Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İzzət, qüdrət, mənəvi yüksəliş, ruhi sakitlik Qurana əməldədir

Bu gün mübarək Ramazan ayının birinci günü günortadan sonra İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə üç saatdan artıq davam edən Quranla ünsiyyət məclisi təşkil edildi.

Quranın mənəvi rayihəsi və təravəti ilə dolu olan bu nurani məclisdə ölkənin ayrı-ayrı yerlərindən olan Quran ustadları, hafiz və qarilərindən 8 nəfəri müqəddəs Allah kəlamından ayələr tilavət etdi, xor qrupları da Allaha həmd-səna oxudular.

İslam inqilabının rəhbəri bu mərasimdə Quran kəlamlarının gözəlliyinin bir möcüzə, onun ali və dərin məzmunlu mənalarına açılan bir pəncərə olduğunu dedi. Ölkədə Quran məclislərinə rəvac verilməsinin vacibliyini vurğulayan inqilabın rəhbəri qeyd etdi ki, hal-hazırki şəraitdə dünyanın Quran ideyaları ilə tanışlığa hər zaman olduğundan daha çox ehtiyacı var: “Əgər Quranın dərin mənaları insanlara müasir dillə çatdırılarsa, mütləq, yüksək təsir göstərər və bəşəriyyətin həqiqi inkişafına zəmin yaradar. Çünki, izzət, qüdrət, maddi rifah, mənəvi yüksəliş, təfəkkür və əqidənin inkişafı, şadlıq və ruhi sakitlik Qurana əməllə şərtlənir”.

Həzrət Ayətullah Xamenei çıxışının əvvəlində keçən il “Mina faciəsi”ndə həlak olmuş Quran qariləri və Allah dərgahinin mühacirlərinin əziz xatirəsini hörmətlə andı və ölkədə Quran munislərinin, xüsusilə gənc Quran munislərinin çevrəsinin genişlənməsindən razı qaldığını dedi: “Quran ifadələrinin gözəlliyi və cazibədarlığı bir möcüzə olsa da, bu gözəl ifadələrin məqsədi Quran ideyalarının əzəmətli və bərəkətli dünyasına bir pəncərə açmaqdır”.

O vurğuladı: “Əgər Quran ideyalarına diqqət göstərilərsə, heç şübhəsiz, müasir dövrün problemlərilə dolu olan təlatümlü və mürəkkəb dünyada Quran ideyalarının dərin qatları və təsiri daha çox dərk edilər”.

İslam inqilabının rəhbəri ölkədə Quran məclisləri və yığıncaqlarının inqilabdan əvvəlki dövrlərlə, hətta inqilabın ilk illərilə müqayisəyə gəlməz dərəcədə artdığını dedi: “Ölkədə görülməsi lazım olan işlərdən biri Quranı “tilavət və dinləmə” məclislərinə rəvac verilməsidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əhli-beyt əleyhimissalam üçün əzadarlıq və bayram məclisləri təşkil edildiyi kimi, Quran ideyalarının inkişaf sürətinin artırılması üçün Quran məclislərinin təşkili də geniş vüsət almalıdır”.

O, müasir dünyanın kimlik, fikir və iman boşluğuna işarə edərək bəşəriyyətin Quran məzmunlarına ehtiyacı olduğunu dedi: “Quran ideyalarını dünyaya iman əsaslarını daha da möhkəmləndirmək və bu ideyaların insanlara ötürülmə forması ilə tanış olaraq ötürməliyik”.

İslam inqilabının rəhbəri vurğuladı: “Əgər bu ideyalar ötürülərsə, Quran dünyada əsas təsir amilinə çevrilər, nəticədə, super güclər, onların silahları və sionist rejim heç nə edə bilməz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ruhi və dini sakitlik Quran ideyaları ilə tanışlığın bərəkətlərindən biridir: “Bu sakitlik insanın Allah-taalaya və ilahi qüdrətə olan imanının artmasına zəmin yaradır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /