İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər hökumət rəsmiləri, otuzuncu İslam vəhdət konfransının qonaqları, müsəlman ölkələrinin səfirləri və xalqın müxtəlif təbəqlərindən olan insanlarla görüşdə vurğuladı: “Bu regionda iki iradə bir-birinə qarşı dayanıb – vəhdət iradəsi və təfriqə iradəsi. Bu həssas vəziyyətdə vəhdət bəxş edən dərman kimi Quran və Böyük Peyğəmbərin ilahi təlimlərinə əsaslanmaq İslam dünyasının problemlərinin həlli yoludur”.
Həzrət Məhəmməd ibn Abdullah (s) və İmam Sadiqin (ə) mübarək mövlud günləri münasibətilə təbriklərini çatdıran İslam İnqilabının Rəhbəri əlavə etdi: “İslam Peyğəmərinin varlığı o qədər əhəmiyyətlidir ki, kərəm və səxavət sahibi olan Allah Qurani-məciddə bu əvəzsiz neməti verdiyinə görə bəşəriyyət üzərinə minnət qoyur”.
Həzrət Ayətullah Xamenei Qurani-Kərimə istinadən qeyd etdi ki, “Rəhmətən lil-aləmin” (aləmlərə rəhmət) olan Peyğəmbərin (s) təlimləri bütün bəşəriyyət üçün bir xilas yoludur. “Bəşəriyyət düşmənləri, sərvət və qüdrət sahibləri bu səadətbəxş təlimlərə qarşıdırlar. Elə bu səbəbdən də Allah Peyğəmbərə (s) göstəriş verir ki, kafirlər və münafiqlərə itaət göstərməkdən çəkinsin, onlara qarşı mübaizə aparıb sərt davransın”.
O, əlavə etdi: İslam və bəşəriyyət düşmənlərinə qarşı mübarizə, təbii ki, müxtəlif şəraitlərə uyğun olaraq, bəzən hərbi, bəzən siyasi, şəraitdən asılı olaraq bəzən mədəni, hətta bəzən də elmi yollarla aparılır. Müsəlman xalqları, xüsusilə də din təbliğatçıları və gənclər sonuncu Peyğəmbərə (s) göndərilən ilahi təlimləri mütaliə edib tanımaqla, bu həyatbəxş təlimlər toplusundan bəhrələnsinlər."
İslam İnqilabının Rəhbəri imperialistlər və müsəmləkəçilərin müsəlmanları zəiflətmək və aralarına təfriqə salmaq üçün hər gün artmaqda olan çalışmalarına toxunaraq deyib: “İslam dünyası bu gün çoxlu problemlər və çətinliklərə məruz qalıb. Birlik, əməkdaşlıq, İslamın çox-çox olan ortaq nöqtələri əsasında fikir və məzhəb ixtilaflarını bir kənara qoymaq bu problem və müsibətlərin həlli yoludur”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Müsəlman xalqları və dövlətləri bir olarsa, amerikalılar və sionistlər öz istəklərini müsəlmanlara zorla qəbul etdirmək gücünü itirər və Fələstinin unutdurulması planı uğursuzluğa düçar olar.
O, qeyd etdi ki, Şərqi Asiyanın Myanmar gölgəsindən tutmuş Qərbi Afrikada Nigeriya dövlətinə qədər müsəlmanların hücum və qətliamlara məruz qalması, Qərbi Asiyanın çox mühüm regionunda müsəlmanların qarşıdurması imperialistlərin təfriqəçi planlarının nəticəsidir: “Bu vəziyyətdə ingilis şiəsi və Amerika sünnisi bir qayçının iki tərəfi kimi münaqişə odunu körükləməklə və ikitirəlik salmaqla məşğuldur”.
İslam İnqilabının Rəhbəri izzət bəxş edən vəhdət iradəsi ilə təfriqənin şeytani iradəsinin qarşı-qarşpıya dayandığını vurğulayaraq dedi: “İngilislilərin köhnə “parçala və hökm sür” siyasəti İslam düşmənlərinin gündəliyindədir”.
Həzrət Ayətullah Xamenei ingilislilərin son iki əsrdə yürütdükləri siyasət və göstərdikləri fəaliyyətlərin region xalqları üçün şər və səfalət mənbəyi olduğunu dedi: “Son günlər ingilislər son dərəcə utanmazlıqla məzlum və əziz İranın region üçün təhdid olduğunu deyiblər. Ancaq hamı bilir ki, həmin ittihamların əksinə olaraq təhdid, fəsad, təhlükə və səfalətin mənbəyi elə ingilislər özləridir”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, İslam İnqilabının qələbəsindən sonra imperialistlərin anti-İslam fəaliyyətlərinin artdığı göstərdi ki, onlar güclü, qüdrətli, mütərəqqi və nümunəvi bir İslam dövlətinin qurulması və davam etməsindən qorxurlar: “Düşmənlər hətta mülayimlik iddiası etsələr də, üzdə bəzəkli görünsələr də, batində sözün əsl mənasında vəhşi və kobuddurlar. Xalqlar bu əxlaqsız, dinsiz və insafsız düşmənlərlə qarşılaşmaya hazır olmalıdırlar”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, vəhdət İslam dünyasının ehtiyac duyduğu ən mühüm hazırlıqdır: “İstər sünni olsun, istərsə də şiə, bütün İslam firqələri ixtilaflardan uzaq dursunlar. Peyğəmbər (s) , Qurani-məcid və müqəddəs Kəbəni vəhdət və birlik mehvəri etsinlər”.
İslam İnqilabının Rəhbəri xalqlar və hökumətlərdən imperialistlərin fitnələrinə qarşı ayıq olmalarını istədi: “Nə üçün zahirdə müsəlman olan ölkələr İslam düşmənlərinin İslam dünyasının daxilindəki təhlükələr və düşmənçiliklərlə bağlı sözlərini qəbul edir və onların siyasətlərinə açıq-aşkar tabe olurlar?”
O, çıxışının sonunda sınaqdan çıxmış əziz İran xalqına səslənərək dedi: “İmamın (r.ə) və İnqilabın iftixarlı yolunun davam etdirilməsi, düşmənlərin qarşısında müqavimət göstərmək, haqq və həqiqəti heç nəyə baxmadan müdafiə etmək, şübhəsiz ki, dünya və axirət səadət və izzətini sizə ərməğan edəcək.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezident cənab Ruhani İslam Peyğəmbərinin (s) əziz və nurlu mövlud ildönümünü haqqa və bütün əxlaqi dəyərlərə dəvət günü adlandırdı: “Əziz Peyğəmbərin (s) davranış tərzi haqqla batil arasında orta mövqe tutmamaqdan ibarət olmuşdur. O, haqq tərəfdə ən yaxşı yolu seçmişdir. Mötədilliyin mənası da məhz budur”.
Prezident maddi və mənəvi tərəqqinin birgə artırılmasının zəruriliyini vurğuladı: “Bu gün ölkə gənclərinin mənəviyyata üz tutması və mənəvi sahələrdə böyük həvəslə yer alması keçmişlə müqayisədə daha çoxdur. Mərkəzi Bankın verdiyi məlumata əsasən maddi inkişaf sahəsində də ölkənin iqtisadi inkişafı ilin birinci altı ayında 7, 14%-ə çatmışdır”.
Regiondakı vəziyyətdən söz açan cənab Ruhani Rəhmət Peyğəmbərinin adı altında dinin simasını terror və düşmənçiliyə bulaşdırmış qrup və cərəyanlara toxunaraq dedi: “İran İslam Respublikası terrorizmlə mübarizədə daim regionun məzlum xalqlarının yanında dayanmış və dayanacaqdır”.
Prezident İraq və Suriyada xaql və ordunun terrorizmlə mübarizədə əldə etdiyi qələbələrdən narahat olduqlarını bildirən bəzi İslam ölkələrini tənqid edərək dedi: “Təəssüflər olsun ki, bəzi İslam ölkələri Suriyanın məzlum əhalisinə, Hələbdəki qadın, uşaq, yaralı və köçkünlərə görə narahat olmaq əvəzinə terrorçuların taleyindən narahatdırlar, onların Hələbdən sağ-salamat xilas olmalarını istəyirlər”.
Cənab Ruhani Əziz Peyğəmbərin (s) yolu və davranışının zülm və təcavüzə qarşı mübarizədən ibarət olduğunu dedi: “Müsəlman ölkələrinin fikir ayrılığı onları əzəmət və inkişafdan saxlayır. İslam dünyasının yeganə çıxış yolu vəhdət və birlikdir”.
Bu görüşdən sonra İslam vəhdəti konfransının qonaqlarından bir qrupu İslam İnqilabının Rəhbəri ilə yaxından görüşüb danışdı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir