İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Tehran əyalətinin məscidlərinin imam cümələri ilə görüşdü. O bu görüşdə məscidlərin toplaşma, məsləhətləşmə, müqavimət, planlaşdırma, mədəni və ictimai hərəkatlar mərkəzi olduğunu vurğulayaraq inqilab və sistemin əsas dayağı kimi xalqın dini inamının gücləndirilməsinin zəruriliyindən danışdı: “Cari məsələlərdə vəzifəni müəyyən etmək üçün cəmiyyətin ümumi hərəkət istiqaməti makro və mədəni baxışla analiz edilməli, hərəkət istiqaməti öyrənilməlidir”.
İnqilabın Rəhbəri “Beynəlxalq Məscid Günü”nün təyin edilməsinin fəlsəfəsinə toxunaraq dedi: “Əsasən, inqilab səciyyəsi daşıyan bu günün yaranmasına Məscidül-Əqsanın sionistlər tərəfindən yandırılması səbəb oldu. İslam ümmətinin sionist rejiminə qarşı mübarizə məqsədi daşıyan bu gün İslam Respublikasının tələb və israrı ilə İslam Konfransı Təşkilatında təsdiq olundu, elə bu səciyyə ilə də diqqət mərkəzində saxlanılmalıdır”.
Həzrət Ayətullah Xamenei bildirdi ki, məscid İslamın təşəbbüsü ilə xalqın birlik və əlaqələrini “zikr, namaz və Allaha diqqət” əsasında formalaşdırmaq üçün yaradılmışdır. O, əlavə etdi: “İslam tarixində məscid mühüm siyasi, ictimai və hərbi məsələlərdə məsləhətləşmə, əməkdaşlıq və qərar qəbul etmə mərkəzi olub".
İnqilabın Rəhbəri elə bu aspektdən namazın mühüm əhəmiyyət daşıdığını vurğuladı: “Namaz keyfiyyətli olmalı, Allah-taalaya dərin diqqətlə müşayiət olunmalı, qəflət və riya kimi bəlalardan uzaq olmalıdır. Namazın cəlbedici və şövqverici bir həqiqət kimi dildə və əməldə bəyan edilib yayılmasında imam cümələrin rolu çox mühümdür”.
O, məscidin bütün yaxşı işlər üçün baza olduğunu dedi: “Məscid insan düzəldən, qəlbləri və dünyanı abad edən, ayıqlığı artıran, İslam sivilizasiyasını yaratmaq üçün zəmin hazrlayan baza olmalıdır. Buna görə də imam cümənin vəzifəsi namaz qılmaqla yanaşı, haqq və ədaləti bərqərar etmək, dinin özünü bəyan, dini hökmləri isə təbliğ etməkdir.”
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, imam cümə məscidin əsas sütunudur: “Məscid imamlığı mühüm və əsaslı bir vəzifədir. Bu mühüm vəzifəyə qeyri-ciddi yanaşmaqla məscidə qarşı laqeydlik göstərmək olmaz, əksinə, müntəzəm və vüqarlı iştirak, keyfiyyətli namaz qılmaq, insanlarla danışmaq, maarifləndirici dairələr yaratmaq və gənclərin suallarını cavablandırmaqla məscidin haqqı ödənilməlidir”.
O, bildirdi ki, İslam İnqilabının ilk günlərindən məscidləri əsas mərkəz təyin etməsi əzəmətli İmamın böyük siyasətlərindəndir: “Məscid müxtəlif növ ictimai fəaliyyətlərin bazasıdır, təfəkkürü gücləndirmək və xalqı müxtəlif ictimai fəaliyyətlərə rəğbətləndirməkdə əsas rol oynayır”.
İnqilabın Rəhbəri qeyd etdi ki, məscidlər müqavimətin, xüsusilə mədəni müqavimətin özəyidir: “Əgər mədəniyyət möhkəm hasar və bəndlərlə qorunmazsa, hər şey əldən çıxar”.
O, vurğuladı ki, düşmən mədəni sahəyə nüfuz etmək üçün İslam İnqilabının ilk günləri ilə müqayisədə daha mürəkkəb və genişmiqyaslı fəaliyyətlər göstərir: “Bu davamlı və bir neçə qatlı fəaliyyətin əsas hədəfi xalqın dini inancı, yəni İslam İnqilabının əsas qələbə amili və İslam Respublikasının təşkilinin əsas faktorudur”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, İslam İnqilabı hegemon sistemlərin sütunlarını möhkəm silkələdi. İslam İnqilabı və İnqilabçı İslam sayəsində dünya hegemonlarının əsas məqsədi, yəni regiona hökmranlıq etmək arzusu reallaşmadı və Amerika Qərbi Asiya regionunda faktiki iflasa uğradı”.
İnqilabın Rəhbəri vurğuladı: “Əgər xalqın İslama imanı və bağlılığı olmasaydı, İran da başqa ölkələr kimi Amerika və qeyri-Amerikanın çətiri altına girəcəkdi. Bu səbəbdən də onlar xalqın imanı ilə dərin və sonsuz düşmənçilik edirlər”.
O, qeyd etdi ki, düşmənlər mədəniyyət sahəsinə nüfuz etmək, xalqın iman və inanclarını zəiflətmək üçün gəncləri əsas hədəf obyektinə çevirmişlər: “Bütün aldadıcı layihələrə baxmayaraq, mömin gənclər ordusu İslam İnqilabının böyük möcüzələrindən biri kimi gənc nəsli bu gün İnqilabın əvvəlindəki gənc nəsildən daha aparıcı etmişdir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi ki, məscidlər mədəni hasarın müqavimətinin artması və möhkmələnməsində mühüm rol oynayır: “Məscid mədəni hərəkatın və səfərbərliyin əsas mərkəzidir”.
O, imam cümələrə məscidlərdə düzgün iş metodlarından daha çox istifadə etməyi tövsiyə etdi və nümunə üçün belə bir xatırlatma etdi: “Xalqla vizual və üzbəüz tolantılar təşkil edilməsi müxtəlif informasiya vasitələrindəki digər təbliğat metodlarından daha effektlidir”.
İnqilabın Rəhbəri mühüm bir nüansa işarə edərək mədəniyyət və mədəni ayıqlığın həqiqi siyasi fəaliyyətin əsası hissəsini təşkil etdiyini dedi: “Siyasətin əsl mənası bu və ya digər şəxsin tərəfini tutmaq deyil, cəmiyyətin ümumi hərəkət istiqamətini makro səviyyədə görmək və analiz etmək bacarığına malik olmaqdır”.
İnqilabın Rəhbəri əlavə etdi: “ Real siyasi yanaşma üçün cəmiyyətin ümumi hərəkət istiqaməti araşdırılmalı və bir neçə əsas suala aydınlıq gətirilməlidir: Cari həyat tərzi bizi hansı istiqamətə aparır? Sosial ədalət, həqiqi müstəqillik və İslam sivilizasiyanın formalaşdırılması istiqamətində hərəkət edirik, yoxsa ABŞ-dan asılılığa və qondarma Qərb dəyərlərinin təsiri altına düşməyə doğru gedirik?”
O, əlavə etdi: “Əlbəttə, bu makro baxış və hərəkatların real öyrənilməsi sayəsində insanın şəxslər, partiyalar və qruplar qarşısındakı mövqeyi və cari məsələlərdəki vəzifəsi aydınlaşır”.
Həzrət Ayətullah Xamenei bir misalla makro baxış və analizin əhəmiyyətini belə izah etdi: “Fitnə başladığında onun başında duranlardan birinə dedim ki, siz üzdə dövlətin yanındasınız və öz deməyinizlə seçkilərə etiraz edirsiniz. Ancaq bilin ki, bu hərəkatın idarəçiliyi yadların əlinə keçəcək, onlar sizdən istifadə edib dövlətin əsaslarını hədəfə alacaqlar”.
İnqilabın Rəhbəri əlavə etdi: “Onlar - əgər məsələyə nikbin baxsaq – mənim sözümü başa düşmədilər, davam etdilər və hər kəs sistemin əsasının hücüm hədəfinə çevrilməsi və bu əsasın inkar edilməsi üçün seçkilərin necə bəhanəyə çevrildiyinin şahidi oldu”.
O, vurğuladı: “Bəziləri deyir ki, o vaxt deyilmiş bir sözün üzərindən keçək. Ancaq nəzərə almaq lazımdır ki, əgər kiminsə tərəfini saxlamaq üçün onun mövqeyinə və sözlərinə əks olan bir söz deyilirsə, həmin şəxs öz etirazını bildirməlidir. Əks təqdirdə, onun hesabına yazılmış olur”.
İslam İnqilabının Rəhbəri Tehran əyalətinin imam cümələr qarşısındakı çıxışına bir neçə nüansı qeyd edərək davam etdi. Hər üç vaxtda camaat namazının qılınması, gün ərzində məscidlərin camaatın üzünə açıq olması və namaz qılınması bu nüanslardan oldu.
Ayətullah Xamenei məscidlərdə pişnamaz durmağın sadəcə, namaz qılmaqdan ibarət olduğu hesab edilən düşüncə tərzini tənqid edərək dedi: “Bu baxış bucağı, inhisarçı, daha doğrusu sekulyar səciyyə daşıyır, dini fərdiləşdirir, onun ictimai-siyasi məsələlərə girişinin qarşısını alır”.
Həzrət Ayətullah Xamenei sözügedən məsələ ilə bağlı bunları qeyd etdi: “Hegemon güclər hətta çoxlu tərəfdarları olsa belə, sekulyar islam, fərdi və cəm şəkildə edilən ibadətlərlə məhdudlaşan İslamla düşmənçilik etmirlər. Dünya hegemonlarının düşmənçilik etdiyi İslam siyasi-ictimai sistem formalaşdıran, xalqları dünya və axirətdə həqiqi səadətə doğru istiqamətləndirən “qüdrətli İslam”dır”.
İnqilab Rəhbərin imam cümələrə ünvanladığı tövsiyyələrdən biri də gənclərə və gənc nəsilə xüsusi diqqət ayrılması və onlar üçün xüsusi mövqe tanınması ilə bağlı oldu.
O, əlavə etdi: “Düzgün cəlbedici vasitələr, yəni mənəviyyat və həqiqi irfanla yoğrulmuş söz və davranışlarla gəncləri məscidlərə cəlb edin ki, ölkə və cəmiyyət gənc nəslin məscidlərdəki iştirak bərəkətindən bəhrələnsin”.
Həzrət Ayətullah Xamenei onu da qeyd etdi ki, bu günün və sabahın gənclərini məlumatlandırmaq üçün kitab, foto və ya audio-vizual materiallar əsasında məscidlərin fəaliyyət salnaməsinin hazırlanması çox önəmlidir”.
İnqilabın Rəhbəri çıxışının sonunda vurğuladı: “Zalım və hegemon güclərin bütün irimiqyaslı, aşkar, gizli və mürəkkəb düşmənçiliklərinə baxmayaraq, pak və təmiz İslam Respublikası sözü günbəgün möhkəmlənməkdə, daha çox güclənməkdədir. Xalqın iman və birliyi sayəsində bu planlar nəticəsiz qalmaqda davam edəcək”.
İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Məscidlərin Fəaliyyətlərinə Nəzarət Mərkəzinin rəhbəri Höccətül-İslam vəl-müslimin Hacı Ələkbər çıxışı zamanı Beynəlxalq Məscid Gününü əziz tuturaq dedi: “Məscid xalqın ayıqlığını artıran özək, İslam inqilabı kontekstində mücahid və möminlər yetişdirən mərkəzdir”.
Cənab Hacı Ələkbər qeyd etdi ki, ölkə şəhidlərinin 97%-dən çoxu məscidlərdə yetişib: “Perspektivin təyini, mədəniləşdirmə, imam cümələrin əməkdaşlığı, diskurs yaratmaq üçün ortaq və vahid cəbhənin təşkili, seçkinlər və gənclərin potensialından istifadə, xalqın iştirakı ilə məscidlərin idarə edilməsi, mömin cəmiyyət yaratmaq üçün məscidin potensialından istifadə məscidlərin ən mühüm məqsəd və proqramlarındandır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir