İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar) səhər onuncu parlamentin sədr və üzvləri ilə görüşündə İslami Şura Məclisinin güc, əzəmət və bütün fəaliyyətlər üzərindəki mövqeyinin qorunmasının vacibliyini vurğuladı və parlamentdə yaxşı qanunvericiliyin zəruri şərtlərinin necə olmasını açıqladı. O, parlamentin müqavimət iqtisadiyyatı, mədəniyyət, daxili, regional və beynəlxalq siyasətlər sahəsindəki prioritetlərini sadaladı: “İslami Şura Məclisi ölkəyə sakitlik bəxş etməklə yanaşı inqilabçı olmalı, qanunvericilik fəaliyyətində inqilabçı davranmalı, Amerikanın düşmən və qərəzli mövqelərinə reaksiya verməli və imperializm siyasətlərinə qarşı müqavimət göstərməlidir”.
İslam inqilabının rəhbəri çıxışının əvvəlində qanunverici orqanda xidmət göstərmək hüququ qazandıqları üçün parlament üzvlərini təbrik etdi və bu orqanın yüksək mövqeyə malik olduğunu dedi: “Parlamentin qanunvericilik vəzifəsi çox mühüm əhəmiyyət daşıyır, əslində, dövlətin hərəkət relsini müəyyən edir”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, parlamentin nəzarət vəzifəsi dövlətlə əməkdaşlıq mövzusu ilə təzad təşkil etmir: “Əməkdaşlıq o demək deyil ki, məclis öz haqqından keçir. Parlament üzvləri özlərinin araşdırma aparmaq kimi qanuni səlahiyyətlərindən istifadə edərək qanunun düzgün icrasına nəzarət etməlidirlər”.
O, parlament üzvlərinin İslamın əsas prinsipləri və inqilabın nailiyyətlərinin qorunması ilə bağlı içdikləri anda işarə edərək dedi: “Parlament bütün fəaliyyətlərə nəzarət etməlidir. Parlamentin əsl mövqe və əzəmətini qorumaq parlament üzvlərinin vəzifəsidir”.
İslami Şura Məclisinin yüksək mövqeyinin qorunmasına zəmanət verən amillərdən birinin parlamentin özünün özünə nəzarət olduğunu deyən İslam inqilabının rəhbəri yaxşı qanunvericilik və onun zəruri şərtlərinə işarə edərək dedi: “Qanun “keyfiyyətli, möhkəm, əhatəli, aydın, digər qanunlarla təzad təşkil etməyən, anti-fəsad, yüksək siyasətlərə uyğun, dövlət və qeyri-dövlət mütəxəssislərinin rəylərinə əsaslanan, yerli deyil, milli maraqları əhatə edən” olmalıdır”.
Həzrət Ayətullah Xamenei altıncı proqram layihəsinin yeni parlamentin gündəliyində olan çox mühüm işlərdən biri olduğunu dedi: “Spesifik şərait bu ölkə üçün xüsusi səciyyə daşıyır. Buna görə də altıncı proqram diqqətlə, heç bir nöqsana və səhlənkalığa yol vermədən araşdırılıb təsdiq edilməlidir”.
O, onuncu parlamentdəki yeni üzvlərin say çoxluğuma işarə edərək dedi: “Mən bunu bir fürsət hesab edirəm. Çünki yeni üzvlərin bəzi təcrübəli üzvlərlə yanaşı olması motivasiyalı bir məclisin təcrübəli üzvlərin təcrübələrindən istifadəsinə zəmin yaradacaq”.
Sonra onuncu parlamentin prioritetlərindən danışan İslam inqilabının rəhbəri “iqtisadiyyat”ın başlıca mövzu olduğunu vurğuladı: “Parlament üzvləri müqavimət iqtisadiyyatının reallaşmasında son dərəcə təsirli rola malikdirlər. Çünki hökumətin iqtisadi fəaliyyətlərini müqavimət iqtisadiyyatı istiqamətinə yönəldə və bunu hökumətdən tələb edə bilərlər”.
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, düşmən İslam sisteminə zərbə endirmək üçün iqtisadiyyat silahından istifadə etməyə çalışır: “Bəzi naşı davranışlar, passiv mövqelər və danışıqlar düşmənə sanksiya zərbəsindən istifadə etmək cəsarəti versə də, iqtisadi problemlər, xüsusilə böhran və məşğulluq problemi həll edilməlidir, quru-quru danışmağın faydası yoxdur”.
O, bildirdi ki, böhran və məşğulluq probleminin həllinə daxili istehsalı inkişaf etdirməklə nail olmaq iqtisadiyyat sahəsinin çox mühüm və əsas prioritetlərindəndir: “Sistemin bir gəncin işsiz olmasına görə keçirdiyi utanc hissi işsiz gəncin öz ailəsi qarşısında keçirdiyi utanc hissindən çoxdur. Buna görə də sözügedən probemi həll etmək üçün ciddi addımlar atmaq lazımdır”.
lsam inqilabının rəhbəri qaçaqçılıqla mübarizənin parlamentin iqtisadiyyat sahəsindəki prioritetlərindən olduğunu dedi: “Qaçaqçılıq sistemin kürəyinə sancılmış bir xəncərə bənzəyir. Onunla mübarizə aparmaq da asan deyil. Ancaq hökumət bu xoşagəlməz hadisə ilə məşğul olmalı, parlamentdə ona bu işdə dəstək verməlidir”.
Həzrət Ayətullah Xamenei mədəniyyət məsələsinin də onuncu parlamentin qarşısında duran prioritetlərdən olduğunu dedi: “İqtisadiyyat ölkənin aktual və gündəmdə olan prioritetidir. Lakin mədəniyyət uzunmüddətlilik baxımından iqtisadiyyatdan da önəmlidir”.
O əlavə etdi: “Mədəni qurumlarda mədəniyyət məsələsinə laqeyd və əhəmiyyətsiz yanaşıldığına təsadüf edilir. Belə ki, faydalı mədəni məhsulun istehsalında və zərərli mədəni məhsulun istehsalının qarşısının alınmasında səhlənkarlığa yol verilir”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzən qida məhsulları kimi zərərli olan qeyri-mədəni məhsulların istifadəsi ilə bağlı xəbərdarlıqlar zərərli olan mədəni məhsullarla bağlı xəbərdarlıqlardan daha çox olur. Halbuki bu məhsullardan istifadənin xalqa göstərdiyi mənfi təsirlər daha təhlükəli və daha böyükdür”.
O bildirdi: “Bəzən zərərli olan mədəni məhsulların istehsalı və ya idxalına qarşı mövqe sərgilənmir, bunun üçün heç bir iş görülmür. Çünki azad informasiya hərəkatının qarşısını almaqda ittiham ediləcəklərindən qorxurlar”.
İslam inqilabının rəhbəri Avropa və Amerikada informasiyaları nəzarətdə saxlamaq üçün sərt qaydalar tətbiq edildiyinə işarə edərək dedi: “Onların azad informasiya hərəkatının qarşısının alınması məsələsindəki əsassız ittihamlarından qorxduğumuz halda, bizim nəzarət qaydalarımız onların sərt qaydalarının heç onda biri qədər də deyil”.
İslam inqilabı rəhbərinin İslami Şura Məclisinin üzvlərinə verdiyi növbəti tövsiyə “İnqilabçı olmaq, inqilabçı qalmaq, inqilabçı davranmaq”la bağlı oldu.
Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin inqilabdan qaynaqlanan inqilabçı bir orqan olduğunu dedi: “Qanunvericilikdə, deputat vəzifələrinizin icrasında, çıxışlarınız və mövqelərinizdə inqilabçı davranın” .
O, irimiqyaslı məsələlərdə parlamentin ümumi mövqelərinin mühüm əhəmiyyət daşıdığını qeyd edərək doqquzuncu parlamentin bu sahədəki yaxşı fəaliyyətini yüksək qiymətləndirdi: “Parlament İslam inqilabına zidd olan əks siyasi cərəyanlara qarşı qətiyyətli və şəffaf mövqe sərgiləməlidir”.
İslam inqilabının rəhbəri ABŞ hökuməti və konqresinin İran İslam Respublikasına qarşı sərgilədiyi düşmən davranışına toxunaraq dedi: Düşmənlərin həyasız davranışlarına cavab vermək üçün meydana çıxmaq və tutarlı cavabla onları susdurmaq lazımdır. Çünki düşmən siyasi arenadakı addımlarını reaksiyalar əsasında planlaşdırır. Qarşı tərəfin passif və geri çəkilməyə meylli olduğunu hiss edirsə, sakit dayanmır və daha da acgözlük edir”.
Həzrət Ayətullah Xamenei bu kontekstdən nüvə danışıqları məsələsinə toxunaraq dedi: “Amerikalılar, istər hökumət olsun, istər konqres, istərsə də prezidentliyə namizəd davamlı olaraq acgözlük edir, təhdidlərini davam etdirirlər. Onların hal-hazırkı mövqeləri və təhdidləri razılaşmadan əvvəlki müstəvisindədir. Bu həyasızlıqlar qarşısında sakit dayanmaq olmaz”.
İslam inqilabının rəhbəri düşmənin daxildəki fikir ayrılıqlarını daha da aktiv etmək üçün hazırladığı planı şərh edərək dedi: “Düşmən etnik, etiqad və mövqe fərqliliklərini aktivləşdirmək və bunu zəlzələyə çevirmək istəyir. Buna görə də parlament üzvləri düşmənin bu planının nəticəsiz qalması üçün çalışmalıdırlar”.
Həzrət Ayətullah Xamenei dedi: “Parlament üzvü özünün siyasi baxışına uyğun səs verə, hər hansı mövzu ilə razılaşa və ya ona qarşı çıxa bilər. Ancaq bu, parlamentin əvvəlki dövrlərində bəzən təsadüf edilən qarşıdurma, söz savaşı, yaxalaşma və gərginliklə nəticələnməməlidir”.
İnqilabın rəhbəri qeyd etdi ki, parlamentdə gərginlik yaranması onun cəmiyyətə sirayət eməsinə, cəmiyyətdə gərginlik yaranmasına və mənfi psixoloji təsirə səbəb olur: “Parlamentdə sakitlik hökm sürərsə, bu sakitlik mütləq, cəmiyyətə də sirayət edər”.
Həzrəti Ayətullah Xamenei düşmənin regiondakı planlarını şərh edərək dedi: “Düşmənin önəmli və həssas olan Qərbi Asiya regionu üçün müəyyən planları var və o, həmin planların həyata keçməsinə mane olan İslam Respublikasının siyasətlərini təsirsizləşdirməyə çalışır”.
O, Qərbi Asiya regionunun bəzi xüsusiyyətlərinə işarə edərək dedi: “İslam və müsəlmanların mövcudluğu, zəngin neft ehtiyatları və strateji su yolları, eləcə də sionist rejimin mövcudluğu Qərbi Asiyanı düşmən üçün son dərəcə önəmli edib. Onların bu region üçün nəzərdə tutuduqları planlar, bir neçə il öncə qeyd etdikləri "Yeni Orta Şərq" və “Böyük Orta Şərq" planından ibarətdir.”
İslam inqilabının rəhbəri İran İslam Respublikasının müqaviməti nəticəsində Amerikanın regionda, xüsusi ilə də İraq, Suriya, Livan və Fələstinlə bağlı planlarının reallaşmamasına toxunaraq dedi: “Bu imperialist siyasətlərə qarşı müqavimət göstərmək və imperializmin əsil simasını ifşa etmək lazımdır”.
O, hər kəsi düşmənlərin xoşladığı mövqe və davranışlardan qorunmağa çağırdı: “Hegemençuluğun əsl həqiqətləri və imperializm sisteminin əsl simasını öz mövqeləriniz və çıxışlarınızda açıqlayın. Ehtiyatlı olun ki, danışığınız və davranışınız ABŞ və sionist rejimə köməklik göstərməsin”.
İslam inqilabının rəhbəri sonda dedi: “Düşmənin İslam sisteminə qarşı üç müstəvidə - beynəlxalq, regional və daxildə planları var. Beynəlxalq müstəvidə ittihamlarını davam etdirir, regional müstəvidə planlarının gerçəkləşməsinə mane olan maneələri aradan qaldırır, daxildə fikir ayrılıqlarını aktivləşdirir. Buna görə də bütün qurumlar və dövlət rəsmiləri, xüsusilə İslami Şura Məclisinin üzvləri bu planlara qarşı ayıq olmalıdırlar”.
İslam inqilabının rəhbəri habelə qarşıdan ilahi ziyafət ayının gəlməsinə işarə edərək mübarək ramazan ayının dua, özünü düzəltmək və saleh əməllər üçün bir fürsət olduğunu dedi: “Siz əzizlərin əlinə düşmüş parlament üzvülüyü fürsəti keçici bir fürsətdir. Bu fürsətin qədrini bilin və öz qanuni vəzfiələrinizin icrasında Allahdan yardım diləyin”.
İslam inqilabının rəhbərindən əvvəl çıxış edən İslami Şura Məclisinin sədri cənab Laricani mərhum İmamın (r.ə) xatirəsini hörmətlə anaraq onuncu parlamentin prioritetləri və planlarından danışdı: “İnqilab qalasını qorumaq üçün üzərimizə ağır bir məsuliyyət götürmüşük. Regionun gərgin vəziyyətini sabitlik və stabil təhlükəsizlik istiqamətinə sövq edə biləcək, İranın təhlükəsizliyini təmin edəcək amil inqilabi baxış və ona əməl etməkdir”.
O əlavə etdi: “İnqilabçı olmaq İslami Şura Məclisinin hal-hazırkı strategiyasıdır. Onuncu parlament regionda baş verən hadisələri son dərəcə ciddiyyətlə izləyəcək”.
Parlament sədri qeyd etdi ki, nüvə razılaşmasından sonra ABŞ-ın problemlər yaratması imperializmin İran xalqının mənafeyinə zərbə vurmaq məqsədi güddüyündən xəbər verir: “Millət vəkilləri öz vəzifələrini bilirlər; parlamenti əcnəbilərə qarşı millətin hüquqlarını müdafiə qalxanına çevirsinlər”.
Cənab Laricani hal-hazırkı şəraitdə üç orqan, millət və dövlətin qarşılıqlı əməkdaşlığının, böhrandan çıxmaq üçün daha sürətli və daha dəqiq addımlar atılmasının zəruri olduğunu dedi: “Parlament müqavimət iqtisadiyyatının gerçəkləşdirilməsi və istehsalın inkişaf etdirilməsi məsələsini əsas diqqət mərkəzində saxlamaqla bütün komissiyalarda bu mövzunu özünün başlıca prioriteti edərək lazımi layihələri, proqramları və müqavimət iqtisadiyyatının gerçəkləşməsinə nəzarəti həyata keçirəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir