Bu gün (çərşənbə axşamı) səhər ölkə başçısı cənab Ruhani və Nazirlər Kabinetinin üzvləri ilə görüşdə on birinci hökumətə göstərdikləri fəaliyyətlərə və çəkdikləri zəhmətlərə görə təşəkkürünü bildirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqa görülən işlərin hesabatını vermək üçün “Dövlət həftəsi”nin yaxşı fürsət olduğunu dedi. O, müqavimət iqtisadiyyatı, xarici siyasət, elm və texnologiya, təhlükəsizlik, mədəniyyət, altıncı proqram və virtual məkan adı altında yeddi mövzu çərçivəsində qeyd etdiyi mühüm məsələləri ölkənin əsas prioritetləri və on birinci hökumətin cari ildəki fəaliyyət istiqaməti kimi səciyyələndirdi.
Görüş iştirakçılarını “Dövlət həftəsi” münasibətilə təbrik edən İslam İnqilabının Rəhbəri ixlas, zəhmətkeşlik və xalqa bağlılıq nümunəsi kimi Şəhid Rəcai və Şəhid Bahünərin xatirəsini əziz tutdu. O, bu cinayəti törətmiş qaraüzlü ikiüzlülərin təmizlənməsi üçün göstərilən bəzi səylərə işarə edərək dedi: “Təəssüflər olsun ki, bəziləri məsul şəxslərdən tutmuş məşhur simalara qədər, minlərlə adamı şəhid etmiş cinayətkarları məzlum göstərməyə, İmam Xomeynin (r.h) nurani simasına kölgə salmağa çalışırlar. Bu xəbis və qərəzli əllər nəticə əldə etməyəcək, keçmişdə olduğu kimi məyus olacaq”.
Həzrət Ayətullah Xamenei prezident və Nazirlər Kabinetinin görülmüş işlərlə bağlı verdiyi hesabata işarə edərək dedi: “Bu məlumatlar çox gözəl idi və gərək xalqa çatdırılsın. Çünki əsl sərmayə xalq, xalqın etimad və ümididir”.
O, məsələlərin müxtəlifliyi və miqyası, gözləntilərin böyüklüyü, habelə problemlərin çoxluğunu diqqət çəkərək icraedici hakimiyyətin ölkə idarəçiliyindəki işinin çox çətin olduğunu dedi və on birinci hökumətin ömrünün üç ilinin sürətlə keçdiyini vurğuladı: “Hökumət proqram və ciddiyyətlə qalan bir ilin iş və fəaliyyətinin səmərəliliyini maksimuma çatdırmalıdır”.
İslam İnqilabının Rəhbəri hökumətə xüsusilə, seçkilərin keçiriləcəyi gələn aylarda kənar işlərdən çəkinməyi tövsiyə etdi: “Hökumət vaxtını seçki məsələlərinə sərf etməməli, sonuncu iş gününə qədər iş, fəaliyyət və problemlərin həlli üçün proqramlar hazırlamalıdır. İş başında olan hökumət üçün ən yaxşı təbliğat həmin hökumətin əməli fəaliyyətidir”.
O, dedi: Dövlət həftəsi hökumətin fəaliyyətinin xalq və seçkin şəxslər tərəfindən ədalətli şəkildə qiymətləndirilməsi üçün qimyətli bir fürsətdir: “Tənqidin zərəri yoxdur. Ancaq bu tənqid ədalətli olmalı, eyni zamanda doğru həll yolu təklifi ilə yanaşı olmalıdır”.
Həzrət Ayətullah Xamenei giriş xarakteri daşıyan məsələləri qeyd etdikdən sonra yeddi mövzunun ölkənin əsas prioriteti və on birinci hökumətin yol xəritəsi olduğunu dedi.
İqtisadi problemlər və müqavimət iqtisadiyyatı siyasətlərinin həyata keçirilməsi İslam İnqilabı Rəhbərinin qeyd etdiyi birinci məsələ oldu: “Bu gün iqtisadi problemlər ölkənin həll edilməsi zəruri olan birinci dərəcli məsələləridir. Onların həlli müqavimət iqtisadiyyatı siyasətlərinin dəqiq və düzgün icrasından asılıdır”.
Həzrət Ayətullah Xamenei prezidentin birinci müavininə Müqavimət İqtisadiyyatı Baş Qərargahının fəaliyyətləri ilə bağlı verdiyi hesabata görə təşəkkürünü bildirdikdən sonra son mərhələyə çatmaq üçün bütün layihələrin ciddi cəhdlə həyata keçirilməsini tövsiyə etdi: “Müqavimət İqtisadiyyatı Qərargahı dövlət və özəl sektorlarda həyata keçirilən bütün böyük və irimiqyaslı fəaliyyətlərə nəzarət etməlidir ki, bu fəaliyyətlər müqavimət iqtisadiyyatı siyasətləri ilə eyni mövqeddə olsun”.
O, vurğuladı: “Qətnamə müqavimət iqtisadiyyatı siyasətləri ilə eyni mövqedə olmayan iqtisadi proqram və layihələrin davam etməsinə mane olmalıdır”.
İslam İnqilabının Rəhbəri bildirdi ki, müqavimət iqtisadiyyatı siyasətlərinin icrası üçün ölkənin kənd təsərrüfatı və sənaye sahələrindəki bütün potensialları üzə çıxarılmalıdır: “Müqavimət iqtisadiyyatı siyasətlərinin ən mühüm əməli şərtlərindən biri diskurs yaratmaqdır. Bu isə dövlət məmurlarının bu siyasətlər və onların təsirlərini düzgün izah etməsi ilə mümkündür”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, ölkənin son illərdəki elmi fəaliyyəti, kosmos, nano, nüvə texnologiyası və biotexnologiya sahəsindəki nailiyyətləri elmi fəaliyyətin keçən on iki il ərzində diskurslaşdırılması və proqram təminatı hərəkatından qaynaqlanır: “Müqavimət iqtisadiyyatı məsələsində də cəmiyyətdə belə bir diskurs formalaşmalıdır”.
O, vurğuladı ki, müqavimət iqtisadiyyatı siyasətlərinin icrasında dövlətin iqtisadiyyat sahəsində gördüyü adi işlərdən daha yüksək fəaliyyətlərə ehtiyac var: “Müqavimət iqtisadiyyatı siyasətlərinin əməli xarakter alması üçün sıçrayış olmalı, gündəlik adi iş kontekstindən kənar bir iş görülməlidir”.
Həzrət Ayətullah Xamanei əyalətlərə qərar qəbuletmə səlahiyyətlərinin verilməsi, bank xidmətlərinin və böyük miqdarda nağd maliyyə vəsaitinin istehsala yönəldilməsi, ixracat stimulları, kənd təsərrüfatı məhsullarının pulunun vaxtında ödənilməsi, emal sənayesi və kəndlərə böyük diqqət ayrılmasının müqavimət iqtisadiyyatı siyasətlərinin icrası üçün mümkün və əsaslı addımlar olduğunu dedi”.
O, bildirdi ki, bürokratiya, istehsalçı və sahibkarlara çətinlik yaradan qaydalar müqavimət iqtisadiyyatı siyasətlərinin icrasına mane olan amillərdəndir: “Müqavimət iqtisadiyyatının reallaşma şərtlərindən biri elm və informasiya bazalı şirkətlərin himayə edilməsidir”.
İslam İnqilabının Rəhbəri vurğuladı: “Ölkə daxilində elm və informasiya bazalı şirkətlər tərəfindən icra olunan layihələr əcnəbi şirkətlərə verilməməlidir”.
İkinci, yəni xarici siyasət məsələsinə toxunan Həzrət Ayətullah Xamenei cənab Ruhani hökumətinin prioritetlərindən birinin xarici siyasət olduğunu dedi: “Mən bu məsələ ilə razıyam və həmişə diplomatiyanın fəaliyyətinə inanmışam, ancaq diplomatiya imkanı dünyaya uyğun və bərabər şəkildə paylanmalıdır”.
İslam İnqilabının Rəhbəri əlavə etdi: “Asiya, Afrika və Latın Amerikası ölkənin xarici siyasətində özünün münasib payına sahib olmalıdır”.
O, xarici siyasətdə aktiv mövqe tutmağın zəruriliyini vurğuladı: “Çox mürəkkəb və qarışıq olan region məsələləri kimi məsələlərdə meydana diqqətli, ayıq, düşünmə gücü, fəal və təsiredici rolla girmək lazımdır”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, iqtisadi inkişaf üçün diplomatiyanın potensialından istifadə etmək lazımdır.
İslam İnqilabının Rəhbəri çıxışının davamında diplomatiya sahəsində zahiri davranışların etimad göstəriləcək davranışlar olmadığını dedi: “Diplomatiyada etimad ediləcək yeganə şey sabit, imzalanmış, müəyyən və dəlil-sübutu olan işdir”.
O, vurğuladı ki, amerikalıların BFKP-dakı saxtakarlığından təcrübə əldə etmək lazımdır: “Bu təcrübə bizə öyrədir ki, ABŞ-dakı hökumətlərin heç birinin verdiyi vədələrə güvənmək və o vədələr əsasında qəti addım atmaq olmaz”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: "BFKP məsələsində mənim tənqid obyektim, özümüzkülər deyil, qarşı tərəfdir. Çünki bizim müzakirədə iştirak edən nümayəndələrimiz gücləri çatdığı qədər gecə-gündüz çalışdılar və biz onların bu zəhmətlərini yüksək qiymətləndirirk”.
İslam İnqilabının Rəhbəri çıxışının davamında hökumətin 3-cü fəaliyyət istiqaməti kimi elm və texnologiya məsələsinə toxundu: “İnkişaf etmək üçün ölkənin elm və texnalogiyaya ehtiyacı var. Ötən illər ərzində bu sahədə çox gözəl nailiyyətlər əldə olunub”.
Həzrət Ayətullah Xamenei son illərdə ölkənin elmi inkişaf tempinin azalmasından narazılığını ifadə edərək dedi: “Dünyada elmi inkişafın sürət tempi yüksəkdir. Bizimlə dünyanın elmi inkişafı arasındakı məsafə böyükdür. Buna görə də sözügedən geriliyi aradan qaldırmaq üçün yeganə çıxış yolu gecikmədən elmi fəaliyyətin inkişaf sürətini artırmaq, ölkədə elmi inkişaf diskursunu dayanmadan davam etdirməkdir”.
O, habelə, vurğuladı ki, universitetlərin tədqiqat büdcəsi artırılmalı, indiki az miqdarda olan büdcə tam ödənilməli, universitetlərlə sənaye müəssisələri arasında əlaqə yaradılmalıdır.
İslam İnqilabı Rəhbərinin toxunduğu dördüncü mövzu təhlükəsizlik məsələsi oldu.
Həzrət Ayətullah Xamenei dedi: “Regionda qeyri-sabitlik hökm sürdüyü və xoşagəlməz hadisələr baş verdiyi halda, Allahın lütfü, polis və təhlükəsizlik qüvvələrinin təqdirəlayiq zəhmət və səyləri sayəsində ölkə möhkəm bir təhlükəsizlik qalxanına malikdir”.
O, xalqın inqilabçı və dini ruhiyyəsinin ölkənin möhkəm təhlükəsizlik qalxanının əsas komponentlərindən biri olduğunu dedi: “Bu milli müdafiə səddinə əsla zərər dəyməməlidir”.
İslam İnqialbının Rəhbəri polis və təhlükəsizlik təşkilatlarının da ölkənin möhkəm təhlükəsizlik qalxanının komponentlərindən olduğunu dedi: “Bu təşkilatlara həmişə köməklik göstərilməli və onlara stimul verilməlidir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, təhlükəsizlik qalxanının digər bir komponenti isə ölkənin müdafiə imkanları və təchizatıdır: “Düşmən ölkənin müdafiə və raket gücünün artmasından narahatdır. Buna görə də müdafiə gücünün artmasına yardım göstərmək və onu himayə etmək lazımdır”.
Mədəniyyət mövzusu İslam İnqilabı Rəhbərinin ölkənin çox mühüm prioritetlərindən biri kimi qeyd etdiyi beşinci məsələ oldu: “Mədəniyyət ədəbiyyat, incəsənət, həyat tərzi, ictimai əxlaq və davranış sahələrini əhatə edir. Mədəni qurumlar bu sahələrin hamısı qarşısında məsuliyyət və öhdəlik daşıyır”.
O, əlavə etdi: “Mən mədəniyyət sahəsində doqmatizm, təzyiq və represiya deyil, əksinə, azad düşüncənin olmasının tərəfdarıyam. Ancaq azad düşüncə laqeydlik və zərər vurması üçün düşmənə imkan vermək kimi başa düşülməməlidir”.
Həzrət Ayətullah Xamenei ölkədə görülən yaxşı və faydalı işlərin çoxunun mömin və inqilabçı gənclərin əli ilə görüldüyünə işarə edərək belə bir sual ünvanladı: Nə üçün bu gəncin imanının kökünə balta çalan teatr tamaşa və ya film istehsal edilməlidir?
İslam İnqilabının Rəhbəri mədəni qurumların həm “hücum”, həm də “müdafiə” sahəsindəki fəaliyyətlərinin zəif olduğunu dedi və mədəniyyətin müxtəlif sahələrinə, mədəniyyət sahəsində xidmətləri olmuş şəxsiyyətlərin bioqrafiyası və maraqlarının diqqət mərkəzində saxlanmasının zəruri olduğunu vurğuladı: “Mədəniyyət işçiləri ömrünü dinə, İslam inqilabına həsr etmiş şəxsi bütün ömrü boyu din və inqilab yolunda heç bir addım atmamış, hətta bəzən ona zərbə də vurmuş bir fərddən üstün tutmamalıdırlarmı?”
Həzrət Ayətullah Xamenei bu hissənin yekununda vurğuladı: “Mədəniyyət sahəsində azad düşüncə ruhiyəsi ədalətli proqramla müşayiət olunmalıdır. Mədəni hücumların qarşısını yaxşı metodları istiqamətləndirmək və onlara yardım göstərməklə almaq lazımdır”.
Ölkənin əsas prioriteti və hökumətin əsas fəaliyyət xətti ilə bağlı önə çəkilən altıncı mövzu altıncı inkişaf proqramının əhəmiyyəti və başa çatdırmaq üçün onun sürətləndirilməsi zərurəti ilə bağlı oldu.
O, altıncı inkişaf proqramının təqdimində gecikmə olduğuna işarə edərək dedi: “İnkişaf proqramları uyğunluq və qarşılıqlı əlaqə yaradır, bir zəncirin halqaları kimi ölkəni perspektiv məqsədlərə çatdırır. Buna görə də altıncı proqramın icrasını sürətləndirməklə işin bundan artıq dayanmasına imkan verməyin”.
Həzrət Ayətullah Xamaneinin hökumət nümayəndələrinə verdiyi tövsiyələrin yeddincisi virtual məkanla bağlı oldu: “Virtual aləm böyük fürsətlərə malik, eyni zamanda təhdidlərlə də müşayiət edilə bilən inkişafda olan, çox geniş və dayanmayan bir dünyadır”.
O, vurğuladı ki, virtual məkanın fürsətlərindən maksimum dərəcədə istifadə etmək, təhdidlərini isə dəf etmək zəruridir. Kiberməkan Ali Şurasının yaradılmasının məqsədi də məhz elə həmin məsələdir: “Milli İnformasiya Şəbəkəsinin yaradılması və istifadəyə verilməsi işi sürətləndirilməlidir ”.
İslam İnqilabının Rəhbəri çıxışının sonunda astronomik maaşlar məsələsinə toxundu.
Həzrət Ayətullah Xamenei bildirdi ki, bu məsələnin üzərindən asanlıqla keçmək olmaz: “Bu məsələdə xalqın inamına böyük zərbə dəyib. Çünki xalq və ali təhsilli gənclər öz maaşları ilə bu ədalətsiz maaşları müqayisə edir və soruşurlar ki, hansı meyar və imtiyaza görə, gördüklərin hansı işin müqabilində onlara bu qədər maaş ödənilib?”
O, idarə və təşkilatlarda astronomik maaş məsələsinə qarşı ciddi mübarizə aparılması və əzmkarlıq göstərilməsi zərurətinə toxunaraq dedi: “Lazım gəldiyi təqdirdə məhkəmə orqanı da müdaxilə etməli və qanun pozuntusuna yol vermiş şəxlərlə bağlı ciddi ölçü götürməlidir”.
Bu görüşün əvvəlində hökumətin fəaliyyətləri ilə bağlı hesabat verən cənab Ruhani müqavimət iqtisadiyyatının əhəmiyyətindən danışdı və iqtisadi sabitlik yaradılmasının hökumətin keçən üç il ərzindəki böyük nailiyyətlərindən olduğunu dedi.
İqtisadi inkişafın cari ildə 5%-ə çatacağını ümidvarlıqla bəyan edən cənab Ruhani bildirdi ki, hökumətin başqa bir nailiyyəti milli istehsalın inkişaf etməsidir: “Neft və qaz sahəsində gündəlik neft və qaz kondensatı istehsalının həcmini 1 230 000 (bir milyon iki yüz otuz) min bareldən 2 579 000 (iki milyon beş yüz yetmiş doqquz min) barelə çatdırmışıq”.
O, habelə neft istehsalı artımının 2 700 000 (iki milyon yeddi yüz min) bareldən 3 850 000 (üç milyon səkkiz yüz əlli min) barelə çatacağını xəbər verdi.
Cənab Ruhani kənd təsərrüfatı sahəsində də 15, 5% inkişaf olduğunu dedi: “Bu il buğda istehsalında özünütəmin səviyyəsinə çatmışıq. Ölkənin buğda ehtiyatı 14 000 000 tona qədər artıb ki, bu da analoqu olmayan bir göstəricidir”.
Prezident dedi: “Bu hökumətin hakimiyyəti dövründə 457 km dəmir yolu çəkilmiş, 700 km də çəkilməkdədir”.
O, 2500 elm və informasiya bazalı şirkətin fəaliyyəti və onların təchizatla təmini haqqında məlumat verdi: “Elm və informasiya bazalı şirkətlərdə 40 min iş yeri yaranmışdır”.
İqtisadi problemlərdən danışan Cənab Ruhani hal-hazırda ən böyük problemin məşğulluqla bağlı olduğunu dedi: “İşsizlik problemini tam şəkildə həll etmək üçün illik bir milyon nəfərlik iş yeri açmalıyq”.
Dövlətin banklara borcu, su mənbələrinin çatışmazlığı, ciddi ekoloji problemlər, pensiya fondunun problemləri, əlverişsiz səmərəlilik, büdcə qaynaqları və xərcləri arasında balansın olmaması, neft gəlirləri və gəlir mənbələrinin azlığı ölkə başçısının qeyd etdiyi digər problemlərdən oldu: “Ölkənin bütün qurumları və strukturları fikir birliyi ilə bu problemlərdən xilas ola bilməyimiz üçün yardım göstərməlidir”.
Bu görüşdə prezidentin birinci müavini cənab Cahangiri Müqavimət İqtisadiyyatı Qərargahında 120 proqram və layihənin təsdiq edildiyini dedi: “Müqavimət iqtisadiyyatı siyasətləri və proqramları bütün nazirliklər, qurumlar, yerli əyalət idarələrində yüksək səviyyədə ciddi və sistemli şəkildə izlənilir. Bu gün qətiyyətlə demək olar ki, ölkə iqtisadiyyatı canlanmışdır”.
Prezidentin elm və texnoloji məsələlər üzrə müavini cənab Səttari, Neft Sənayesi naziri Zəngəne, Kooperasiya, Əmək və Sosial Rifah naziri Rəbii, Nəqliyyat və Şəhərsalma naziri Axundi, prezidentin müavini və Proqram və Büdcə İdarəsinin müdiri Nobəxti ölkənin müxtəlif sahələrində həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat verdilər.
Bu görüşün sonunda İslam İnqilabı Rəhbərinin imaməti ilə zöhr və əsr namazları qılındı.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir