Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

ABŞ iranfobiya siyasəti yürüdərək xarici bankların İranla əməkdaşlığına mane olur

“Zəhmətkeşlər günü” ərəfəsində, bu gün səhər minlərlə işçi və zəhmətkeşlə görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei cəmiyyətin işçi və zəhmətkeş sinfinin inqilab və sistem qarşısındakı vəfa və sədaqət nümayişini yüksək qiymətləndirdi. “İşçi sinfinin problemlərinin həlli”, “daxili istehsalın gücləndirilməsi”, “qaçaqmalçılığa qarşı ciddi şəkildə mübarizə aparılması zərurəti” və “İran üçün analogiyası olan məhsulların idxalat qadağası” məsələlərinə toxunan Ayətullah Xamenei cənabları ABŞ-ın düşmənçilik siyasətlərini davam etdirdiyinə işarə edərək dedi: “Güvənilməyən amerikalılar israrla İrana qarşı müxtəlif sanksiyalar tətbiq edilməsinə çalışır, iranfobiya yaradaraq əməldə ölkənin xarici iqtisadi əlaqələrinə mane olurlar.”

O, İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsinin həmin həftənin cümə gününə təsadüf etdiyini qeyd edərək iştirak hüququna malik olan hər kəsi seçkilərdə iştirak etməyə çağırdı.

Çəkdikləri zəhmət, göstərdikləri səylərə görə ölkənin işçi və fəhlə sinfinə təşəkkürünü, hörmət və sevgisini bildirən inqilab rəhbəri cəmiyyətin iş və fəaliyyətini “dəyər” adlandırdı: “Məsul şəxs, nazir, universitet müəllimi, universitet tələbəsi, din tələbəsi, müdir və sair olmasından asılı olmayaraq, cəmiyyətin işlə məşğul olan hər bir fərdi sözün ümumi mənasında işçidir, əsl həqiqətdə, dəyər istehsal edirlər.”

Həzrət Ayətullah Xamenei İslam nöqteyi-nəzərindən işsizlik, tənbəllik və boş-boşuna vaxt keçirməyin anti-dəyər olduğunu vurğulayaraq əlavə etdi: “Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən hər kəs işin keyfiyyətini artırmaqdan əlavə, işini layiqincə yerinə yetirməli, özünü işə həsr etməlidir.”

İnqilabın rəhbəri sonra belə dedi: “Ölkədə hər kəs üzərinə bir məsuliyyət götürüb; bütün vaxt və imkanını da həmin məsuliyyətin düzgün şəkildə icrasına sərf etməlidir.”

O, işçi və fəhlə sinfinin inqilab və İslam sisteminə qarşı nümayiş etdirdiyi 37 illik vəfa və sədaqətdən danışaraq dedi: “Dolanışıqlarının çətin olmasına baxmayaraq, işçi və zəhmətkeşlər inqilab əleyhinə aparılan təbliğatlara heç vaxt etina etmədilər, sistemə qarşı çıxmadılar, əksinə, İslam sisteminin müdafiəsinə qalxdılar.”

İnqilabın rəhbəri inqilab və sistemə qarşı vəfalı və ayıq-sayıq olduğu üçün işçi və zəhmətkeş sinfinə səmimi qəlbdən təşəkkür etdikdən sonra “işçilər, iqtisadi müəssisələr və məsul şəxslərin müqavimət iqtisadiyyatı siyasətlərinin icra vəzifələri” məsələsinə toxunaraq dedi: “Müqavimət iqtisadiyyatı, əməl və fəaliyyətin əsas mesajı budur ki, səlahiyyətli şəxslər müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin bütün prinsiplərini və hər bir bəndini layihələndirməli və real şəkildə icra etməlidirlər.”

Həzrət Ayətullah Xamenei fəhlə və işçilərin müqavimət iqtisadiyyatı siyasətlərinin icrasındakı roluna da toxundu: “Fəhlə və işçilərin bu sahədəki ən mühüm məsuliyyəti işi doğru, düzgün, keyfiyyətli və etibarlı şəkildə yerinə yetirməkdir.”

O, işin keyfiyyətinin yaxşılaşdırılması məsələsinə toxunaraq dedi: “İşçilərin gördükləri işlərin keyfiyyətinin yaxşılaşmasında böyük rolu olan mühüm amillərdən biri onların iş bacarığının artırılması və yaxşılaşdırılmasıdır. Dövlətin bu sahədə müəyyən öhdəlikləri var.”

İşçilərin əmək təhlükəsizliyinin təmin edilməsini də iş keyfiyyətinin yaxşılaşmasında mühüm rolu olan amillərdən biri olduğunu qeyd edən Ayətullah Xamenei cənabları firkini belə ifadə etdi: “İşçilərin əmək təhlükəsizliyini təmin etmək səlahiyyətli şəxslərin və sahibkarların vəzifəsidir.”

Həzrət Ayətullah Xamenei istehsal müəssisələrinin fəaliyyətlərinin dayandırılmasının böyük problemlərdən olduğunu bildirdi: “Bəzən likvidlik və imkanların çatışmazlığı və ya avadanlıqların köhəlməsi kimi problemlər müəssisələrin fəaliyyətlərinin dayanmasına səbəb olur. Bu hallarda sahibkarların günahı yoxdur, sənaye, ticarət, bank və texnologiya sahələrinin səlahiyyətli şəxsləri, informasiya şirkətləri öz vəzifələrinə əməl etməlidirlər.”

Ayətullah Xamenei cənabları sözlərinə bunları əlavə etdi: “Əlbəttə, digər hallarda bəzi sahibkarların sui-istifadələri, istehsal əvəzinə inşaat və bənzər sektorlarda kredit və təchizat vasitələrindən istifadə müəssisələrin fəaliyyətlərinin dayanmasına səbəb olur. Qeyd olunan hallarda məhkəmə orqanı, dövlət və informasiya orqanları işə nəzarəti öz üzərinə götürür.”

İnqilabın rəhbəri qeyd etdi ki, heç kəs sərvət istehsalına qarşı deyil, ancaq bu istehsal işçi və zəhmətkeşlərin, yoxsul və aztəminatlıların tapdalanması bahasına olmamalıdır.

Ayətullah Xamenei “iranlı işçinin məhsulunun reklamı”, “iş mühitinin sağlamlığı”, “istehsal xərcində maaş payının artırılması”nın işçilərin iş keyfiyyətinin yaxşılaşmasına təsir göstərən amillərdən olduğunu vurğulayaraq əlavə etdi: “Qeyd olunan bütün hallarda həm işçilərin iş keyfiyyətini və motivasiyasını artırmaq, həm də sahibkarların ziyana düşməməsi üçün doğru metodlar, habelə digər ölkələrin təcrübələrindən istifadə edərək uyğun layihələr hazırlamaq olar.”

İnqilabın rəhbəri çıxışının davamında sahibkarların hüquqlarından da danışdı: “İslam məntiqində sahibkar və işçi bir-birinin rəqibi və düşməni deyil, tamamlayıcısıdır.”

Ali Məqamlı Rəhbər öz sərmayələrini heç bir narahatlıq hissi keçirmədən banklara yatırım etmək əvəzinə istehsal və sahibkarlıq fəaliyyətlərinə cəlb edən sahibkarlara təşəkkürünü bildirdi: “İşçilərlə sahibkarların səmimi əməkdaşlığı”, “səlahiyyətli şəxslərin ayrı-ayrı sahələrdə sərmayə yatırımı etmək üçün göstərdikləri səylər”, “ixracat üçün zəmin yaratmaq, xarici ölkələrdəki ixracatçıların hüquqlarını müdafiə etmək sahibkarların riayət edilməsi lazım olan hüquqlarındandır.”

O, bu məsələ ilə bağlı məsul şəxslərə xəbərdarlıq etdi: “İxracat mallarının sağlamlığı və keyfiyyətinə nəzarət edilməlidir. Çünki keyfiyyətsiz və sağlam olmayan malların ixracatı İranın adına xələl gəlməsinə və ölkə ixracatına zərbə dəyməsinə səbəb olacaq.”

Daxili istehsalın qiyməti və əhəmiyyətinə daha çox önən verən Həzrət Ayətullah Xamenei nitqini belə davam etdirdi: “Daxili istehsal müqəddəs bir iş kimi tanınmalı və onu himayə etmək bir vəzifə kimi qəbul edilməlidir.”

İnqilabın rəhbəri daxildə analogiyası olan məhsulların idxalının qeyd-şərtsiz  olaraq qadağan olduğunu bəyan etdi: “Bəzi ticarət mərkəzləri yalnız ölkə daxilində istehsal edilən məhsulların satışını qarşılarına məqsəd qoyublar. Bu qeyrətli insanlara afərin demək lazımdır.”

Ayətullah Xamenei cənabları: “Əsasən, böyük, bəzən də dövlət orqanlarından asılı olan ticarət mərkəzlərinin bəzisində bütün mallar xarici mallardır. Bu, çirkin işdir, əməli şəkildə iranlı işçilərin işsizliyinə,  xarici işçinin vəziyyətinin yaxşılaşmasına səbəb olacaq.”

İnqilabın rəhbəri xarici malların alış mədəniyyətini və xarici emblemləri olan mallarla özünü nümayiş etdirməni tənqid etdi: “Bizim dünya ilə qarşılıqlı əlaqələrimiz var, ancaq daxili istehsalımız olan sahələrdə xarici malların idxalı, satışı və istehlakı anti-dəyər kimi təbliğ edilməli və tanıdılmalıdır.”

O, dedi: “Bu məsələdə ifrat tərəfdarı deyiləm, sadəcə, məntiqli və tədbirli davranmaq lazımdır.”

Həzrət Ayətullah Xamenei nümunə üçün ABŞ avtomobillərinin idxal edilməsi məsələsinə işarə etdi: “Bu avtomobillərin istehlak xərcləri ağır olduğu üçün amerikalılar özləri onlara rəğbət göstərmirlər. Belə bir şəraitdə biz Amerikanın bankrot etməkdə olan hansısa bir şirkətinin istehsal etdiyi avtomobilimi idxal edək? Bu, çox təəccüblüdür.”

O, əlavə etdi: “Hörmətli idarə rəhbərləri və səlahiyyətli şəxslər bu sahələrdə mövcud olan gizli təzyiqlərə qarşı çıxmalı, bu cür halların qarşısını ciddi cəhdlə almalıdırlar.”

Zəruri olmayan bəzi ləvazimatların milyardlıq idxalatını da tənqid edən Həzrət Ayətullah Xamenei qaçaqmalçılıq yolu ilə mal gətirilməsinin ciddi bir problem olduğunu qeyd etdi: “Müxtəlif dövlətlərin rəhbərlərinə də bu məsələni dəfələrlə xatırlatmışam. Onlar deyirlər ki, əgər tarifləri ağırlaşdırsaq, həmin malın qaçaqçılığı artacaq. Amma bu məqbul arqument deyil.”

O, qaçaqmalçılığın böyük bir bəla və daxili istehsal üçün zərərəli olan bir zəhər olduğunu söylədi, bu məsələyə ciddi şəkildə nəzarət edilmədiyini vurğuladı: “Bu işə ən güclü şəxslərə təyin etmək lazımdır. Dövlət aidiyyatı qurumları gücləndirərək mütəşəkkil qaçaqçılığa qarşı  güclü mübarizə aparmalıdır.”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Təbii ki, qaçaqmalçılıqla mübarizə deyərkən bəzi regionlarda az miqdarda mal idxal edən zəif yükdaşıyanlar nəzərdə tutulmur. Biz ölkəyə onlarla, yüzlərlə konteyner daxil edən böyük qaçaqçılardan danışırıq.”

İnqilabın rəhbəri daxili istehsal sahəsinə aid olan çox mühüm bir məsələyə də toxundu: “Bəzən daxildə bir məhsul istehsal edilir. Lakin böyük mənfəətlər əldə edən idxalatçılar müxtəlif vasitələrlə, o cümlədən külli miqdarda rüşvət təklifi və təhdiddən istifadə edərək, hətta cinayət törətməkdən belə, çəkinmədən həmin məhsulun istehsalının qarşısını almağa çalışırlar. ”

O, əlavə etdi: “Bunlar çox mühüm təhlükəszilik məsələləridir. Bu məsələlərə səthi yanaşmaq olmaz.”

Daxili istehsalın inkişafına mane olan amillərdən, qüsur və nöqsanların müəyyən edilməsindən danışan Həzrət Ayətullah Xamenei daxili məhsulların istehsal texnologiyasının köhnə olduğunu bəhanə edərək əməli surətdə xarici məhsulların ölkəyə gətirilməsinin önünü açan şəxsləri tənqid etdi: “İdxalatı müdafiə edən bəzi şəxslər dəlil və sübutlarının yetərsiz olduğunu gördükdə xarici texnologiyanın daha mütərəqqi, daxili texnologiyanın isə köhnə olduğunu deyirlər. Çox yaxşı. Bəs nə üçün bütün bu istedadlarınız və yaradıcı iranlı beyninizlə sözügedən problemi həll etmirsiniz?”

İnqilabın rəhbəri sual verdi: “Raketi 2 min km məsafədən 10 m-dən az yayınma ilə hədəfə vuran iranlı beyni bəzi sahələrin, o cümlədən avtomobil istehsalı sənayesinin daxili texnologiya problemini həll edə bilməzmi? Problemləri həll etmək üçün bu cür gənclərə niyə müraciət etmirsiniz?”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkənin bəzi inkişaf istiqamətləri sirr saxlanılır, onları söyləmək olmaz. Yoxsa hər kəs bu məmləkətin gənclərinin istedadına heyran qalar.”

İnqilabın rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən dedi: “Fəhlə və işçi sinfi, sahibkarlar və dövlət məmurlarına qarşı nikbinəm, ancaq reallıq budur ki, iş bəzi yerlərdə axsayır, bəzi amillər səylərin lazımi nəticə verməsinə mane olur. Məsul şəxslər səy göstərməli, nöqsanları öyrənib ortadan qaldırmalı, ölkənin inkişaf sürətini artırmalıdırlar.”

O, qeyd etdi ki, İranın İslam mədəniyyətinin uca zirvəsinə yüksəlməsi şüar vermək və rəcəz oxumaq deyil, reallıqlar, imkanlar, spesifik xüsusiyyət və potensiallara əsaslanır. Bunların diqqət mərkəzində saxlanması sözügedən məqsədin həyata keçməsinə zəmin yaradacaq.

İsalm inqilabının rəhbəri dedi: “Düşmən düşmənçilik etməkdə və maneələr yaratmaqda israrlıdır. Bu düşmənçiliyin başında da ABŞ və siyonizm durur.”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikalılar bəzən uzaqdan uzağa gileylənirlər ki, nə üçün onlara qarşı bədbinik? Çünki bədbinliyə səbəb olan məsələləri görür və onlara göz yuma bilmirik.”

Həzrət Ayətullah Xamenei bank mübadilələrinin çətinliklə və çox gec həyata keçməsini, amerikalıların bank əməliyyatlarını pozmasını bədbinlik amillərinin aşkar bir nümunəsi olduğunu dedi: “Bank əməliyyatlarındakı narahatlıqları səlahiyyətli şəxslər də təsdiq edir. Nə üçün dünyanın iri bankları İranla əməkdaşlıq etmək istəmir?”

İslam inqilabının rəhbəri dedi: “Dünyanın iri banklarının İranla əməkdaşlıq etməməsinin səbəbi amerikalıların yaratdığı və davam etdidikləri iranfobiya siyasətidir.”

O, əlavə etdi: “Dəfələrlə demişəm ki, amerikalılara bel bağlamaq olmaz. Artıq bunun səbəbi aydın olur.”

Kağız üzərinə “ banklar İranla işləsinlər”, - deyə yazdıqları halda, əməldə iranfobiya yaratmaq üçün başqa cür davranılmasına işarə edən Həzrət Ayətullah Xamenei dedi: “Amerikalılar deyirlər ki, İran terrorizmi dəstəkləyir. Terrorizmi dəstəklədiyi üçün ona qarşı sanksiya tətbiq edilə bilər.”

O, əlavə etdi: “Bu məzmunlar banklara və xarici fəaliyyət subyektlərinə hansı mesajı verir? İranla iş görməyin. Nəticədə də, banklar və xarici investorlar əməldə İranla əməkdaşlıq etməkdən çəkinirlər.”

İslam inqilabının rəhbəri əlavə etdi: “Terrorizm məsələsində amerikalılar bütün terrorçulardan pisdirlər. Əldə olan məlumatlara əsasən adlı-sanlı, məşhur terrorçulara yardım edirlər.”

Həzrət Ayətullah Xamenei ABŞ-ın banklar və xarici investorların əməkdaşlığına mane olmaq üçün əməli surətdə tətbiq etdiyi inforbiya üsullarından başqa birisinə işarə edərək dedi: “Onlar iddia edirlər ki, xarici ölkələrin əməkdaşlıq etməməsinin səbəblərindən biri İranın daxili vəziyyətidir. Halbuki hal-hazırda regionda İrandan təhlükəsiz ölkə yoxdur. İranın daxili şəraiti hər gün neçə nəfərinin qətlə yetirildiyi ABŞ-dan, hətta Avropa ölkələrindən də təhlükəsizdir. İranın daxili vəziyyəti düşmənin acığına çox yaxşıdır.”

İslam inqilabının rəhbəri onu da qeyd etdi ki, ABŞ rəsmilərinin İrana qarşı tətbiq edilən sanksiyaların saxlanması və təşəkkülü məsələsini tez-tez qabartması onların xarici investorların gəlməsinə mane olmaq üçün tətbiq etdikləri açıq iranfobiya üsullarından biridir: “Biz belə bir düşmənlə qarşı-qarşıyayıq. Hər hansı işi görmək istədikdə bu düşmənin varlığını gözlərimiz önünə gətirməliyik.”

Həzrət Ayətullah Xamenei ABŞ kimi bir düşmənin olmasına baxmayaraq, İran İslam Respublikasının keçən 37 il ərzindəki inkişafına işarə edərək dedi: “Əgər bu düşmənçilik yüz il də davam etsə, onların acığına növbəti yüz ilə qədər də inkişaf edəcəyik.”

O, əlavə etdi: “ABŞ düşməndir, istər bunu onun üzünə vuraq, ya vurmayaq, istər bunu dilə gətirək, ya gətirməyək, bu düşmənçiliklər bitməyəcək.”

Həzrət Ayətullah Xamenei üç qüvvəyə, inqilabın institutları, müəssisələri və xalqın bütün səlahiyyətli şəxslərinə ölkənin gücü, qüdrəti və potensialları ilə tanış olmağı tövsiyə etdi: “Biz Əmirül-möminin Əli (ə) kimi məzlum olsaq da, güclüyük. Əgər öz imkan və potensiallarımızdan daha yaxşı, humanist, İslama xas olan şəkildə isitfadə etsək, bütün maneələri qətiyyətlə aradan qaldırarıq.”

O, bildirdi: “Yolumuz hamar deyil, ancaq daşlıq da deyil. Əgər öz güc və qüdrətimizə arxalansaq, mütləq, daha çox uğur və inkişafa imza atarıq.”

İnqilabın rəhbəri çıxışının sonunda ordibehişt ayının onu, cümə günü bəzi şəhərələrdə İslam Şurası Məclisinə seçkilərin ikinci mərhələsinin keçiriləcəyinə toxundu: “Seçkilərin ikinci mərhələsinin əhəmiyyəti birinci mərhələnin əhəmiyyətindən az deyil. Səsvermə hüququna malik olan hər kəs seçkilərdə iştirak etsin.”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Seçkilərdə iştirak təyinedicidir. Çünki seçki qutularının yanında olmasaq, bu arzu, bu cazibə, bu kimlik qutuya daşınmaz.”

İslam inqilabının rəhbərinin çıxışından əvvəl Kooperasiya, İş və Sosial Rifah naziri İşçi və Zəhmətkeş Gününü hörmətlə anaraq işçi və təqaüdçülərin problemlərindən danışdı: “Keçən iki ildə işçi və sahibkarlar arasında formalaşmış empatiya və simpatiya əsasında inflyasiya ilə əməkhaqqı arasında mövcud olan uçurum azalmışdır.”

İş və məşğulluq prinsipinə əsaslanan yoxsulluqla mübarizə fəaliyyətinin inkişaf diskursunun institutlaşdırılması üçün kiçik və orta müəssisələrin inkişafının zəruri olduğunu  vurğulayan Cənab Rəbii dedi: “Sığortaların gücləndirilməsi, tibbi sığortası olmayan 10 milyon vətəndaşın sığortalanması, yoxsulluq və korrupsiyaya qarşı mübarizə, işçi uşaqların vəziyyətinin yaxşılaşdırılması, yardımların artırılması, yoxsul regonlarda tibb mərkəzlərinin inkişaf etdirilməsi, texniki-peşə inkişafı əsasında gücləndirmə işlərinin aparılması, əlillərə yardım layihəsinin işlənib hazırlanması, onların iş və yaşayış yerləri ilə təmin edilməsi, ailə başçısı olan qadınların sığortalarının həyata keçirilməsi, sosial qüsurların aradan qaldırılması fəaliyyəti, işçilərin şəxsiyyətinin qorunmasına israrla səy göstərilməsi Kooperasiya, İş və Sosial Rifah Nazirliyinin ən mühüm proqramları və fəaliyyətlərindəndir.”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /