Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmən nüfuzuna qarşı mübarizədə həqiqətləri açıqlamaq hamının vəzifəsidir

Bu gün (bazar ertəsi) səhər, üç xordad - qürurverici Beytül-müqəddəs əməliyyatı və Xürrəmşəhrin alınmasının ildönümündə Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin iştirakı ilə İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin buraxılış mərasimi keçirildi.

Meydana daxil olduqdan sonra ilk olaraq naməlum şəhid məzarları önündə “Fatihə” oxuyan İslam İnqilabının Ali Məqamlı Rəhbəri Müqəddəs Müdafiə şəhidlərinin xatirəsini əziz tutaraq Allah-taaladan onlar üçün ən ali dərəcələr dilədi.

Daha sonra Ali Baş Komandan meydanda düzülmüş hərbi birlikləri salamladı.

Həzrət Ayətullah Xamenei həmçinin meydanda olan məğrur əlil və veteranlar, habelə Hərəmin fədakar müdafiəçilərindən olan veteranlar və bir neçə şəhid ailəsi ilə də salamlaşıb hal-əhval tutdu.

Çıxışı zamanı “Böyük cihad”ın Quran və İslama əsaslanan məntiqinin izahını “imperializm cəbhəsinə qarşı müqavimət və ona tabe olmamaq” kimi səciyyələndirən İslam İnqilabının Ali Rəhbəri onun İslam Respublikası sistemindəki yönləri və zəruri şərtlərindən danışdı. O bildirdi ki, imperializm İslam sisteminə nüfuz edərək onun mahiyyətini dəyişməyə çalışır və bunun üçün böyük proqramlar hazırlayır: “Universitet və dini mərkəzlərin, mömin və inqilabçı gənclərin, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun indi ən mühüm vəzifəsi “İnqilab şüarlarının dərin məzmunlarını açıqlamaq üçün düşünülmüş və tədbirli addımlar atmaq”, “səthi davarmışlardan yayınmaq”, “gələcək üçün kadr hazırlamaq”, “İnqilabın 37 illik heyrət doğuran təcrübələrinin elmi kodifikasiyası”nı hazırlamaqdır.

Mərasim iştirakçılarını Həzrət Sahibəzzamanın (ə.f) doğum günləri münaisbətilə təbrik edən, habelə üç xordad - Xürrəmşəhrin alınmasının ildönümü gününü hörmətlə anan Həzrət Ayətullah Xamenei bu günün inqilab tarixinin unudulmaz günlərindən biri və İlahi qüdrətin təzahürü olduğunu dedi: “Xürrəmşəhrin azad edilməsi əməliyyatı, həmçinin digər müqəddəs müdafiə əməliyyatlarının o qədər incə xüsusiyyətləri var ki, bəlkə də çoxlarının, xüsusilə gənc nəslin onların çoxundan xəbəri yoxdur. Buna görə də sözügedən əməliyyatlar haqqında yazılmış kitabların mütləq, oxunması tövsiyə edilir.”

O, Xürrəmşəhrin azad edilməsi əməliyyatının mühüm nüanslarından birinə toxunaraq burada Allahın himayəsi və qüdrət əlinin rol oynadığını dedi: “O Allah adamı və əsl ilahi alim olan böyük İmam deyirdi ki, Xürrəmşəhri Allah azad etdi.”

İnqilabın rəhbəri dedi: “Bu məntiqlə bütün səylər və imkanlar ortaya qoyularsa, sonda da Allaha təvəkkül edilərsə, Allahın qüdrət əli güclü bir himayəçi kimi köməyə gələr. Bunun nəticəsidir ki, Xürrəmşəhr bütün imkan və texniki təchizatlara malik olan düşmənin əlindən azad edildi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu məntiqlə imperializmin işğalı altında olan bütün dünyanı və Fələstini azad etmək, bütün xalqları yoxsulluqdan, çarəsizlikdən xilas etmək mümkündür”.

O vurğuladı: “Hər hansı xalq bu məntiqlə davransa, bütün səy və fəaliyyətlərini ortaya qoyub Allaha təvəkkül etsə, super güclərin hərbi, maliyyə, təbliğat və siyasi qüdrətindən qətiyyən qorxmaz”.

İnqilabın rəhbəri bildirdi ki, müxtəlif vasitələrdən və hiylə-kələklərdən istifadə etməsinə baxmayaraq, İslam inqilabını məğlubiyyətə uğratmaq üçün imperializm cəbhəsinin keçən 37 il ərzində göstərdiyi bütün səylər uğursuzluğa düçar olub. Bu, Allaha təvəkkül edərək həyata keçirilən müqavimət və mübarizə məntiqinin bariz nümunəsidir: “İran xalqı hər zaman meydandadır. Çox sayda gənc öz canını inqilab yolunda fəda etməyə hazırdır. Bu, Allahın qüdrətini cəlb edəcək bir amildir”.

Həzrət Ayətullah Xamenei imperializm cəbhəsi ilə bu cür qarşılaşmanı qüvvələr nisbətinin bərabər olmadığı müharibə adlandırdı: “Bu qüvvələr nisbətinin bərabər olmadığı müharibədə tərəflərin hər biri elə güc resursları və imkanlarına malikdir ki, qarşı tərəfdə o yoxdur. İslam dövlətinin güc resursları Allaha təvəkkül və etimad, qələbəyə inam, mömin insanların iradəsinin gücünə etimaddır. İslam dövləti ilə imperializm cəbhəsinin qüvvələr nisbətinin bərabər olmadığı müharibə iradələrin müharibəsidir”.

O, qüvvələr nisbətinin bərabər olmadığı müharibənin “İradələrin müharibəsi” olduğunu vurğulayaraq dedi: “Bu müharibə meydanında tərəflərdən hansının iradəsi zəifləsə, mütləq, məğlub olacaq. Buna görə də ayıq olmaq lazımdır ki, düşmənin təbliğat və vəsvəsələri bizim möhkəm iradəmizi sarsıtmasın”.

İnqilabın rəhbəri bu müharibənin hərbi müharibədən üstün və bir növ “cihad” olduğunu dedi: “Bu gün bizim ölkəyə qarşı ənənəvi hərbi müharibənin baş verməsi ehtimalı çox zəifdir. Lakin cihad məsələsi öz yerindədir. Quran və İslam məntiqinə əsaslanan bu cihad “böyük cihaddır”. Bu cihad kafir və müşriklərə qarşı müqavimət göstərmək və onlara tabe olmamaq səciyyəsi daşıyır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, böyük cihad siyasət, iqtisadiyyat, mədəniyyət və incəsənət arenalarında da həyata keçirilməlidir: “Bütün bu arenalarda kafir və müşriklərə tabe olmaq yerinə İslam və Quran proqramını rəhbər tutmaq lazımdır. Böyük cihad kafir və müşriklərə müqavimət göstərmək və onlara tabe olmamaqdır”.

O bildirdi ki, İslam Respublikası ilə imperializm cəbhəsinin bugünkü problemi “tabeçilik” məsələsidir: “Onlar İslam sistemini diz çökdürüb asılı vəziyyətə salmaq üçün bütün mədəni, iqtisadi, siyasi və təbliğat fəaliyyətlərini, təzyiqlərini, güclərini, və xain qüvvələrini işə salıblar. Ancaq müsəlman olduğu üçün İran xalqının imperializmə tabe olmaq istəməməsi imperializmin bu xalqa qarşı daha da qəzəbli olmasına səbəb olmuşdur”.

İnqilabın rəhbəri onu da əlavə etdi ki, atom enerjisi, raket imkanları və insan hüquqları kimi məsələlərin gündəmə gətirilməsi bəhanədir: “Bütün düşmənçiliklər və bəhanələrin səbəbi imperializmə tabe olmamaqdır. Çünki İran xalqı itaətə hazır olsaydı, şübhəsiz ki, raket və atom enerjisi sahəsində razılığa gələr, insan hüquqları məsələsini əsla, ortaya gətirməzdilər”.

Həzrət Ayətullah Xamenei raket məsələsində bir nüansı xüsusilə vurğuladı: “Son vaxtlar İranın raket imkanları haqqında çox qalmaqal yaradıblar. Ancaq bilsinlər ki, bu hay-küylərin heç bir təsiri olmayacaq və onlar heç nə edə bilməzlər”.

O, çıxışının davamında imperializm cəbhəsinin İslam sistemi ilə düşmənçiliyinin əsl səbəbindən danışdı: “Amerikalılar bu düşmənçiliyin əsl səbəbinin açıqlanmamasına çox çalışırlar. Amma bəzi açıqlamalarında bu məsələnin üstü açılır. Məsələn, bir neçə gün bundan əvvəl bir ABŞ rəsmisi həmişəki anti-İran ittihamlarını təkrar etdikdən sonra istəmədən ideoloji mövzuya, yəni İran xalqının küfür və imperializm cəbhəsinin boyunduruğunu qəbul etməməsinin səbəbinin İslam təfəkkürü olduğuna işarə etdi”.

İnqilabın rəhbəri müqavimət, düşmənə tabe olmamaq, İslam və inqilab mahiyyətinin qorunmasını İslam dövləti və İran xalqının əsas güc amilləri olduğunu dedi: “Bu məsələ ABŞ və digər dövlətləri daha çox narahat edir, onlar bu məsələdə tamamilə acizdirlər. Buna görə də ölkənin qərar qəbul edən mərkəzlərini özlərinə tabe edə bilmək üçün çox çalışsalar da, istədiklərinə nail ola bilmədilər, Allahın lütfi ilə olmayacaqlar da”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ordunun vəzifəsi İnqilabın keşiyində dayanmaqdır. Buna görə də böyük cihad İslam İnqilabı Keşikçi Korpusunun fəaliyyət proqramlarının sərlövhəsi olmalıdır”.

O, orduya qarşı aparılan kampaniyalar və irəli sürülən ittihamlara işarə edərək dedi: “Bütün bu qəzəblərin səbəbi ordunun inqilab yolundakı qətiyyəti, İslam və inqilab istiqamətlərini və ruhiyyəsini qorumasıdır”.

İnqilabın rəhbəri ölkə gəncləri və mərasimdə iştirak edən müdavimlərə səslənərək dedi: “İnqilabın gələcəyi sizin əlinizdədir. Sizlərsiniz ki, bu tarixi şərəflə qoruyacaqsınız. Bilin ki, gələcəyin xürrəmşəhrləri irəlidədir. Əlbəttə, bu əməliyyatların meydanı hərbi müharibə meydanları və müharibələrin xarabalıqları deyil, əksinə, abadlıqlarla da müşayiət ediləcək meydanlardır. Ancaq sözügedən əməliyyatlar hərbi müharibədən daha ağırdır”.

Həzrət Ayətullah Xamenei böyük cihadın iqtisadiyyat, mədəniyyət və sosial sahələrdəki müxtəlif yönlərinə məhz elə bu aspektdən açıqlama gətirdi: “Müqavimət iqtisadiyyatının icrasında israrlı olmaq bu cihadın iqtisadi, hizbullahçı və inqilabçı mömin gənclərin heç bir xarici təsir olmadan mədəni fəaliyyətləri əzmkarlıqla davam etdirməsi, mədəni qurumların da bu istiqamətdə fəaliyyəti bu cihadın mədəni, ölkənin inkişafına nail olmaq üçün onun bütün imkan və potensiallarından istifadə bu böyük cihadın aktiv ictimai yönüdür”.

O bu hərəkatın bəzi müxaliflərinin yersiz ittihamlarına, daxili imkanlardan istifadəni dünya ilə əlaqənin kəsilməsi kimi izah edən iddiaya işarə edərək dedi: “Biz dünya ilə əlaqənin kəsilməsinin və əhatəmizə hasar çəkilməsinin heç vaxt tərəfdarı olmamışıq. Əksinə, demişik ki, siyasi və iqtisadi əlaqələriniz olsun, ancaq öz kimliyinizi və şəxsiyyətinizi unutmayın, danışmaq və ya müqavilə imzalamaq istədikdə İslam İranının, İslamın nümayəndəsi kimi danışın, müqavilə masasına əyləşin və ayıq davranın”.

Böyük cihadın ayıqlıq və ixlas tələb etdiyini vurğulayan İslam inqilabının rəhbəri düşmənin nüfuz göstərmək üçün həyata keçirdiyi fəaliyyətlər və bəslədiyi ümidlərdən də danışdı: “Bu gün düşmənin İslam dövlətinə əsaslı zərbə endirə biləcəyinə ümidi yoxdur. Lakin iranlı gəncin şəxsiyyətinin ABŞ və imeriyalizm bəyənən şəxsiyyət olması üçün müxtəlif və mürəkkəb vasitələrdən istifadə edərək nüfuz göstərmək niyyətindədir. Əgər buna nail olsa, öz məqsəd və planlarını həyata keçirmək üçün heç bir problem və xərci olmayacaq.”

Həzrət Ayətullah Xamenei bildirdi ki, ABŞ-ın yanlış hesablamalarının səbəbi Amerika və imperializm cəbhəsinin İran xalqını yaxşı tanımamasıdır: “Əlbəttə, onlar nüfuz edə biləcəklərinə ümid edirlər. Belə bir şəraitdə İran xalqı və İslam dövlətinə canı yanan hər kəsin, o cümlədən keşikçilərin üzərinə böyük bir vəzifə düşür”.

O, qeyd etdi ki, ordu öz hərbi hazırlıqlarını hər zaman ən yaxşı və ən innovativ şəkildə qoruyub saxlamalıdır: “Ordunun vəzifəsi təkcə hərbi meydanda müharibə aparmaqdan ibarət deyil. Hal-hazırkı mərhələdə bütün inqilabsevərlərin, ona can yandıran və sadiq olanların mühüm vəzifələrindən biri insanları maarifləndirmək, onları inqilab həqiqətlərinin dərin məzmunları ilə tanış etməkdir. Bütün canıyananların, o cümlədən ordunun mühüm vəzifəsi düşmənin nüfuzuna qarşı həqiqətləri işıqlandırmaq və izah etməkdir”.

İnqilabın rəhbəri hər kəsə həqiqtələri açıqlamaq, maarifləndirmə aparmaq və məzmunlu fəaliyyətlər istiqamətində səy göstərməyi tövsiyə etdi: “İnqilab şüarlarının izah edilməsi, bu şüarların dərin məzmunlarının işıqlandırılması böyük cihadın reallaşmasının əsas şərtlərindəndir. Çünki inqilab şüarları nişan və əlamət kimi inqilab və düz yolun doğru istiqamətini göstərir”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, inqilab həqiqətləri və şüarları hisslər və emosiyalarla müşayiət edilsə də, yetərli deyil: “Əgər bu məsələlər dərinliklərinə qədər izah edilsə, insanların bu şüarlara qarşı inam və imanı qətiyyən, sarsılmaz və daim stabilliyini saxlayar”.

O, inqilabın müxtəlif mərhələlərində bəzi fərdlərin yüz səksən dərəcə dönməsinin əsas səbəbinin onların bu məsələlərin dərinliklərinə varmaması və səthi yanaşması ilə izah etdi: “İnqilabın əsl prinsipləri və şüarları haqqında dərindən düşünmək və əməlisaleh ustadların istiqamətləndirici fəaliyyətlərindən faydalanmaq lazımdır”.

İnqilabım rəhbəri qeyd etdi ki, gələcək üçün kadr hazırlamaq, İslam inqialbının 38 illik enişli-yoxuşlu heyrətamiz təcrübələrinin elmi kodifikasiyası, böyük cihadın digər zəruri şərtlərindəndir: “Bu məsələdə bütün universitet və dini mərkəzlər, o cümlədən İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın üzərinə vəzifə düşür”.

Dərin məzmunlu fəaliyyətlərin zəruriliyindən danışan Həzrət Ayətullah Xamenei bəzi qeyri-məntiqi fəaliyyətləri tənqid etdi: “Bəzi fərdlər, əməlisaleh və mömin olmaları da istisna edilməyən bəzi gənclər kiməsə və ya hər hansı çıxışa qarşı olduqları üçün bəzən hay-küy sala və məclisi poza bilərlər. Halbuki mən lap əvvəldən heç bir faydası olmayan bu işlərə qarşı olmuş və indi də qarşıyam. Hesab edirəm ki, fayda doğru izah və ayıq fəaliyyətdədir”.

O, mömin və inqilabçı gəncləri ayıq olmağa çağırdı: “Əlbəttə, bəzi fərdlər qərəzli şəkildə bu yanlış addımları atır, sonra da özlərini elə göstərirlər ki, sanki hizbullahçı və mömin adamlar kimi davranıblar. Buna görə də tamamilə ayıq olmaq lazımdır”.

İnqilabın rəhbəri həqiqətlərin dərindən izah edilməsi, doğru və ayıq addımlar atılmasının əsas vəzifələrədn olduğunu dedi: “Bütün bu addımlar o zaman effektiv olar ki, Allah-taalaya təvəkkül edib, ondan yardım diləyək”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda “Quranla daha çox ünsiyyətdə olmaq və Allahın ayələri haqqında düşünmək”, “namaza diqqət və onun səmimi qəlblə yerinə yetirilməsi”, “Şaban və Ramazan aylarının imkanlarından istifadə”ni Allahla möhkəm ruhi əlaqə yaradılmasının lazımi şərtlərindən olduğunu dedi.

İslam İnqilabı Keşikçilər Korpusunun baş komandanı general mayor Məhəmmədəli Cəfəri mərasimdəki çıxışı zamanı bildirdi ki, İslam sisteminin qüdrətli olmasının əsas səbəbi ABŞ-ın tamahkarlıqlarına qarşı müqavimətdir: “Düşmənin planlarını puça çıxarmaq üçün ordu öz fəaliyyətlərini “inqilabın keşiyində dayanacaq güc hazırlamaq”, “İslam inqilabının forma və məzmununun dərindən araşdırılması”, “İnqilabın Ali Rəhbərinin düşüncələrinin əməliyyat müstəvilərinə transfer edilməsi” strategiyaları üzərində mərkəzləşdirmişdir.

Baş komandan ABŞ-ın regiondakı mürtəce rejimlərin təmsilçiliyi ilə hərbi münaqişələr yaratması məsələsinə də toxunaraq dedi: “Ayıqlıq və islami müqavimət davam etməkdədir. İmperializmin səyləri İslam inqilabının davamlılığına və islami ayıqlığa mane ola bilməz”.

General-mayor Cəfəri əlavə etdi: “Gənc keşikçilər İslam, inqilab və İslam dövlətinin şərəfini sevə-sevə müdafiə etmək üçün çətin və mürəkkəb meydanlara girməyə hazırdırlar”.

İmam Hüseyn (ə) adına Hərbi akademiyanın komandanı admiral Mürtəza Səffari də universitetin elmi, mədəni, təhsil və hərbi gücün artırılması proqramları və fəaliyyətləri haqqında məlumat verdi.

Bu mərasimdə İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın bəzi komandirləri, müdirləri, tədqiqatçıları, ixtiraçıları, nümunəvi məzun və müdavimlərinə Ali Baş Kopmandan tərəfindən hədiyyələr təqdim edildi və İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin nümayəndəsi epoletlə təltif edildi.

“İbadius-salhin” proqramı İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın müdavimlərinin bugünkü andiçmə mərasimində icra etdiyi proqramlardan idi.

Mərasim zamanı meydanda olan hərbi birliklər Ali Baş Komandanın önüdən keçdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /