Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Küfr və nifaqla mübarizədə məsum imamlara əməli tabeçilik

Bu gecə məzhəb şairlərindən bir qrupu Həzrət Siddiqeyi-Kubranın (s.ə) şəhadət günlərinin ildönümü münasibətilə İslam İnqilabının Ali Məqamlı Rəhbəri ilə görüşdü.

Həzrət Ayətullah Xamenei bu görüşdə dini şeirlərin məzmunlarının mühüm əhəmiyyət daşıdığını vurğuladı: “İmamların (ə) mədh və müsibətlərini ehtiva edən şeirlər dini poeziyanın mühüm hissəsidir. Ancaq bu hissədə ağıllı, məntiqli, doğru yanaşma və baxış bucağına əsaslanan sözlərdən istifadə edilməlidir. Avam və səthi qənaətlərdən, uydurma və xülyalardan uzaq durmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslamın ilk dövrlərində olan hadisələrin müasir dövrün hadisələri ilə əlaqələndirilməsi dini poeziya və bu poeziyanın nümayəndələrinin mühüm missiyasıdır: “Əziz Peyğəmbər (s) və məsum imamlar (ə) zülm, təcavüz, küfr, nifaq, fəsada qarşı sərt və kəskin mübarizə aparıblar. Elə bu səbəbdən də despot və ədalətsiz hökmdarlar tərəfindən şəhid edilmişlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, məsum imamların (ə) həqiqi davamçısı olmaq üçün əməldə onlara tabe olmaq, küfr və nifaqa qarşı mübarizəni davam etdirmək lazımdır: “İslam Respublikasının hüdudları çərçivəsində dünya miqyaslı küfr və nifaqla mübarizə aparmaq asan və mümkündür. Halbuki bəzi region dövlətlərinin bədbəxtliyi sayəsində Amerikaya qarşı ən xırda etiraz belə, hökumətlərin qəzəbinə və sərt reaksiyasına səbəb olur”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Zalımlara qarşı mübarizə qılınclı mübarizə ilə məhdudlaşmır. Müasir dünyada birinci sözü təbliğat deyir. Zalımlara qarşı söz və şeir vasitələri ilə mübarizə aparmaq olar. Son illər bu sahədə çox yaxşı və ümidverici nümunələr də yaradılmışdır”.

O, İslam dininin hökm və maarifinin dərin potensialına işarə edərək dini şeirlərdə bu ali məzmunlardan istifadənin zəruriliyini vurğuladı: “Dua və minacatlarda, xüsusilə “Səhifeyi-Səccadiyyə”də üstün və ibrətamiz məzmunlar var. Dini şeirlərdə bu təlatümlü dəniz və okeandan istifadə etmək olar”.

İslam İnqilabının Rəhbəri həyat tərzi və dini məzmunda yazan şairlərin bu məsələ ilə bağlı vəzifəsinə də toxundu: “Bu gün Avropa və Amerikada qeyri-qərb ölkələri, xüsusilə İran İslam Respublikasında həyat tərzini dəyişmək üçün bəlli və elan edilmiş hədəf və məqsədi olan mərkəz və qurumlar var”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslami həyat tərzinə qarşı hücumun məqsədi Qərb qurumlarının istəyinə uyğun qətiyyət, əzmkarlıq və hərəkat yaratmaqdır: “Bu hücum müqabilində hasar çəkib müdafiəyə çəkilmək kifayət etmir. İslami həyat tərzini, əxlaqi, siyasi və mədəni məzmun və prinsipləri şeir qəlibində bəyan etməklə vəzifəyə əməl etmək olar”.

O, habelə dini poeziyanın tərəqqisindən və dini şeirlər yazan fəal şairlərin sayının artmasından məmnunluq hissi keçirdiyini də dedi: “Yaxşı şeir çox təsirli və qalıcıdır. Bu gün bizim poetiklik baxımdan Hafiz, Sədi və Saib Təbrizi səviyyəsində olan şairlərə ehtiyacımız var. Bu məqsədə zəhmət, səy və təlaş sayəsində, dahilərin şeirlərini oxumaq və mütaliə etməklə, habelə şeirlərdə gözəl ifadələrdən istifadə etməklə nail olmaq olar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /