Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Livan Hizbullahı Günəş kimi parlayır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei çərşənbə günü səhər bütün ölkənin İslami Şagird Təşkilatları Birliyinin minlərlə üzvü ilə görüşdə İslam Respublikası quruluşunun imperializm cəbhəsi ilə üz-üzə gəldiyi mühüm sahələrdən birinin gənclər mövzusu olduğunu söyləyərək vurğuladı: “İslam quruluşunun qarşısında duran cəbhə İran gəncinin dini və inqilabi mahiyyətini dəyişdirmək, onun ümid, sevinc və stimulunu əlindən almaq istəyir. Bu gizli və dolaşıq qarşılaşma önündə durmağın yeganə yolu “yumşaq müharibə”nin əsgərləri qismində dindar, inqilabçı, əxlaqlı, qərarlı, ayıq, stimullu, nikbin, düşüncəli, igid və fədakar gənclər tərbiyə etməkdir”.

İslam İnqilabının Rəhbəri görüşün əvvəlində gənclərə rəcəb ayının, daha sonra isə şəban və ramazan aylarının bərəkətindən çox faydalanmağı tövsiyə edərək dedi: “Bu üç ay mənəviyyatın baharıdır. Ömrünün baharını yaşayan gənclər bu dəyərli imkandan özlərini mənəvi yöndən gücləndirmək üçün faydalansınlar”.

Həzrət Ayətullah Xamenei İslam Respublikası quruluşu ilə Amerikanın və sionizmin başçılığı altında imperializm cəbhəsinin çarpışdıqları bəzi sahələri sadalayaraq əlavə etdi: “Bu çarpışma sahələrindən biri də ölkənin siyasi, iqtisadi və mədəni müstəqilliyidir. Çünki bu qüvvələr əcnəbilərin ağalıq və nüfuzu ilə qarşı-qarşıya durmaq, öz müstəqilliyini qorumaq istəyən hər bir ölkəyə əks mövqedə olacaqlar”.

Ali Məqamlı Rəhbər tərəqqi mövzusunu İslam quruluşunun imperializm cəbhəsi lə mübarizə istiqamətlərindən biri kimi dəyərləndirərək söylədi: “Dünya gücləri, onlara arxalanmadan tərəqqi etmək istəyən hər bir dövlətin qarşısını kəsirlər. Çünki belə bir tərəqqi digər ölkələr və xalqlar üçün ülgü olacaq”.

İslam İnqilabının Rəhbəri İranın nüvə texnologiyası sahəsində biliklər əldə etməsinə qarşı imperialist gücləri bir araya gətirən əsas motivlərdən birinin məhz bu olduğunu qeyd edərək vurğuladı: “Bu güclərin qarşısında geri çəkilsək, onlar bio-texnologiya, nano-texnologiya istiqamətlərində və digər həssas elmi sahələrdəki tərəqqi ilə mübarizəni mütləq artıracaqlar. Çünki onlar İran İslam Respublikasının hər cür elmi, iqtisadi və mədəni inkişafının əleyhinədirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, imperializm cəbhəsi ilə İslam quruluşunun qarşı-qarşıya gəldiyi digər sahələr Asiyanın qərbində və bütün dünyada İranın güclü bir dövlət kimi mövcudluğu, Fələstin mövzusu, müqavimət mövzusu və İransayağı islami həyat tərzi mövzusudur. O, xatırlatdı: “Bir ölkədə qərbsayağı həyat tərzi yayılsa, həmin cəmiyyətin elitası imperializmin siyasətləri qarşısında təslim olan insanlara çevriləcəklər”.

İnqilab Rəhbəri qarşıdurmanın ən mühüm sahələrindən biri kimi gənclər mövzusuna toxunaraq dedi: “Hazırda gənclər mövzusunda bir başında İslam Respublikasının, o biri başında isə Amerikanın, sionistlərin və onların ardınca düşənlərin durduğu gizli və əhatəli yumşaq müharibə gedir”.

İslam İnqilabının Rəhbəri gənc tələbə və şagirdləri bu mübarizənin zabitləri adlandıraraq əlavə etdi: “Bu yumşaq müharibədə iki fərqli mahiyyətə malik zabit təsəvvür etmək olar. Bu müharibənin nəticəsi də fərqli zabitlərin mahiyyətindən asılı olacaq”.

Həzrət Ayətullah Xamenei yumşaq müharibənin sərt müharibədən daha təhlükəli olduğunu vurğulayaraq, düşmənin bəzi cəfəng iddialarına toxundu və dedi: “Bəzən bizi sərt müharibə ilə, bombardmanla qorxudurlar. Bu, çox səhv sözlərdir. Çünki bunun üçün onların hazırlığı və cürəti yoxdur. Əgər bu işi görsələr belə, əvəzində sillə alacaqlar”.

Ali Məqamlı Rəhbər hazırda İslam quruluşunun əleyhinə yumşaq müharibənin davam etdiyini və bizim yalnız müdafiəyə çəkilmək əvəzinə, hücuma da keçməli olduğumuzu bildirərək söylədi: “Əgər qərargah və səngərlərdə dindar, inqilabçı, qərarlı, ayıq, bacarıqlı, düşüncəli, igid və fədakar zabitlərimiz olsa, bu müharibədən yaxşı nəticə almağa ümid etmək olar”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Amma əgər bu yumşaq müharibədə qərargah və səngərlərimizdə təslimçi, avam, düşmənim təbəssümünə inanan, stimula malik olmayan, düşüncəsiz, özünün və başqalarının taleyinə laqeyd, emosiyalara uyan zabitlərimiz olsa, müharibənin nəticəsi (indidən) tam məlumdur”.

Həzrət Ayətullah Xamenei xatırlatdı: “Beləliklə, müharibədə iki fərqli mahiyyətə malik iki cür zabit mövcud ola bilər: İslam Respublikasının bəyəndiyi zabit və imperializm cəbhəsinin bəyəndiyi zabit. Bu iki növ zabitin hər biri döyüşün taleyini dəyişdirə bilər”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, gənclərin dindar, əxlaqlı və mömin olması, onların emosiyalara uymaqdan çəkinməsi üzərində edilən təkidi təəssübkeşlik və durğunluq adlandırmaq olmaz. O, dedi: “Qərblilər, xüsusilə, amerikalılar çalışırlar ki, İran gənci imansız, qorxaq, stimulsuz, tənbəl, ümidsiz, düşmənə xoş niyyətlə baxan, öz komandirlərinə və tabeçiliyində olanlara isə mənfi münasibət bəsləyən bir ünsürə çevrilsin. Lakin İslam quruluşu imperializm cəbhəsinin istəklərinə əks mövqedə duran gənclər yetişdirməyə çalışır”.

İslam İnqilabının Rəhbəri İslami Tələbə və Şagird Təşkilatlarına təkidlə tövsiyə etdi ki, dini və inqilabi mahiyyətə malik gənclər yetişdirmək, bu əhval-ruhiyyəni öz yaşıdları arasında yaymaq üçün çalışsınlar. O, əlavə etdi: “Biz ölkə gənclərinin elmi, dini və inqilabi istiqamətdə hərəkəti üçün uzunmüddətli proqramlar hazırladığımız kimi, düşmən də uzunmüddətli planlar cızır. Buna qarşı durmağın yolu inqilabi və dini düşüncəyə malik gənclərin kəmiyyət və keyfiyyət göstəricilərini, möhkəmlik və səbatını artırmaqdır”.

Daha sonra Həzrət Ayətullah Xamenei dövlət məsullarının gənclər qarşısında vəzifələrinə toxunaraq vurğuladı ki, təlim və tərbiyə öz mənbəyini dindar müdiriyyətdən alır və bu imkandan faydalanmaq lazımdır. O, dedi: “Məktəblərdə şagirdlərin dərs prosesinə diqqət yetirməklə yanaşı, düzgün proqram əsasında onların inqilabi fəaliyyətə cəlb edilməsinə də imkan yaradılmalıdır ki, gənc nəsil inqilabi ruhda yetişsin”.

O, təlim və tərbiyə işinin məsullarına İslami Şagird Təşkilatları Birliyi, Şagird Səfərbərliyi kimi inqilabi və dindar düşüncəli təşkilatlara fəaliyyət meydanı açmağı tövsiyə edərək dedi: “Eşidirik ki, bəzi məktəblərdə inqilabi işə qarşı çıxırlar. Təlim və tərbiyə bu münasibəti araşdırmalıdır”.

İslam İnqilabının Rəhbəri ölkənin gənclik mühitini ümidverici adlandıraraq vurğuladı: “Müxtəlif təhrif amillərinin və geniş düşmənçilik cəbhəsinin mövcudluğuna baxmayaraq, ölkədə mömin, inqilabçı, təvəssül əhli olan, ərbəin günündə müqəddəs ziyarətgahlara piyada səfər edən, Quran və etikaf əhli olan, inqilab meydanlarında davamlılıq göstərən gənclərimiz var, buna görə Uca Allaha şükür etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei ölkədə belə bir gəncliyin varlığını böyük amil kimi dəyərləndirərək vurğuladı ki, üstündən 37 il keçməsinə baxmayaraq, imperializm cəbhəsi İran İslam Respublikasını məhv etməyi və ya onun bölgədəki inkişafına mane olmağı bacarmamışdır. O, dedi: “Çoxlu əməli təhdidlərə və əks-təbliğatlara baxmayaraq, bu gün Livan Hizbullahı İslam dünyasında özünü parlaq şəkildə nümayiş edtirir. Korlanmış, başqasına bağlı, içiboş və puç bir dövlətin sənədlərində onun məhkum olunması da heç bir əhəmiyyət daşımır”.

Həzrət Ayətullah Xamenei 33 günlük müharibə gedişində sionist rejimin Livan Hizbullahı qarşısında məğlub olmasına toxunaraq, bu qələbəni üç ərəb dövləti ordularının sionst rejimə məğlub olması ilə müqayisə etdi və vurğuladı: “Hizbullah və onun mömin gəncləri Günəş kimi parlayırlar və İslam dünyasının fəxridirlər”.

İslam İnqilabının Rəhbəri həqiqət mərkəzli hərəkatların inkişaf və yüksəlişə doğru getdiyini söyləyərək əlavə etdi: “Həqiqət çətinliklərlə üz-üzə gələ bilər, amma sonda həqiqət qələbə çalacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, həqiqətin qələbəsinin əsas şərti yumşaq müharibə zabitlərinin problemlər qarşısında dözüm göstərmələridir. O, daha sonra vurğuladı: “Həqiqət gənclərə bağlıdır. Allahın mərhəməti sayəsində elə bir gün gələcək ki, problemlər get-gedə aradan qalxacaq və gənclər zirvədə qərar tutacaqlar”.

İslam İnqilabı Rəhbərinin çıxışından əvvəl Ali Məqamlı Rəhbərin İslami Şagird Təşkilatları Birliyindəki nümayəndəsi Höccətül-İslam vəl-müslimin Hacı Əli Əkbəri təşkilatın fəaliyyəti barədə hesabat verərək söylədi: “Bu gün bizim idealımız İslam İnqilabına layiq şagirdlər yetişdirməkdir. Buna əsasən, ülvi dəyərlər üzərində qurulmuş biliklərdən faydalanmaqla şagirdləri inqilabi ruhda tərbiyə etmək vəzifəsi bütün proqramların başında durur”.

İslami Şagird Təşkilatları Birliyinin üzvü olan iki şagird də tədbirdə çıxış edərək, tələbə fəaliyyəti, gənclər, onların təlim-tərbiyəsi ilə bağlı ölkə məktəblərində mövcud olan problemlər barədə öz fikir və narahatlıqlarını ifadə etdilər.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /