Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müstəqil, dini şərəf və ləyaqəti olan nəsil tərbiyə edilməlidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi) səhər minlərlə müəllim və təhsil işçisi ilə görüşdü. Göstərdiyi səy və fəaliyyətlərə görə müəllimlər sinfinə təşəkkürünü bildirən İnqilabın rəhbəri qeyd etdi ki, müstəqil, qeyrətli, dindar, hərəkat yaradan üstün xüsusiyyətlərə malik gələcək nəslin təlim-tərbiyəsi təhsil və təlim-tərbiyə sisteminin və müəllimlərin əsas və önəmli vəzifəsidir:  “Əgər hər hansı cəmiyyət bu xüsusiyyətlər əsasında formalaşarsa, şübhəsiz ki, neftsiz müqavimət iqtisadiyyatına, müstəqil mədəniyyətdən istifadəyə və istehlak meyarının islahına nail olar, acgözlülərə qarşı müqavimət ruhiyyəsi tapar.”

İnqilabın rəhbəri müəllimlik peşəsinin ağır bir peşə olduğunu bildirdi: “Səmimi, Allah üçün, həmişəyaşar və xilasa səbəb olan bir işdir. Müəllimlik peşəsində səmimi fəaliyyət üçün tam imkan var.”

Həzrət Ayətullah Xamenei Şəhid Ayətullah Mütəhhərinin fəaliyyəti və əsərlərinin səmimi və bərəkətli fəaliyyətin parlaq nümunəsi olduğunu dedi: “Qiymətli əsərlərinin həmişəyaşarlığı zamanı və ehtiyacı görə bilən bu alimin səmimiyyətinin nəticəsidir. Şəhid olduğu vaxtdan on illər keçməsinə baxmayaraq, fikir adamları o dahinin əsərlərindən ən yaxşı şəkildə faydalanırlar.”

İnqilabın rəhbəri vurğuladı: “Müəllimlər sinfinin səmimiyyəti və qənaətcilliyi səlahiyyətli şəxslərin bu çalışqan sinfin maddi və məişət problemlərini unutmasına səbəb olmamalıdır. Dəfələrlə demişəm, yenə də deyirəm, təhsilə sərf edilən istənilən büdcə və xərc əslində, sərmayə yatırımıdır.”

İslam inqilabının rəhbəri sonra əsas mətləbə keçdi: “Əsas məsələ budur ki, təhsil və təlim-tərbiyə sistemi gələcək nəslə hansı xüsusiyyətləri aşılamaq istəyir? Öz yoluna davam etmək üçün ölkənin hansı xüsusiyyətlərə malik nəslə ehtiyacı var?”

Həzrət Ayətullah Xamenei gələcək nəslin tərbiyəsi üçün lazım olan cəhətləri qeyd etməzdən əvvəl bir nüansı xüsusilə qeyd etdi: “Bizim gələcək nəsli tərbiyə etdiyimiz mühit boş və rəqibsiz deyil; “Beynəlxalq imperiya sistemi” adlı bir rəqiblə qarşı-qarşıyayıq.”

O, vurğuladı: “Kimsə təəccüblənə bilər ki, təhsil və təlim-tərbiyə ilə “Beynəlxalq imperiya sistemi” arasında nə kimi əlaqə var? Halbuki imperiya sisteminin xalqların, xüsusilə İran xalqının gənc nəsli üçün işləyib hazırladığı proqramı var.”

İslam inqilabının rəhbəri ABŞ, sionizmin maliyyə dəstəkçiləri və bəzi müstəmləkəçi dövlətlərin “beynəlxaql ipmeriya sistemi”nin təmsilçiləri olduğunu dedi: “İmperiya sistemi istəyir ki, ölkənin gələcək nəsli qlobal məsələlərdə onun nəzər nöqtəsində olan fikir, mədəniyyət, baxış və mövqeyə malik olsun, ən nəhayət, elit təbəqə, siyasətçilər və nüfuzlu şəxslər onun istədiyi kimi düşünüb davransınlar.”

Həzrət Ayətullah Xamenei müstəmləkənin bu mədəniyyət proqramının tarixi keçmişinə işarə edərək dedi: “Qərb mütəfəkkirləri dəfələrlə qeyd ediblər ki, XIX əsrin müstəmləkəçi işğallarındansa, ən yaxşı və ən sərfəli metod öz fikir və mədəniyyətini ölkələrin gənc nəslinə, elit təbəqənin tərbiyə sisteminə inyeksiya etməkdir. Nəticədə, onlar imperiya sisteminin əsgərləri kimi davranacaqlar.”

O, bəzi region dövlətlərinin bu müstəmləkə proqramıının aşkar təmsilçilərindən olduğunu bildirdi: “Bu dövlətlər hal-hazırda ABŞ-ın istədiyi işi görür, hətta onun bütün xərclərini ödəyir, qarşılığında heç bir imtiyaz almır, sadəcə, amerikalılar bu dövlətləri qoruyur, onların tənəzzülünə mane olur.”

“Rəqibimiz ölkəmizin gələcək nəsli üçün belə bir proqram tərtib edib”, - deyə açıqlama verən İslam inqilabının rəhbəri doğma fikir, mədəniyyət və dil təbliğinin zəruruliyindən danışdı: “Təəssüflər olsun ki, bəzən fars dilinin təbliğini ingilis dilinin təbliği əvəz edilir. Artıq iş o yerə çatıb ki, ingilis dilinin tədrisi uşaq bağçalarına qədər irəliləyib.”

Həzrət Ayətullah Xamenei nitqinə belə davam etdi: “Bu, xarici dilin öyrənilməsinə qarşı çıxmaq kimi başa düşülməməlidir, məsələ ölkədə, uşaq, yeniyetmə və gənclər arasında yad mədəniyyətin təbliğ edilməsidir.”

O, başqa dövlətlərin yad dil və mədəniyyətin təbliğinə qarşı müdafiə proqramlarının olduğuna işarə edərək dedi: “Təəssüflər olsun ki, bizim ölkəmizdə bu məsələyə qarşı xüsusi bir proqramımız yoxdur, meydanı özgə mədəniyyətin yayılması üçün boş qoymuşuq.”

İslam inqilabının rəhbəri bəzi Qərb dövlətlərində fars dilinin təbliğinin qarşısını almaq üçün yaradılmış maneələrə toxunaraq dedi: “Onlar fars dilinin təbliğinə imkan vermədikləri halda, biz onların dil və mədəniyyətini yayırıq. Bu, həqiqətən, məntiqlidirmi?”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün bunlar o demək deyil ki, məktəblərdə ingilis dilinin tədrisi dayandırılmalıdır. Əsl məsələ budur ki, hansı rəqiblə qarşlaşdığımızı, qarşı tərəfin ölkənin gələcək nəslinə təsir göstərmək üçün necə dəqiq proqramlar hazırladığından xəbərdar olaq.”

O, sonra ölkənin gələcək nəslinin tərbiyəsi üçün lazım olan parametrlər və xüsusiyyətlərdən danışdı: “Şagirdlərin tərbiyəsində diqqət yetirilməsi vacib olan ən mühüm cəhət gələcək nəsli “müstəqil, şərəfli və dini şəxsiyyət” kimi formalaşdırmaqdır.”

İslam inqilabının rəhbəri dedi: “Ölkənin yeniyetmələri və gənclərini elə tərbiyə etmək lazımdır ki, müstəqil siyasət, iqtisadiyyat və mədəniyyət fikrində olsunlar, bu məsələdə hər növ asılılıq qınanılmalıdır.”

Həzrət Ayətullah Xamenei ölkənin bu məsələdə xəsarət aldığını bildirdi: “Fransızca ifadələrin işlədilməsinə həddən artıq maraq göstərilməsi bizə zülm və zorakılıq dövründən qalmış mirasdır.”

O, yeniyetmə və gənclərdə müstəqil şəxsiyyətin formalaşmasını müqavimət iqtisadiyyatının həyata keçirilməsində zəruri olan əsas şərtlərdən biri kimi səciyyələndirdi: “Müstəqillik və müqavimət ruhiyyəsi olmadıqca məsul şəxslər müqavimət iqtisadiyyatı ilə bağlı yüzlərlə toplantı təşkil etsələr də, sonda, tam və doğru nəticə hasil olmayacaq.”

İslam inqilabının rəhbəri əlavə etdi: “Müqavimət iqtisadiyyatı, neftsiz iqtisadiyyat və müstəqil mədəniyyət yalnız o zaman məna ifadə edər ki, cəmiyyətdə müstəqil şəxsiyyət formalaşsın.”

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şagirdlərə “üstün keyfiyyətlər və hərəkat yarada bilmək xüsusiyyətləri”ni aşılamaq təhsil sistemi və müəllimlərin ağır vəzifələrindən biridir: “İman, təfəkkür, ictimai ortaqlıq və əmkdaşlıq, istehlak meyarının islahı gələcək nəsildə inkişaf etdirilməsi zəruri olan üstün cəhətlərdəndir.”

O, ölkədə, xüsusilə istehlak meyarında mövcud olan problemlərə aid bir neçə nümunə qeyd etdi: “Xarici məhsullardan istifadə, on və yüz  milyardlarla lüks məhsulların qaçaqçılığı hal-hazırda ölkədə islahata ehtiyacı olan yanlış istehlak meyarlarındandır. Bu sahədə islahat aparılması üçün laızm olan əsas infrastrukturlardan biri gənc nəsildə mədəniləşmə hissi yaratmaqdır.”

İslam inqilabının rəhbəri “müxalif tərəfə qarşı dözümlü” olmağı gələcək nəsilə lazım olan üstün cəhətlərdən biri kimi səciyyələndirdi: “Cəmiyyətdə dözümlülük təşkilatlandırılmamışdır. Çünki bir nəfər azacıq rişxənd edən kimi yumruqla sinəsindən vurulur. Bu, dözümlülüyün olmaması deməkdir.”

Həzrət Ayətullah Xamenei bildirdi ki, “ədəb və ədəbli olmaq”, “dindarlıq, zadəgan həyat tərzinin formalaşmaması” xüsusiyyətləri şagirdlərin tərbiyəsində ehtiyac duyulan cəhətlərdəndir: “Bu xüsusiyyətlərin gələcək nəsilə aşılanması və onların mədəni hərəkata çevrilməsi” müəllimlərin və təlim-tərbiyənin böyük vəzifələrindəndir.”

Təhsil və təlim-tərbiyənin təklikdə bu “müqəddəs vəzifə”nin öhdəsindən gələ bilməcəyini qeyd edən İslam inqilabının rəhbəri müxtəlif təşkilat və idarələrin rolundan danışdı: “Təhsil idarəsinin təlim şöbəsinin bu sahədəki rolu böyükdür və üzərinə ağır vəzifə düşür. Bu yolda daha ciddi, məqsədyönlü, intellektual, etiqadi, siyasi və əxlaqi cəhətdən sağlam şəkildə addımlamaq lazımdır. Sözügedən sahədə istənilən səhlənkarlıq təhsilə və gələcək nəslə zərbə vurar.”

İslam inqilabının rəhbəri üstün xüsusiyyətləri gələcək nəsilə aşılamaq və bu sahədə mədəni hərəkat yaratmaq məsuliyyəti daşıyan qurumlardan birinin media olduğunu vurğulayaraq Milli Medianın fəaliyyətini tənqid etdi: “Keçən il də televiziyanın gənc nəsil üçün dəqiq və düzgün proqramlar hazırlaması zərurətini qeyd etdik. Ancaq təəssüflər olsun ki, həyata keçmədi.”

O, əlavə etdi: “Teleradio şirkəti düşüncə sahibləri və mütəxəssislərdəm istifadə edərək təhsil və təlim-tərbiyəyə aid xüsusi bir rubrika hazırlamalıdır.”

Həzrət Ayətullah Xamenei ötən həftə onunla görüşü zamanı televizorda məktəblilər üçün münasib və faydalı proqramların olmamasından şikayətlənən bir şagirdin məktubuna işarə edərək dedi: “Milli mediada ixtisaslaşlaşdırılmış metodlar əsasında gəncləri fikri, psixi, dini və elmi cəhətdən qane edən proqramlar hazırlanmalıdır. Bəzi telekanalların hal-hazırkı proqramları bu sahənin tələblərinə cavab vermir.”

O, Rabitə və İnformasiya Nazirliyinin də gələcək nəslin tərbiyəsi sayəsində məsuliyyət daşıyan qurumlardan olduğunu dedi və virtual məkanın miqyası, bu sahədə baş verən dəyişikliklərin günbəgün artmaqda olan sürəti və gənclərin virtual məkanla olan davamlı əlaqəsindən danışdı: “Heç kəs virtual məkandan istifadəyə qarşı deyil. Əsas məsələ budur ki, yanlış yola sürüklənmənin baş verdiyi belə bir sahədə doğru istifadəyə zəmin yaradılmalı, virtual məkan nə tamamilə tərk edilməli, nə də nəzarət edilə bilinməyəcək vəziyyətdə olmalıdır.”

İslam inqilabının rəhbəri İnformasiya və Rabitə Nazirliyi və Kiberməkan Ali Şurasının fəaliyyətindən narazı qaldığını bildirdi: “Heç kəs virtual məkanın bağlanmasını istəmir. Çünki bu iş heç məntiqli də deyil. Ancaq nə üçün başqa dövlətlər öz mədəniyyətlərini qorumaq üçün virtual məkandan istifadəyə məhdudiyyətlər qoyur, biz isə virtual məkanı tərk edirik? ”

Həzrət Ayətullah Xamenei təhsil və təlim-tərbiyə sahəsində lazım olan işlərdən birinin müəllimlərə təravət və gənclik ruhiyyəsinin bəxş edilməsinin olduğunu dedi və məhz elə bu baxış bucağından ölkənin təhsil sisteminin yenilənməsinin vacibliyinə toxundu: “Mövcud təhsil sistemi Avropa təhsil sisteminə əsaslanır, “muzey eksponatı” kimi toxunulmaz saxlanılır və antikvara çevrilib. Halbuki yenilənməsi və islah edilməsi lazımdır.”

O, təhsil sistemindəki islahatların qərbliləri təqlid metoduna əsaslanmasının yanlış olduğunu qeyd etdi: “Əlbəttə, təcrübələrdən istifadə etmək yaxşıdır, amma fikir və düşüncə sahibləri təhsil və təlim-tərbiyənin inkişaf layihəsi çərçivəsində yeni təhsil sistemini layihələşdirməli və həyata keçirməlidirlər.”

Həzrət Ayətullah Xamenei bildirdi ki, “gənc nəslin bilik və bacarığının artırılması və effektivləşdirilməsi” təhsil və təlim-tərbiyənin priaritetlərindən biridir: “Statistik məlumatlara əsasən 12 min peşə növü var. İndi, müxtəlif istedadlara malik olan şagirdlər öz təhsil karyeralarında bir yolumu qət etməlidirlər?”

İnqilabın rəhbəri əlavə etdi: “Şagirdlərin istedadları müəyyən edilməli və təlimatlandırılaraq inkişaf etdirilməlidir ki, müxtəlif peşə və ixtisaslarda təşəbbüs mənbəyinə çevrilə bilsinlər. ”

“Zülm və zorakılıq dövrünə aid “arxasınca aparan” kimi bəzi adlar və əlamətlərdən istifadə” ilə bağlı etdiyi tənqidlər İnqilab rəhbərinin təhsil və təlim-tərbiyə sahəsinin səlahiyyətli şəxslərinə ünvanladığı sözlərin əsas sujet xətlərindən birini təşkil edirdi.

O, sözlərinə belə davam etdi: “Təhsil və təlim-tərbiyə sistemində “Könüllü şagird”, “Şagirdlərin İslami Cəmiyyətlər Birliyi” kimi adlar və təşkilatlanmalar olduğu halda, keçmişdə xüsusi mənaları olan söz və ifadələr istifadə edilməməlidir.”.

Həzrət Ayətullah Xamenei çıxışının davamında dövlət və özəl məktəblərdən danışdı: “Təhsil və təlim-tərbiyə konstitusiyaya əsasən hökumətin vəzifəsidir. Ancaq bu o demək deyil ki, bütün vəzifə və yük dövlətin üzərindədir. Dövlət təhsil və təlim-tərbiyə sahəsində yaradıcı yol oynamalıdır. Buna görə də dövlət məktəblərinin, bəzilərinin çox ağır xərclər tələb edən özəl məktəblərə çevrilməsi yanlış və düşünülməmiş işdir.”

İnqilabın rəhbəri dedi: “Dövlət məktəblərinin səviyyəsi və keyfiyyəti elə yaxşılaşdırılmalıdır ki, ailələrin bu məktəblərə olan rəğbəti artsın.”

Həzrət Ayətullah Xamenei hörmətli Təhsil və Təlim-Tərbiyə nazirinin bu qurumdakı ağır vəzifələrin icrası üçün yaranmış fürsətlərdən istifadə kontekstində fikir və fəaliyyət sağlamlığının vacibliyi ilə bağlı qeyd etdiklərinə işarə edərək dedi: Pedoqoji Universitet çox mühüm mərkəzlərdən biridir, onun keyfiyyət və kəmiyyətini yaxşılaşdırmaq üçün mümkün qədər sərmayə yatırımı edilməlidir.”

O, çıxışının yekununda ölkənin quruculuğu və gücləndirilməsinin əhəmiyyəti və müəllimlərin bu istiqamətdəki mühüm roluna toxunaraq güc və qüdrətin elmdə olduğunu bəyan etdi: “Qüdrət yalnız silaha malik olmaqla ölçülmür, “elm, iman, milli kimlik, müqavimət və inqilab kimliyi” qüdrət yaradan amillərdəndir.”

İnqilabın rəhbəri vurğuladı: “Düşmən sizin qüdrətinizi gördükdə geri çəkiləcək. Ancaq düşmən qarşısında qüdrətimizin əsasını təşkil edən elementləri göstərməkdən çəkinsək və ya qorxsaq, düşmən həyasızlaşacaq.”

O, ABŞ konqresində İranın hərbi dəniz təlimlərinə qarşı müzakirəyə çıxarılmış layihəyə işarə edərək dedi: “Hal-hazırda düşmən başından böyük sözlər danışır. Məsələn, “İran Fars körfəzində hərbi təlimlər aparmamalıdır” adlı layihə hazırlayır. Halbuki bu, çox böyük səhvdir.”

Həzrət Ayətullah Xamenei İranın uca və ayıq xalqı tərəfindən bütün bu acgözlüklərə cavab verilə bilcəyini qeyd etdi: “Fars körfəzi İran xalqının evi və ona aid bir ərazidir. Fars körfəzi sahili və Oman dənizi sahillərinin çox hissəsi qüdrətli İran xalqına aiddir. Buna görə də sözügedən regionda var olmalı, hərbi təlimlər keçirməli və qüdrət nümayişi etdirməlidir. Əslində, amerikalılar cavab verməlidirlər ki, nə üçün dünyanın o biri başından buraya gəlib hərbi təlimlər keçirlər?”

İnqilabın rəhbəri əlavə etdi: “Acgöz güclərə qarşı belə qarşılıq vermək lazımdır.”

O, İslam Respublikasının güc və qüdrətinin davamlılığı və gündən-günə artmasını düşmənin məğlubiyyətinin göstəricisi olaraq dəyərləndirdi: “Quranın bizə öyrətdiyi kimi, düşmənlə elə davranmaq lazımdır ki, hər zaman qorxu və vahimə içində olsun.”

İslam inqilabı rəhbərinnin çıxışından əvvəl təhsil naziri Şəhid Mütəhhəri, Şəhid Rəcai və Şəhid Bahünərin hörmətlə yad edərək müəllimləri müəllim həftəsi münasibətilə təbrik etdi: “Təhsil Nazirliyi mədəniyyət hərəkatı ilə müqavimət iqtisadiyyatının əməli şəkildə gerçəkləşməsinə münasib baza yaratmağa çalışır.”

Cənab Fani 6-cı inkişaf proqramı müddətində Təhsil və təlim-tərbiyə Nazirliyinin strateji proqramlarının, təhsil sistemində əsaslı dəyişikliklər haqqında sənədə əsasən həyata keçiriləcəyini bildirdi: “Təhsildə dəyişikliklər haqqında sənədin yolxəritəsinin hazırlanması, yeni ixtisasların layihələndirilməsi, müəllimlərin dərəcəsinin artırılması, Şəhid Rəcai adına pedoqoji və təkmilləşdirmə universitetlərinin strateji layihələrinin işlənib hazırlanması, ictimai əmkdaşlıqların gücləndirilməsi, şagird tədqiqat mərkəzlərinin inkişaf etdirilməsi keçən il təhsil və təlim-tərbiyə sahəsinin ən mühüm fəaliyyətlərindən olmuşdur.”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /