İmamət, vilayət və böyük Allah bayramı olan mübarək Qədir-Xum bayramı münasibətilə bu gün (çərşənbə axşamı) səhər İmam Xomeyni (r.ə) hüseyniyyəsinə toplaşmış xalqın müxtəlif təbəqələrindən olan minlərlə insan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
İslam İnqilabının Rəhbəri bu görüşdə mübarək Qədir-Xum təbrikindən sonra Qədir hadisəsinin ən mühüm mesajının imamətin İslamda hökumət prinsipi və meyarının təyinedicisi olduğunu dedi. O, Həzrət Əlinin (ə) özünəməxsus xüsusiyyətlərinə, xüsusilə özünü onun hakimiyyət məsələlərində təzahür etdirən xüsusiyyətlərinə işarə edərək Əmirül-möminin Əlinin (ə) vilayətinə tabeçiliyin o üstün şəxsiyyətə xas olan xüsusiyyətlərə uyğun davranış və onun tövsiyələrinə əməl etməklə şərtləndiyini dedi.
O, Qədir bayramının “Böyük Allah bayramı” olduğunu ifadə edən bəzi ifadələrə işarə edərək dedi: “Bu ifadələrin səbəbi Qədir olayında reallaşan çox mühüm hadisədir. Sözügedən hadisə İslamda hökumət prinsipi və meyarının təyin edilməsindən ibarətddir”.
O, əlavə etdi: “Bu prinsip Allahın göstərişinə əsasən İslam peyğəmbəri (s) tərəfindən elan edilmiş İslam cəmiyyəti üçün xarakterik olan imamət və vilayət prinsipidir”.
İslam İnqilabının Rəhbəri dedi: “Meyarın təyini ilə yanaşı, böyük, işıqlı, müqəddəs və nöqsansız bir şəxsiyyət olan Həzrət Əli (ə) imamət nümunəsi kimi tanıtdırılmışdır”.
O, əlavə etdi: “İmamət və rəhbərlik məsələsində İslam cəmiyyətindən heç kəs Əmirül-mömininin (ə) misilsiz zirvəsinə yetişə bilməz. İslam tarixinin böyük, hərtərəfli və üstün şəxsiyyəti olan dahi Imamımız kimi böyük alim və arif şəxsiyyətlər Əmirül-mömininlə (ə) müqayisədə günəşin bir şüasina bənzəyir”.
O, çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Qədir hadisəsi İslam cəmiyyətində hökumət meyarının əsasının qoyulmasını ifadə edir və İslamın imamət və vilayət meyarından başqa heç bir imperiya, şəxsi, qızıl və güc, tamahkar, təkəbbürlü, ehtiraslar və zadəganlığa əsaslanan hökumət modellərini qəbul etmədiyini göstərir”.
O, Qədir mövzusunun əhəmiyyətindən danışarkən Allahın böyük Peyğəmbərə (s) peyğəmbərliyin təbliğinin imamətin təbliği ilə şərtləndiyini ifadə edən göstərişinə işarə edərək dedi: “Bu İslam inancı möhkəm əsaslara və əsla, sarsılmayan dəlillərə əsaslanır. Bu etiqada bağlılıq və onun bəyanı Əhli-sünnə qardaşlarının hisslərinin təhriki ilə müşayiət olunmamalıdır. Çünki bu, məsum imamların (ə) davranışına ziddir”.
İslam dünyasında vəhdət və birliyin mühüm əhəmiyyət daşıdığını təkrar-təkrar vurğulayan İslam İnqilabının Rəhbəri Əhli-sünnə böyükləri haqqında hər növ təhqiramiz ifadələr işlədilməsinin əslində, imamət inancının məntiqli və əsaslı prinsiplərinin dinlənilməsinə mane olduğunu dedi: “Şiə adı altında İslamın digər firqələrinin hisslərini təhrik etmək əslində, “ingilis şiəçiliyi”dir. Bu isə regionda çoxlu cinayətlər və dağıntılar törətmiş İŞİD və Nüsrə kimi, ABŞ və İngiltərənin kəşfiyyət orqanından asılı olan çirkin və muzdur qruplaşmaların meydana gəlməsi ilə nəticələnir”.
O, çıxışının davamında Həzrət Əlinin (ə) dərin iman, İslamda öncəlik, İslam yolunda fədakarlıq, ixlas, elm və Allahtanıma, şücaət, mərhəmət, hər şeyini qurban verməyə hazır olmaq kimi mənəvi və insani xüsusiyyətlərindən danışaraq dedi: “O cənaba xas olan xüsusiyyətlərin başqa bir hissəsi hakimiyyət üsuluna aiddir. Onlardan ədalət, insaf, cəmiyyətin bütün üzvlərinə eyni gözlə baxılması, dünyanın bərbəzəyindən uzaq durmaq, tədbir, vəzifənin icrasında sürət, açıqlama, cəmiyyətin təqvaya istiqamətləndirmək, haqqa və ədalət əməl edərkən qorxmazlıq xüsusiyyətlərini misal göstərmək olar”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Əmirül-möminin Əlinin (ə) dünyəvi və hakimiyyət imkanlarından şəxsi istifadəyə yönəltməkdən çəkinmişdir: “İxtiyarında olan maliyyə mənbələrindən istifadə etməyə təhrik olunmaq hökumətlərin düçar olduqları bəlalardan biridir. Halbuki, imamət hökuməti bu məsələlərə ciddi şəkildə qarşıdır və ümumi imkanlardan şəxsi istifadə qadağandır”.
İslam İnqilabının Rəhbəri Həzrət Əlinin (ə) İslam cəmiyyətindəki tədbirli davranışlarından danışarkən dedi: “O cənab dost və düşməni tanımaqda, düşmənlərin təsnifatında da tədbirli idi. Onun düşmənlərlə olan üç müharibədəki davranışı tamamilə fərqli olmuşdur”.
O, Əmirül-möminin Əlinin (ə) vəsf edilməyəcək qədər böyük və hərtərəfli bir şəxsiyyət olduğunu dedi: “Bizim vəzifəmiz bu zirvəyə doğru hərəkət etmək, o xüsusiyyətlərdən öz güc və imanımız qədər faydalanmaqdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şiələr Əhli-beytə (ə) itaət göstərərmək və onları özlərinə nümunə götürməklə onlara zinət olmalıdırlar: “Rüşvət alan və ya beytül-mala tamah salan, yaxud pisliklərə göz yuman və cəmiyyətin doğru yola yönəldilməsi işində heç bir məsuliyyət hissi keçirməyən şəxs sistem və İslam cəmiyyətinə bəzək deyil, əksinə, şiəçilik üçün eyib və nöqsan səbəbidir”.
İslam İnqilabının Rəhbəri vurğuladı ki, biz əsla, Həzrət Əli (ə) kimi zahid ola bilmərik, ancaq o işıqlı yolda hərəkət etməklə israf və ifratdan uzaq dura bilərik: “Təəssüflər olsun ki, cəmiyyətimiz çirkin israf xəstəliyinə tutulub. Bu israf özünü müxtəlif yönlərdə, o cümlədən, şəxsi həyatlarda göstərir”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, israfın cəmiyyətdəki mənfi nəticələrindən biri ölkə iqtisadiyyatının zərbə almasıdır: “Əgər hər hansı bir cəmiyyət iqtisadiyyatın daxili möhkəmliyi baxımından arzuolunan nöqtəyə çatmaq istəyirsə, israfın qarşısını almalıdır”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, israfa mane olmaq ilk növbədə cəmiyyətin bütün fərdlərinin vəzifəsidir. Əmirül-mömininin (ə) rəhbərliyinə tabeçilik özünü əməldə göstərməlidir: “Düşmənin zərbə vurmaq üçün istifadə etdiyi vasitələrdən biri cəmiyyətin zəif nöqtələrindən istifadədir. Bu zəif nöqtələr islah edilməlidir.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, hal-hazırki şəraitdə düşmənin əsas məqsədi ölkə iqtisadiyyatına zərbə vurmaqdır. O, müqavimət iqtisadiyyatının reallaşması üçün dəfələrlə israr etdiyini dedi: “Düşmən əhalinin iqtisadi şəraitinin pisləşməsinə, sonda İslam və İslam sisteminə qarşı narazılıq yaratmağa çalışır”.
O, vurğuladı: “Belə bir şəraitdə hökumətin, parlamentin, müxtəlif sahələrin məsul şəxslərinin, habelə, xalqın bütün fərdlərinin vəzifəsi düşmənin hədəfə aldığ nöqtə ilə bağlı proqram tərtib edib fəaliyyət göstərməkdir”.
İslam İnqilabının Rəhbəri eyni halda, İslamın həyatda saxlanması və dinin bərqərar olması üçün dayanmadan səy göstərən saysız gənclərin bərəkəti sayəsində ölkənin ümumi hərəkətini müsbət səciyyələndirdi: “Bu gənclər Allahın lütfü ilə istənilən düşməni, o cümlədən ABŞ və sionist rejimi diz çökdürəcəklər”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Öz çıxışlarımda tez-tez gələcəklə bağlı nikbin olmağımı söyləməyimin səbəbi ölkəni inkişaf etdirə biləcək bu yaxşı reallıqların olmasıdır”.
O, ölkənin müdafiəsi və mübarizə meydanlarında olmağa hazır olan yüksək motivasiyalı mömin gənclərin çox olduğunu dedi: “Bu, ölkəyə nicat gətirəcək həmin motivasiyadır. Onu gücləndirmək lazımdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir