Bu gün (cümə axşamı) İslam dininin əzəmətli Peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçilməsinin ildönümünə təsadüf edir. Günün birinci yarısı dövlət işçiləri, İslam dövlətlərinin səfirləri bir qrup şəhid ailəsi İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.
Görüşdə “besət” və “cahiliyyət” hərəkatlarının İslamın ilk dövrlərindən etibarən günümüzə qədər davam etdiyini qeyd edən İslam inqilabının rəhbəri “besət” hərəkatının əsas xüsusiyyətinin İlahi peyğəmbərlər tərəfindən yönləndirilmiş düşüncə tərzi, “cahiliyyət” hərəkatının ən mühüm xüsusiyyətinin isə ehtiras və qəzəb olduğunu dedi: “Bu günn İslam ümmətinin ən mühüm vəzifəsi ABŞ-ın rəhbərlik etdiyi cahiliyyət hərəkatına qarşı mübarizə aparmaqdır. İran İslam Respublikası dahi İmam Xomeyninin (r.ə) başlatdığı yolda besət hərəkatının aparıcı dövləti olaraq super-güclərdən qorxmadan öz yoluna davam edəcək. ”
Həzrət Ayətullah Xamenei İslam ümmətini və böyük İran xalqını İslamın əziz Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün münasibətilə təbrik etdi. Sonra Quran ayələri əsasında “besət” sözünün ifadə etdiyi dərin mənanın izahını verdi: “Məbəs oyanış, ilahi fitrətə qayıdış, “ağıl, azadlıq, ədalət və Allaha bəndəlik” prinsiplərinə əsaslanan həyat bayramıdır. İlahi peyğəmbərlərin vəzifəsi insanları pak fitrət, tövhid və Allah-taalanın göstərişlərinə əsaslanan təfəkkürə tərzinə yönəltməkdir. ”
O, bildirdi ki, bəşəriyyətin besət təlimlərinə ehtiyacı var, cahiliyyət hərəkatı besət qarşısında cəbhə alıb: “Cahiliyyət hərəkatı təkcə Peyğəmbərin (s) dövrü ilə məhdudlaşmır, o, peyğəmbərlər tərəfindən yönləndirilmiş düşüncə tərzinə qarşı cəbhə almış davamlı bir hərəkatdır. Bu hərəkat günümüzdə elm və texnologiyadan istifadə edərək yeni formada təzahür etmişdir.”
İslam inqilabının rəhbəri onu da vurğuladı ki, ehtiras, qəzəb, nəfsani istəklər cahiliyyət hərəkatının əsas xüsusiyyətlərindəndir: “Cahiliyyət cəbhəsinin fəaliyyətləri hər zaman əzab-əziyyət, qəm-kədər, insanların alçaldılması, milyonların qətli, xalqların sərvətlərinin qarət edilməsi və tənəzzüllə nəticələnir. 1-ci və 2-ci dünya müharibəsini buna misal göstərə bilərik.”
Həzrət Ayətullah Xamenei cahiliyyət və besət hərəkatlarının fərdi, ictimai və beynəlxalq səviyyədəki təzahürünə işarə edərək dedi: “Əgər beynəlxalq səviyyədə super güclərin davranışları peyğəmbərlər tərəfindən yönləndirilmiş təfəkkür tərzinə əsaslanarsa, dünyanın vəziyyəti bir cür, əgər nəfsani istəklərə, avtoritarlığa, intriqalara əsaslanarsa, başqa cür olar. ”
O, xalqların müstəmləkə çəkməsi altında tapdalanmasını cahiliyyət hərəkatının bariz nümunələrindən olduğunu dedi, misal olaraq Hidistanın sərvətinin on illərlə müstəmləkəçi İngilis tərəfindən tarac edildiyini, hindlilərin özlərinin isə quru yurdda qaldığını vurğuladı: “Günümüzdə Qərbi Asiya regionunda gedən müharibə və münaqişələr də cahiliyyət və şeytan cəbhəsinin fəaliyyətinin nəticəsidir.”
İslam inqilabının rəhbəri qeyd etdi ki, dünyaya hakim kəsilmiş sionist cərəyanı şeytanların həyata keçirdiyi sistemləşdirmə siyasətinin bariz nümunəsidir: “Dünyanın indiki vəziyyəti sionist kapitalistlərinin böyük şəbəkəsinin hökmranlığının nəticəsidir. Onlar hətta ABŞ kimi dövlətə nüfuz etmişlər. Hərəkat və partiyaların iqtidara gəlməsi sionist hərəkata tabeçiliklə şərtlənir.”
Həzrət Ayətullah Xamenei bildirdi ki, İslam ümməti və İran dövləti, habelə İslami oyanış hərəkatlarının kökündə azğın sionist hərəkatının hakimiyyətinə qarşı mübarizə dayanır: “Günümüzdə İslamofobiya, İranfobiya və Şiəfobiya” ABŞ və ona bağlı olan dövlətlərin qəti siyasətlərindəndir.”
O, bildirdi ki, İran və İslam xalqlarının super güclərin intriqaçı fəaliyyətləri qarşısındakı ayıqlığı onların qəzəbinə səbəb olur: “İran ABŞ-ın region siyasətlərinə qarşı çıxdığı üçün sanksiyalarla təhdid edilir. Onlar İslam Respublikasını regiondakı hərisliklərinə maneə hesab edirlər.”
İslam inqilabının rəhbəri cahiliyyət cəbhəsi və şeytan xislətli güclərin hakimiyyətinin nəticəsinin “zülm və təcavüz” olduğunu dedi: “Təcavüzkar cahiliyyət hərəkatı atom bombası ilə Herosimada yüz minlərlə insanın ölümünə səbəb olmuşdur. Lakin illər keçməsinə baxmayaraq, üzr istəmir. İraq, Əfqanıstan və digər ölkələrin infrastrukturlarını məhv etsə də, özünü o yerə qoymur.”
Həzrət Ayətullah Xamenei vurğuladı: “İran İslam Respublikası heç bir zaman heç bir dövlətə qarşı müharibəyə başlatmayıb, qoşun yürütməyib. Ancaq öz mövqeyini uca səslə elan edib və edəcək.”
O, Böyük İmamın (r.ə) fikirlərinə istinad edərək “Daşlaşmış İslam” və “ABŞ İslamı”nın “Xalis İslam”a qarşı olduğunu bildirdi: “İslam adı altında ən çirkin, ən ağır cinayələri törədən azğın qruplar Qərb dövlətlərinin dəstək və himayəsi altındadırlar.”
İslam inqilabının rəhbəri əlavə etdi: “Qərblilər üzdə İŞİD-ə qarşı kualisiya yaradıblar, əslində isə, bu cərəyanı himayə edir, İslamofobiya təbliğatları kontekstində onları “İslam dövləti” kimi qələmə verib dini gözdən salmağa çalışırlar.”
Həzrət Ayətullah Xamenei qeyd etdi ki, cahiliyyət hərəkatının islamofobiya siyasətini davam etdirməsinə baxmayaraq, İslami hərəkat vüsət almaqdadır: “İranda İslam sisteminin təşkili ilə daha da güclənmiş və dərinləşmiş İslami hərəkat öz fəaliyyətinə davam edəcək və mütləq, qalib gələcək.”
O, vurğuladı ki, Allaha təvəkkül etməklə, dövlətlərin məkrli plan və təhdidlərindən qorxmamaq lazımdır: “ Bu gün xalqın sadə və seçkin nümayəndəsi olmasından asılı olmayaraq bütün fərdlər, cəhalət hərəkatı ilə mübarizədə və İslami hərəkat qarşısında məsuliyyət daşıyırlar. Əgər bu vəzifələri yerinə yetirsələr, İlahi savab və mükafata layiq görüləcəklər. Ümmət öz vəzifəsinə əməl etməsə belə, İslami hərəkat dayanmayacaq, öz yoluna davam edəcək. Çünki sonda İslam və müsəlmanların qələbəsi mütləqdir.”
İslam inqilabının rəhbərindən əvvəl çıxış edən dövlət başçısı Höccətül-İslam vəl-müslimin Ruhani “Məbəs” gününün bütün bəşəriyyət üçün rəhmət olduğunu qeyd etdi: “İslam Peyğəmbəri (s) təkcə müsəlmanlar deyil, bütün bəşəriyyət üçün rəhmətdir. Çünki insanlara hidayət yolunu göstərmişdir.”
Dövlət başçısı qeyd etdi ki, bu gün dünyada terrorizm və zorakılıq adı altında İslam ittiham edilir: “Bu gün dünyada İslamofobiya siyasəti yürüdənlər bir dəfə də insaflı davranıb ideal İslama baxsınlar, Peyğəmbərin (s) müşrik və dinsizlərlə ədalətli davranışından dərs çıxarsınlar.”
Cənab Ruhani əlavə etdi: “Bir tərəfdən İslam dini əleyhinə əsrlər boyu mübarizə aparan İslamofoblar digər tərəfdən də onların nadan və əlaltı muzdur dostları qayçının iki ağzı kimi İslamın heysiyyətinə təhlükə yaradırlar.”
“Terroru və münaqişələri regiona kim gətirdi? 70 il bundan əvvəl qəsbkar rejimin bünövrəsini kim qoydu?” - sualları ilə çıxışına davam edən dövlət başçısı dedi: “Regionumuzdakı münaqişə, terror və müharibələrin çoxunun səbəbkarı Qüdsü işğal edən rejimdir”
Cənab Ruhani Əfqanıstanın işğal edilməsi, İraqa hücum və regionda əmin-amanlığın pozulması məsələlərinə toxundu: “Bütün bu cinayətlərin günahkarı sionistlər və amerikalılardır.”
Dövlət başçısı onu da əlavə etdi ki, İslam sisteminin son hədəfi bütün dünyada sülh və əmin-amanlığı bərqərar etməkdir: “Biz necə sakit qalaq ki, özlərini Məscidül-haramın sahibləri hesab edənlər hər gün vəhşicəsinə Yəmən xalqının başına bombalar yağdırırlar.”
Cənab Ruhani dedi: “İran İslam Respublikası fəxr edir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin rəhbərliyi altında məzlumu müdafiə etmiş və edəcək, Ali Baş Komandanın əmrilə məzlumun əlindən harada tutmaq lazım gələcəksə, tutucağıq.”
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir