İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günün birinci yarısı Əhali və Mənzillərin Ümumi Siyahıyaalması Komitəsinin məsul şəxsləri, Dövlət Statistika Ali Şurasının üzvləri və İran Statistika Mərkəzinin rəhbər işçiləri ilə görüşdü. O, bu görüşdə dəqiq, mərkəzləşmiş və elmi statistik məlumatların ölkə ilə bağlı səmərəli qərarların qəbul edilməsində əsas sütun rolunu oynadığını dedi və xalqa müraciət edərək ümumi siyahıyaalma layihəsinin mühüm əhəmiyyət daşıdığını bildirdi: “Bütün İran xalqı bu mühüm layihədə ciddi şəkildə iştirak etməlidir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, statistika ölkənin müxtəlif resursları və ehtiyacları ilə bağlı proqramların işlənib hazırlanmasında əsas vasitə və inkarolunmaz bir zərurətdir: “Dəyərli xalqın bütün üzvləri ölkədə düzgün, yerində və səmərəli qərarların qəbul eidlməsi üçün həm bu mühüm layihədə iştirak etməli, həm də ehtiyac duyulan məlumatları statistika qurumlarına dəqiq şəkildə təqdim etməlidir. Səlahiyyətli şəxslərin qeyd etdiyi kimi, statistik məlumatlar konfidensial xarakter daşıyır”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında üzünü ölkənin statistika qurumlarının rəhbərlərinə tutaraq dedi: “Statistikada həm mövcud vəziyyətə aydınlıq gətirilməli, həm dəyişikliklər sürətinin çox yüksək olduğu hazırkı dövrdə ölkə rəsmilərinin proseslərin dəyişikliyindən xəbərsiz qalmaması üçün dəyişikliklər prosesi müəyyənləşdirilməlidir”.
O, statistik məlumatların dəqiqliyi və düzgünlüyü məsələsinin əhəmiyyətinə və yanlış statistikanın ölkəyə vurduğu ağır zərbəyə işarə edərək dedi: “Təəssüflər olsun ki, ölkə siyahıyaalma baxımından geri qalır. Hətta bəzi səlahiyyətli şəxslərin bəzi sahələrdəki həqiqətlərdən və real statistikalardan xəbəri yoxdur”.
İslam İnqilabının Rəhbəri nümunə üçün statistikanın elmi əsaslı iqtisadiyyatda oynadığı mühüm rola toxunaraq dedi: “Ölkənin inkişaf yolu olan elm əsaslı iqtisadiyyat savadlı və təşəbbüskar insan resursuna əsaslanır. Buna görə də iqtisadiyyat və texnikanın bütün sahələrində hansı sayda gənc, istedadlı, təşəbbüskar və motivasiyalı kadrın çalışdığını və fəaliyyət göstərdiyini müəyyən etmək lazımdır”.
Həzrət Ayətullah Xamenei statistikanın müqavimət iqtisadiyyatındakı təyinedici roluna işarə edərək dedi: “Ölkənin mövcud problemlərinin həqiqi həll yolu müqavimət iqtisadiyyatıdır. Əgər dünyanın bütün yolları üzümüzə açılsa, ancaq ölkə iqtisadiyyatı endogen səciyyə daşımasa, sonda bu bərabərlik iflasa uğramış bərabərlik olacaq”.
O, qeyd etdi: “Müqavimət iqtisadiyyatının reallaşması üçün daxili istehsalın, ölkədəki sənaye müəssisələrinin vəziyyət və ehtiyacları barədə dəqiq informasiya və statistik məlumatlar olmalıdır”.
Statistikanın ölkənin məsul, qərar qəbul edən, ümumi diskurs və fikir formalaşdıran şəxslərinə vaxtında təqdim edilməsi məsələsi İslam İnqilabının Rəhbərinin toxunduğu başqa bir nüans oldu.
O, əhalinin ahıllaşması probleminə, demoqrafik artımın qarşısının alınması üçün tətbiq olunmuş siyasətlərin yanlış formada davam etdirildiyinə toxunaraq dedi: “60-cı illərdə əhalinin 4% artması həllini tələb edən bir məsələyə çevrilmışdi. Bu həmin siyasətin tətbiqi oldu. Ancaq bu siyasətlər məsul şəxslərin vaxtında təqdim etdiyi sitatistikaya əsasən müəyyən vaxtda dayandırılmalı və ya yavaşladılmalı idi. Çünki əhalinin yaşlanması əlacı olmayan problemlərdən biridir. Bu gün inkişaf etmiş ölkələrin də bununla bağlı heç bir həll yolu yoxdur”.
Həzrət Ayətullah Xamenei çıxışının davamında statistika mərkəzlərinin təqdim etdiyi məlumatlar arasında fərqliliyin olmasının böyük bir bəla olduğunu dedi: “Bəzən müxtəlif mərkəzlər işsizlik və ya inflyasiya və iqtisadi inkişaf qiyməti ilə bağlı fərqli-fərqli statistik rəqəmlər elan edirlər. Bu isə xalqda inamszlıq yaranmasına səbəb olur”.
İslam İnqilabının Rəhbəri növbəti hökumətlərin əvvəlki hökumətlərin verdiyi statistikaları yanlış hesab etməsi məsələsinə toxunaraq dedi: “Bu dixotomiyanın mənşəyi müəyyən edilməlidir. Ya o dövrdə elan edilən statistikalarda yanlışlıq olub, ya da ondan sonrakı dövrdə. Hər iki halda, müdrik xalqın da mühakimə obyekti olan statistikalarda manipulyasiya böyük günahdır”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Əsaslı işlərdən biri statistikanın bir mərkəzdə, habelə elmi və yekdilliklə qəbul edilmiş metod üzərində mərkəzləşməkdir”.
O, statistik məlumatların toplanması və emalında yeni vasitələrdən istifadə edilməsi zərurətinə toxunaraq dedi: “Ümumi siyahıyaalmanın nəticəsinin elanı gecikdirilməməli, nəticələr dəqiq və elmi prinsiplər əsasında emal edilib ümumiləşdirilməli və ilin sonuna qədər elan edilməlidir”.
O, habelə, 20 illik perspektiv sənəd və İranın makro siyasətləri kimi önəmli sənədlərin funksiya və nəticələrinin dəyərləndirilməsinin Statistika Mərkəzinin əsas vəzifələrindən olduğunu bildirdi: “Statistika Mərkəzi həm siyasətlərin reallaşmasını araşdırmalı, həm də siyasətlərin icrasının nəticələri haqqında rəyini bildirməlidir. Nəticələr ürəkaçan olmadığı təqdirdə siyasətlərə yenidən baxılmalı və düzəlişlər edilməlidir”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən prezidentin müavini, Proqram və Büdcə İdarəsinin müdiri cənab Nobəxt bildirdi ki, əhali və mənzillərin siyahıyaalması işi hər beş ildən bir həyata keçirilir: “1395-ci (2016) ilin siyahıyaalması işi mehr ayının 3-dən 24-ə qədər internet vasitəsilə (24 sentyabr tarixindən 15 oktyabr tarixinədək), mehr ayının 25-dən aban ayının 25-ə qədər (16 sentyabr tarixindən 15 noyabr tarixinədək) əyani şəkildə həyata keçirilir”.
İran Statistika Mərkəzinin direktoru cənab Parsa ölkə əhalisi və mənzillərin ümumi siyahıyaalma prosesinin ölkə üzrə 25 min statistikaçı vasitəsilə həyata keçiriləcəyini dedi: “Hər ailə haqqında məlumat toplamaq 10-15 dəqiqə vaxt tələb edir. Xalqı əmin edirik ki, onların individual məlumatları məxfi qalacaq”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir