Ali Baş Komandan Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta Hərbi Dəniz Donanmasının komandanları və şəxsi heyəti ilə görüşdə Hərbi Dəniz Donanmasının kadrlar, komandanlıq və texniki sahələrdəki nailiyyətləri və potensiallarının diqqət və tərifəlayiq olduğunu dedi, habelə proqramların başa çatdırılması, işlərin daha etibarlı görülməsi və tələskənliyə yol verməkdən çəkinməyin zəruri olduğunu vurğuladı: “Çatışmazlıqların aradan qaldırılmasının şərti böyük iradə və məhdudiyyətlər qarşısında təslim olmamaqdır”.
27 noyabr (7 azər) Hərbi Dəniz Donanması günü münasibətilə təşkil edilən bu görüşdə Həzrət Ayətullah Xamenei dəniz sənayesinin bəzi ölkələrin inkişafında mühüm yer tutduğuna işarə edərək dedi: “Bizim ölkə böyük dəniz sərhədlərinə, habelə qədim dənizçilik tarixinə malikdir. Buna görə İslam Respublikasının Hərbi Dəniz Donanmasının güc və qüdrəti İslam dövlətinin şəninə və bu ölkənin tarixinə layiq olmalıdır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Hərbi Dəniz Donanmasının Beynəlxalq sulardakı güclü iştirakı ölkənin güc və qüdrətinin artmasına səbəb olur: “Beynəlxalq sularda iştirak gücü daha da artırılmalıdır”.
O, çıxışının davamında bildirdi ki, proqram və fəaliyyətlər nəticə hasil olana və tamamlanana qədər davam etdirlməlidir: “İşlərin natamam qalması sual və problem yaradır. Təəssüflər olsun ki, bu vəziyyət ölkənin müxtəlif sahələrində müşahidə edilməkdədir. Həmin mühüm məsələlərdən biri astronomik maaşlar məsələsidir. Qeyd olunan məsələ ilə bağlı aparılan araşdırmaların nəticəsi xalqa aydın olmamış, buna görə də xalqın beynində yaranmış suallar hələ də cavabsız qalmaqda davam edir”.
İnqilabın Rəhbərinin toxunduğu mühüm nüanslardan biri iş və fəaliyyətlərdə etibarlılığa riayət edilməsi zərurəti, tələskənlik və düşünülməmiş addımların yolverilməzliyi oldu: “Hər bir işi ilk başdan etibarlı tutmaq lazımdır. Çünki tələskənlik problemlər yaradır. Təəssüflər olsun ki, bu sahədə də nümunələr mövcuddur”.
Həzrət Ayətullah Xamenei nüvə danışıqları məsələsinə toxunaraq əlavə etdi: “Bu danışıqlar zamanı sanksiyalarla bağlı çox müzakirələr oldu. Ancaq indi ABŞ Konqresində sanksiyaların uzadılması məsələsi müzakirə edilir. Onlar iddia edirlər ki, bunlar sanksiya deyil, uzadılmadır”.
İslam İnqilabının Rəhbəri bildirdi: “Bir sanksiyaya start verməklə zamanı bitdikdən sonra ona yenidən başlamaq arasında heç bir fərqi yoxdur. İkincisi də sanksiyadır və qarşı tərəfin öz əvvəlki öhdəliklərini pozmasıdır”.
O, bu problemlərin fəaliyyət zamanı yol verilən tələskənlikdən qaynaqlandığını dedi: “İşi daha tez tamamlamaq, müəyyən mərhələyə çatdırmaq üçün tələskənliyə yol verdikdə kiçik detallar diqqətdən kənarda qalır. Bəzən kiçik bir detalın diqqətdən kənarda qalması həmin işdə nöqsan və neqativ bir halın yaranmasına səbəb olur. Buna görə də diqqətli olmaq lazımdır ki, iş etibarlı olsun və uyğun sürətlə həyata keçsin”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən İslam Respublikasının Hərbi Dəniz Donanmasının komandanı Əmir Dəryadar Səyyari Donanmanın fəaliyyətləri haqqında məlumat verdi: “Hərbi Dəniz Donanması Beynəlxalq sularda güclü və davamlı iştirakla milli maraqları təmin etmiş, İslam Respublikasının gücünü nümayiş etdirməklə, habelə önləmə tədbirləri həyata keçirməklə İslam dövlətinin iştirak imkanlarını regional sular çərçivəsindən daha uzaqlara aparmışdır”.
Bu görüşdə İslam İnqilabı Rəhbərinin imaməti ilə zöhr və əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir