Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Sanksiyalar birdəfəlik götürülməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər ölkə əhalisinin ayrı-ayrı əyalətlərdən gəlmiş müxtəlif təbəqələrdən olan minlərlə nümayəndəsi ilə görüşdü. O, bu görüşdə xalqın məişət problemlərinin onu dərindən və davamlı narahat etdiyini, problemlərin yeganə həlli yolu kimi daxili imkanlara əsaslanmağın zəruri olduğunu dedi: “BFKP bir təcrübə kimi amerikalılarla danışıqların nəticəsiz olduğunu, onların öz vədlərinə əməl edən olmadıqlarını, ABŞ-ın vədlərinə etimad göstərilməməsi zərurətini bir daha sübuta yetirdi və göstərdi ki, ölkənin inkişafı və xalqın yaşayışının yaxşılaşdırılmasının yeganə yolu dünyada və regionda mütəmadi olaraq İrana mane olmaqda davam edən düşmənlərə deyil, daxilə diqqətdir”.

İslam İnqilabının Rəhbəri ölkə əhalisinin ayrı-ayrı region və əyalətlərindən gəlmiş müxtəlif təbəqələrindən olan nümayəndələrinin bu görüşdəki iştirakının qeyd olunan reallığın göstəricisi olduğunu dedi. O, qeyd etdi ki, İran xalqı müxtəlif dillər, etniklər və dinlərin olmasına baxmayaraq, birlikdə çalışır, əziz İranı bir İslam ölkəsinin maddi və mənəvi nümunəsi kimi tanıtdırır, digər müsəlman xalqların da imperializmin istismarçı və münaqişə prinsipli siyasətləri qarşısında müqavimət göstərərək eyni qürurlu yolu qət etməsini istəyir.

O, ölkəmizin inqilabın qələbəsindən sonrakı sosial, elmi və siyasi nailiyyətlərinin ədalətli qiymətini verərək onların tərifəlayiq olduğunu dedi: “Pəhləvi diktaturası dövründə ABŞ və İngiltərədən asılı olan, geridə qalmış və xar vəziyyətə düşmüş İran indi elə güclü və qüdrətli bir dövlətə çevrilib ki, böyük dövlətlər ona regional rəqib gözündə baxır və onun regiondakı imkan və potensiallarını əllərinə almaq istəyirlər. Təbii ki, bacara bilməyəcəklər”.

Həzrət Ayətullah Xamenei İslam mədəniyyətinin meydana gəlməsi və çiçəklənməsinin tarixi təcrübəsinə işarə edərək əlavə etdi: “Əziz İranın nümunəvi bir İslam dövlətinə çevirlməsi prosesi zaman tələb edən, səlahiyyətli şəxslərin və xalqın səy və təlaşına ehtiyacı olan bir prosesdir”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İranın nümunəvi bir dövlətə çevrilməsinin yeganə səbəbi daxili imkan və potensiallara əsaslanması olmuşdur: “Bu məqsədin reallaşması üçün doğru strategiya və proqrama, fasiləsiz fəaliyyətə, tənbəllik və işsizlikdən qorunmağa, düşmənə inam və etimad göstərilməməsinə ehtiyac var”.

O vurğuladı: “Bəzən düşmən yol üzərində manelər yaradır. Bu maneləri ağıl və tədbirlə aradan qaldırmaq olar. Ancaq heç bir şəraitdə ona güvənmək olmaz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, BFKP təcrübəsi düşmənlərə etimad göstərilməməsi zərurətinin doğru olduğunu göstərən parlaq bir nümunədir: “Bu gün hətta diplomatlar və müzakirələrdə iştirak etmiş adamlar da ABŞ-ın öz əhdinə dönük çıxması, yağlı və yumşaq dilinin arxasında İranın başqa ölkələrlə olan iqtisadi əlaqələrini pozmaq və bu əlaqələrə mane olmaqla məşğul olması həqiqətini təkrar edirlər”.

İnqilabın Rəhbəri əlavə etdi: “Neçə illərdir ki, amerikalılara etimad göstərilməməsi məsələsini təkrar edirik, ancaq bəzilərinə bu həqiqəti qəbul etmək ağır gəlirdi”.

O, 5+1 dövlətləri ilə olan keçən həftəki Avropa danışıqlarına işarə edərək dedi: “Bu iclasda iranlı tərəflər qarşı tərəfə əhdlərinə dönük çıxdıqlarını, əhdlərinə əməl etmədiklərini, habelə maneə yaratmaqla məşğul olduqlarını xatırlatdılar”.

Həzrət Ayətullah Xamenei nüvə razılaşmasının icraya verilməsinin üzərindən altı aydan çox bir vaxt keçdiyini xatırladaraq belə bir sual ünvanladı: “Xalqın həyatına təsir göstərməsi üçün qəddar sanksiyaların aradan qaldırılması qərara alınmamışdımı? 6 aydan sonra xalqın həyatında hiss oluna biləcək təsir müşahidə edilirmi? Əgər amerikalılar əhdlərinə dönük çıxmasaydılar, dövlət bu müddət ərzində çoxlu işlər görə bilməzdimi?”

İnqilabın Rəhbəri BFKP-nın icrasından qabaq “İranın öz öhdəliklərini yerinə yetirəcəyi təqdirdə sanksiyaların birdəfəlik götürüləcəyini” deyən səlhaiyyətli şəxslərin sözlərinə işarə edərək dedi: “Ancaq indi sanksiyaların tədrici götürülməsi məsələsi gündəmdədir, nə üçün?”

O, amerikalıların əvvəlki məktublarında sədaqət və yoldaşlıqdan dəm vurduqlarına işarə edərək dedi: “Təxminən iki il bundan qabaq dedik ki, xalq amerikalıların əməldə necə davranacaqlarını görmək üçün nüvə danışıqlarına bir təcrübə kimi baxacaq. İndi bəlli olub ki, onlar öz əhdlərinin əksinə davranır, hiylə-kələk və destruksiya ilə məşğuldurlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı ki, İran xalqı ABŞ-ın BFKP-dakı davranışından təcrübə götürməlidir: “Onlar deyirlər ki, gəlin, region məsələlərini də müzakirə edək. Ancaq BFKP təcrübəsi bizə deyir ki, bu iş təhlükəli zəhərdir, heç bir məsələdə amerikalıların sözlərinə etimad göstərmək olmaz”.

İnqilabın Rəhbəri əlavə etdi: “Əgər adamın düşməni ən azı sözünün üstündə dursa, bəzi məqamlarda onunla danışmaq olar. Əgər amerikalılar kimi rəzil olsa, üzdəki təbəssümünün əksinə davranaraq əhdini sındırmaqdan çəkinməsə, onunla müzakirə aparmaq olmaz və aparılmamalıdr da. Bu həqiqət mənim amerikalılarla müzakirə aparılmasına daim qarşı olmağımın səbəbidir”.

O, İran və ABŞ-ın regionla bağlı problemlərinin müzakirə vasitsilə həll edilə bilməyəcəyini dedi: “Ölkənin düzgün maddi və mənəvi inkişafı yolunda qətiyyətlə hərəkət etməliyik. O zaman görəcəyik ki, biz düşmənin deyil, düşmən bizim arxamızca qaçır”.

İnqilabın Rəhbəri diplomatların fikirlərinə əsaslanaraq dedi: “Amerikalılar hər şeyi tutmaq, heç nəyi verməmək istəyir. Belə bir dövlətlə müzakirə aparmaq ölkənin düzgün inkişaf yolundan sapmaq, ardıcıl imtiyazlar vermək, onların hədəsi, əhdi pozması və dönüklüyünə əməli şəkildə dözüm göstərmək deməkdir”.

Həzrət Ayətullah Xamenei ABŞ-ı Böyük Şeytan adlandıran İmam Xomeyninin (r.ə) heyrətamiz ifadəsinə işarə edərək əlavə etdi: “Quran ayələrinə əsasən Şeytan qiyamətdə ardıcıllarına deyəcək: “Özünüzü qınamalısınız ki, nə üçün mənim yalan vədimə etimad göstərdiniz?” Bu gün də ABŞ-ın vədlərinin yalan olduğunu nəzərə almadan ona etimad göstərmək həmin məsələnin bir nümunəsi olar”.

Həzrət Ayətullah Xamenei ölkə gəncləri və aydınlarını dövlətin ABŞ qarşısında sərgilədiyi siyasətlər haqqında düşünməyə çağırdı: “Bu siyasətlər təcrübə, düşməni tanımaq, ölkə, region və dünyanın mövcud vəziyyətinin gerçək üzünün müəyyən edilməsinə əsaslanır”.

Həzrət Ayətullah Xamenei çıxışının başqa bir yerində səlahiyyətli şəxslərin nəzəri və əməli şəkildə ölkənin zəngin daxili imkan və potensiallarına əsaslanması zərurətinə, kiçik və orta vahidlərin bərpası, elm əsaslı iqtisadiyyata diqqətin mövcud problemlərin hiss olunacaq dərəcədə azalmasına səbəb olacağı məsələsinə yenidən toxundu.

O, xalqı daxili istehsala əsaslanan məhsullardan, o cümlədən məişət texnikasından istifadə etməyə çağırdı: “Təəssüflər olsun ki, daxili bənzəri olan məhsulların idxalının qadağan edilməsi zərurətinin olmasına baxmayaraq, bazarlar xarici məhsullarla doludur və daxili istehsal təzyiq altındadır”.

Həzrət Ayətullah Xamenei əsas qaçaqçılarla qətiyyətlə mübarizə aparılması və külli miqdarda qaçaqmalın sıradan çıxarılmasının tamamilə zəruri olduğunu bildirdi: “ Daxili istehsalın indiki vəziyyətinin davam etməsini, yəni gənclərin işsizlik, daha çox durğunluq problemini və əhalinin çətin vəziyyətini də ABŞ və Avropa ilə əlaqələr vasitəsilə həll etmək olmaz, səlahiyyətli şəxslər addım atmalıdırlar”.

Həzrət Ayətullah Xamenei xalqın məişət problemlərinin onu dərindən və davamlı narahat edən bir məsələ olduğunu dedi: “Ekspertlərlə olan bütün məsləhətləşmələr göstərir ki, bu problemlərin həlli yalnız daxili imkanlara diqqətdən asılıdır”.

O, xarici tacirlərin son aylardakı get-gəllərinin ən azı bu günə qədər nəticəsiz olduğunu qeyd etdi: “Onların məqsədi daxili istehlak bazarını ələ almaqdır. Halbuki, bu işgüzar əlaqələr real investisiya qoyuluşu və yeni texnologiya transferi ilə nəticələnməlidir”.

İnqilabın Rəhbəri daxili korrupsiyanın qarşısının alınmasının ən mühüm məsələlərdən olduğunu vurğuladı: “Səlahiyyətli şəxslər, şükürlər olsun ki, artıq qanunsuz maaşların və yeyintilərin qarşısını aldıqlarını elan ediblər. Bəzi sahələrdə də işlər görülüb. Bu işlər daha da genişləndirilməli və davam etdirilməlidir”.

O, səlahiyyətli şəxsləri davranış və çıxışlarında aristokratiya ilə mübarizəyə çağırdı: “Cəmiyyətin zirvələrində aristokratiya yarandığı zaman onun daşqınları da xalqın gövdəsinə nüfuz edir. Buna görə də aristokratiya mədəniyyəti ilə tam şəkildə mübarizə aparmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei “müqavimət iqtisadiyyatı, fəaliyyət və əməl” ilinə işarə edərək əlavə etdi: “Əlbəttə, müəyyən işlər görülüb. Ancaq xalq bu işlərin nəticəsini müşahidə etməlidir”.

Çıxışının davamında regionun bu günkü hay-küylü şəraiti və problemlərinə toxunan İslam İnqilabının Rəhbəri verdiyi makro təhlildə bunu dedi: “Bu məsələlərdə də ABŞ-ın barmağı var”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Səudiyyə dövlətinin sionist rejimi ilə olan əlaqələrini açıq şəkildə bəyan etməsi İslam ümmətinə arxadan vurulmuş zərbədir: “Səudilərin bu əməli böyük günah və xəyanətdir. Ancaq bu böyük səhvdə də amerikalılar rol oynayırlar. Çünki Səudiyyə dövləti ABŞ-a tabe və gözü onun ağzında olan bir dövlətdir.”

O, Yəmənə təcavüzün, evlər, xəstəxanalar və məktəblərin fasiləsiz bombardman edilməsi, uşaqların davamlı şəkildə qətlə yetirlməsinin Səudiyyə dövlətinin başqa bir böyük cinayəti olduğunu vurğuladı: “Bu cinayətlər də ABŞ-ın silahları və yaşıl işığı ilə həyata keçir”.

İnqilabın Rəhbəri əlavə etdi: “Təəssüflər olsun ki, hətta BMT uzun müddətdən sonra bu cinayətləri qınamaq fikrinə düşsə də, ağzını pul, təhdid və təzyiqlə yumurlar”.

O, dedi: “BMT-nin üzüqara sədri bu təzyiqləri etriaf etdi. Ancaq etiraf etmək əvəzinə, vəzifədə qalıb bəşəriyyətə xəyanət etməkdənsə, çıxıb getməliydi”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Bəhreyn hadisəsi və ölkə əhalisinə təzyiq göstərmək üçün əcnəbi qoşunların bu ölkəyə soxulması ABŞ tərəfindən himayə edilən addımların başqa bir nümunəsidir: “Bu gün Səudiyyə dövləti ağılsız adamların əlindədir, ancaq məsələlərin dəqiq analizi bütün bu məsələlərdə ABŞ-ın əlinin olduğunu göstərir”.

O, habelə ABŞ-ın İslam ümməti arasında ixtilaf yaratmaq, Əməvi və Mərvan İslamını yaymaq, həqiqi İslamı bədnam etmək məqsədi ilə təkfirçi qrupların yaradılması və gücləndirilməsində oynadığı rola işarə edərək dedi: “Amerikalılar iddia edirlər ki, təkfirçi qruplaşmalara qarşı kualisiya yaradıblar. Halbuki, onlara qarşı effektiv bir iş görülmür. Bəzi məlumatlara əsasən bu qruplara yardımlar da göstərirlər”.

İnqilabın Rəhbəri əlavə etdi: “Təbii ki, təkfirçi qruplaşmalar bu gün himayədarlarının da ətəyindən yapışıblar. Biz iranlılar demişkən, küləyin əkdiyini tufan biçəcək”.

Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini bir növ yekunlaşdıraraq ABŞ-ın region problemlərinin yaradıcısı və qızışdırıcısı olduğunu dedi: “Region xalqları bu məsələləri həll etmək iqtidarındadırlar. Biz region dövlətlərinə çağırış etməklə yanaşı ABŞ-ın etimad edilməyəcək bir dövlət olduğunu, ərəb dövlətlərinə sionist rejimini və imperializmin regiondakı maraqlarını qoruyan bir vasitə kimi baxmağı deyirik”.

O, qeyd etdi ki, regiondakı problemlərinin həlli yolu müsəlman xalqları və dövlətlərinin birliyi, ABŞ və bəzi Avropa dövlətlərinin imperialist məqsədlərinə qarşı müqavimət göstərməkdir: “Bu məqsədləri bilmək, onlar qarşısında dayanmaq lazımdır. Bizim xalq da bu yolda möhkəm dayanıb”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, amerikalıların bütün səylərinə baxmayaraq, onların planları və proqramları ifşa olub. ABŞ regionda günbəgün daha da zəifləməkdədir.

Həzrət Ayətullah Xamenei onu da qeyd etdi ki, ABŞ-ın müdaxiləsi və düşmənçiliyi təkcə İran İslam Respublikası ilə məhdudlaşmır: “Türkiyədə baş verən son hadisələrdə çevrilişin amerikalıların tədbir və təchizatı ilə baş verməsi ilə bağlı güclü ittiham mövcuddur. Əgər bu ittiham sübuta yetsə, ABŞ üçün böyük rüsvayçılıq olacaq”.

O, regiondakı müttəfiqi kimi ABŞ-ın Türkiyə ilə olan yaxşı əlaqələrinə toxunaraq dedi: “Amerikalılar İslam və müsəlmançılığa qarşıdırlar. Türkiyədə də İslama meyllənmələr olduğu üçün çevriliş edirlər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Əlbəttə, bu hərəkət qınandı və ABŞ Türkiyə xalqının gözündə bədnam oldu. Amerikalılar İraq, Suriya və digər regionlarda da eyni şəkildə zəifləməkdədirlər”.

Həzrət Ayətullah Xamenei Allah dininə yardım göstərənlərin qələbəsi ilə bağlı verilmiş qəti ilahi vədə işarə edərək dedi: “Əgər İran xalqı bu qəti vədə nikbin baxsa, ona hazırlıq görsə, bütün problemlər aradan qalxar”.

O, çıxışının əvvəlində Ziqədə ayının (dörd haram aydan biri) yaxınlaşdığına işarə edərək dedi: “Haram ay ifadəsi Allahın bu aya daha çox ehtiram göstərməsi, bəzi işləri bu aylarda qadağan etməsi mənasındadır. Bu ilahi ehtirama xatir haram aylarda Allah dərgahına daha çox üz tutmaq və mənəviyyat qazanmaq üçün daha çox çalışmaq lazımdır”.

Bu görüşdə xalqın Qərbi Azərbaycan, Ərdəbil, Sistan və Bəluçistan, Loristan, Kerman və Kermanşah əyalətlərindən gəlmiş müxtəlif təbəqələrindən olan nümayəndələri iştirak edirdi.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /