Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Hamımız namazın layiqli yerini tanımaq üçün səy göstərməliyik

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 25-ci Ümummilli Namaz Qurultayına ünvanladığı müraciətdə namazın qılınması məsələsində hamının məsuliyyət daşıdığına işarə edərək vurğulamışdır: “Namazın layiqli yerini tanımaq, tanıtdırmaq və əməllərimizdə də ona uyğun yüksəlişə nail olmaq üçün çalışmalıyıq”.

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin bu gün səhər (cümə axşamı) Vəliyyi-Fəqihin Əlborz əyaləti üzrə nümayəndəsi və Kərəc şəhərinin imam cüməsi Höccətül-İslam vəl-müslimin Hüseyni Həmədani tərəfindən oxunmuş müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Namaz, ümmətin bütün fərdlərinin üzünə açılmış bir qapıdır. Onunla Allahın hidayət və rəhmətinə çatmaq, həyatı düzgün, xeyir və bərəkətlə dolu istiqamətə yönəltmək olar. Hər bir fərdin mənəvi sağlamlığı namazla şərtlənir. Hər bir cəmiyyət də doğru yola və pak həyata yalnız namaz vasitəsilə nail ola bilər. Kitab və sünnədə namaz qılınmasına bu qədər təkid edilməsi yalnız ona görədir ki, bu rəhmət qapısı müsəlman fərd və cəmiyyətin üzünə açıq qalsın və ondan bəhrələnmək fürsəti əldə etsinlər.

Uzun illərdir ki, İran İslam Respublikasında bu şüar əldə tutulub: “O kəslərə ki, əgər yer üzündə onlara güc və qüdrət versək, namaz qılar...”

Bu qurultay hər il mücahid və yorulmaz alim cənab Höccətül-islam Qiraətinin səy və qətiyyəti sayəsində təşkil edilir və burada namazın geniş yayılması və namazların keyfiyyətinin yaxşılaşdırılmasının zəruriliyi ilə bağlı tövsiyələr təkrarlanır. Buna baxmayaraq, etiraf etməliyik ki, fərdi və ictimai sferadakı ümdə problemlərimizin əlacı olan bu ilahi vəzifənin haqqı ödənilməyib. Namazın qılınması məsuliyyətində biz məsul şəxslər, natiqlər, xətiblər, ölkəni idarə edənlər, ruhanilər, dinin təlim və təbliği işlərinə rəhbərlik edənlər, bütün fərdlər və cəmiyyətin bütün təbəqələri, bütün hər kəs ortaqdır.

Hamımız namazın Quran və hədislərdə qeyd edilmiş layiqli yerini tanımaq, tanıtdırmaq və əməllərimizdə də ona uyğun yüksəlişə nail olmaq üçün çalışmalıyıq.

Allah-taaladan sizin hamınızın və şəxsən cənab Qiraətinin uğurlarının günbəgün artmasını diləyirəm.

Allahın salam və rəhməti üzərinizə olsun!

Seyyid Əli Xamenei
7 dekabr 2016

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /