Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Ruhaninin üç mühüm vəzifəsi var

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (şənbə) səhər Tehranın elmi-dini mərkəzlərinin rəhbər heyəti, müəllim və tələbələri ilə görüşdü. O, görüşdə bildirdi ki, “fikri və dini istiqamətləndirmə”, “siyasi istiqamətləndirmə və ayıqlığı artırmaq”, “ictimai xidmətlər sahəsində iştirak və istiqamətləndirmə” ruhanilərin üç əsas vəzifəsidir: “Din tələbələri lazımı səlahiyyət və ayıqlıq əldə etməklə müasir dövrün fərqli dünyasında özlərini cəmiyyətdə təyinedici rol oynayan vəzifələrin icrasına hazır etməlidirlər”.

Həzrət Ayətullah Xamenei tələbələrə tələbəliyin qiymətini və məsuliyyətini dərk etməyi tövsiyə etdi: “Əgər bir cəmiyyətin ehtiyac duyduğu bütün ixtisaslar ən yaxşı şəkildə mövcud olsa, lakin həmin cəmiyyətin dini olmasa, o millət dünya və axirətdə əsl ziyan və çətinliklərə məruz qalar. Bu böyük məsuliyyət, yəni cəmiyyəti dini cəmiyyətə çevirmək məsuliyyəti alimlər, ruhanilər və tələbələrin üzərindədir”.

Dini istiqamətləndirmə anlayışını “xalis islami düşüncələrin izahı” kimi səciyyələndirən İnqilabın rəhbəri virtual məkanın dini şübhələrin artırılmasındakı roluna, gənclərin beyninə yanlış və təhrif edilmiş fikirləri yeritmək məqsədi güdən siyasi maraqların mövcudluğu məsələsinə toxundu: “Bu meydan əsl müharibə meydanıdır. Ruhani və tələbələr silahlanıb hazır vəziyyətdə şübhələrə, yanlış və təhrif edilmiş fikirlərə qarşı mübarizəyə qalxmalıdırlar”.

İnqilabın rəhbəri bildirdi ki, “mürtəce, təəssübkeş, mənəvi həqiqətlərin dərk edilmədiyi, görünüşdə donub qalmış İslam” təhrif edilmiş təfəkkür tərzlərinin real təzahürüdür: “Bu qayçının digər ağzındakı “eklektik İslam” və “ABŞ İslamı” “xalis İslam”a qarşı mübarizə aparmaqla məşğuldur”.

İnqilabın rəhbəri qeyd etdi ki, “Kitab və sünnəyə əsaslanan xalis İslam”ı islami ağıl və düşüncə vasitəsilə dərk etmək ruhanilərin mühüm vəzifəsidir: “Peyğəmbələrin yolu bu xalis təfəkkür tərzini təbliğ edib yaymaqdır. Ruhanilər də sözügedən xoşbəxtlik yolunu davam etdirir, insanları dinə yönəldirlər”.

O, vurğuladı ki, insanların əməli müstəvidə dinə yönəlməsi onların düşüncə müstəvisindəki yönəlməsinin təkmilləşdiricisidir: “Ən yaxşı üsullarla insanları ibadətə, dini ayinlərə, o cümlədən, düzgünlük, əmanət, təqva, qadağan edilmişi tərk etməyə, yaxşını əmr etməyə, doğru yaşayış tərzinə yönləndirin”.

Bu kontekstdə xalqın irsi etiqadlarının dərinləşdirilməsi məsələsinin əhəmiyyətli olduğunu vurğulayan İnqilabın rəhbəri dedi: “Zaman keçdikcə sıradan çıxmış irsi inanclar ola bilər. Onların məzmununu doğru-düzgün dəlillərlə dərinləşdirib doğru istiqamətə yönəldin”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, “siyasi istiqamətləndirmə” alim və ruhanilərin digər mühüm vəzifəsidir: “Elmi-dini mərkəzlərin inqilabçı olması zərurətini tez-tez xatırlamaqla demək istəyirik ki, ölkənin və cəmiyyətin inqilabçı və doğru yolda olmasının davamlılığı ruhanilərin davamlı iştirakı olmadan mümkün deyil”.

İnqilabın rəhbəri “Tənbəki”, “Məşrutə” və “Neft sənayesinin milliləşdirilməsi hərəkatı” hadisələrinə toxunaraq dedi: “Ruhanilərin iştirakı davamlı olmadığı üçün Məşrutə və milli hərəkat öz hədəflərinə çatmadı. Ancaq İmam Xomeyni (r.ə) zəkasının gücü onda idi ki, düşmənə ruhanilərin böyük inqilab hərəkatında, habelə ondan sonra da davam edən hərəkatlarındakı iştirakına mane olmaq imkanı vermədi. Əks təqdirdə, nə inqilab qələbə çalardı, nə də İslam Respublikası öz yoluna davam edərdi”.

Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar bu gün olduğu kimi, inqilabın ilk vaxtlarından ruhanilərin İranın ümummilli hərəkatından yayınmasına, ardınca xalqın səhnədən kənarlaşmasına, sonra da inqilabın məğlubiyyətə uğramasına çalışmışlar. Ancaq bu vaxta qədər bu məqsədin həyata keçməsinə nail olmamış və Allahın lütfü ilə olmayacaqlar da”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslami oyanış zəlzələsində də din xalqı meydana çəkdi, amma o ölkələrdə dini qurumlar parçalanmış halda olduğu üçün bu proses davam etmədi və oyanışın lazımı nəticəsi olmadı. Lakin İslam Respublikasında alim və ruhanilərin iştirak davamlılığı, nəticədə, xalqın meydanlarda olması inqilab hərəkatının davamlılığını mümkün etdi”.

Həzrət Ayətullah Xamenei dini və siyasi istiqamətləndirmənin izahını verdikdən sonra ruhanilərin üçüncü, yəni “İctimai xidmətlər sahəsində istiqamətləndirmə və meydanda olmaq” vəzifəsindən söz açdı.

O, bildirdi: “Tələbələrin xalqa göstərdiyi xidmət, məktəb, xəstəxana tikintisi, çətinliklərlə qarşılaşdıqda, habelə digər sahələrdə xalqa göstərdikləri xidmətlər xalq qüvvələrini səhnəyə gətirir və xidmətlər mənbəyinə çevirir”.

İnqilabın rəhbəri tələbələrə yaxşı oxumağı və özlərini islah etməyi tövsiyə etdi: “Heç bir ixtisasın əvəz edə bilməyəcəyi ruhani vəzifələrinin icrası üçün əzmkarlıq göstərin. Əlbəttə, bu iş mənsəb və vəzifə başına gəlmək, titullar qazanmaq üçün olmamalıdır. Hər zaman başlıca məqsəd Allahın və Əsrin imamının (ə.f) razılığını qazanmaq olmalıdır”.

İslam inqilabının rəhbəri çıxışının bir yerində Tehranın elmi-dini mərkəzlərinin bəzi tələbə və müəllimlərinin davranışlarına işarə edərək dedi: “Diqqətli olmaq lazımdır ki, dini təhsil ocaqları dini tələbə üslubundan universitet tələbəsi üslubuna meyllənməsin. Elmi-dini mərkəzlərdə əxlaq tədrisi layihəsinin işlənib hazırlanması, tələbələrin seçimi və cəlb edilməsinin regionallaşdırılması dini təhsil ocaqlarının rəhbərlərinin vəzfilərindəndir. Bu mövzularda lazımı araşdırmalar apardıqdan sonra qərar qəbul edilməlidir”.

İnqilabın rəhbəri Tehranın Elmi-Dini Mərkəzinin tarixiliyi, əhəmiyyəti, bu mərkəzdə fəaliyyət göstərmiş alimlər və adlı-sanlı elm adamlarından da danışdı: “Tehran Elmi-Dini Mərkəzinin bir mahiyyəti var. Bu mahiyyətin qiyməti bilinməlidir ki, burada fiqh, rasional elmlər, təfsir və hədis elmləri sahəsində seçkin şəxsiyyətlər yetişsinlər”.

İslam inqilabının rəhbərindən əvvəl çıxış edən Tehran əyalətinin Elmi-Dini Mərkəzlər Şurasının sədri Höccətül-İslam vəl-müslimin Sadiqi Rəşad Tehran Elmi-Dini Mərkəzinin tarixi və onun siyasi-ictimai inkişafdakı rolundan danışdı: “Tehran əyaləti üzrə 133 mədrəsə və 6 ixtisaslaşmış şöbəsi olan bu mərkəzin 15 min tələbəsi, 1600 müəllimi var”.

Tehran əyalətinin elmi-dini mərkəzlərinin İslam inqilabı yolunda 360 şəhid verdiyini qeyd edən Höccətül-İslam vəl-müslimin Rəşad mərkəzin bəzi uğur və fəaliyyətlərindən danışdı: “Bu gün elmi-dini mərkəzlərin qarşılaşdığı problemlərdən biri onların əsl mahiyyətlərindən uzaq düşüb universitet mahiyyəti almasıdır”.

Hövvətül-İslam və müsliminlər Sədiqi, Hüseyni, Pənahi, Ruhani, Təhsili, Rostəmi, Biranvənd, Rəfii, Pənahiyan cənabları, xanım Rasti və xanım Mirmömini tələbələr və elmi-dini mərkəzlərlə bağlı fikirlərini səsləndirdilər.

Müəllim və tələbələrin öz çıxışlarında qeyd etdikləri bəzi mühüm məsələlər:

- Elmi-dini mərkəzlərdə mənəviyyatın əsas təməl olmasının vacibliyi, əxlaqa diqqət, uğur qazanmış nümunəvi şəxslər və onların həyat tərzlərinin təbliği;

- Tələbə formasına sadiq olmaq, inqilab ruhiyyəsi və inqilabi davranışdan faydalanma, dinə maksimum diqqət və zamanın tələblərini bilmək;

- Azad fikirli dialoqlar çərçivəsində elmi-dini mərkəzlə universitetin qarşılıqlı əlaqəsinin əhəmiyyəti;

- Tələbə və ruhanilərin xalqla birbaşa əlaqələrinin gücləndirilməsi;

- Tələbələrin elmi, əxlaqi və ictimai bacarıq və hazırlıqlarını artırmaq və yeniləmək məqsədilə hərtərfəli möhkəm təməl layihəsinin təqdim edilməsi;

- Tələbələrin məişət problemləri, dini təhsil almaq üçün onların köçkünlük əmsalını azaltmaq məqsədilə mərkəzdən kənar regionlarda elmi-dini mərkəzlərin gücləndirilməsinin təklifi;

- Elmi səmərəliliyi artırmaq və gənc tələbələrin həvəsdən düşməsinin qarşısını almaq məqsədilə elmi-dini mərkəzlərin təhsil sistemində islahat aparılmasının zəruriliyi;

- Xanım tələbələrin dini təhsil və dini maarifin təbliği sahəsindəki uğurlu iştirakı, ictimai və ailə məişət problemləri ilə mübarizə aparmaq üçün “Mücahid Müsəlman Qadını Qərərgahı” yaradılması təklifi;

- Elmi-dini mərkəzlərin şübhələrə və cəmiyyətin ehtiyac duyduğu məsələlərə dəqiq və məntiqli cavab verməsi zəruruəti, Cəvahiri fiqhinin güclü və deduktiv əsaslarından istifadə;

- İxtisaslaşmış təbliğ, xütbə və razı salmaq bacarıqları mərkəzlərinin yaradılması zərurəti;

Bu görüşün sonunda İslam inqilabının rəhbəliyi ilə zöhr və əsr namazları qılındı.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /