Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dünyası Həcc məsələsi ilə bağlı ciddi qərar qəbul etməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Həcc mərasimi ərəfəsində dünya müsəlmanları və Allah evinin ziyarətçilərinə ünvanaldığı mühüm müraciətdə İbrahimi Həccin İslam ümmətinin beynəlxalq hegemonlar qarşısındakı izzət və əzəmətinin göstəricisi olduğunu qeyd etdi və Mina faciəsi zamanı baş vermiş acı hadisələrə işarə edərək İslam dövlətləri və xalqlarına çağırış etdi: “İslam dövlətlərindən tutmuş müsəlman xalqlara qədər, bütün İslam dünyası Səudiyyə rəhbərlərini yaxşı tanımalı, İslam coğrafiyasında törətdikləri cinayətlərə görə onların yaxasından bərk yapışmalı, iki şərafətli hərəmin idarəçiliyi və Həcc mərasimi ilə bağlı ciddi qərar qəbul etməlidirlər”.

İslam İnqilabı Rəhbərinin müraciətinin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Həmd aləmlərin Rəbbi üçündür. Allahın salavat və salamı olsun seyyidimiz Muhəmmədə, onun pak və təmiz Əhli-beytinə, seçkin səhabələrinə və gözəl əməllərlə onlara tabe olan şəxslərə, Qiyamət gününə qədər!

Bütün dünyadakı müsəlman qardaş və bacılar! Müsəlmanlar üçün Həcc mövsümü yaradılmışların gözündə fəxarət və əzəmət mövsümü, qəlblərin işıqlanması, Yaradan qarşısında təvazökarlıq və yalvarış mövsümüdür. Həcc dini, dünyəvi, ilahi və sosial baxımdan vacib bir ayindir.

«فَاذکُرُوا اللّهَ کَذِکرِکُم ءابآءَکُم اَو اَشَدَّ ذِکرًا» (Atalarınızı yad etdiyiniz kimi, hətta bundan da artıq Allahı yad edin! – Bəqərə - 200) və «وَ اذکُرُوا اللّهَ فی اَیّامٍ مَعدوداتٍ» (Sayı bəlli olan günlərdə Allahı yad edin – Bəqərə - 2003) əmrləri və «اَلَّذی جَعَلناهُ لِلنّاسِ سَوآءَنِ العاکِفُ فیهِ وَالباد» (Onu istər yerli olsun, istərsə də səhradan gələn bütün insanlar üçün bərabər etdik) xitabı bu mövsümün sonsuz və fərqli yönlərinə aydınlıq gətirir.

Bu misilsiz vacib əməldə zaman və məkan təhlükəsizliyi açıq-aşkar əlamət və parlaq ulduz kimi insanların qəlbinə rahatlıq bəxş edir, Həcc zəvvarını insanları daim təhdid etmiş, mənbəyi istilaçı zalımlar olan təhlükə amillərinin mühasirəsindən çıxarır və bəlli dövrdə təhlükəsizliyin ləzzətini ona dadızdırır.

İslamın müsəlmanlara hədiyyə etdiyi İbrahimi Həcc izzət, mənəviyyat, vəhdət və əzəmət simvoludur; İslam ümmətinin əzəmətini və onun yenilməz ilahi qüdrətə arxalandığını bədxah düşmənlərə nümayiş etdirir və onunla beynəlxalq hegemon quldurların insan cəmiyyətlərini məruz qoyduğu fəsad, həqarət və boyunduruq bataqlığı arasında əhəmiyyətli dərəcədə fasilə yaradır. İslam və tövhidə əsaslanan Həcc «اَشِدّآءُ عَلَی الکُفّارِ رُحَمآءُ بَینَهُم» (Kafirlərə qarşı sərt, öz aralarında mərhəmətlidirlər) ayəsinin təzahürü, müşriklərə nifrət, möminlərlə isə ülfət və vəhdət məkanıdır

Həcci ziyarət-səyahət səfəri səviyyəsinə endirənlər və Həcci siyasiləşdirmək adı altında İranın mömin və inqilabçı xaqına qarşı olan düşmənçilik və kin-küdurətlərini gizlədənlər böyük şeytan Amerikanın maraqlarının təhlükəyə düşməsindən qorxan xırda və cılız şeytanlardır. Bu il Allah və Məscidül-həramın yoluna sədd çəkib Məhbubun evinə gedən yolu İranın qeyrətli və mömin xalqının üzünə bağlamış Səudiyyə rəhbərləri üzüqara azğınlardılar. Onlar təcavüzkar qüdrət taxtında qalmağın dünya hegemonlarının müdafiəsindən, sionizm və Amerika ilə müttəfiqlikdən, onların istəklərini yerinə yetirməkdən asılı olduğunu düşünür və bu yolda istənilən xəyanətə əl atmaqdan çəkinmirlər.

Artıq Minada baş vermiş dəhşətli faciədən bir il keçir. Həmin faciə zamanı bayram günü, ehram libasında minlərlə insan qızmar günəş altında, susuz və məzlumcasına həlak oldu. Ondan bir neçə gün qabaq Məscidül-həramda da ibadət, təvaf və namaz halında olan bir qrup insan qanına qəltan edildi. Hər iki hadisədə müqəssir Səudiyyə rəhbərliyidir. Bunu bütün hal şahidləri, hadisəni öz gözləri ilə görənlər və texniki analitiklər yekdilliklə təsdiq edir. Hətta bəzi ekspertlər hadisənin qəsdən törədilməsi ehtimalını verirlər. Onların Qurban bayramında eşq və sevgi dolu qəlblə Allahın ayələrini zikr və tərənnüm edərkən məruz qaldıqları hadisə nəticəsində xəsarət almış yarıcan yaralıların xilas edilməsi işində səhlənkarlıq göstərdikləri qəti və danılmaz faktdır.

Daşürəkli cinayətkar Səudiyyə mənsubları onları həlak olanlarla birlikdə bağlı konteynerlərdə həbs etdilər, müalicə, yardım, hətta susuz dodaqlarını su ilə islatmaq əvəzinə şəhid etdilər. Müxtəlif ölkələrdən olan minlərlə ailə əzizlərini itirdi və mənsub olduqları xalqlar acı çəkdilər. Şəhidlər arasında İran İslam Respublikasından olan 500-ə yaxın insan olmuşdur. Ailələrin ürəyi hələ də yaralı və qəmgindir, xalq hələ də kədərli və qəzəblidir.

Səudiyyə rəhbərləri üzrxahlıq, peşimançılıq və bu qorxunc hadisənin bilavasitə səbəbkarı olmuş şəxsləri məsuliyyətə cəlb etmək əvəzinə son dərəcə həyasızlıq göstərərək hətta Beynəlxalq İslam Tədqiqatçıları Heyətinin təşkilindən də boyun qaçırdılar; müttəhim kürsüsündə oturmaq əvəzinə iddiaçı tərəf kimi çıxış edərək İslam Respublikası, küfr və imperializmə qarşı qaldırılmış hər İslam bayrağı ilə əzəli düşmənçiliklərini sərsəricəsinə büruzə verdilər.

Sionistlər və Amerika qarşısındakı davranışları İslam dünyasına utanc gətirən siyasətçilərindən tutmuş açıq-aşkar Kitab və Sünnəyə zidd fitvalar verən haramxor və dinsiz müftilərinə, habelə hakim rejimin yalan və iftiralarına mane olacaq peşəkarlıq vicdanı olmayan media nökərlərinə qədər, bütün təbliğat ruporları əbəs yerə çalışıb İslam Respublikasını iranlı zəvvarları builki Həcc mərasimindən məhrum etməkdə müqəssir göstərirlər.

Təkfirçi və cinayətkar qruplaşmaları yaradıb təchiz etməklə İslam dünyasını günahsız insanların qətli və yaralanması ilə müşayiət olunan vətəndaş müharibələrinə sürükləyən, Yəmən, İraq, Suriya, Liviya və bəzi digər ölkələrdə qırğınlar törədən fitnəkar rəhbərlər; işğalçı sionist rejiminə dostluq əlini uzadaraq fələstinlilərin ürək dağlayan müsibət və əzablarına göz yuman, zülm və xəyanətlərinin miqyasını Bəhreynin şəhər və kəndlərinə qədər genişləndirmiş Allahdan xəbərsiz siyasətbazlar; böyük Mina faciəsini törətmiş, iki Hərəmin xadimi adı altında Allahın əmin-amanlıq yeri olan hərəminə qarşı hörmətszilik göstərən, Allah qonaqlarını bayram günü Minada, ondan qabaq isə Məscidül-həramda qurbanlıq edən dinsiz və vicdansız rəhbərlər hal-hazırda Həccin siyasi olmamasından dəm vurur və başqalarını özlərinin törətdikləri ya da səbəb olduqları böyük günahlarda ittiham edirlər. Onlar Qurani-Kərimin açıq şəkildə bəyan etdiyi şəxslərin tam prototipləridirlər: «وَ اِذا تَوَلّیٰ سَعیٰ فِی الاَرضِ لِیُفسِدَ فیها وَ یُهلِکَ الحَرثَ وَ النَّسلَ وَ اللّهُ لا یُحِبُّ الفَساد * وَ اِذا قیلَ لَهُ اتَّقِ اللّهَ اَخَذَتهُ العِزَّةُ بِالاِثمِ فَحَسبُه‌و جَهَنَّمُ وَ لَبِئسَ المِهاد» (Üz çevirdikdə isə yer üzündə fitnə-fəsad törətməyə çalışar, əkinləri və nəsilləri məhv edər. Allah fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!” – Bəqərə - 205-206).

Əldə olan məlumatlara görə, bu il də Amerika və sionist rejimin məxfi kəşfiyyat orqanlarının köməyindən istifadə edərək iranlı və bir sıra digər xalqlardan olan ziyarətçilərin qarşısında maneə yaratmaqla yanaşı, başqa ölkələrdən gəlmiş zəvvarları qeyri-ənənvi üsullarla nəzarətdə saxlayaraq Allahın əmin-aman evini hər kəsə təhlükəli etmişlər. İslam dövlətlərindən tutmuş müsəlman xalqlara qədər bütün İslam dünyası Səudiyyə rəhbərlərini tanımalı, onların sayğısız, imansız, asılı və maddi mahiyyətlərini düzgün dərk etməli, İslam coğrafiyasında törətdikləri cinayətlərə görə onların yaxasından yapışmalı, Allah qonaqlarına qarşı qəddar davrandıqları üçün Müqəddəs Hərəmlərin idarəçiliyi və Həcc məsələsi haqqında ciddi qərar qəbul etməlidirlər. Bu işdə səhlənkarlıq İslam ümmətinin gələcəyini daha böyük problemlərlə üzləşdirə bilər.

Müsəlman qardaş və bacılar! Bu il İranın müştaq və ixlaslı hacılarının Həcc mərasimindəki yeri boşdur, lakin onlar qəlbən dünyanın hər tərəfindən gəlmiş hacıların yanında yer almış və onlara görə narahatdırlar, təcavüzkarların mənfur ağacının onlara zərər verməməsi üçün dua edirlər. Dualarınızda, ibadətlərdə və minacatlarınızda iranlı qardaş və bacılarınızı xatırlayın, İslam cəmiyyətlərinin problemlərdən xilas olması, İslam ümmətinin imperialistlər, sionistlər və onların əlaltılarının şərindən xilas olması üçün dua edin.

Mən keçən il Mina və Məscidül-həramda, 1987-ci ildə isə Məkkədə şəhid olmuş insanların xatirəsini əziz tutur, Allah-taaladan onlara bağışlanma, rəhmət və yüksək dərəcələr diləyir, Həzrət Bəqiyyətullah Əzəmi (ruhumuz ona fəda) salamlayır və ondan İslam ümmətinin yüksəlişi, müsəlmanların düşmənin fitnə və şərindən xilas olması üçün dua etməsini istəyirəm (1).

Uğur Allahdandır və etimad Onadır

Seyyid Əli Xamenei
30 zilqədə 1437
2 sentyabr 2016

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /