Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin planı İslam Respublikasının imkanlarını məhv etməkdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) günortadan sonra üç dövlət strukturunun rəhbərləri, dövlət rəsmiləri və məmurları, ayrı-ayrı qurumların rəhbərləri, siyasi, ictimai və mədəni fəallarla görüşü zamanı qeyd etdi ki, siyasi potensialların artırılması millətin və dövlətin toxunulmazlığına və güclənməsinə səbəb olur: “İki əsas problemin - böhran və işsizliyin həll edilməsi istiqamətində proqram işlənib hazırlanması və prioritet təsnifatının aparılması müqavimət iqtisadiyyatının reallaşmasının hərəkət sürətini artıracaqdır”.

Çıxışının əvvəlində mübarək Ramazan ayının mənəvi mühitindən daha çox istifadə edilməsini tövsiyə edən İslam inqilabının rəhbəri bu şərafətli ayın bəzi dualarına işarə edərək dedi: “Ramazan ayının bəzi dualarında günahlardan xilas olunma istənilir. Əgər Allah eləməsin, dövlət məmurları bağışlanılması istənilən həmin günahları törətmiş olsalar, bunun zərərini bütün cəmiyyət və ölkə çəkər”.

Həzrət Ayətullah Xamenei biganəlik, qəflət, qəlbin daşlaşması, laqeyidlik və öyünmənin bu günahlardan olduğunu dedi: “Əgər dövlət məmurları özlərini gözləməyib bu günahlara bulaşsalar, bilsinlər ki, sonrakı və daha təhlkəli mərhələlər keçidlərdə məyusluq, ikiüzlülüyə düçar olmaq və Allahın nemətlərinə qarşı nankorluqdur”.

O bildirdi ki, bu günah və sapmalardan xilas olmağın yeganə yolu təqva və özünə nəzarətdir.

Sonra aktual məsələlərə toxunan İslam inqilabının rəhbəri ölkənin hal-hazırda xüsusi və həssas bir şəraitlə qarşı-qarşıya olduğunu vurğuladı: “Hal-hazırkı mərhələnin xüsusiyyətlərindən biri budur ki, dövlət məmurları inqilabın əvvəlki illərindən fərqli olaraq ölkənin çox böyük potensiallara malik olduğundan xəbərdardırlar, imkan və potensiallar haqqında geniş məlumata malikdirlər”.

Həzrət Ayətullah Xamenei dedi: “Hal-hazırkı mərhələnin həssas olmasına səbəb olan başqa bir xüsusiyyət İslam respublikasına qarşı xüsusi və aşkar bir düşmənçiliyin olmasıdır. Onların düşmənçiliyi dövlətlər arasında mövcud olan adi ixtilaflardan fərqlidir”.

O qeyd edib ki, bu xüsusi düşmənçiliyin əsas səbəbi İslam respublikasının analoqu olmayan bir fenomen olmasıdır: “İslamın nəzəri və praktiki prinsipləri əsaslanan İslam sistemi imperializm, zülm, ayrıseçkilik, zorakılıq siyasətlərinə qarşıdır. Bütün təzyiqlərə baxmayaraq, onun region və dünyadakı nüfuz və qüdrəti günbəgün artmış, yeni meydana çıxmış bir güc kimi imperialist güclərin qəddar maraqlarının həyata keçməsinə mane olmuşdur”.

İslam inqilabının rəhbəri vurğuladı: “Düşmənin planını öyrənməli, ona qarşı mübarizə aparmaq üçün irimiqyaslı profilaktik plana malik olmalıyıq. İcra proqramları da məhz bu irimiqyaslı plan çərçivəsində məzmun kəsb edəcəkdir”

Həzrət Ayətullah Xamenei: “Düşmənin planı İslam respublikasının potensiallarını məhv etmək, bacarmasalar, bu potensialların inkişafının qarşısını almaqdır”.

O, düşmənin planına qarşı yeganə mübarizə vasitəsinin ptensiallardan doğru-düzgün istifadə etmək, ölkənin güc və qüdrətini günbəgün artırmaq olduğunu qeyd edərək ölkənin əsas imkan və potensiallarından danışdı.

İslam inqilabının rəhbərinin açıqlama verdiyi birinci potensial İslam inancı oldu: “Qarşı tərəf gənc nəslin və gələcək nəsillərin İslam inancını sarsıtmaq üçün bütün resurslarından, xüsusilə kiber məkandan istifadə edir. Buna görə də güc perspektivlərindən biri kimi cəmiyyətdə İslam inancının qorunması və dərinləşdirilməsinə xüsusi əhəmiyyət verməliyik”.

Həzrət Ayətullah Xamenei elmi nailiyyətlərin ölkənin ikinci əsas potensialı olduğunu dedi və vurğuladı ki, qarşı tərəf elmi tərəqqiyə ciddi şəkildə qarşıdır, buna mane olmaq üçün ölkə alimlərinə qarşı terrora da əl atmışdır: “Onlar elmi tərəqqi ilə mübarizə aparmaq üçün hətta qadağan olunmuş çirkin vasitələrdən və internet viruslarından istifadə etdilər. Bu cinayətə görə beynəlxalq məhkəmələrdə biz onların yaxasından yapışa bilərdik. Ancaq təəssüflər olsun ki, bu iş həyata keçmədi”.

O vurğuladı: “Nüvə sahəsinə göstərilən təzyiqlərin əsas səbəblərindən biri ölkənin elmi inkişafına mane olmaqdır. Özləri də bilirlər ki, atom bombası əldə etməyə çalışmaq məsələsilə bağlı iddia açıq-aşkar bir yalandır”.

İslam inqilabının rəhbəri iqtisadi imkan və profilaktik müdafiə potensialının ölkənin iqtidar amillərindən olduğunu deyərək bu potensialların daha da artırılmasının zəruriliyini vurğuladı: “Milli birlik və milli vəhdət mənasında milli siyasi güc qorunmalı, normal qəbul edilən müxtəlif siyasi yanaşmalar və fikir ayılıqlarının olmasına rəğmən, sistemin hərəkət prinsipləri məsələsində xalq arasında ixtilaf yaranmamalıdır”.

Həzrət Ayətullah Xamenei dedi: “Allahın lütfü sayəsində bu gün sistemin prinsiplərinə qarşı milli vəhdət və birlik var, xalqın əksər hissəsində inqilaba, inqilabın simvollarına, inqilabın yadigarlarına, İmamın (r.ə) adına və xatirəsinə qarşı sevgi var”.

O, ölkə gənclərinin əsas potensiallardan biri olduğunu dedi: “Gənc nəsil çox böyük və mühüm bir nemətdir. Dövlət rəsmiləri ölkənin gənc nəslinin sayını artırmaq üçün doğru proqram tərtib etməlidirlər”.

Həzrət Ayətullah Xamenei düşmən planına qarşı mübarizə aparmaq üçün ölkənin altı əsas potensialının gücləndirilməsinin zəruriliyini vurğuladıqdan sonra dedi: “Düşmən, başında ABŞ-ın dayandığı imperializm şəbəkəsi, habelə saxta sionizm rejimini simvolizə edən sionist şəbəkəsidir”.

O, qarşı tərəfin öz düşmənçiliyini heç bir halda gizləməməsinə işarə edərək dedi: “Xarici İşlər nazirinin ötən gün parlamentin açıq iclasındakı çıxışı zamanı ABŞ-ın mahiyyətinin dəyişməməsi ilə bağlı qeyd etdiyi fikir tamamilə doğrudur. ABŞ-ın indiki mahiyyəti eynilə Reyqan dövründəki ABŞ mahiyyətidir, demokratlarla respublikaçılar arasında da heç bir fərq yoxdur”.

Həzrət Ayətullah Xamenei ABŞ-la bağlı mövcud olan yanlış bir təsəvvürə işarə edərək dedi: “Bəziləri elə təsəvvür edir ki, biz ABŞ-la uzlaşa və problemlərimizi həll edə bilərik. Bu, yanlış təsəvvür və xam xəyaldır”.

O vurğuladı ki, məntiqi baxımdan İran İslam Respublikası heç vaxt ABŞ dövləti tərəfindən sevilməyəcək: “Amerikalıların davranışı hər zaman xəbislik və inadkarlıqla müşayiət olunmuşdur. Buna görə də İranla Amerika arasındakı problemlərin kökündə anlaşılmazlıq dayanması və danışıqlar yolu ilə əlli-əlliyə kompromis qaydada həll ediləcəyi təsəvvürü heç bir reallığı olmayan yanlış bir təsəvvürdür”.

İslam inqilabının rəhbəri əlavə etdi: “ABŞ-ın əsas problemi İran İslam Respublikasının mövcudluğudur. Bu da danışıqlar və əlaqə vasitəsilə həll edilməz. Çünki İslamdan qaynaqlanan güc və müstəqillik imperializm üçün qəbul edilməzdir”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın baxış bucağından kompromisin mövqe və prinsiplərin deqradasiyası kimi qəbul edildiyini vurğulayaraq dedi: “Bu deqradasiyanın sonu yoxdur. Belə ki, nüvə məsələsindən sonra, indi də raket məsələsini ortaya atıblar. Raket məsələsindən sonra növbə insan hüquqlarına çatacaq. İnsan hüquqlarından sonra ekspertlər şurası, sonra fəqihin vilayəti, sonda konstitusiya və İslamın hakimiyyəti məsələsi gündəmə gətiriləcək. Buna görə də İran İslam Respublikasının ABŞ-la kompromisə gedə biləcəyi təsəvvürü yanlışdır”.

İslam inqilabının rəhbəri başqa bir yanlış təsəvvürdən də danışdı: “Bəziləri elə təsəvvür edir ki, ABŞ-ın İranla düşmənçilik səbəbi İslam respublikasının təhrikedici və konfliktçi davranışlarıdır. Halbuki İslam inqilabının qələbəsindən sonra xoşagəlməz çıxışlar, sanksiyalar, tələblər irəli sürməklə və İran xalqının düşməninə sığınacaq verməklə düşmənçilik və konfliktin bünövrəsini onlar qoyublar”.

İslam inqilabının rəhbəri ölkənin toxunulmazlığı və iqtidarının gücləndirilməsinin imperialistlərin bütün düşmənçiliklərinin əlacı olduğunu dedi: “Quranın açıq göstərişinə əsasən bacardıqca iman, iqtisadi, müdafiə, elmi, siyasi və sosial güc və qüdrətimizi artırmalıyıq”.

Bütün idarə və qurumların işçilərini milli toxunulmazlıq və gücün artırılması prosesində öz vəzifələrini tam şəkildə icra etməyə çağıran İsalm inqilabının rəhbəri nazirliklər və ölkənin elmi potensialına aidiyyatı olan qurumların səlahiyyətli şəxslərinə marginallıqdan uzaq olmağı tövsiyə etdi.

Həzrət Ayətullah Xamenei inqilabçı və etiqadlı gənclərin himayə edilməsi zəruriliyini ölkənin potensiallarından biri kimi səciyyələndirdi: “Açıq şəkildə bəyan edirəm, inqilabçı mömin gənclərin hər zaman müdafiəsindəyəm və onlara rəğbətim var”.

İslam inqilabının rəhbəri dövlətin yüksək çinli məmurları və məsul şəxsləri qarşısında etdiyi çıxışına iqtisadiyyat və BFKP sahəsinə dair mühüm xatırlamalarla davam etdi.

O, böhran və işsizliyin iki əsas problem olduğunu dedi: “Bu problemlər sanksiyalardan çox indiki, əvvəlki və daha öncəki hökumətin siyasətləri və proqramlarından qaynaqlanır”.

Həzrət Ayətullah Xamenei bu iki problemin bəzi həlli yollarını açıqlayarkən kiçik və orta sənaye sahələrinə diqqət ayrılmasının zəruri olduğunu dedi: “Bu sənaye sahələrinin inkişafı müqavimət iqtisadiyyatının təməl prinsiplərindəndir, iqtisadi mobilliyə və məşğulluq yaranmasına çox böyük təsir göstərə bilər”.

İnqilabın rəhbəri iş və fəaliyyətlərin prioritet sıralamasının çox mühüm məsələ olduğunu qeyd etdi: “Təbii ki, hörmətli nazirlərin hər biri öz problemlərinin daha mühüm olduğunu düşünür və həmin problemlərin həllinə daha çox resurs cəlb edilməsinə çalışır. Ancaq dövlət real prioritet sıralaması ilə iqtisadiyyatın inkişaf tempini sürətləndirməlidir”.

O, dövlətin müqavimət iqtisadiyyatı sahəsindəki fəaliyyətlərinin reallaşacağına ümidvar olduğunu bəyan edərək elmi biliklərə əsaslanan şirkətlərin himayə edilməsinin başlıca prioritet olduğunu, bunun isə böhran və işsizlik probleminin həllinə təsir göstərəcəyini qeyd etdi.

Həzrət Ayətullah Xamenei xarici investisiyaların ölkənin ehtiyac duyduğu sahələrinə cəlb edilməsinin də önəmli olduğunu dedi: “Bu sahədə də prioritet sıralaması üzrə hərəkət etmək lazımdır”.

Ölkə daxilində bənzəri olan və ya ölkənin ehtiyac duymadığı məhsulların idxalının qarşısının alınması, sənaye sahələrinin köhnə avadanlıqlarının yenilərilə əvəz edilməsi, kənd təsərrüfatı sahəsinə tam diqqət yetirilməsi, nefti xam şəkildə satmaq əvəzinə neft məhsullarının istehsalı və ixracatının diqqət mərkəzində saxlanılması və bu sahəyə investisiya yatırımı edilməsi inqilab rəhbərinin dövlət məmurlarına etdiyi tövsiyələrdən oldu.

O əlavə etdi: “Neft istehsalı və ixracatının həcminin artırılması ölkənin ehtiyac duyduğu məsələdir. Ancaq ən böyük nef və qaz ehtiyatlarına malik olan bir ölkəyə benzin idxal edilməsinə yol verilməməlidir. Dövlət işçiləri bu problemi aradan qaldırmaq üçün proqram hazırlamalı və iş görməlidirlər”.

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatının gerçəkləşməsi üçün lazım olan mənbələrin olmaması fikrini tənqid edərək dedi: “Əhalinin banklardakı valyuta depozitləri çox yüksək rəqəmlə ifadə olunur. Qanuni stimul və imkanları artırmaqla bu mənbələri müqavimət iqtisadiyyatı prosesinin sürətləndirilməsinə yönəldin”.

İslam inqilabı rəhbəri dövlət rəsmiləri və məmurları ilə görüşü zamanı etdiyi mühüm çıxışının son hissəsində BFKP və tərəflərin öz öhdəliklərinə sədaqət dərəcəsinin qiymətləndirilməsi məsələsinə toxundu.

Həzrət Ayətullah Xamenei bildirdi ki, BFKP-nın həm tərəfdarları, həm də müxalifləri öz fikirlərində mübaliğəyə yol verirlər: “BFKP-nı həm tərifləyənlər, həm də bu plana qarşı çıxıb onu tənqid edənlər öz fikirlərini irəli sürərkən bəzən mübaliğə edirlər. Halbuki BFKP-nın həm müsbət və yaxşı, həm də mənfi və qüsurlu tərəfləri var” .

İnqilabın rəhbəri əlavə etdi: “BFKP-nın müsbət tərəfləri İslam Respublikasını danışıqlara sövq edən cəhətlərdir. Əlbəttə, bu müsbət cəhətlərin çox hissəsi təmin edilmədi”.

O, BFKP-nın nöqsanlı cəhətlərinə toxunaraq dedi: “Bu nöqsanlar bizim hər zaman qorxduğumuz cəhətlər idi. Hey təkrar edirdik ki, qarşı tərəf öz sözünə əməl etməyən, verdiyi sözü yerinə yetirməyən, çirkin xislətli, sözündən dönən tərəfdir”.

O əlavə etdi: “BFKP-nında boşluqlar var. Əgər bu boşluqlar aradan qaldırılsayadı, qusurlar azalar və ya aradan qalxardı”.

Həzrət Ayətullah Xamenei nüvə danışıqlarının iştirakçılarına ciddi və yorulmaz çalışmalarına görə təşəkkür edərək dedi: “BFKP-nı haqqında söylədiklərimiz təkcə bu dəyərli qardaşların zəhmət və səylərinə aid deyil, həm də qarşı tərəfin fəaliyyətinin qiymətləndirilməsidir”.

İnqilabın rəhbəri qarşı tərəfin sui-istifadələrinə zəmin yaratmış BFKP sənədinin qeyri-müəyyənlik ifadə edən cəhətlərinə işarə edərək vurğuladı: “İran BFKP-nı birinci pozmayacaq, çünki əhdə vəfa Quranın göstərişidir, yox əgər ABŞ prezidentliyinə namizədlərinin BFKP-nı cırmaqla bağlı təhdidləri reallaşarsa, İslam respublikası BFKP-nı yandıracaq ki, bu da Quranın qarşı tərəfin əhdi pozmasına necə qarşılıq verilməsi ilə bağlı göstərişidir”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında ABŞ-ın üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini əks etdirən faktlara açıqlama gətirdi: “Qarşı tərəfin vəzifəsi sanksiyaları aradan qaldırmaq idi. Amma o bu vəzifəyə əməl etməyib, yəni sanksiyaların müəyyən hissəsini bir şəkildə götürsə də, əməldə sanksiyalara son qoymayıb”.

İnqilabın rəhbəri dedi: “Amerikalılar birinci dərəcəli sanksiyaları tam şəkildə qoruyub saxlayıblar. Bu da aradan qaldırılması qərara alınan ikinci dərəcəli sanksiyalara da təsir göstərir”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu işə aidiyyatı olan subyektlər qeyd olunan həqiqətlərə diqqət yetirsinlər, sanksiyaların götürüldüyünü təkrar-təkrar söyləməsinlər”.

O, xarici banklarla mübadilə probleminin həll edilmədiyinə işarə edərək əlavə etdi: “ABŞ dövlət rəsmiləri dildə və kağız üzərində elan edirlər ki, İranla bank mübadilələri sahəsində əməkdaşlıq edilməsi üçün heç bir maneə yoxdur. Ancaq əməldə elə iş görürlər ki, banklar İranla əməkdaşlıq etməyə cürət etmir”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda bir ABŞ rəsmisinin “Biz İranı rahat buraxmayacağıq” fikrini çirkin ikili davranış nümunələrindən olduğunu dedi: “ABŞ tərəfi bu böyük cinayət və pozuntuya xarici bankların İranla əməkdaşlığına mane olmaq üçün göstərdiyi fəaliyyətdə yol verdi. Heç kəs amerikalıların işinə don geyindirməməlidir”.

Neft tankerlərinin sığortası məsələsi inqilab rəhbərinin ABŞ-ın yol verdiyi pozuntularla bağlı qeyd etdiyi başqa bir mühüm mövzu idi: “Əlbəttə onlar bu sığortanı məhdud çərçivədə qəbul ediblər. Ancaq iri sığorta təşkilatları bu sahəyə daxil ola bilmir. Çünki amerikalılar həmin təşkilatların üzvüdürlər və maneələr yaradırlar”.

O, İslam Respublikasının üzərinə götürdüyü öhdəliklərə tam şəkildə əməl etdiyini qeyd etdi: “Biz ilkin ödənişləri həyata keçirmiş və üzərimizə düşən öhdəlikləri bilafasilə yerinə yetirmiş, uranın 20% zənginləşdirilməsini, Fordu və Ərak ağır su zavodunun işini dayandırmışıq. Ancaq qarşı tərəfin hələ də gözləntisi var”.

Həzrət Ayətullah Xamenei üzünü Dövlət Atom Enerjisi İdarəsinin müdirinə tutaraq dedi: “Qarşı tərəfin sentrifuqanın düzəldilməsində istifadə edilən karbon liflər, 300 kq nüvə maddəsinin ölçülməsi məsələsindəki gözləntilərini, əsla, qəbul etməyin və onlara təslim olmayın.

İnqilabın rəhbəri ölkəmizin xaricdəki dondurulmuş pullarına işarə edərək dedi: “Bu gün ölkənin neft gəlirlərinə nail olmaq çətindir və xərc tələb edir. Başqa ölkələrin banklarında olan pullarımız hələ İslam respublikasına qaytarılmayıb. Bu pullar dollarla olduğu üçün ABŞ-ın düşmənçiliyi və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi səbəbilə həmin pulların köçürülməsinə maneə yaranıb”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında nüvə sənayesinin strateji bir sənaye olduğunu, heç bir zərbə almadan qorunub inkişaf etdirilməsinin zəruri olduğunu dedi.

O, nüvə sənayesinin ölkənin təhlükəsizliyinin artması və toxunulmazlığı məsələsinə hiss olunan dərəcədə təsir göstərdiyini vurğuladı: “Bu sənayenin imkanları, işçi qüvvəsi və əvvəlki vəziyyətinə qalxa bilmə imkanı bərpa edilməlidir”.

İnqilabın rəhbəri əlavə etdi: “Xoşbəxtlikdən əvvəlki vəziyyətə qayıdış imkanı bərpa edilib. Biz lazım bildiyimiz şəraitdə yeni nəsil senrifuqalarla bir il yarımdan az müddətdə yüz min süu (swu) əldə də bilərik. Buna görə də qarşı tərəf düşünməsin ki, bizim əlimiz bağlıdır”.

ABŞ-ın istənilən təxribatına qarşı ciddi mübarizə aparılmasının zəruriliyini vurğulayan Həzrət Ayətullah Xamenei dövlət rəsmilərinə xitab edərək dedi: “Haqq alınandır. Amerika kimi canavar olsa belə, haqqı ağzından dartıb çıxarmaq lazımdır”.

Ölkə başçısı və Xarici İşlər nazirinin ABŞ-ın maneələrinə qarşı mübarizə ilə bağlı fikirlərindən məmnun olduğunu bildirən inqilabın rəhbəri dedi: “Qarşı tərəfin fəaliyyətlərinə qarşı mübarizə aparmaq üçün potensial və imkanlarımızı qorumalıyıq”.

O, 20% zənginləşdirməyə nail olma və mütərəqqi sentrifuqaların düzəldilməsinin ABŞ tərəfindən bəzi öhdəliklərin qəbul edilməsinə səbəb olan amillərdən olduğunu vurğuladı: “Əgər İranın elmi və texnoloji gücü olmasaydı, amerikalılar şübhəsiz ki, hal-hazırki vəziyyəti də qəbul etməzdilər. Buna görə də bu güc daha da artırılmalıdır”.

İnqilabın rəhbəri dövlət rəsmiləri və məmurları qarşısında etdiyi çıxışın nüvə sahəsinə aid olan hissəsində belə dedi: “BFKP-nın icrasına nəzarət edən heyətdən təvəqqö edirik ki, daha böyük diqqətlə qarşı tərəfin xoşagəlməz davrandığı və ya xəyanət etmək fikrində olduğu məqamlarda dursunlar və xalqın maraqlarını qorusunlar”.

İslam inqilabının rəhbərindən əvvəl çıxış edən ölkə başçısı Höccətül-İslam vəl-müslimin cənab Ruhani Ramazan ayının Allahın rəhmət ayı olduğunu dedi və ölkənin on birinci hökumətin işə başladığı vaxtdakı vəziyyətindən danışdı: “Dövlət inflyasiyaya nəzarət və onun qarşısının alınmasını öz prioriteti etdi. 1392-ci ildə (2014) inflyasiya göstəricisi 40,1% idisə, bu rəqəmi 1394-cü ilin sonlarına (2016-cı ilin əvvəlləri) qədər 11,9%-ə endirə bildik. Gələn ay da bir rəqəmli inflyasiya dərəcəsinə nail olacağıq”.

Cənab Ruhani qeyd etdi ki, valyuta bazarına nəzarət, iqtisadi inkişaf və böhrandan xilas dövlətin əldə etdiyi nailiyyətlərdəndir.

Prezident öz çıxışında dövlətin kənd təsərrüfatı sahəsi ilə bağlı tədbirlərinə də toxundu: “1392-ci ildən 1394-cü ilə qədər kənd təsərrüfatının istehsalat həcmi 97 milyon tondan 112 milyon tona çatıb”.

Cənab Ruhani əlavə etdi: “Buğda və düyü kimi strateji qida məhsullarının ehtiyat həcmi də artıb. 1394-cü ilin ehtiyat həcmi 92 –ci illə müqayisədə üç dəfə artıb. Cari ilin buğda ehtiyatı ilə bağlı proqnoz 10 milyon tondur ki, bu da təqribən ölkənin ehtiyaclarına bərabərdir”.

Cənab Ruhani neft sənayesi sahəsindəki nailiyyətlərə də işarə edərək dedi: “Cənubi Farsın 12, 15, 16 və 17-ci fazaları icraya verildi, üç-dörd faza da ilin sonuna qədər icraya veriləcək”.

Ölkə başçısı əlavə etdi: “Ölkənin qaz istehsalının həcmi bu müddət ərzində illik 150 ml. m³ artıb”.

O, ölkənin dəmir yolu xətlərinin artırıldığını da dedi: “Dəmir yolu xətlərinə 475 km əlavə edilməsi və 700 km-in də layihələşdirilməsi ilə dəmir yolu və tranzit sahəsində böyük dəyişikliyin baş verdiyinin şahidi olacağıq”.

Cənab Ruhani xarici ticarət sahəsində müsbət dəyişikliyin baş verdiyini qeyd etdi: “60 ildən sonra ilk dəfə ötən il ölkənin qeyri-neft ixracatının həcmi qeyri-neft idxalatının həcmini keçdi”.

O davam etdi: “Keçən səkkiz il ərzində ölkənin ticarət balansı orta hesabla mənfi 25 milyard dollar olmuşdur. Ancaq bu balans ilk dəfə müsbətə doğru dəyişdi”.

Cənab Ruhani nüvə danışıqlarına işarə edərək dedi: “Bu danışıqlarda İran millətinin nüvə hüquqlarını sübuta yetirdik və amansız qətnamələri ləğv etdik” .

Prezident qeyd etdi ki, sanksiyaların ləğvindən sonra atılan ilk addım neft ixracatı bazarına giriş oldu: “Bu sahədə təqribən snaksiyalardan əvvəlki vəziyyətə yaxınlaşmışıq”.

Cənab Ruhani son aylarda kondensat istehsalının 370 min bareldən 390 min barelə çatdığını dedi: “Bu gün xam neft ixracatı iki milyon barelə qədər artıb. Neft istehsalı da 2,7 milyon bareldən 3,8 milyon barelə çatıb”.

Ölkə başçısı vurğuladı: “Məqsədlərə nail olmaq üçün bu gün birliyə və müqavimətə ehtiyacımız var”.

O qeyd etdi ki, dövlətin qarşısında duran ən mühüm məsələ məşğulluq məsələsidir. On birinci hökumətin uğurlarından biri budur ki, keçən 3 il ərzində 1 340 000 yeni iş yeri açılmışdır: “Statistika mərkəzinin də məlumatına görə indi ölkədə 22 milyondan artıq işçi var”.

O bildirdi ki, iqtisadi inkişafa mane olan problemlərdən biri tələbat azlığıdır: “Yeni bazar olmadan arzuolunan iqtisadi inkişafa nail ola bilmərik. Buna görə də yeni daxili və xarici bazar, habelə xarici investisiya axtarışında olmalıyıq”.

Ölkə başçısı inqilab rəhbərinin gənclərin işsizliyi ilə bağlı son çıxışına işarə edərək dedi: “Təhsilli İran gənclərinin işsiz olması dövlət üçün də utancvericidir”.

Cənab Ruhani keçən il inqilab rəhbərinin göstərişi ilə müqavimət iqtisadiyyatı qərargahının təşkil edildiyinə işarə edərək dedi: “Bu qərargah bu günə qədər 19 iclas keçirmiş və 110 layihəni öz priariteti etmişdir”.

Cənab Ruhani millətlə dövlət arasındakı etimadın zəifləməməsinin zəruriliyinə toxunaraq dedi: “Əgər haradasa bir neçə nəfər yüksək maaş alıbsa, bunu milli problemə çevriməyək, dövlətin də tənqidləri dinləmək üçün qulağı var”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /