İslam İnqilabının Ali Məqamlı Rəhbərinin 26 sentyabr 2016 tarixində Kəhgiluyə, Buyer Əhməd və Şimali Xorasan əyalətlərinin Şəhidlər Konqresinin heyət üzvləri ilə görüşü zamanı verdiyi bəyanat bu gün (bazar) səhər Yasuc şəhərinin İmam Xomeyni (r.ə) müsəllasında yayımlandı.
Həzrət Ayətullah Xamenei bu görüşdə qeyd etdi ki, düşmənin yumşaq və gizli müharibədə məqsədi xalqı mübarizə və müqavimət meydanlarından uzaqlaşdırmaq, onlarda hədəf və ideyalara, ölkənin fikri və mənəvi mühitindən istifadəyə etinasızlıq yaratmaqdır: “İran xalqı öz müqaviməti ilə qlobal güclərin hədəflərinin çoxunun gerçəkləşməsinə mane olub. İmperialistlər çoxlu vasitələr, irimiqyaslı təbliğatlar, muzdlu sözçülər, habelə iqtisadi, siyasi və təhlükəsizlik təzyiqləri ilə xalqı məyus etməyə və səhnədən çıxarmağa çalışırlar”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, şəhidlərin adı və xatirəsini yaşatmaq düşmənin bu proqramına qarşı mübarizə, xalqda şövq və yüksək əhval-ruhiyyə ilə birlikdə müqavimət gücünün qorunması amillərindən biridir: “Bu gün şəhidlərin xatirəsinin qorunması bir vəzifədir”.
İslam İnqilabının Rəhbəri sonra şəhidlərin xatirəsi və keçdikləri yolun yaşadılması yollarından danışdı: “Mühüm işlərdən biri fədakarlıqlarını dinlədikdə dinləyicini həyəcanlandıran şəhidin israf, beytül-mala təcavüz və aristokratiya kimi həssas məsələlər qarşısında necə davranacağına aydınlıq gətirilməsi üçün şəhidlərin ruhiyyəsi və həyat tərzi, fikir tarixi və sərmayəsi haqqında məlumat verməkdir”.
İslam İnqilabının Rəhbəri şəhidlərin İslam əxlaqının zirvələri, gənc nəsil üçün örnəklər olduğunu dedi: “Sənət adamları gənclərə şəhidlərin işıqlı simasını göstərmək üçün irəli çıxmalı, müxtəlif vasitələrdən, xüsusilə qısa və oxunaqlı kitablar yazıb nəşr etdirmək kimi vasitələrdən istifadə edərək şəhidlərin həyat gerçəkliklərini şişirtmədən, gözəl və bədii şəkildə təsvir etməlidirlər”.
Həzrət Ayətullah Xamenei məcburi müharibənin şərh edilməmiş mühüm yönlərinin açıqlanmasının zəruri olduğunu vurğuladı: “Məcburi müharibə İslam, İslam hökuməti və böyük İmama qarşı aparılan beynəlxalq müharibə şəraitində müqəddəs müdafiə idi. Böyük cəbhə ağılsız və bədbəxt Bəəsçi Səddamı himayə edirdi. Buna görə də bu günün gənci ölkəni bu cür bəladan xilas etməyi bacarmış şəxslərin kim olduqlarını və necə yaşadıqlarını bilməlidir”
Şəhidlərin ali məqsədləri və ideyalarının açıqlanması zərurəti İslam İnqilabı Rəhbərinin şəhidlərin xatirəsinin yaşadılması formasından danışarkən işarə etdiyi başqa bir nüans oldu: “Bəziləri şəhidlərin yüksək ideyalarını gizlətməyə, Müqəddəs Müdafiəni dünyanın adi müharibələri səviyyəsinə endirməyə, onun ideyalarını təcavüzkar düşmənin geri oturdulması həddində təqdim etməyə çalışırlar”
O, Müqəddəs Müdafiəyə bu səthi baxış bucağının yanlış olduğunu dedikdən sonra şəhidlərin hədəf və məqsədlərinin Allah, İslam, İslam Hökuməti, inqilabçı İslam, hicab kimi mühüm dini hökmlər olduğunu bildirdi: “Bu hədəflər şəhidlərin vəsiyyətnamələrində açıq şəkildə bəyan edilmişdir. Böyük İmamın şəhidlərin vəsiyyətnamələrinin oxunması ilə bağlı israrlarının səbəbi də bu hədəflərin fədakarlıq və candan keçmək şövqünün yaranmasındakı qeyri-adi cazibəsinin dərk edilməsidir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şəhid analarının səbr və fədakarlığı hədəf və ideyaların əsası, Haqq yolunda müqavimət və mübarizə odunun daim şölə saçmasının mühüm amilidir: “Şəhid ataları və anaları ilə danışmaq, şəhidlərin doğulduğu ailə, yetişdikləri mühit, ictimai mövqe və sinif, habelə onların əxlaq və davranışlarının xırdalıqlarına qədər öyrənilməsi üçün qalmış fürsətdən istifadə etmək lazımdır”.
İslam İnqilabının Rəhbəri habelə, şəhidlərin xatirə mərasimlərinin məzmunlu və tərbiyəvi cəhətlərinin gücləndirilməsinin də zəruri olduğunu dedi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir