Silahlı Qüvvələrin Ali Baş Komandanı Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) günorta İran İslam Respublikası ordusunun Xatəmul-ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandanları və şəxsi heyəti ilə görüşdü. Bu görüşdə "istənilən hücuma qarşı mübarizənin ön cəbhəsi" kimi hava hücumundan müdafiənin mühüm əhəmiyyət daşıdığını deyən İnqilabın Rəhbəri İran İslam Respublikasının qarşısında dayanan cəbhənin xəbis, hiyləgər və xalqın müstəqilliyinə qarşı olan bir cəbhə olduğunu vurğuladı: “Ölkənin müdafiə qüdrətini zəiflətmək məqsədi güdən bu düşmən qarşısında silahlı qüvvələrin hazırlıqları o qədər artmalıdır ki, düşmən hətta təcavüz barədə fikrə belə düşməsin".
Həzrət Ayətullah Xamenei insan qüvvəsinin əzmkarlığı, iradəsi və bacarığının maneələr və zəifliklərin aradan qaldırılması istiqamətində mühüm amil olduğunu dedi: "Hava Hücumundan Müdafiə Qərargahı ön və əsas cəbhədir. Bu mühüm mövqeyi yüksək qiymətləndirməli, əzmkarlıq, iradə və qətiyyətlilik göstərərək düşmənin hücum əzmkarlığını zəiflətməlisiniz".
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İran xalqı və İslam sisteminə qarşı düşmənçilik dünyada yayılmış bəzi düşmənçiliklərdən daha əhatəlidir: "Bizə qarşı olan, “hegemon sistem” və ya “beynəlxalq sionizm” adlanadırdığımız cəbhə İran xalqının zorakı və amiranə danışıq tərzi qarşısında boyun əyməməsi, müstəqillik və dini inanclar prinsipi ilə düşmənçilik edən xəbis, hiyləgər və qəddar fikirlərə malik bir cəbhədir".
O, bu imperialist cəbhənin düşmənçiliyinin özünü müxtəlif simalarda büruzə verməsinə toxunaraq dedi: "Bu düşmənçilik özünü bir gün ABŞ rejiminin simasında, başqa bir gün isə Səddam rejimi kimi zalım bir rejimin simasında göstərir. Ancaq bizim üzərimizə düşən mühüm vəzifə ondan ibarətdir ki, biz ölkənin zəngin imkan və potensiallarından istifadə etməli, düşmənin mövqe və planını öyrənərək düzgün mövqe tutmalı və düzgün qərar qəbul edərək ona əməl etməliyik".
Həzrət Ayətullah Xamenei vurğuladı ki, S-300 raket sistemi və ya mühafizə olunan "Fordo" təsisatlarına etiraz və bu məsələ ilə bağlı böyük qalmaqal yaradılması İran xalqının düşməninin pisniyyətliliyinin nümunələrindəndir: "S-300 sistemi hücum deyil, müdafiə vasitəsidir, amma amerikalılar İran İslam Respublikasının bu imkandan yararlanmaması üçün əllərindən gələni edirlər".
O, əlavə etdi: “Biz xalqımıza müdafiə hüququ tanımayan, əslində, “müdafiəsiz qalın ki, ürəyimiz istədiyi vaxt ölkənizə hücum edə bilək” deyən bir düşmənlə qarşı-qarşıyayıq”.
Ali Baş Komandan habelə, hava hücumundan müdafi zamanı ayıqlıq, vaxtında hərəkətə keçmək, müxtəlif üsullar və qabaqcıl vasitələrdən istifadə zərurətinə toxunaraq dedi: “Düşmən başa düşməlidir ki, əgər hücum etsə, möhkəm bir zərbə alacaq və bizim müdafiə sistemi cavab addımı da atacaq”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Xatəmul-ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının komandanı briqada generalı Fərzad İsmaili bu qərargahın yaradılmasının səkkizinci ildönümünü hörmətlə anaraq Xatəmul-ənbiya (s) Hava Hücumundan Müdafiə Qərargahının ən mühüm fəaliyyətləri haqqında məlumat verdi.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir