Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qərbin terrorizm əleyhinə hərbi koalisiyası həqiqi deyil

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra Bosniya və Herseqovinanın prezident şurasının sədri cənab Baqir İzzət Beqoviçlə görüşdü. O, bu görüşdə bəzi Qərb dövlətlərinin təhrikedici və terrorizmi dəstəkləyən siyasətlərinə qarşı mübarizənin zəruri olduğunu vurğuladı: “Müstəqil dövlətlər mübahisə və münaqişə alovunu əlaqələrini möhkəmləndirməklə, habelə imperialist dövlətlərin yürütdüyü siyasətlərin təsirindən kənarda qalmaqla söndürməlidirlər”.

Həzrət Ayətullah Xamenei artıq Avropaya da sirayət etmiş, ehtimal ki, gələcəkdə vəziyyəti daha da pisləşdirəcək təkfir və terrorizm dalğasına işarə edərək dedi: “Bu fenomenin görünən vətəni ərəb regionudur, əslində isə, bu hadisələrin əsl səbəbkarları ABŞ və bəzi Qərb dövlətləridir”.

İslam İnqilabının Rəhbəri Qərb dövlətlərinin terrorizm əleyhinə yaratdıqları hərbi koalisiyalarının həqiqi mübarizə koalisiyası olmadığını dedi: “Bu koalisiyalar bəzən terrorçularla döyüşə girsələr də, ancaq nə İraqda, nə də Suriyada terrorizmin kökünü həqiqətən, kəsmək niyyətində deyillər. Onların pis və mənfur siyasətləri bəşəriyyətin problemlərini günbəgün artırmaqdadır”.

O, qeyd etdi ki, bu vəziyyəti yaxşılaşdırmaq üçün sözügedən problemləri meydana gətirən amillər öyrənilməli və onları həll etmək üçün iradə olmalıdır. O, sonra terrorzmi meydana gətirən amillərdən birinə işarə edərək dedi: “Müsəlman gənclərin bəzi güclü və zəngin Avropa ölkələrində təhqir edilməsi həmin gənclərin İŞİD kimi azğın terror qruplaşmalarına qoşulmasına zəmin yaradır. Həmin təhqir olmuş gənclər Avropaya qayıtdıqdan sonra partlayışlar və qətliamlar törədirlər”.

Həzrət Ayətullah Xamenei habelə İranla Bosniya və Herseqovinanın dostluq əlaqələrinin tarixinə, bu ölkə əhalisinin məruz qaldığı acı və ağır müharibə dövrünə işarə edərək dedi: “Təhlükəsizlik və asayiş bir millətin bütün həyat elementlərinin reallaşması, inkişafı və çiçəklənməsinin zəruri şərtidir”.

İslam İnqilabının Rəhbəri prezidentliyi dövründə Bosniya və Herseqovinaya etdiyi səfəri, əhali tərəfindən isti və səmimi qarşılandığını, habelə bu ölkənin mərhum prezidenti Əli İzzət Beqoviçi hörmətlə xatırladı: “İran İslam Respublikası Bosniya və Herseqovina ilə siyasi, iqtisadi və beynəlxalq konvensiyalar çərçivəsində əldə edilmiş müqavilələr kontekstində müxtəlif sahələri əhatə edən əməkdaşlıq və əlaqələrini artırmağa tam hazırdır”.

Ölkə başçısı cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Bosniya və Herseqovinanın prezident şurasının sədri cənab Baqir İzzət Beqoviç Tehran səfərindən məmnunluq duyduğunu, dövlət rəsmiləri ilə apardığı müzakirələrin uğurla keçdiyini və iki ölkə arasındakı dostluq əlaqələrinin tərəflərin xeyrinə olan faydalı iqtisadi əməkdaşlıqlara çevriləcəyinə ümid etdiyini dedi.

Bosniya və Herseqovinanın yürütdüyü siyasətin müsəlman ölkələrlə olan əlaqələrin möhkəmləndirilmsəi və gücləndirilməsindən yana olduğunu söyləyən cənab Beqoviç terrorizm təhlükəsi ilə mübarizədə əməkdaşlığın zəruri olduğunu dedi: “Bu təhlükəli xəstəlik məscidlərə hücum edilməsinə və günahsız insanların qətlə yetirilməsinə səbəb olmuşdur. Əlbəttə, Bosniya və Herseqovinanın bütün tanınmış simaları təkfirçi təfəkkürə nifrət etdiklərini qətiyyətlə elan edir və onunla mübarizə aparırlar”.

Bosniya və Herseqovinanın prezident şurasının sədri İslam cəmiyyətlərindəki məzhəb münaqişələrinə görə təəssüf hissi keçirdiyini dedi: “İslami vəhdət bütün müsəlmanların vəzifəsidir, təfriqə İslam cəmiyyətlərinin zəifləməsinə səbəb olacaq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /