Mərhəmətli və Bağışlayan Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha! Salam olsun ağamız Məhəmmədə, onun pak Əhli-beytinə, xüsusilə, Allahın yer üzündəki canişini olan Bəqiyyətullaha!
Əbu Həmzə Somalinin Həzrət Səccad (ə) istinadən nəql etdiyi və ötən günlər də bəzi hissələrini qeyd etdiyimiz hədisin davamında belə deyilir: “إن زُکِّیَ خَافَ ما یَقولون” (Əgər paklansa, haqqında deyilənlərə görə qorxar).
İndi bu hissə haqqında danışmazdan əvvəl diqqətlərə bir məsələni çatdırım ki, deyəsən bizim bundan əvvəlki hissə ilə bağlı qeyd etdiyimz bir məsələdən yanlış nəticə çıxarılıb, bəziləri onu səhv başa düşüb. Əslində, özü-özlüyündə yanlış anlama problemli bir şey deyil. Lakin bu məsələ, xüsusilə virtual məkanda dedi-qoduya səbəb olduqda, biri bir şey, başqası başqa bir şey dedikdə mömin qardaşların qəlbinin sınmasına səbəb olduqda, bir-birinə kin-küdurət bəsləməsi ilə nəticələndikdə bu, pis bir şey olur. Mən qəlblərin bir olmasını, vahid xətt üzrə hərəkət etməsini, ölkə qüvvələrinin, xüsusilə mömin və inqilabçı qardaşların vəhdətini istəməkdə çox israrlıyam. Allah etməsin, adam qüvvələr arasında ixtilafa səbəb olacaq bir söz desin, bundan Allaha sığınırıq. Bu cür məsələləri ixtilaf səbəbinə çevirmək olmaz.
Bəli, bir nəfər, bir cənab gəlmişdi yanıma. Mən də həm onun öz xeyrini, həm də ölkənin xeyrini nəzərə alıb dedim ki, filan hadisədə iştirak etməyin. “İştirak etməyin” də, demədim, dedim, sizin iştirakınızı məsləhət görmürəm. Bunu dedim. Əslində, adi bir şeydir. İnsan mömin qardaşın xeyrinə olan bir şeyi gördükdə, başa düşdükdə, hesab etdikdə bunu ona deməlidir. Biz də ölkənin vəziyyətinə demək olar ki, çox adamdan daha yaxşı bələdik. Adamları, xüsusilə, yüzlərlə iclasda bizimlə birlikdə iştirak etmiş adamları da başqalarından daha yaxşı tanıyırıq. Həm qarşı tərəfin, həm də ölkənin vəziyyətini nəzərə alıb bir nəfərə tövsiyə edərək dedim ki, cənab, siz bu işə girməyin, ölkədə ikitirəlik yaranacaq. Ölkədə ikitirəliyin olması ölkə üçün zərərlidir. Mən sizin müdaxilə etməyinizi istəmirəm.
Bəli, bu, mühüm bir şey deyil. Bu, çox sadə və təbii bir məsələdir. Biz bu tövsiyəni cənablardan, qardaşlardan birinə verdik. Yaxşı, indi bu, mömin qardaşlar arasında ixtilafa səbəb olsa, biri desə ki, filankəs deyib, başqası, deməyib – desə, bir başqası, nə üçün mikrofon arxasından deməyib? – desə, (yaxşı, bu da mikrofon – Rəhbər özü və oradakılar gülürlər), düşmənlər də fürsətdən istifadə edib öz məqsədlərinə çatsalar, necə olacaq? Baxın, diqqətli olun!
Yaxşı, bu məsələnin “Sabah” və “BBC” radiosu ilə nə əlaqəsi var? Mövzu qoyub müzakirə açırlar, analiz edirlər - Səbəb nədir? Nə üçün dedilər? – deyə. Bu nə deməkdir? Bu, o deməkdir ki, düşmən istifadə etmək istəyir. Biz nə etməliyik? Biz düşmənin qarşı tərəfində hərəkət etməliyik. Yəni, məsələ qeyd etdiyim kimi, çox sadədir. Belə ki, siz mənim mömin qardaşlarımsınız. Sizin xeyrinizə olan bir şeyi bilirəm və sizə deyirəm. Bunun zahirən, heç bir problemi yoxdur, yaxşı bir şeydir, şəriət nöqteyi-nəzərdən də lazımdır. Xeyirxahlıq lazımdır da. “النّصیحةُ لِلمُؤمنین”, “لِلإخوةِ المُؤمنین” və ya “لأئمّة المؤمنین” (Nəsihət möminlər, mömin qardaşlar, mömin xalq üçündür). Bütün formalarda. Bu, yaxşı bir şeydir. İnsan nəsihət etməlidir. Nəsihətin mənası xeyirxahlıqdır. Mənim zati-alilərinə, məsələn, nümunə üçün cənab ağaşeyx Əbdülaliyə sevgim var. Bilirəm ki, siz bu məsələyə girsəniz, həm sizin, həm də ölkənin zərərinə olacaq. Sizə deyirəm ki, girməyin. Heç, girməyin də, - demirəm, əmr və qadağa deyil. İndi, bəziləri deyib ki, ağa göstəriş verib, əmr edib. Xeyr, dedik ki, məsləhət görmürük. Mən məsləhət görmürəm. Bu, yaxşı bir şeydir. Bu, pis bir şey deyil.
Hələ də deyirlər ki, filankəs (rəhbərlik) Zeydin, Əmrin, Bəkrin və başqalarının təsiri altındadır. Xeyr, bu nə danışıqlardır? Mənim Zeyd, Əmr, Bəkr və bunlardan həm çox məlumatım, həm daha çox motivasiyam var. Həqiqətən, nə məsləhət olsa, Allahla öz aramda nəyi məsləhət bilsəm, deməliyəm. Biz Allaha cavab verməliyik. Mən və sizin kimilərin daim etməli olduğu dualardan biri bu, olmalıdır: “وَاسْتَعمِلْنی لِما تَسْألُنی غَداً عَنه” (İlahi, mənə elə işləri gördür ki, sabah onlar haqqında soruşacaqsan). Sabah bizdən soruşacaqlar. Nə üçün filan şeyi dediniz, filan şeyi demədiniz? Təkcə “dediyinizdən” deyil, “demədiyiniz”dən də soruşacaqlar. Nə üçün filan işi gördünüz, filan işi görmədiniz?, “Görmədiyinzdən” də soruşacaqlar. Bizim dünən izah etdiyimiz hissənin bu hadisəyə ümumiyyətlə, aidiyyatı yox idi. Hədisin mənasını izah edirdik. Deyəsən, bu gün də hədisin mənasını izah edəcəyik. O hadisə də qeyd etdiyim kimidir. Belə məsələlər üstündə mömin qardaşlar arasında ixtilaf yaranması heç məsləhət deyil. Siz bir şey deyəsiniz, o biri bir şey, digəri də başqa bir şey. Üçüncü adam da sırf sizin dava etməyinizi gözləsin və gəlib öz xeyrinə olanı götürüb getsin. Bunlardan ehtiyatlı olmaq lazımdır. Bu gün ölkədəki qüvvələrin, xüsusilə mömin qüvvələrin, iş başında olan qüvvələrin birliyinə ehtiyac var. Çalışsınlar bu cür hallardan ixtilaf yaratmasınlar.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir