullah Xamenei ölkənin iqtisadi problemlərinin əsas düyün nöqtəsinin istehsal böhranı və işsizlik olduğunu hesab edən iqtisadçı ekspertlərin baxış bucağına işarə edərək dedi: “Tam bir kompleks formasında olan müqavimət iqtisadiyyatı siyasətlərində bu problemlərin həlli yolları açıqlanmışdır. Sadəcə, müqavimət iqtisadiyyatı siyasətlərinin müxtəlif sahələri üçün konkret planlar tərtib edilməli və hər periodda həll yollarının müəyyən hissəsi üzərində mərkəzləşmək lazımdır”.

O, məsul şəxslərə 95-ci ildə müqavimət iqtisadiyyatı sahəsi ilə bağlı gördükləri işlərə görə təşəkkürünü bildirdikdən sonra dedi: “Hökumət 95-ci ilin başlanğıcında kiçik və orta istehsal sahələrinə yardım göstərilməsi məsələsini öz gündəliyinə daxil etdi və büdcədən on beş milyard tümən ayıraraq iyirmi min müəssisəni böhrandan çıxarmağı qərara aldı. Gec də olsa, müəyyən addımlar atıldı. Ancaq mühüm olan məsələ görülən işlərin arzuolunan nəticələri verməsi üçün onlara nəzarət və davamlılığın olmasıdır”.

İslam İnqilabının Rəhbəri bildirdi: “Praktiki araşdırmalar göstərir ki, orta və kiçik müəssisələri böhran vəziyyətindən çıxarmaq üçün dövlətin atdığı addımlarda müəyyən nailiyyətlər əldə edilib, ancaq bu nailiyyətlərin nəticələri onlar üçün sərf edilən xərclərdən aşağıdır”.

Həzrət Ayətullah Xamenei ölkənin iqtisadi vəziyyətini səciyyələndirərkən dedi: “Ölkənin bəzi iqtisadi göstəriciləri yaxşı, bəzisi isə mənfidir. İnflyasiya göstəricisinin aşağı olduğu qeyd edildiyi halda, işsizlik göstəricisi artmışdır, iqtisadi inkişaf göstəricilərinin artdığı qeyd edildiyi halda, investisiya artımı mənfidir, neft sektorunda inkişaf etdiyimiz halda, mədən, mənzil və bu kimi sahələrdə geriləmişik”.

O vurğuladı ki, ölkənin rəsmi statistikaları mövcud şəraitin iqtisadi problemlərin həlli istiqamətində olmadığını göstərir: “Belə bir şəraitdə iqtisadi problemlərin həlli üçün ən mühüm prioritet milli və daxili istehsala əsaslanmaqdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, bu məsələləri qeyd etməkdə məqsədi ilk mərhələdə ölkənin məsul şəxslərinin diqqətini əsas prioritetlər olan yerli və daxili istehsala yönəltmək, ikinci mərhələdə xalqı bu məsələlərdə tələbkar olmağa istiqamətləndirməkdir: “Milli istehsal bir açar sözdür. Onun inkişaf etdirilməsinin xalqa böyük faydaları olacaq”.

Həzrət Ayətullah Xamenei milli istehsalın inkişiaf etdirilməsinin bəzi faydalarından danışdı: “İş yerlərinin açılması, hazırda ölkənin problemlərindən biri kimi işsizliyin azalması, gənclərin istedadları və təşəbbüskarlıqlarının çiçəklənməsi, ölkə valyutasının istehlak məhsullarına sərf edilməməsi, dağınıq əmanətlərin dövriyyəyə girməsi, ixracatda sıçrayış, cəmiyyətin böyük sosial, əxlaqi və mədəni bəlalarından biri kimi xarici marka və etiketlərin nümayişinin zəifləməsi, sosial anomaliyaların aradan qalxması, ya da minimuma enməsi, yüksək milli əhval-ruhiyyə yaranması, ölkənin mədən ehtiyatlarının işə düşməsi daxili istehsalın inkişaf etdirilməsinin mühüm nəticə və faydalarındandır”.

O, milli istehsalın inkişaf etdirlməsinin faydalarını qeyd etdikdən sonra daxili istehsalın inkişafı üçün ehtiyac duyulan ilkin şərtlərdən danışdı: “Milli istehsal üçün əmək ehtiyatlarına, investisiya və müasir avadanlıqlara ehtiyac var. Ölkədə qeyd olunanaların bəzisi hal-hazırda mövcuddur, bözisi də gələcəkdə mövcud olacaq”.

İslam İnqilabının Rəhbəri aralarında mühəndis və akademik təhsillilərin də yer aldığı iş axtaran 33 milyon gəncin istehsal sahəsində ehtiyac duyulan əmək ehtiyatlarından olduğunu dedi: “İstehsal üçün lazım olan sərmayə yoxdur” fikrinin əksinə olaraq deyim ki, bizə lazım olan sərmayə var”.

Daxili istehsalın inkişaf etdirilməsi üçün lazım olan sərmayənin keyfiyyətinə açıqlama gətirən Həzrət Ayətullah Xamenei Milli İnkişaf Fondunun yaradıldığını qedy etdi: “Bu fond bir neçə il bundan əvvəl elan edilmiş ümumi siyasətlər əsasında yaradıldı. Fond təsis edildiyi il neftdən gələn gəlirin 20%-i bu fondun hesabına köçdü. Sonrakı illərdə də qərara alındı ki, hər il bu 20%-ə 3% də əlavə edilsin. Əgər bu vaxta qədər həyata keçsəydi, indi neft gəlirlərinin 36%-i bu Milli İnkişaf fondunun hesabına köçəcəkdi. Çünki bu fond neft gəlirləri asılılığından xilas olmaq üçün ən yaxşı yoldur”.

O dedi: “94-cü ildə dövlət rəsmiləri neft gəlirlərinin azaldığını açıqlayaraq rəhbərliyin öz səlahiyyətlərindən istifadə etməsini və neftin illik gəlirlərinin 3%-nin Milli İnkişaf Fonduna əlavə edilməməsini istədilər. Dövlət rəsmilərinin bu işin həyata keçirilməsi zərurəti ilə bağlı hisləri nəzərə alındı və bu addım atıldı”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Milli İnkişaf Fondu və özəl sektorun imkanlarından istifadə əsl həqiqətdə istehsalın inkişafı üçün lazım olan sərmayədir”.

Həzrət Ayətullah Xamenei istehsalın inkişaf etdirilməsi üçün lazım olan üçüncü vacib şərtə, yəni müasir avadanlıq məsələsinə işarə edərək dedi: “Bəziləri deyirlər ki, bizim istehsalı inkişaf etdirmək lazım olan modern avadanlıqlarımız yoxdur. Ancaq mən deyirəm ki, qısa müddət ərzində uranın zənginləşdirilməsini 3,5%-dən 20%-ə çatdırmağı bacarmış, beynəlxalq sanksiyaların olmasına baxmayaraq, müdafiə və raket təchizatlarının düzəldilməsində heyrətamiz nailiyyətlərə imza atmaqla düşmən sionizmi təəccüblənməyə və alqış deməyə vadar edən gənc iranlı alimlər şübhəsiz ki, istehsal üçün lazım olan modern vasitələrin düzəldilməsi istiqamətində addım ata bilərlər”.

O vurğuladı: “Əgər biz meydanı gənclər üçün açsaq, düyünlərin çoxu açılacaq. Neçə ildir universitetlə sənaye sahəsi arasında əməkdaşlıq yaradılmasının zəruri olduğunu təkrar-təkar vurğulamağım da bu cəhətdəndir. Qeyd edim ki, bəzi sahələrdə yaxşı işlər də həyata keçirilmişdir”.

İslam İnqilabının Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarəkən dedi: “Milli istehsalın inkişaf etdirilməsi üçün üç ilkin şərt, yəni əmək ehtiyatları, sərmayə və müasir avadanlıqlar var. Ancaq bu mühüm işin həyata keçməsi həm xalqın, həm də qanunverici, icraedici və məhkəmə orqanlarının məsul şəxslərinin üzərinə düşən vəzifə və öhdəliklərlə şərtlənir”.

Həzrət Ayətullah Xamenei vəzifə və öhdəlikləri qeyd etməzdən əvvəl bir nüansı xüsusilə vurğuladı: “Bu məsələni qeyd etməyimin səbəbi dudur ki, hər kəs iqtisadi problemlərin həlli sahəsində dalan olmadığını və irəli gedə biləcəyimizi bilsin”.

O, daxili istehsalın inkişaf edirilməsində məsul şəxslərin üzərinə düşən vəzifə və öhdəliklərə işarə edərək dedi: “Ölkənin daha yüksək vəzifəli rəhbərləri tərəfindən istehsal sahələrinə səmərəli, ümidverici, əhval-ruhiyyəli, motivasiyalı və güclü rəhbərlərin təyin edilməsi bu zəruri şərtlərdən biridir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, 44-cü maddənin siyasətlərindən istifadə edərək əhalinin istehsal sahələrinə cəlb edilməsi bu şərtlərdəndir: “Müharibədə xalq düzgün idarəetmə sistemi ilə Müqəddəs Müdafiə səhnəsinə daxil olduğu və müharibə də ölkənin xeyrinə tamalandığı kimi, iqtisadiyyat və istehsal sahəsində də meydanı xalq və onun iştirakı üçün açmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, ixracat və ixracat partnyorlarının artırılması milli istehsalın inkişafı üçün lazım olan şərtlərdən bir başqasıdır: “Ölkənin ixracatı ilə bağlı verilmiş hesabatlar göstərir ki, bizim ixracatımız bir neçə ölkə ilə məhdudlaşır. Bu da müqavimət iqtisadiyyatı siyasətlərinə ziddir. Bu problemi həll etmək üçün məsul şəxslərin, xüsusilə xarici siyasət sahəsində fəaliyyət göstərən rəsmilərin aktivliyinə ehtiyac var”.

O qeyd etdi ki, məhkəmə orqanı, bu orqanın zabitləri, təhlükəsizlik qüvvələri tərəfindən investisiya təhlükəsizliyinin təmin edilməsi, İslami Şura Məclisi tərəfindən siasətlərin və qanunların sabitləşdirilməsi, maneə yaradan qanunların ixtisar edilməsi daxili istehsalın inkişaf etdirilməsində tələb olunan şərtlərdəndir: “Bəzi investisiya sahələri təbliğ edilir, televiziya və radio kanallarında onlardan danışılır, əhali sərmayəsini həmin istiqamətə yönəldir. Ancaq bir müddətdən sonra məlum olur ki, saxtakarlığa yol verilib. Bu cür hallar investisiya təhlükəsizliyi sahəsində baş verən səhlənkarlıqlarla bağlıdır”.

İslam İnqilabının Rəhbəri daxili istehsalın inkişafı sahəsində xalqın üzərinə düşən vəzifə və öhdəliklərdən də danışdı: “Mən həmişə xalqdan və onun tələblərindən yana olmuşam. Ancaq xalq da məsuliyyət hissi keçirməli, xarici markaların əvəzinə yerli və daxili istehsal məhsulunun istehlakına qiymət və əhəmiyyət verməlidir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, gənclərin səhlənkarlıq və tənbəlliyi bir kənara atması, işlə məşğul olması xalqın üzərinə düşən vəzifə və öhdəliklərdəndir: “Daxili istehsalın inkişaf etdirilməsi sahəsində xalqın üzərinə düşən vəzifələrdən biri arzu olunan cinslərin və məhsulların istehsalı və arzuolunmaz məhsulların istehsalının qarşısını almaqla iranlı əməyinin yaxşılığını və düzlüyünü sübuta yetirməkdir”.

Qeyri-sistematik idxalatın və qaçaqmalçılığın qarşısının alınması məsələsi İslam İnqilabı Rəhbərinin daxili istehsalın gücləndirilməsi istiqamətində sadaladığı şərtlərdən yeddincisi idi: “Daxildə yetərli həddə istehsal edilən məhsulların idxalının şəriət nöqteyi-nəzərindən haram və qeyri-qanuni olduğu bilinməlidir”.

Həzrət Ayətullah Xamenei qida və geyim məhsulları, ev əşyaları, dəftərxana ləvazimatı kimi daxildə istehsalı olan istehlak məhsullarının idxalının bu məhsulların xarici istehsalçısı və satıcısı qarşısında utanca səbəb olduğunu dedi: “Ölkədə bəzi əsas məhsullar istehsal edilməsə də, istehsal imkanına malikdirlər. Buna görə də maneələrin aradan qaldırılması və həmin məhsulların istehsalı ilə onların ölkəyə idxal edilməsinin qarşısı alınmalıdır”.

Ölkəyə gətirilən qaçaq mallarla bağlı statistikaların çox yüksək rəqəmlərlə ifadə olunduğuna işarə edən İslam İnqilabının Rəhbəri bu çox dağıdıcı hadisə ilə qətiyyətli və əsaslı mübarizənin qaçaqmalçı bandalarla mübarizə sahəsindən asılı olduğunu dedi: “Qaçaq malın əsas hissəsi ölkəyə qanuni darvazalar və azad zonalardan daxil olur”.

Qaçaqmalçılıq, kiçik dükan sahibləri və ya malların yerbəyer edilməsi yolu ilə aşağı qazanc əldə edən sərhəd rayonlarının bəzi sakinlərinə qarşı mübarizə məsələsinin yanlış anlaşılmasını tənqid edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qaçaqmalçılıqla mübarizə deyilərkən bu cür hallar nəzərdə tutulmur. Qaçaqmalçı bandalarla mübarizə aparmaq lazımdır”.

İslam İnqilabının Rəhbəri çıxışının başqa bir yerində prezident və şura seçkilərinin çox mühüm əhəmiyyət daşıdığını dedi: “İslam dövlətində seçkilər dini demokratiyanın iki sütunundan biridir və İran xalqının dünyada başıucalğına səbəb olur”.

O qeyd etdi ki, düşmənlərin İrandakı seçkiləri görməzdən gəlmək və ya ona qarşı ittihamlar irəli sürmək üçün çalışması bu mövzunun nə qədər əhəmiyyətli olduğunu göstərir: “Seçkilər İran xalqını daha da gücləndirən, izzətini artıran və şərəfinə şərəf qatan bir hadisədir”.

Həzrət Ayətullah Xamenei ayrı-ayrı ölkələrin vətəndaşları və mütəfəkkirlərinin mərhum İmamın (r.ə) dini demokratiya və ya İslam Respublikası ideyasına valeh olduqlarına işarə edərək dedi: “Dini demokratiya seçkilərə əsaslanır. Xalq seçkilərdə həqiqətən də, fəal olmalıdır”.

İslam İnqilabının Rəhbəri elan etdi ki, şərtlərə cavab verən hər kəsin seçki günündə ümumi iştirakı onun əsas və mühüm istəyidir: “Hər kəs daxil olsun, izdihamlı seçki yaratsın”.

Seçkilərdə qanuna əməl edilməsinin zəruri olduğunu deyən İnqilabın Rəhbəri nəticəsindən asılı olmayaraq xalqın səsinin mötəbər və qanuni sayıldığını vurğuladı: “Mən heç vaxt seçkilərə müdaxilə etmirəm, xalqa da demirəm ki, kiməsə səs versin, ya verməsin. Ancaq kimlərsə xalq səsverməsinin qarşısını kəsmək, maneə yaradaraq xalq səsverməsini pozmaq istəsə, müdaxilə edəcək və qarşılarında dayanacağam”.

Həzrət Ayətullah Xamenei 76, 84, 88 və 92-ci illərin seçkilərində bəzilərinin xalqın səsverməsinin nəticələrini pozmaq üçün çalışdıqlarına işarə edərək dedi: “88-ci ildə bəziləri küçələrdə kompaniyalar yaradaraq seçkilərin nəticələrini pozmağa çalışdıqlarını aşkar şəkildə elan etdilər. Başqa illərdə də bəziləri xalqın səsverməsini pozmağa çalışdılar. Ancaq durdum və israrla bildirdim ki, seçkilərin nəticəsi hər nədirsə, həyata keçməlidir”.

İslam İnqilabının Rəhbəri xalqı seçkilərdə iştriak etməyə və müəyyənləşdirmə aparmağa dəvət etdi: “Allahın köməkliyi ilə Ordibeşhişt seçkiləri izdihamlı və genişmiqyaslı olacaq. Allahın istəyi ilə hər iki seçkinin nəticəsi Allahın razılığına səbəb olacaq”.

O, çıxışının sonunda vurğuladı: “İran xalqı yaxşı seçki keçirməklə bir daha ucalacaq, tərəqqi edəcək. Xalqın düşmənləri keçmişdə olduğu kimi, heç nə edə bilməyəcəklər”.

İslam İnqilabının Ali Məqamlı Rəhbərindən əvvəl çıxış edən İmam Rzanın (ə) müqəddəs məqbərə kompleksinin müdiri Höccətül-İslam vəl-müslimin Rəisi 1396-cı ilin gəlişi münasibəti ilə təbrikini çatdırdıqdan sonra İmam Rza (ə) ziyarətgahına aid olan vəzifələri Ali Məqamlı Rəhbərin elan etdiyi yeddi konsepsiya əsasında şərh etdi.

Mədəni fəaliyyətlər və İmam Rzanın (ə) həyat tərzinin təbliğ edilməsinin kompleksin işçilərinin mühüm vəzifələrindən olduğunu deyən İmam Rzanın (ə) Müqəddəs Məqbərə Kompleksinin rəhbəri bu sahədə mühüm addımlar atıldığını qeyd etdi: “Bilik səviyyəsinin, ayıqlıq və bəsirətin artırılması üçün bütün imkanlardan istifadə, mədəni və tərbiyəvi düşərgələrin yaradılması, təbliğatçı ezam etmək bu fəaliyyət formalarından olmuşdur”.

Höccətül-İslam vəl-müslimin Rəisi habelə ölkənin ayrı-ayrı yerlərindən Müqəddəs Məşhəd şəhərinə ziyarət səfərlərinin təşkili üçün həyata keçirilmiş fəaliyyətlərin, ehtiyaclılara xüsusi diqqət ayrılmasının, ölkənin istehsal sahəsi ilə bağlı problemlərin həlli və iş yerlərinin yaradılması ilə bağlı göstərilən səylərin İmam Rzanın (ə) Müqəddəs Məqbərə Kompleksinin proqramlarından olduğunu dedi: “İmam Rzanın (ə) Müqəddəs Məqbərə Kompleksinin fəaliyyət istiqaməti cəmiyyətin məhrum və yoxsul təbəqəsinin problem və çətinliklərini həll etməkdir. Ümidvarıq ki, 96-cı ildə müqavimət iqtisadiyyatı sahəsində əsaslı addımlar atılacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /