İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Mina və Məscidül-həram şəhidlərinin ailələri ilə görüşdü. Ali Səudun bu hadisə zamanı səhlənkarlığı və səriştəsizliyi bir daha sübuta yetirdi ki, bu lənətlənmiş xəbis şəcərənin iki şərafətli hərəmi idarə etməyə ləyaqəti çatmır: “Əgər doğru deyirlərsə və bu hadisədə heç bir təqsirləri yoxdursa, onda imkan versinlər beynəlxalq səviyyəli bir İslam Tədqiqatçıları Heyəti yaxından araşdırma aparıb məsələnin gerçək tərəflərinə aydınlıq gətirsin”.
Həzrət Ayətullah Xamenei Mina və Məscidül-həram şəhidlərinin ailələri ilə görüşün keçən il baş vermiş üzücü hadisələri xatırlatdığını dedi: “Mina hadisəsi və iranlı hacıların qızmar günəş altında susuz dodaqlarla ibadət edərkən can verməsi kədərli və unudulmaz hadisədir. Bu hadisə siyasi, ictimai, əxlaqi və dini baxımdan müxtəlif maarifləndirici yönlərə malikdir. Bu yönlər unudulmamalıdır”.
İslam İnqilabının Rəhbəri dedi: “Keçən il ailələrin öz əzizlərinin dünyalarını dəyişməsi xəbəri ilə qarşılaşması və onların cənazələrinin gətirilməsi çox ağır və çətin idi. Ancaq bu müsibət qarşısında o əzizlərin şəhidlər kimi Allahın məğfirət, rəhmət və nemət kölgəsində olacağı həqiqətinin diqqət mərkəzində saxlanması təsəlli və rahatlıq səbəbi ola bilər”.
Həzrət Ayətullah Xamenei sonra Mina hadisəsində Allah evinin ziyarətçilərindən yeddi min nəfərin şəhid olması faktına işarə edərək bu fakta biganə yanaşan dövlətləri “Nə üçün ölkələr və dövlətlər bu ağır və kədərli hadisə ilə bağlı heç bir reaksiya nümayiş etdirmirlər?” – deyə, tənqid etdi.
O, qeyd etdi ki, dövlətlər, hətta alimlər, siyasi fəallar, İslam dünyasının ziyalı və görkəmli şəxsiyyətlərinin 7 min günahsız ziyarətçinin şəhid olması faktı qarşısında sükut etməsi İslam ümmətinin böyük bəlasıdır: “Ürək dağlayan ağır Mina hadisəsinə bənzər məsələlərə həssas yanaşılmamsı İslam dünyasının əsl bəlasıdır”.
İnqilabın Rəhbəri Səudiyyə rəhbərlərinin bir dilucu üzrdən belə boyun qaçırmasının onların həyasızlığının və ləyaqətsizliyinin zirvə nöqtəsi olduğunu dedi: “Hətta hadisə qəsdən törədilməsə belə, bu qədər tədbirsizlik və səriştəsizlik istənilən siyasi hökumət üçün cinayət hesab edilir”.
Həzrət Ayətullah Xamenei Mina şəhidlərinin sinəsinə dağ çəkilmiş ailələrinin qarşısında etdiyi çıxışına belə davam etdi: “Bir rejim ki, hətta gəlir də gətirən Allah qonaqlarını idarə etməyi bacarmırsa, başqa vaxtlarda Mina hadisəsinə bənzər hadisələrin baş verməyəcəyinə zəmanət varmı?”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “İran xalqı Ali Səudun cəhalət və azğınlığı qarşısında cəsarətlə dayanıb, Qurana əsaslanan haqq mövqelərini qürur hissi ilə açıq şəkildə bəyan edir. Digər xalqlar və ölkələr də səudiyyəlilərin yaxasında cəsarətlə yapışmalıdırlar”.
O, dedi: “Səudiyyəlilərin səriştəsizliyi və onların Allah evinin ziyarətçilərini məruz qoyduqları qeyri-sabit şərait göstərdi ki, bu hökumət şərafətli hərəmləri idarə etməyə layiq deyil. Bu reallıq bütün İslam dünyasına yayılmalı və öz yerini tapmalıdır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, Mina hadisəsinin başqa bir tərəfi insan hüquqları iddiaçılarının ölüm saçan sükutudur.
İslam İnqilabının Rəhbəri insan hüquqlarının müdafiəçiləri olduqlarını iddia edən təşkilatların bəzi ölkələrdəki məhkəmə qərarları qarşısındakı siyasi – təbliğat qalmaqalına işarə edərək dedi: “Bir hökumətin üzərinə düşən vəzifələrin icrasında səhlənkarlığa yol verməsi, nəticədə, 7 min məzlum və günahsız insanın ölümünə səbəb olması qarşısında sükut etmək dünyanın insan haqları iddiaçılarının yalançı mahiyyətlərini üzə çıxardı. Beynəlxalq qurumlar və təşkilatlara ümid bağlayan şəxslər bu acı həqiqətdən nəticə çıxartmalıdırlar”.
Həzrət Ayətullah Xamenei tədqiqatçı bir heyətin yaradılmasının İslam ölkələrinin və insan haqları iddiaçılarının qarşısında duran vacib və zəruri vəzifələrdən olduğunu dedi: “Bu qəmli hadisədən bir il keçməsinə baxmayaraq, vizual faktlar, audio və yazılı sənədlərin tədqiqi hadisənin mahiyyətinə çox böyük aydınlıq gətirəcək”.
O, ölkənin səlahiyyətli şəxslərindən həqiqətləri üzə çıxaracaq tədqiqatçı heyətin yaradılması işini ciddi şəkildə təqib etmələrini istədi: “Əgər Ali Səud iddia etdiyi kimi, Mina hadisəsində günahsız olduğuna əmindirsə, ağızları pulla bağlamasın, tədqiqatçı heyətin məsələni yaxından araşdırmasına imkan versin".
İnqilabın rəhbəri çıxışının davamında Səudi rejiminin himayədarlarının bu rejimin Mina faciəsindəki cinayət ortağı olduğunu dedi: “Utanmaz Səud rejimi ABŞ-ın dəstəyi ilə müsəlmanlara qarşı kobudluq edir, Yəmən, Suriya, İraq və Bəhreyndə qan tökür. Buna görə də ABŞ və Riyadın digər himayədarları səudiyyəlilərin cinayətlərinə şərikdirlər.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, asılı təbliğat vasitələri Mina cinayətlərini şiə və sünni, ərəb və qeyri-ərəb qarşıdurması kimi qələmə verməyə çalışır: “7 min Mina şəhidinin əksər hissəsinin, o cümlədən iranlı şəhidlərin çoxunun sünnilər olduğu halda, Səudiyyə rəhbərlərinə xidmət edən təbliğatçıların himayədarları bu yalanı təkrarlamaqda davam edirlər.
O, əlavə etdi: “Ali Səud və onların yaratdığı cəllad terrorçular Yəmən, Suriya və İraqda ərəb xalqını qanına qəltan edirlər. Bu da onu göstərir ki, qərblilərin çirkli təbliğatının əksi olaraq səudiyyəlilər ərəb xalqının himayədarları deyillər. Mina hadisəsinin ərəb və qeyri-ərəb medialarının uydurma qarşıdurmasına heç bir aidiyyatı yoxdur”.
İnqilabın rəhbəri vurğuladı: “Hadisənin əsl mahiyyəti ondan ibarətdir ki, mənfur səudiyyəlilər İslam dünyasının öz içində bir hissəsi bilərəkdən, başqa bir hissəsi isə bilmədən müsəlmanlarla düşmənçilik edən bir qrupdur. İslam dünyası onların qarşısında durmaqla səudiyyəlilərin ərbabları, yəni ABŞ və İngiltərəyə öz nifrətlərini bildirsinlər”.
Həzrət Ayətullah Xamenei çıxışının sonunda müxtəlif qurumları, o cümlədən Xarici İşlər Nazirliyi, Vəliyyi-fəqihin Həcc və Ziyarət Məsələləri üzrə Nümayəndəliyi, Həcc idarəsi və Şəhid Fondunu böyük Mina hadisəsi qarşısında üzərlərinə düşən vəzifələri tam şəkildə yerinə yetirməyə çağırdı”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Vəliyyi-fəqihin Həcc və Ziyarət Məsələləri üzrə nümayəndəsi Höccətül-İslam vəl-müslimin Qazi Əsgər 8 snetyabr 1978-ci il, 31 iyul 1987-ci il və ötən ilin Həcc şəhidlərinin şəhadəti münasibətilə başsağlığı verərək dedi: “İki böyük Mina və Məscidül-həram faciəsi Həccin şirinliyini acıya çevirdi, xalqın və çox ailələrin sinəsinə dağ çəkdi”.
Höccətül-İslam vəl-müslimin Qazi Əsgər səudiyyəlilərin tədqiqatçı komitənin təşkili məsələsindəki təxribatına işarə edərək dedi: “Ali Məqamlı Rəhbərin Həcc və Ziyarət Məsələləri üzrə Nümayəndəliyi və Həcc idarəsi faciənin əyani şahidlərinin ifadələrinin qeydiyyata alınması və hüquqşünasların əməkdaşlığından, habelə beynəlxalq hüquq təşkilatlarından istifadə edərək Mina hadisəsinin araşdırılmasını davam etdirəcək və bu hadisəsinin unudulmasına imkan verməyəcək”.
Vəliyyi-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun rəhbəri Höccətül-İslam vəl-müslimin Şəhidi Məhəllati Mina və Məscidül-həram hadisəsinin anım mərkəzinin fəaliyyətləri haqqında məlumat verdi: “Qəmli Mina hadisəsi Ali Səudun pis idarəçiliyi və səriştəsizliyi nəticəsində baş verdi”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir